Məhkəmə qərarları › İş №1(068)-2/2024

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-2/2024

29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-2/2024 29.07.2024 XIZI RAYON MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - “Fortiori” Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 2003-cü il tarixdə Xızı rayonu Tıxlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xızı rayonunun Tıxlı kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə, saat 11:30 radələrində Xızı rayonu Tıxlı kəndində yerləşən Tıxlı kənd ümumi orta məktəbinin idman zalına gələrək həmin orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyən Zərərçəkmiş şəxs oraya çağırtdırıb, heç bir əsaslı səbəb olmadan qəsdən məktəbin normal iş fəaliyyətini və iş rejimini 10 dəqiqə müddətində pozan, təhsil alan şagirdləri qorxudub həyəcanlandıran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edib ictimai qaydanı kobud surətdə pozaraq, ümumi qaydaya aşkar surətdə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edib, sonuncunya zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə sağ yanaq, burun, sol əl və sol dirsək oynağı nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq ona “sağ yanaq, burun nahiyələrinin, sol əlin arxa səthinin sıyrıqları, sol dirsək oynağı nahiyəsinin qançırı, sol əlin İİ barmağının səthi yarası ilə müşayiət olunan” sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, yaşadığı Xızı rayonu, Tıxlı kəndində yerləşən məktəbdə 9-cu sinifdə oxuduğu müddətdə Gülşən müəllimə ona azərbaycan dili və ədəbiyyatı fənlərindən dərs keçmişdir. Gülşən müəllimə ona dərs keçdiyi müddətdə qiymətini kəsərək, 3 qiymət vermişdir. O, həqiqi hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra Gülşən müəllimənin niyə ona 3 qiymət yazdığını aydınlaşdırmaq üçün 05 iyun 2023cü il tarixdə məktəbə gedərək Aybək adlı şagirddən Gülşən müəlliməni idman zalının qarşısına çağırmasını xahiş etmişdir. Bundan sonra həmin müəllimə idman zalının qarşısına gəlmiş və sonuncunun qolundan dartaraq otağa salmaq istədikdə müəllimə qışqırmışdır. Daha sonra qışqırıq səsinə başqa müəllimə və şagirdlər gəldiyi üçün o, pəncərədən tullanaraq qaçmışdır. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Gülşən müəllimə ona 2017-ci ildə azərbaycan dili və ədəbiyyatı fənlərindən dərs keçdiyini, sonra isə bacısını məktəbə aparıb gətirəndə həmin müəlliməni gördüyünü, 2017-ci ildə ona 4 qiymət yazacağına söz verdiyinə, lakin 3 qiyməti yazdığına görə Gülşən müəlliməni çağırıb söhbət etmək istəməsini, qalan fənlərdən qiymətlərinin hamısı 4 olduğunu, müəllimə aşağı gəldikdən sonra qolundan dartıb idman müəlliminin otağına saldığını, Gülşən müəllimə həmin otağa girmək istəmədiyini, sonuncunun qolundan tutub məcbur etdiyini, bundan sonra isə müəlliməmin qışqırıb kömək istədiyini, onun köməyinə digər müəllim və şagirdlərin gəldiyini, həmin vaxt isə onun qaçdığını, Gülşən müəlliməyə qarşı seksual xarakterli hərəkətlər etmək məqsədi olmadığını, ona söz deməyə getdiyini, müəlliməyə güc eləmədiyini, əlində də bıçaq olmadığını, sadəcə qaçmaması üçün qolundan tutduğunu göstərmişdir. Həmçinin sədrlik edənin suallarına cavab olaraq Gülşən müəlliməni qolundan vurduğunu, başqa bir hərəkət etmədiyini, oxuduğu müddətdə müəllimənin ona qarşı münasibəti yaxşı olduğunu, lakin qiymətini kəsərək 3 qiymət yazdığını, 2021-ci ildə 1 il 6 ay hərbi xidmət etdiyini, yaşadığı kənddə tikinti işlərində fəhləliklə məşğul olduğunu, bacısının 8 yaşı olduğunu və bacısını məktəbə onun apardığını, hadisə günü bacısını məktəbə aparandan sonra idman zalına getdiyini, şagird Şahid1 müəlliməni çağır deməsini, müəllimə dərsi bitdikdən sonra məktəbin idman zalına gəldiyini, həmin vaxt Gülşən müəlliməyə “sənə bir söz deyəcəm, amma heç kimə bildirməyin” deməsini, ondan sonra müəlliməni qolundan dartıb otağa saldığını, üstündən 2-3 dəqiqə keçməmiş müəllimlər və şagirdlərin otağa gəldiyini, bundan sonra isə pəncərəni açıb, qaçdığını, 2017-ci ildə məktəbi bitirdiyini, 10 və 11-ci sinifləri Xızı şəhərində yerləşən orta məktəbdə oxuduğunu, hadisənin 05 iyun 2023-cü ildə baş verdiyini, bacısını məktəbə aparıb gətirəndə çox vaxt həmin müəlliməni gördüyünü, məktəbin həyətində rastlaşanda onunla salamlaşıb, söhbət etdiyini, bu müddət ərzində qiymət məsləsi ilə bağlı heç bir söz demədiyini bildirmişdir. Son sözündə təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirməsini nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun Xızıda müəllim işlədiyi vaxtlarda şagirdi olmuşdur. Belə ki, Nemət 8-9-cu siniflərdə oxuyanda ona dərs keçmiş, dərs dediyi müddətdə ona, ümumiyyətlə hər hansı bir şagirdə qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Həmin məktəb 9 illik olmuş, Nemət məktəbi bitirdikdən sonra əsgərliyə gedib gəlmiş, bir-birlərini görəndə normal şəkildə salamlaşmışlar. Keçən ilin iyun ayının 5-də ikinci növbə, 8-ci siniflərin dərsində olmuşdur. Qapı döyülmüş və Aybək adında şagirdi ona “Nemət sizi aşağıda gözləyir, nə isə sözü var” bildirmiş, o da, cavabında dərs bitdikdən sonra düşə biləcəyini demiş, ikinci dəfə yenə Aybək gələrək “Nemət deyir vacib sözüm var” demiş, o da, cavabında zəng vurulanda çıxacağını bildirmişdir. Bundan sonra, 15 dəqiqəlik böyük tənəffüsdə aşağı mərtəbəyə düşmüş və Təqsirləndirilən şəxs idman zalının qarşısında dayandığını görmüşdür. O, Nemətdən “nə məsələdi, nəsə istəyirdin?” soruşmuş, sonuncu isə qolundan tutub onu idman zalında, idman müəllimi üçün nəzərdə tutulmuş balaca otağa itələyərək, içəri salmışdır. O, həmin anda nə baş verdiyini başa düşməyərək, qışqırmağa başlamışdır. Həmin vaxt Nemət əli ilə onun ağzını tutaraq “sakit durun müəllimə, sizə heç nə etməyəcəyəm” demişdir. Bundan sonra, 5-10 dəqiqə ərzində boğuşaraq, Nemətin əlindən çıxmağa çalışmış, lakin otaq içəridə olduğundan qışqırıq səsi çox eşidilməmişdir. Daha sonra, əlini yerə çırpmış və bacardığı qədər bərk qışqırmağa çalışmışdır. Hətta Nemətin əlində cib bıçağı da olmuş, o bu barədə prokurorluğa məlumat versə də, buna önəm verməmişlər. Halbuki cib bıçağı ilə baş barmağını da yaralamış, dişi qanamış, əlində və üz nahiyəsində çapıqlar və cızıqlar əmələ gəlmiş, qolu da göyərmişdir. 5-10 dəqiqəlik mübarizədən sonra özünü toparlayıb qışqıra-qışqıra qapı tərəfə atılmış, müəllim və şagirdlər onun səsinə idman zalına gəlmişlər. Bu zaman o, yerdə uzanıqlı vəziyyətdə, Nemət də ayaq üstündə olmuş, ayağa qalxmağa imkan verməmişdir. Qapı tərəfə baxdıqda Nəzakət müəlliməni, uşaqlardan isə Aybək və Fizulini görmüş, Nemət isə onları görüb pəncərədən qaçıb uzaqlaşmağı bacarmışdır. Həmin an nə hiss yaşadığını bilməmiş, qarşısındakı uşaqlara baxıb bir müəllim kimi düşdüyü hadisənin şokunu keçirmişdir. Onun Nemətə dərs dediyi müddətdə heç bir pisliyi dəyməmiş, əksinə bu insana yazığı gəlmişdir. Çünki Nemət ailəsindən psixoloji sarsıntı keçirmiş biri idi, digər müəllimlər tərəfindən döyülsə də, o hər zaman Nemətə dəstəyini əsirgəməmişdir. Buna görə də, Nemət onu çağıranda tərəddüd etmədən aşağı düşmüş, bəlkə nə isə köməyə ehtiyacı olar, ya da bir dərdi var deyə fikirləşmişdir. Nemət isə onun bu xoş niyyətindən istifadə etmişdir. Hələ də Nemətin niyə belə hərəkət etdiyini anlaya bilməmişdir. Ona yaşatdığı mənəvi, psixoloji sarsıntını heç nə geri qaytara bilməz, o demək olar 7 aydır yaşamır, işindən də çıxmış və ailəsində problemlər yaşamışdır. O, 5 il yağışda, qarda, palçıqda dərs demək üçün Tıxlı kəndinə gedib gəlmişdir. Gələcəkdə heç bir qıza, qadına bu hərəkəti edə bilməməsi üçün Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini istəyir və axıtdığı göz yaşlarını ona halal etmir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Nemətin məqsədinin ona qarşı seksual xarakterli hərəkətlər etmək olmasını, yaxınlaşmasından nə məqsəd üçün ora gəldiyini hiss etdiyini, sadəcə Nemətə şans vermədiyini və müqavimət göstərdiyini, onun istəyinə tabe olsun deyə sakitləşdirməyə çalışdığını, təcavüz etmək məqsədi ilə gəldiyini, polisə verdiyi barışıq ərizəsini isə müəllimlik adına xələl gəlməməsi və işin tez bağlanması üçün yazdığını, artıq indi psixoloji vəziyyətinin yaxşı olduğunu, hadisə günü dərhal polisə şikayət etmədiyindən çox peşman olduğunu, müəllimlərin təzyiqi olduğunu, işi çox böyütmə məktəbin adı çıxar dediklərini, ərinin sonradan bu məsələni öyrəndiyini göstərmişdir. Eyni zamanda, Müdafiəçi1 suallarına cavab olaraq Nemət əsgərliyə gedib gələndən sonra balaca bacısını məktəbdən gətirəndə təsadüfən rastlaşanda salamlaşdıqlarını, mobil nömrəsini istəmədiyini, bu hadisə ilə əlaqədar işdən çıxdığını, mənəvi-psixoloji sarsıntılar keçirdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Həmçinin sədrlik edənin suallarına cavab olaraq idman zalına getdiyi zaman Nemətin ona heçnə demədiyini, o, “nə sözün var mənə?” sualını verməyi ilə Nemət ağzını bağlayıb, onu idman zalına dartmağını, sadəcə sözüm var sənə dediyini, başqa heçnə demədiyini, hadisə qısa çəkdiyi üçün, eləcə də o, müqavimət göstərdiyinə görə Nemət öz niyyətinə nail ola bilmədiyini, Nemət əvvəlcə arxadan tutaraq onu qucaqladığını, qışqırmamağı üçün ağzını bağladığını, əsas məqsədinin onu sakitləşdirmək olmasını, məktəbin içində xeyli insan olmasını, səsinin onlara gedə biləcəyini, Nemət onu belə güclü müqavimət göstərəcəyini fikirləşmədiyini, sonra onu yerə yıxaraq yenidən ağzını bağlamağa çalışdığını, Nemət təcavüzkar hərəkətlərini törətməyə vaxt və imkan tapa bilmədiyini, ancaq “müəllimə sakitləşin, sizə heç nə etməyəcəm!” dediyini, əynində göy rəngli don olduğunu və həmin donu prokurorluğa təhvil verdiyini, boğuşma sırasında donu yuxarı qalxsa da, bunun Nemət tərəfindən edilmədiyini, boğaz hissəsində də göyərmiş yerlər olduğunu, Nemətin Azərbaycan dili və Ədəbiyyat müəlliməsi olduğunu, isim, sifət nədir ona çox çətinliklə öyrətdiyini, Nemətin attestat qiymətlərinə baxanda bütün qiymətlərinin 3 olmasının göründüyünü, belə bir insanın necə yüksək qiymət istəyə bilməsini başa düşmədiyini, ibtidai istintaq vaxtı psixoloji vəziyyəti yaxşı olmadığından barışıqla bağlı ifadələr yazdığını, təzyiqlərə, aldığı travmalara görə işin tez bitməsini istədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Şahid2 ifadəsində göstərdi ki, Xızı rayonu Tıxlı kəndində yerləşən Tıxlı kənd ümumi orta məktəbinin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi yaxşı tanıyır. Belə ki, Gülşən xanım 7 il onların məktəbində müəllimə işləmiş, Nemət isə məktəbin şagirdi olmuşdur. Hadisə baş verən günü otağında olmuş, idman zalında nəsə hadisə baş verməsi barədə ona xəbər vermişlər. O, dərhal həmin yerə getmiş və Gülşən xanımın ağladığını görmüşdür. Sonuncudan nə baş verdiyini soruşmuş, o isə ağlayaraq hadisəni danışmış, Nemətin onu idman zalının qarşısına çağırdı ona demişdir. O, hadisənin şahidi olmamışdır. Bundan sonra Nemətin anasını məktəbə çağırmış və zərərçəkmiş şəxslə söhbət etmişlər. Nemətin anası ona uşağın psixoloji problemi olduğunu, bu səbəbdən də onu həkimə aparacağını demiş, lakin Nemətdə hansı psixoloji problemlərin olduğunu bilməmişdir. Bunu zərərçəkmiş şəxsin özü də qeyd etmiş, bir çox vaxtlarda ondan icazə alırdı ki, “tək getməyim, Nemət məni dayanacağa kimi aparıb ötürsün”. Məktəbdə olan vaxt ikisi barədə nə isə eşitməmiş və görməmişdir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq eşitdiyinə görə Nemət müəlliməyə söz demək istəməsini və buna görə onu idman zalına çağırmasını, əgər zərərçəkmişdə Nemətə qarşı şübhələr olsa idi əvvəldən ona xəbərdarlıq etməli olmasını, hadisənin birbaşa şahidi olmamışdır deyə başqa heç bir söz deyə bilmədiyini, hadisənin necə baş verdiyini dəqiq deyə bilmədiyini, Gülşən xanım ayağı ilişdiyindən yerə yıxıldığını ona dediyini, hadisədən sonra müəllimənin həyəcanlı vəziyyətdə ağladığını göstərmişdir. Eyni zamanda, Müdafiəçi1 suallarına cavab olaraq əvvəllər təqsirləndirilən şəxsdə belə hallar qeydə alınmadığını, belə hal olsaydı zərərçəkmiş şəxs heç vaxt Nemətə etibar edib dayanacağa qədər ötürməsini istəməyəcəyini, Nemətin qeyri etik hərəkətləri ilə bağlı heçnə eşitmədiyini bildirmişdir. Həmçinin sədrlik edənin suallarına cavab olaraq şəxsən zərərçəkmişin özü ilə söhbət aparmadığını, hadisə yerinə gedəndə artıq hər kəsin orada olduğunu, hadisə olandan sonra o, zərərçəkmiş şəxslə aparılan söhbətin üstünə gəlib çıxdığını, daha sonra Nemətin anasının məktəbə gəldiyini və müəllimə ilə ikili söhbət etdiklərini, o isə dərs prosesini davam etdirmək üçün getdiyini göstərmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Şahid4 ifadəsində göstərdi ki, Xızı rayonu Tıxlı kəndində yerləşən məktəbdə müəllimə vəzifəsində çalışır. Hadisə baş verən günü məktəbdə böyük tənəffüs olduğuna görə onlar çay içmək üçün bufetə düşmüşlər. Həmin vaxtı o, dərsdə idi deyə bufetə gec getmişdir. Elə o, fincanını bufetdən götürmək istəyəndə “ay müəllimə” sözləri ilə başlayan qışqırıq səsləri eşitmişdir. Cəld idman zalı tərəfə getmiş, Gülşən müəlliməni aşağı çökmüş vəziyyətdə, əllərini üzünə sıxaraq ağladığını görmüşdür. Həmin vaxt Nemət pəncərənin kənarında dayanmış, Gülşən isə ağlayaraq Nemətin adını çəkmiş və cümlənin davamını gətirə bilməmişdir. O, məsələni öyrənmək üçün Nemətə yaxınlaşmaq istədikdə sonuncu cəld pəncərədən tullanıb qaçmışdır. O, tez məktəbin rəhbərliyinə məlumat vermiş və sonra öz dərsinə getmişdir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Nemətin Gülşən müəllimənin şagirdi olduğunu, pis niyyətinin ola biləcəyinə inanmadığını, eyni kənddə yaşasalar da, Nemətgilin ailəsini yaxşı tanımadığını, ancaq uzaqdan-uzağa salamlaşdıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Şahid3 ifadəsində göstərdi ki, hadisə baş verən günü məktəbdə böyük tənəffüsdə olmuşlar. İdman zalında nəsə hadisə olmasını eşitmişlər. O, idman zalına çatanda Nemət artıq orada yox idi. Gülşən müəllimə ilə söhbət aparıb hadisəni ondan soruşmuş, sonuncu ona dərsdə olduğu zaman Nemətin onu çağırdığını, bundan sonra idman zalına düşdüyünü, Nemət müəlliməni balaca otağa tutub aparanda ayağının ilişıb yıxıldığını, Nemətin onu idman zalına söz demək üçün çağırdığını demişdir. O da, Gülşən müəlliməyə “gərək sən oraya tək getməyəydin, həm də sən növbətçisən” demiş və əlavə olaraq Nemətin ona qarşı nəsə bir hərəkət etdiyini soruşmuş, Gülşən müəllimə də əlini üzünə tutub ağlayaraq, yox cavabını vermişdir. Bundan sonra o, Gülşən müəlliməni sakitləşdirməyə çalışmış və Nemətin anasını məktəbə çağırmışlar. Gülşən və Nemətin anası ğz aralarında danışmış, anası “Nemətdə psixi pozuntular var, onu həkimə aparacağam” bildirmişdir. Daha sonra isə müəlliməni evə yola salmışlar. Bundan əlavə Müdafiəçi1 sualına cavab olaraq Gülşən müəllimə dərsdən çıxanda bəzi vaxtlarda Nemətin onu yola saldığını, hətta həmin müəllimə Nemətin valideynini görəndə də Nemətin necə olması, işləməsi barədə maraqlandığını göstərmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş şahid - Şahid1 ifadəsində göstərdi ki, hadisə baş verən gün Gülşən müəllimənin dərsində olmuş, sinifdəki qızlar ona “səni pəncərədən çağırırlar” demiş, o da cavab olaraq dərsdən sonra, tənəffüsdə baxacağını bildirmişdir. Bundan sonra tənəffüs olmuş, o, pəncərədən boylandıqda Təqsirləndirilən şəxs ona pilləkənlərə tərəf gəlməyini demişdir. O, pilləkənlərə tərəfə getmiş və Nemətin onu gözlədiyini görmüşdür. Nemətə yaxınlaşdıqda sonuncu ona Gülşən müəlliməni buraya çağırarsan demiş, o da gedib Gülşən müəlliməyə “Nemət sizi çağırır” demiş, sonuncu isə ona “zəng təzəcə vurulub, dərsi keçim, o biri tənəffüsdə gedərəm” cavabını vermişdir. Riyaziyyat dərsindən sonra böyük tənəffüs olmuş, aşağı düşəndə yenə Nemətin pilləkənlərdə gözlədiyini görmüş və ona Gülşən müəlliməni təkrar çağırmasını demiş, bu dəfə çağırmasının səbəbini soruşduqda, cavabında “heç sən çağır” deyə bildirmişdir. O, yenidən sinfə qalxıb Gülşən müəlliməyə Nemətin onu pilləkənlər tərəfdə gözlədiyini demiş, Gülşən müəllimə isə “onsuzda böyük tənəffüsdü, bufetə düşürəm, orda görərəm Neməti” cavabını vermişdir. Daha sonra o, uşaqlarla voleybol oynamağa getmişdir. Bir müddət sonra idman zalının qarşısından səs gəldiyini eşitmiş və uşaqlarla qaça-qaça idman zalına tərəf gəlmişlər. Həmin vaxt Nemətin müəllimənin boğazından tutduğunu və üzərində dayanıb onu vurduğunu görmüşdür. Bundan sonra içəri keçmiş, Nəzakət müəllimə ilə birlikdə Neməti tutmaq istədikdə, sonuncu jalüzləri aralayıb, pəncərədən qaçmışdır. Daha sonra müəllimlər onları sinfə salmış, sonradan orada nə baş verdiyini görməmişdir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq ilk dəfə Gülşən müəlliməni çağırdıqda müəllimə ona “indi zəng içəri vuruldu gedə bilmərəm” dediyini və sinfə getdiyini, sonra böyük tənəffüs olduğuna görə aşağı düşdüyünü və Neməti gördüyünü, yenə müəlliməni çağırmasını ona dediyini, daha sonra o, yenidən müəlliməni çağırıb uşaqlarla çölə çıxdığını, Təqsirləndirilən şəxs nəyə görə qaçdığını bilmədiyini, Nemətin Gülşən müəlliməni vurduğunu digər müəllimlərdən eşitdiyini, başqa heç bir şey görmədiyini bildirmişdir. Eyni zamanda Müdafiəçi1 suallarına cavab olaraq müəlliməni çağıranda arada 45 dəqiqə vaxt fərqi olduğunu, əvvəllər belə bir halın olmadığını, Nemətin müəlliməni niyə çağırdığını bilmədiyini göstərmişdir. Həmçinin sədrlik edənin suallarına cavab olaraq otağa birinci onunla Nəzakət müəllimənin gəlib çatdığını, otağa daxil olduğu zaman Gülşən müəllimənin yıxıldığını, Nemətin isə onun üzərində dayanıb onu vurduğunu gördüyünü, onları gördükdə isə Nemətin yerdən qalxdığını, Nemətin əli ilə müəllimənin ağzını tutduğunu, digər əlinin isə sinəsində olduğunu, müəllimənin üzərində uzanıqlı vəziyyətdə olduğunu gördüyünü, müəlliməni vurduğunu, yoxsa boğmağa çalışdığını tam dərk edə bilmədiyini, Nemətin əlində heç bir alətin olmadığını, həmin vaxt Gülşən müəllimənin heç bir söz demədən qışqırdığını, o gələndə müəllimənin ayağa durduğunu, Nemətin isə tez pəncərədən qaçdığını, Nemətin əsgərlikdən qayıtdıqdan sonra müəllimlərlə gəlib görüşdüyünü, eyni zamanda bacısını da məktəbə aparıb gətirdiyini, hadisə günü isə məktəbə nə üçün gəldiyini bilmədiyini, Nemətlə qonşu olduğunu və onu normal insan kimi tanıdığını, onu tanıyır deyə müəlliməni çağırmağını istədiyini bildirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 36-37-ci vərəqələrində olan 14 iyun 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xızı rayon prokurorunun köməkçisi X2 tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında hadisənin 05 iyun 2023-cü il tarixdə Xızı rayonu Tıxlı kəndində yerləşən Tıxlı kənd ümumi orta məktəbin idman zalının otağında baş verdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 64-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2023-cü il tarixli, 12 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər -sağ yanaq, burun nahiyələrinin, sol əlin arxa səthinin sıyrıqları, sol dirsək oynağı nahiyəsinin qançırı, sol əlin İİ barmağının səthi yarası küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əməl gələ bilmələri mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətlərdən sağ yanaq, burun nahiyələrinin, sol əlin arxa səthinin sıyrıqları, sol dirsək oynağı nahiyəsinin qançırı qərarda qeyd edilən şəraitdə yəni, insan bədəninin hissələrinin (əl, əl barmaqları və s.) təsirindən, sol əlin İİ barmağının səthi yarası isə müayinə olunan şəxsin qeyd etdiyi şəraitdə, yəni bıçağın və ya dırnağın təsirindən əmələ gələ bilməsi mümkündür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 62-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2023-cü il tarixli, 14 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ əlin arxa səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə dişlərin təsirindən əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 3-16-16/2-6/3446 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngli rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthlərinin üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthlərinin üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Cinayət işinin 81-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 89 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 88-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/973 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş geyim əşyalarından Təqsirləndirilən şəxs məxsus köynəyin üzərində rəyin təsviri hissəsində şərh olunan zədənin yerləşdiyi yeri verilib. Həmin zədə fiziki qüvvənin təsirindən yarana bilən qopma zədəsidir. Lakin bu cür zədələrin yaranma xarakteri nəzərə almaqla onların yaranma mexanizmi kriminalistik tədqiqatla müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın və Zərərçəkmiş şəxs məxsus donun üzərində hər hansı bir mexaniki zədə aşkar edilmədi. Cinayət işinin 87-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 110 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 135-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 203-204-cü vərəqələrində olan 20 oktyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 169-179-cu vərəqələrində olan 19 oktyabr 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29, 150.1-ci maddəsindən CM-nin 221.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmçinin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsində cinayət təqibinin başlanması rədd edilmiş, hadisə zamanı Zərərçəkmiş şəxs dişləməsi nəticəsində Təqsirləndirilən şəxs “sağ əlin arxa səthinin sıyrıqları” xəsarətləri ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri alması xüsusatı üzrə Təqsirləndirilən şəxs şikayəti olmadığından, həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Tıxlı kənd tam orta məktəbinə qanunsuz daxil olması xüsusat üzrə X1 əməlində cinayətin tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmiş, habelə istintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus tünd-göy rəngli bir ədəd cins şalvar və üzərində bir ədəd qara rəngli və bir ədəd qırmızı rəngli zolaqları olan boz rəngli bir ədəd uzunqol kofta, Zərərçəkmiş şəxs məxsus üzərində ağ rəngli dairəvi şəkilləri olan mavi rəngli bir ədəd don cinayət təqibi üzrə əhəmiyyət kəsb etmədiyindən maddi sübut hesab edilməmiş və həmin paltarlar sahiblərinə qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 138-139-cu vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Tıxlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 sentyabr 2023-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Tıxlı kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 05 iyun 2024-cü il tarixli, 2460 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik əlaməti müəyyən olunmur. Bunu cinayət işi materialları, verilmiş ifadələr, anamnestik məlumatlar (irsiyyəfinin psixi xəstəliklərlə ağırlaşmadığını bildirməsi hərbi-xidmətdə qulluq etməsi, deməsinə görə əvvəllər fərdi qaydada psixiatra heç vaxt müraciət etməməsi, psixiatrik tibb müəssisələrində müalicə almaması, yaşadığı ərazi üzrə xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyata düşməməsi, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi, “Xızı Rayon Mərkəzi Xəstəxanası” X6 narkoloji, ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında olmaması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü sakit aparması, şöbədaxili rejimə tabe olması, geyiminə və təmizliyinə fikir verməsi, davranışının şəraitə uyğun olması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində zahirən səliqəli olması, öz şəxsiyyətinə, zamana və məkana bələdliyinin saxlanıldığının müəyyən edilməsi, söz ünsiyyəti zamanı produktiv verbal kontakt qurmağın mümkün olması, sualları mahiyyətinə uyğun şəkildə, cavablandırması, kifayət qədər anlaşıqlı ifadələr işlətməsi, nitqinin adi tempdə, aydın və ardıcıl olması, təsəvvür ehtiyatının kifayət həcmdə olması, anamnestik məlumatları xronoloji qaydada çatdırması, aparılan sorğu-sual gedişatında qavrama yanlışlığının, təsəvvür pozuntusunun, sayıqlama fikirlərinin müəyyən edilməməsi, əhvali-ruhiyyəsində ümumən sabitlik müşahidə edilməsi, özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməməsi, halhazırkı vəziyyətinə və yaranmış situasiyaya tənqidi münasibət bəsləməsi, göndərildiyi ekspertizanın keçirilməsi məqsədini düzgün başa düşməsi, törətdiyi hadisədən peşman olduğunu bildirməsi, ekspertizanın gedişinə və nəticəsinin necə olacağına maraq göstərməsi, öz gələcək aqibətinə diqqətlə yanaşması və s.) sübut edir. Bütün bunlar Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmədiyini göstərir. Bununla yanaşı qeyd olunmalıdır ki, hal-hazırkı ekspertiza zamanı yoxlanılan şəxs Təqsirləndirilən şəxs mülahizələrinin bir qədər səthi olması, söz ünsiyyəti zamanı sualları qısa cavablandırması, təfəkküründə primitivlik qeydə alınması, intellektual imkanlarının nisbətən kasad olduğunun müəyyən edilməsi, hadisə barəsində soruşularkən yüksək səs tonu ilə danışması, baş verənlərin haqsızlıq olduğunu bildirməsi onun primitiv şəxs olmaqla xasiyyətində psixopatik cizgilərin yer aldığını göstərir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törətdiyi zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs primitiv şəxsdə xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik əlaməti müəyyən olunmur. Təqsirləndirilən şəxs primitiv şəxsdə xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 22.1-ci maddələrinin təsiri altına düşmür. N.A Zeynalovun hal-hazırkı hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü və 22.2-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Beləliklə, Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törətməsi məhkəmə istintaqında araşdırılan sübutlarla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosialpsixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və şəxsiyyətə xas olan digər cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin sanksiyasında alternativ cəza növləri kimi cərimə və azadlığın məhdudlaşdırılması cəzaları nəzərdə tutulsa da, məhkəmə hesab edir ki, həmin şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsi ilə cəzanın məqsədlərinin təmin edilməsi mümkün deyildir. Bu səbəbdən məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, həyat şəraitini, həmçinin barəsində yüngülləşdirici və ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni 29 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 199 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 29 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 199 (yüz doxsan doqquz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar