Məhkəmə qərarları › İş №1(068)-20/2021

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-20/2021

08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-20/2021 08.04.2021 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üzərində məhkumluğu olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təxminən 2019-cu ilin dekabr ayında, saat 17:00 radələrində Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində yerləşən keçmiş “309” nömrəli hərbi hissənin ətrafına gələrək bir müddət əvvəl hərbi hissədə baş vermiş partlayış nəticəsində ətrafa səpələnmiş latun növündə metal hissələrini yığarkən oradan zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1908-ci il nümunəli, 7,62 mm kalibrli olmaqla, yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərədə tutulmuş, güllələri polad özəkcikli döyüş sursatı hesab edilən və 39 ədədi təyinatı üzrə istifadəyə yararlı, 1 ədədi isə pistonu yerində olmadığı üçün atəşə yararsız olan ümumilikdə 40 ədəd patronu, zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62x39 mm kalibrli olmaqla, yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərədə tutulmuş, döyüş sursatı hesab edilən və təyinatı üzrə istifadəyə yararlı olan 25 ədəd patronu, zavod üsulu ilə hazırlanmış, pistonu mərkəzdən alışan, 5,45 mm kalibrli olmaqla yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərədə tutulmuş, döyüş sursatı hesab edilən və təyinatı üzrə istifadəyə yararlı olan 1 ədəd patronu, zavod üsulu ilə hazırlanmış, yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərədə tutulmuş, 12,7 mm kalibrli, zirehdeşici-yandırıcı olan, bərk predmetlə mexaniki üsulla təsir etməklə ayrılmış 73 ədəd, həmçinin zavod üsulu ilə hazırlanmış, yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərədə tutulmuş 14,5 mm kalibrli, zirehdeşici-yandırıcı olan, bərk predmetlə mexaniki üsulla təsir etməklə ayrılmış 03 ədəd olmaqla, ümumilkdə 81 ədəd gülləni, saz vəziyyətdə olan və təyinatları üzrə yararlı olan 02 ədəd zavod üsulu ilə hazırlanmış “RQD-5” markalı, 01 ədəd isə “F-1” markalı qəlpəli əl qumbarasının gövdə hissələrini, bunlardan əlavə olaraq yuxarıda qeyd edilən qumbara gövdələri ilə birlikdə döyüş sursatı hesab edilən “UZRQM” markalı 1 ədəd qumabara partladıcısını tapdıqdan sonra mənimsəyərək qanunsuz olaraq əldə etmiş, özü ilə yaşadığı evin həyətyanı sahəsinə gətirməklə onların yerini dəyişdirib qanunsuz olaraq daşımış və evinin həyətyanı sahəsində yerləşən tikilidə gizlədərək qanunsuz olaraq özündə saxlamış, xx xxxxxx 2020ci il tarixdə Xızı RPŞ tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində yerləşən əlavə tikilidə yuxarıda adları qeyd olunan döyüş sursatları aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədilə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə, saat 04:30da Xızı rayonu, Giləzi qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlənin giriş qapısının kilidini əvvəlcədən özü ilə gətirdiyi dəmir parçası ilə sındırmaqla, saxlanc yerinə qanunsuz daxil olmuş və oradan 3 baş böyük, 15 baş kiçik olmaqla, ümumilikdə 18 baş hind quşunu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 270 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Xızı rayonu, Sitalçay qəsəbə ərazisində yerləşən keçmiş N №-li hərbi hissədə baş vermiş partlayışdan sonra ətrafa səpələnmiş latun materiallı dəmir hissələrini yığıb satmaq məqsədilə təxminən 2019-cu ilin dekabr ayında yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsi ərazisindən hərbi hissəyə tərəf gedərkən hərbi hissənin ətrafında çəkilmiş tikanlı çəpərlərə təxminən 2 kilometr qalmış ərazidən bir neçə kiloqram dəmir, qumbara gövdələri və patronlar yığaraq yaşadığı evə gəlmişdir. Həmin dəmir hissələrini qəsəbəyə gəlmiş metal qəbul edən şəxslərə satmış, qumbara gövdələrini və patronları isə bir yerə yığaraq yaşadığı evin həyətyanı sahəsində yerləşən tikilidə gizlədərək özündə saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə o, Bakı şəhərində olarkən polis əməkdaşları yaşadığı ev gəlib, evinin həyətyanı sahəsində yerləşən tikilidə gizlətdiyi qumbara gövdələrini və patronları aşkar etmişlər. Bundan sonra, o, Polis Şöbəsinə dəvət olunmuş, barəsində cinayət işi başlanılmış və məhkəməyə qədər polis nəzarəti altına verilmişdir. Bu hadisədən bir müddət sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə, təxminən səhər saat 09:00 radələrində günəmuzd olaraq çalışdığı işə getmək üçün Bakı-Quba yolunun kənarına çıxıb oradan keçən yük maşınlarının biri ilə Bakı şəhərinə yola düşmüşdür. Bakı şəhərində işlərini gördükdən sonra axşam təxminən saat 19:00 radələrində yaşadığı qəsəbəyə qayıtmaq üçün Bakı-Quba yolunun kənarına çıxıb tanımadığı yük maşınlarının biri ilə Sumqayıt şəhəri, X3 qəsəbəsinə gəlib, oradakı kafelərin birində yemək yeyərək, spirtli içki qəbul etmişdir. Bundan sonra, təxminən gecə saat 03 radələrində yoldan keçən maşınlardan biri ilə yaşadığı Giləzi qəsəbəsinə gələrək, yaşadığı evə getmişdir. Evdə istirahət edərkən spirtli içkinin təsirindən qəfildən xx xxxxxx 2020-ci il tarixdə qəsəbə ərazisində gəzərkən həmkəndlisi Zərərçəkmiş şəxs evinin yan tərəfində yerləşən tövlənin yanından keçərkən həyətində bir neçə hind quşunun olduğu yadına düşmüş və onları oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə yaşadığı evin həyətyanı sahəsindən tapdığı dəmir parçasını və hind quşlarını yığmaq üçün istifadə edəcəyi böyük idman çanatasını da, özü ilə götürüb saat təxminən 04:30-da Zərərçəkmiş şəxs evinin həyətyanı sahəsinin arxa tərəfinə gəlmişdir. Əlindəki alışqanın üzərində olan fanarı tövlənin giriş qapısına tutduqda qapının kilidlənmiş olduğunu görüb əlindəki dəmir parçası ilə qapının kilidini sındırıb içəri daxil olmuşdur. Daha sonra, dərhal 3 baş böyük, 15 baş isə kiçik olmaqla, ümumilikdə 18 baş hind quşunu idman çanatasına yığıb birbaşa Bakı-Quba yolunun kənarına çıxmış və tanımadığı yük maşınlarından birinə minib Sumqayıt şəhərinə getmişdir. Sumqayıt şəhərinin girişində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında, yol kənarında dayanaraq oğurladığı hind quşlarının bir ədədini 10 manatdan olmaqla, tanımadığı ayrı-ayrı şəxslərə satmışdır. Bundan sonra, əldə etdiyi puldan 150 manatını Bakı şəhərində müvəqqəti yaşadığı evin kirayə borcuna ödəmiş və Giləzi qəsəbəsinə qayıtmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, həmçinin, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Xızı rayonu, Giləzi qəsəbəsində özünə məxsus fərdi yaşayış evinin həyətində fərdi təsərrüfatla məşğul olaraq, müxtəlif növ quşları böyüdüb sataraq, uşaqlarının və nəvələrinin ehtiyaclarını qarşılayaraq dolanır. Belə ki, həyətyanı sahəsində yerləşən tövlədə 30 baş kiçik toyuq, 15 baş böyük toyuq, 10 baş ördək balası, 16 baş kiçik hind quşu, 05 baş ana hind quşu, 03 baş erkək hind quşu saxlamışdır. Həmin quşları hər gün səhər saat 04:30-05:00 radələrində yemləmək üçün həyətyanı sahəyə buraxmışdır. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 05:00 radələrində quşları yemləmək üçün həyətyanı sahəyə buraxmaq istəyərkən tövlənin qapısının üzərində olan dəmir qıfılın qırıldığını, 03 baş ana və 15 baş kiçik hind quşunun yerində olmadığını görmüşdür. Bundan sonra, həyətyanı sahəsinin hər tərəfinə baxmış, lakin hind quşlarını tapa bilməmiş və həmin quşların oğurlanması barədə DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Daha sonra, polis əməkdaşları yaşadığı evə gələrək, müvafiq tədbirlər görmüşlər. Hadisədən bir müddət sonra həmin quşların Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı ona məlum olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 270 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayəti yoxdur. Məhkəmə iclasında iştirak edən şahid, həmin vaxt Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləmiş Şahid2 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Xızı rayonu, Giləzi qəsəbə sakini Təqsirləndirilən şəxs evində qumbara və digər döyüş sursatları saxlaması barədə məlumat daxil olmuş, bu məlumat Xızı RPŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupunun tərkibi müəyyən edilərək göstərilən əraziyə gedilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə olmamış, lakin həmin evdə yaşayan sonuncunun anası Şahid3 müəyyən edilərək, yaşadıqları evə və həyətyanı sahəsinə baxış keçiriləcəyi ona bildirilmiş və sonuncunun razılığı ilə dəvət olunmuş iki nəfər hal şahidinin iştirakı ilə əraziyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən tikilidə 1 ədəd F-1 əl qumbarası, 2 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcı, 40 ədəd 7,62 çaplı SVD patronları, 25 ədəd 7,62 çaplı AK patronları, 1 ədəd 5,45 çaplı AK patronu, 76 ədəd 12,7 çaplı MDZ patronları, 3 ədəd 14,5 çaplı MDZ patronları və 2 ədəd 12,7 çaplı MDZ patronları aşkar edilərək hadisə yerinə dəvət olunmuş ANAMA-nın əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və müvafiq sənədləşdirmə aparılaraq Xızı RPŞ-yə qayıtmışlar. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş həmin vaxt Xızı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili işləmiş Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Həmçinin, Şahid1 məhkəməyə teleqram ünvanlayaraq xidməti iş yerinin dəyişdirilməsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən evində məişət işləri ilə məşğul olan zaman Xızı rayon Polis Şöbəsinin əməkdaşları həyətində olan darvazanı döyərək, onu qapıya dəvət etmişlər. Bundan sonra, polis əməkdaşları ona evdə döyüş sursatlarının olmasını və bu səbəbdən axtarış aparılacağını bildirdikdə, etiraz etmədən polis əməkdaşlarını içəri dəvət etmişdir. Daha sonra, polis əməkdaşları onun və hal şahidlərinin iştirakı ilə yaşadığı evə və həyətyanı sahəyə baxış keçirmişlər. Baxış zamanı yaşadığı evinin həyətyanı sahəsində olan tikilidə boz rəngli salafanın içərisində müxtəlif növ patronlar və əl qumbaraları aşkar olunmuşdur. Aşkar olunana kimi həmin sursatların orada olmasından xəbəri olmamışdır. Polis əməkdaşlarından həmin sursatlar barədə soruşduqda, onlar həmin sursatların oğlu Kamal tərəfindən gizlədildiyini ona bildirmişlər. Bundan sonra, polis əməkdaşları müvafiq sənədləşmə apararaq, evdən çıxıb getmişlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 227-ci vərəqəsində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Xızı X9 Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 65 nömrəli məktubundan görünür ki, 3 baş böyük və 15 baş kiçik olmaqla, ümumilikdə 18 baş hind quşunun avqust ayına olan orta bazar qiyməti cəmi 270 manat müəyyən edilir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 123-127-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 3389 nömrəli məhkəmə-ballistik ekspertizası rəyindən görünür ki, təqdim edilmiş, "1" və "2" rəqəmləri ilə işarələnmiş 2 ədəd qumbara gövdəsi- zavod üsulu ilə hazırlanmış, "RQD" markalı, qəlpəli əl qumbaralarının gövdə hissələridirlər; "3" rəqəmi ilə işarələnmiş 1 ədəd qumbara gövdəsi-zavod üsulu ilə hazırlanmış, "F-1" markalı, qəlpəli əl qumbarasının gövdə hissəsidir; 1 ədəd partladıcı - "F-1", "RQD-5", "RQ-42" markalı qəlpəli əl qumbaralarının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, "UZRQM" markalı qumbara partladıcısıdır və təqdim edilmiş 1 ədəd "UZRQM" markalı qumbara partladıcısını, onun komplekt hissələrini təşkil etdiyi "1", "2", "3" rəqəmləri ilə işarələnmiş qumbara gövdələrinin hər hansı birinə bağladıqda, müvafiq olaraq "1" və "2" rəqəmləri ilə işarələnən gövdə hissələri ilə birlikdə, döyüş sursatı hesab olunan "RQD-5" markalı qəlpəli əl qumbaralarını, "3" rəqəmi ilə işarələnən gövdə hissəsi ilə birlikdə isə, döyüş sursatı hesab olunan "F-1" markalı qəlpəli əl qumbarasını təşkil edirlər. Həmin qumbara gövdələri və partladıcı saz vəziyyətdədirlər və təyinatları üzrə istifadəyə (atəşpartlayışa) yararlıdırlar. Təqdim edilmiş, dib hissələrində "188-75" rəqəmləri həkk olunmuş 40 ədəd patron - zavod üsulu ilə hazırlanmış, pistonları markəzdən alışan, 1908-ci il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik 1891/30-cu il nümunəli "Mosin" sistemli tüfəngdə, 1931-ci il nümunəli və "Draqunov" ("SVD") konstruksiyalı snayper tüfənglərində, 1936-cı il nümunəli avtomatik "Simonov" tüfəngində, 1938-ci ("CBT-38") və 1940-cı ("CBT-40") illər nümunəli özüdolduran "Tokarev" sistemli tüfənglərdə, 1938-ci və 1944-cü illər nümunəli karabinlərdə, lentə doldurulmuş vəziyyətdə isə "Dektyarev" ("DP- 24", "DT", "DTM") sistemli, "Maksim", "Qoryunov" ("SQ-43", "SQM", "SQMT") dəzgahlı pulemyotlarda, rota pulemyotunda ("RP-46"), "Kalaşnikov" ("PK", "PKM", "PKT", "PKS") konstruksiyalı pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, güllələri polad özəkcikli patronlardırlar döyüş sursatıdırlar, 39 ədədi təyinatları istifadəyə (atəşə) yararlıdırlar, 1 ədədinin isə pistonu yerində olmadığı üçün atəşə yararsızdır. Təqdim edilmiş. 25 ədəd dib hissələrində "539-87" rəqəmləri həkk olunmuş patron- zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik "Kalaşnikov" konstruksiyalı "AK" ("AKM", "AKC", "AKMC") markalı avtomat silahlarda, "RPK" ("RPKS") markalı əl pulemyotlarında, "CKC" karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar - döyüş sursatıdırlar və təyinatları üzrə istifadəyə (atəşə) yararlıdırlar. Təqdim edilmiş, 1 ədəd dib hissəsində "60-81" rəqəmləri həkk olunmuş patron-zavod üsulu ilə hazırlanmış, pistonu mərkəzdən alışan, 5.45 mm kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 39 mm olan, "Kalaşnikov" konstruksiyalı "AK-74" ("AKC-74", "AKC-74U") markalı avtomat silahlarda, "RPK-74" ("RPKC-74") markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur - döyüş sursatıdır və təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Təqdim edilmiş 81 ədəd güllədən: a) 78 ədədi - zavod üsulu ilə hazırlanmış, "DŞK" ("DŞKM"), "UB"," NSB", "YAKB-12,7", "Kord", "OCB-96 (B-94)", "ACBK" markalı böyük kalibrli pulemyotlarda və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 12,7 mm kalibrli patronun hissələridirlər - zirehdeşiciyandırıcı güllələridilər və həmin güllələr, hissələrini təşkil etmiş olduqları patronların gilizlərindən odlu silahdan atəş açılması nəticəsində deyil, bərk predmetlə mexaniki üsulla təsir etməklə ayrılmışlar; b) 3 ədədi- zavod üsulu ilə hazırlanmış, "Vladimirov" sistemli ("KPV", "KPVT") böyük kalibrli pulemyotlarda, "ZPU" ("ZPU-1", "ZPU-2", " ZPU-4") və "ZU" ("ZU-2", "ZQU-1") zenit pulemyotlarında, "Rukavişnikov" sistemli 1939-cu il nümunəli, "Dektyarev" ( "PTRD") sistemli 1941-ci il nümunəli, "Simonov" ("PTPC") sistemli 1941-ci il nümunəli tank əleyhinə tüfənglərdə, "İstiqlal" markalı snayper tüfənglərində və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 14,5 mm kalibrli patronun hissələridirlər - zirehdeşici-yandırıcı güllələridirlər və həmin güllələr, hissələrini təşkil etmiş olduqları patronların gilizlərindən odlu silahdan atəş açılması nəticəsində deyil, bərk predmetlə mexaniki üsulla təsir etməklə ayrılmışlar. Cinayət işinin 122-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 74 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 101-103-cü vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tikilidə gizlətdiyi əl qumbaraları və partladıcısı, müxtəlif çaplı patronlar, həmçinin 4 ədəd avtomobil nömrə nişanı və 1 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Baxış keçirilməsi və götürmə başa çatdıqdan sonra protokol tərtib edilmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 112-113-cü vərəqələrində olan “Tək Sursat” əməliyyatı zamanı Mina/PHS-lərin aşkar olunması və daşınmasına dair xx xxxxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin Xüsusi X6 tərəfindən Xızı rayonu, Giləzi qəsəbəsində həyət evinin yardımçı binasının ətrafından 1 ədəd F-1 əl qumbarası, 2 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcı, 40 ədəd 7,62 çaplı SVD patronları, 25 ədəd 7,62 çaplı AK patronları, 1 ədəd 5,45 çaplı AK patronu, 76 ədəd 12,7 çaplı MDZ patronları, 3 ədəd 14,5 çaplı MDZ patronları və 2 ədəd 12,7 çaplı MDZ patronları aşkar edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 221-222-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 2854 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları istisna olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 163-165-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən və işin 223-226-cı vərəqələrində olan müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 123.1-cü maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxx 2003-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2003-cü il tarixli Amnistiya qərarının 2.3cü bəndinə əsasən cəzadan azad olunmuş, bundan sonra, Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.2.3 və 315.1-ci maddələri ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarı ilə cəzadan 05 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuş, daha sonra Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, sonuncu dəfə isə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən qəti olaraq 03 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxxxxxx 2019-cu il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 136-137-ci vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 154-cü vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 52-53-cü vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 205-207-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4(068)-19/2020 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 228.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri həmin tarixdə ləğv edilərək, bu tarixdə onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 174-176-cı vərəqəsində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq gizlətdiyi 1 ədəd F-1 əl qumbarası, 2 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcı, 40 ədəd 7,62 çaplı SVD patronları, 25 ədəd 7,62 çaplı AK patronları, 1 ədəd 5,45 çaplı AK patronu, 76 ədəd 12,7 çaplı MDZ patronları, 3 ədəd 14,5 çaplı MDZ patronları və 2 ədəd 12,7 çaplı MDZ patronlar cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Növbətçi hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 215-216-cı vərəqəsində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin xx xxxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurluq əməlinin törədilməsində istifadə etdiyi dəmir parçası cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat hissəsinin saxlancına təhvil verilmişdir. Cinayət işinin 227-237-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 228.1-ci maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Cinayət işinin 64-65-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən surətindən görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx xxxxx 2021-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməsə də, təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 228.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə tam təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.3 və 228.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, onun tərəfindən yenidən qəsdən eyni və başqa kateqoriyadan olan cinayət əməllərinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-nin Təminat Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs tərəfindən oğurluq əməlinin törədilməsində istifadə etdiyi dəmir parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin həmin RPŞ-nin Növbətçi Hissəsində maddi sübut kimi saxlanılan 1 ədəd F-1 əl qumbarası, 2 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcı, 40 ədəd 7,62 çaplı SVD patronları, 25 ədəd 7,62 çaplı AK patronları, 1 ədəd 5,45 çaplı AK patronu, 76 ədəd 12,7 çaplı MDZ patronları, 3 ədəd 14,5 çaplı MDZ patronları və 2 ədəd 12,7 çaplı MDZ patronları Azərbaycan Respublikası DİN-nin Təhcizat İdarəsinə təhvil verilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 74 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö km et d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-nin Təminat Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs tərəfindən oğurluq əməlinin törədilməsində istifadə etdiyi dəmir parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin həmin RPŞ-nin Növbətçi Hissəsində maddi sübut kimi saxlanılan 1 ədəd F-1 əl qumbarası, 2 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcı, 40 ədəd 7,62 çaplı SVD patronları, 25 ədəd 7,62 çaplı AK patronları, 1 ədəd 5,45 çaplı AK patronu, 76 ədəd 12,7 çaplı MDZ patronları, 3 ədəd 14,5 çaplı MDZ patronları və 2 ədəd 12,7 çaplı MDZ patronları Azərbaycan Respublikası DİN-nin Təhcizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 74 (yetmiş dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar