Məhkəmə qərarları › İş №1(068)-21/2022

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-21/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-21/2022 29.06.2022 XIZI RAYON MƏHKƏMƏSİ X4 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1994-cü il tarixdə Xızı rayonu, Şuraabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, 7,722 qram miqdarında çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranını əldə edib, üzərində saxlayaraq daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün 02 fevral 2022-ci il tarixdə, saat 11:20 radələrində Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirə salınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Xızı rayonu, Şorabad qəsəbə ərazisində saxlanılaraq müdafiə hüquqları təmin edilməklə şübhəli şəxs qismində tutularaq üzərində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan torbacıqda şəxsi istehlak miqdarından artıq miqdarda, 7,722 qram miqdarında narkotik vasitə olan həşiş qətranı aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Xızı rayonu, Şorabad qəsəbəsində yaşayır və fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur. Təxminən iki-üç aydır narkotik vasitə istifadəçisidir və əsasən narkotik vasitə olan tiryəki udmaqla, daha sonra üstündən su içməklə qəbul etmişdir. 01 fevral 2022-ci il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhərindən yaşadığı Xızı rayonu, Şorabad qəsəbəsinə qayıdarkən, yaşadığı qəsəbə ərazisində yerləşən körpünün yaxınlığında mikroavtobusdan düşmüş və piyada asfalt yolun kənarı ilə gedərkən ayağının altında nə isə qaldığını hiss etmiş, yerə baxarkən polietilen torbaya bükülmüş qara rəngli maddə diqqətini çəkmişdir. Həmin torbada olan qara rəngli maddəyə diqqətlə baxdıqda narkotik vasitəsi olan həşiş qətranı olmasını müəyyən etmiş, ətrafa baxıb heç kimin olmadığından əmin olaraq həmin bükülüdə olan narkotik vasitəni sonra istifadə etmək üçün cibinə qoymuş və yaşadığı evə getmişdir. Evdə həmin narkotik vasitədən bir qədər istifadə etdikdən sonra qalan hissəsini cibində saxlamışdır. Səhəri gün, yəni 02 fevral 2022-ci il tarixdə, saat 11:00 radələrində şəxsi işi ilə əlaqədar Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə gedərkən yaşadığı qəsəbə yaxınlığında yerləşən körpüyə az qalmış iki nəfər mülki geyimli şəxs yaxınlaşıb onu saxlayaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra, ona qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirdiyinə görə saxlanıldığı və şübhəli şəxs qismində tutulduğu izah edilmişdir. Bununla əlaqədar olaraq hüquqlarının tədbir yerinə dəvət edilən Müdafiəçi tərəfindən qorunacağı bildirildikdə, o, buna etiraz etməmişdir. Bundan sonra, üzərində şəxsi axtarış aparılacağı, axtarışın video görüntüyə alınacağı da bildirilmişdir. Çəkiliş altında ondan ilkin olaraq üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmaması soruşulduqda o da, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan torbanı çıxardıb təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları onlara təqdim etdiyi narkotik vasitə olan həşiş qətranını zərfə qoyaraq qablaşdırmış və üzərindən aşkar olunmuş narkotik vasitəyə dair protokol tərtib etmişlər. Hazırda tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, himayəsində heç yerdə işləməyən arvadının və xəstə anasının olmasının, eləcə də bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin NMQ-in əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Xızı RPŞ-nin CAB-na Xızı rayonu, Şorabad qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə tərəfindən 02 fevral 2022-ci il tarixdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bundan sonra, şöbə rəhbərliyinə raportla məruzə olunaraq məlumatın Xızı RPŞ-nin Növbətçi Hissəsində olan cinayətlərə dair məlumatların 1 nömrəli qeydiyyatı kitabında qeydə alınması təmin olunmuş və həmin gün saat 11:20 radələrində RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 və RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı Əsəd Məmmədovun iştirakı ilə Xızı rayonu, Şorabad qəsəbəsində əməliyyat-istintaq tədbiri həyata keçirilmişdir. Həmin vaxt Xızı rayonu, Şorabad qəsəbə ərazisində Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlayıb özlərini təqdim etmişlər. Həmçinin, tədbir video çəkilişlə qeydə alındığından hal şahidləri dəvət edilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs hüquqları və saxlanılma səbəbi izah edilmişdir. Daha sonra, sonuncudan üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmamasını soruşduqda o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan torbanı çıxardaraq onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan həşiş qətranı olduğunu və bir gün əvvəl tapdığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlə zərfə qoyularaq tərəflərindən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə iclasında dindirilmiş Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-28-ci vərəqələrində olan 02 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2022-ci il tarixli, 7/105 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 131" dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə..." yazı və imzalar olan 1 ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 7,722 qram olan maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qətranıdır. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə olan həşiş qətranının qalıq çəkisi 7,672 qram təşkil etmişdir. Cinayət işinin 40-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 88,70 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 50-51-ci vərəqələrində olan 03 fevral 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq çəkisi 7,672 qram təşkil edən narkotik vasitə olan həşiş qətranı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 05 aprel 2022-ci il tarixdə verilmiş 1611 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 85-86-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 mart 2022-ci il tarixdə verilmiş tələbnamədən və işin 99-cu vərəqəsində olan Sumqayıt şəhər probasiya şöbəsinin 23 aprel 2022-ci il tarixli, 78978/22 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 20 sentyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 128.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 manat cərimə cəzasına məhkum olunmuş və 06 iyun 2017-ci il tarixdə cəriməni tam olaraq ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 16-17-ci vərəqələrində olan 02 fevral 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 69-70-ci vərəqələrində olan 04 fevral 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 100-103-cü vərəqələrində olan 23 aprel 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmçinin təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, habelə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-91-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Şorabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 mart 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayır və qəsəbə ərazisində aparılan abadlıq-təmizlik və digər işlərdə iştirak etməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan həşiş qətranını əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halın olmasını və ağırlaşdırıcı halların olmamasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdən 04 fevral 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 7,672 qram təşkil edən narkotik vasitə olan həşiş qətranı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88,70 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 7,672 qram təşkil edən narkotik vasitə olan həşiş qətranı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar