Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-22/2021 03.06.2021 XIZI RAYON MƏHKƏMƏSİ X1 Ramiz oğlunun sədrliyi, Cəfərov Cəfər Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Xızı rayonu, Altıağac qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 09 iyul 2020-ci il tarixdə, gecə saatlarında Xızı rayonu, Altıağac qəsəbəsində yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə nəticəsində sillə və yumruqla həyat yoldaşı Zərərçəkmiş şəxs sifət və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurmaqla zərərçəkmiş şəxsin sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı yumşaq toxumaların, sağ üst və alt göz qapaqlarının sağ gözaltı nahiyə də əhatə olunmaqla qançır-şişkinliyi, sağ göz almasının kontuziyası (əziyi), sol said nahiyəsinin yuxarı 1/3-nin qançırı, sol bud nahiyəsinin 1/3-nin sıyrığından ibarət, zərərçəkmiş şəxs üçün həyati-təhlükəli olmayan, lakin sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Xızı rayonu, Altıağac qəsəbəsində kirayədə yaşayır və fərdi əmək fəaliyyəti ilə məşğul olur. Təxminən 2020-ci ilin iyul ayının əvvəllərindən başlayaraq gecələr evdə yatarkən arvadı Zərərçəkmiş şəxs yuxuda “Kamil, qoy Əmralı şəhərə getsin, çağıracam səni gələrsən” və sair bu kimi sözlər sayıqladığını eşitmiş və onda şübhələr yarandığından arvadına hara getdiyi, kimlərlə münasibətdə olduğu barədə suallar vermişdir. Arvadı Ramilə də, yuxuda olduğunu hiss etmədən onunla danışmış, Kamil adlı şəxslə necə və hansı şəraitdə görüşdüyünü ona bildirmişdir. Bu hal bir neçə dəfə təkrarlandığı üçün arvadı Ramilədən şübhələnməyə başlamış və bunu yoxlamaq məqsədilə 09 iyul 2020-ci il tarixdə, saat təxminən 17:00 radələrində Ramiləyə Sumqayıt şəhərinə gedəcəyini bildirib, evdən çıxmış və kirayə yaşadığı evin həyətini görmək üçün dağlıq əraziyə qalxıb, həyəti güdməyə başlamışdır. Evdən çıxandan bir müddət sonra Ramilə ona zəng etmiş və harada olduğunu soruşmuş, o da, karantin postunu rahatlıqla keçdiyini və artıq Sumqayıt şəhərində olduğunu arvadına bildirmişdir. Təxminən bir neçə saat sonra Ramilənin uşaqlarla birlikdə evdən çıxdığını, qızı Nuranənin telefonun fənərini qapının kilidinə tutduğunu, Ramilənin isə qapını kilidlədiyini görmüşdür. Bundan sonra, arvadı Ramilənin telefonu qızı Nuranədən alıb fənərlə kiməsə işarə verdiyini və daha sonra özünü uşaqların yanına çatdırıb birlikdə atası Aslangilə tərəf getdiklərini görmüşdür. Daha sonra, o, yavaş-yavaş evə yaxınlaşmış, həyətlərinə 30-40 metr qalmış həmkəndlisi Şahid3 onların evinin qarşısındakı həyətə keçdiyini görmüş və bu zaman Kamilin telefonla kiməsə “həyətinizdə adam var” dediyini eşitmişdir. O, Kamili tutmaq üçün çəpərdən həyətə tullanmış, lakin ona qədər artıq Kamil duyuq düşüb qaçmış və sonuncunu tuta bilməmişdir. Bundan sonra, o, ata evinə gedərək qardaşı Cəlala baş verənləri danışaraq, Kamillə görüşməsini tapşırmış, daha sonra, arvadı Ramiləni götürüb kirayə qaldıqları evə qayıtmışdır. Ramilə ilə evə qayıdandan sonra sonuncuya artıq hər şeyi bilməsini, Kamillə görüşdüyündən xəbərinin olmasını, bundan sonra daha onunla yaşamaq istəməməsini demiş və arvadından hər şeyi etiraf etməsini tələb etmişdir. Bundan sonra, arvadı Ramilə Kamillə son bir ildir görüşdüyünü, aralarında iki dəfə intim münasibət olduğunu, “Cənnət Bağı” İstirahət Mərkəzində işlədiyi zaman isə orada İsmayıl adlı şəxslə üç dəfə intim münasibətdə olduğunu ona bildirmişdir. O, da Ramilənin bütün bu etiraflarını səs yazısına almış və gecə saat 3-4 radələrində qaynanası ilə qaynatasını, qaynını, həmçinin öz valideynlərini məsələdən agah olmaları üçün evlərinə çağırmışdır. Ramilə özünün və onun valideynlərini görəndən sonra səs-küy salmağa başlamış və ona şər atılmasını bildirmişdir. O, da arvadı Ramilənin bu hərəkətindən əsəbiləşib sonuncunun sifət və bədən nahiyələrinə bir neçə dəfə sillə-yumruq vurmuşdur. Bundan sonra, hər ikisinin valideynləri evlərinə çıxıb getmiş, onlar isə birlikdə kirayə yaşadıqları evdə qalmışlar və səhəri günü arvadı Ramilə baş verənlər barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasının, habelə zərərçəkmiş şəxs olan arvadı Ramilə ilə barışdığını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınaraq, ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun əridir və onlar birlikdə Xızı rayonu, Altıağac qəsəbəsində kirayədə yaşayırlar. 09 iyul 2020-ci il tarixdə, saat 17:00 radələrində əri Təqsirləndirilən şəxs şəxsi işləri ilə əlaqədar Xızı şəhərinə gedəcəyini, daha sonra xüsusi karantin postundan keçə bilsə, Sumqayıta gedəcəyini deyib evdən çıxmışdır. Bundan sonra, təxminən 17:30 radələrində Əmralı yenidən zəng edərək gecə Sumqayıt şəhərində qalacağını və buna görə də, axşam uşaqları da götürüb anasıgilə getməsini ona tapşırmışdır. Həmin gün axşama kimi kirayə tutduqları evdə olmuş, həmin evdə qaz olmadığına görə saat 21 radələrində uşaqlarını da götürüb qaynanasıgilə getmişdir. Təxminən saat 23 radələrində əri Əmralı da həmin evə gəlmiş, hər hansı bir səbəb göstərmədən əlindən tutub bayıra dartmış və birlikdə kirayə tutduqları evə gəlmişlər. Evə girəndən sonra Əmralı ondan niyə evdən çıxanda dağlara tərəf işıq tutmaqla, işarə verdiyini soruşmuş, o da heç kimə işarə etmədiyini, sadəcə evdən çıxanda həyətin işığı olmadığına görə telefonun fənərini yandırıb qapının kilidinə baxdığını Əmralıya bildirmişdir. Lakin, Əmralı ona inanmamış və pozğunluq etdiyini israrla demişdir. Bundan sonra, Əmralı inadla ondan “kimdir o münasibətdə olduğun” deyə soruşmuş, o da, belə bir hadisənin olmadığını izah etməyə çalışmışdır. Beləcə, təxminən on dəfədən çox Əmralı ondan eyni şeyi soruşmuş və onu hədələməyə başlamışdır. O, da məcbur olub yalandan “hə olub” deyə bildirmiş və Əmralı tez telefonunu götürüb onun səsini yazmağa başlamışdır. Bütün bunlar baş verəndən sonra Əmralı həm onun valideynlərini, həm də öz valideynlərini kirayə yaşadıqları evə çağırmışdır. Valideynləri gəldikdən sonra onlara baş verənləri danışaraq, Əmralının onu şərlədiyini və heç kimlə münasibətinin olmadığını bildirmişdir. Bu zaman Əmralı onun üstünə gəlib bir neçə dəfə sillə və yumruqla sifətinə və bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Bundan sonra, hər ikisinin valideynləri evlərinə çıxıb getmiş, onlar isə birlikdə kirayə yaşadıqları evdə qalmışlar və səhəri günü o, baş verənlər barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək Əmralıdan şikayət etmişdir. Hal hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayəti və maddi tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, təxminən 2020-ci ilin iyul ayının əvvəllərində kürəkəni Təqsirləndirilən şəxs gecə saatlarında onun istifadəsində olan telefonuna zəng vuraraq qızı Ramilə ilə dalaşdığını bildirmiş, bu səbəbdən əri Novruz və oğlu İlkinlə birlikdə qızının kirayə yaşadığı Altıağac qəsəbəsində yerləşən evlərinə getmişlər. Onlar həmin evə çatdıqda qızının əri tərəfindən döyüldüyünü görmüşlər. Kürəkəni Əmralıdan hansı səbəbə qızı Ramilənin döydüyünü soruşduqda, Əmralı ona qızının pozğunluq etdiyini bildirmişdir. Bundan sonra, Əmralının atası Aslan onlara “mənim gəlinim kimi gəlin yoxdur, onun namusuna, qeyrətinə də cavabdehəm” deyə bildirmiş, daha sonra onlara “siz gedin evə, mən özüm səhər qızınızı uşaqları ilə bir yerdə gətirəcəm” demişdir. Sonradan isə qızının baş verənlər barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək Əmralıdan şikayət etməsini eşitmişdir. Hal-hazırda qızları Ramilə əri Əmralı ilə barışmış və birlikdə yaşayırlar. Məhkəmə istintaqında digər şahidlər Şahid1 və Şahid2 Şahid6 ifadəsinə oxşar, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun birinci ailəsindən olan oğludur. Təxminən 2020-ci ilin yay aylarında qudası Novruz onun yaşadığı Xızı rayonu, Altıağac qəsəbəsində olan evlərinə gələrək Əmralı ilə Ramilənin arasında ailə münaqişəsinin baş verdiyini və Əmralının Ramiləni döydüyünü bildirmişdir. O, da qudasına uşaqların ailə işinə qarışmaq istəmədiyini demiş, hətta Novruzun yanında Ramiləyə "qızım, oğlum Əmralı ilə yola getsən də, getməsən də sizin öz işinizdir" deyə bildirmişdir. Ancaq Ramilə heç vaxt Əmralıdan əl çəkməmiş, bütün bu söz-söhbətə baxmayaraq, ailəsinin yanında qalmışdır. Həmçinin, yaşının çox olması ilə əlaqədar baş vermiş hadisə çox yadında qalmamış və oğlunun ailəsində baş verənlərdən tam məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, təxminən 2020-ci ilin iyul aylarında axşam tərəfi evdə olarkən qardaşı Əmralı ilə gəlinləri Ramilənin arasında münaqişə olduğunu anasından eşitmişdir. O, anasından həmin münaqişənin baş verməsinə nə səbəb olduğunu öyrəndikdə, anası ona "Əmralının dediyinə görə guya gəlinləri Ramilə kənddə Kamil ilə intim əlaqədə olmuşdur" deyə bildirmişdir. Bundan sonra o, Kamilin evinə gedib hadisə barədə maraqlanmış, sonuncu da ona Ramilə ilə aralarında heç bir əlaqə olmadığını, hətta inanırsa Qurani-Kərimə də and içə biləcəyini demiş, bundan sonra o, Kamildən and içməsini tələb etmiş və sonuncu and içdikdən sonra isə ona inanmışdır. Qardaşı Əmralının ailəsində baş vermiş münaqişəyə hər hansı bir formada müdaxilə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Xızı rayonu, Altıağac qəsəbəsində yaşayır, evlidir və fərdi əmək fəaliyyəti ilə məşğul olur. 09 iyul 2020-ci il tarixdə, saat 21 radələrində qəsəbədən təxminən 20 km uzaqlıqda yerləşən fermadan iş yoldaşları Səbuhi, Əziz və Rafiqlə birlikdə sonuncuya məxsus “Mitsubishi” markalı avtomobillə yaşadığı Altıağac qəsəbəsinə qayıtmışlar. Qəsəbəyə qayıdan kimi evə gedərək yemək yeyəndən sonra təxminən saat 23 radələrində yatmışdır. Təxminən 10 dəqiqə sonra oğlu Mehdi yanına gələrək, Cəlalın onu çağırdığını bildirmiş, o da, oğluna yorğun olduğundan yatmaq istədiyini və Cəlalın çıxıb getməsini oğluna bildirmişdir. Bundan 5 dəqiqə sonra arvadı yanına gələrək, Cəlalın onun barəsində müəyyən iddialar etdiyini bildirdiyindən, o, tez əynini geyinib bayıra çıxmış, lakin Cəlalın artıq çıxıb getdiyini görüb evə qayıtmışdır. 10 iyul 2020-ci il tarixdə, saat 10 radələrində qayınatasıgildən evə gələrkən darvazanın qarşısında polis əməkdaşlarının maşınını görüb yaxınlaşdıqda, Əsəd adlı polis əməkdaşı rəis müavininin onu çağırdığını bildirmiş, o da, etiraz etmədən onların avtomaşınına əyləşib polis şöbəsinə getmiş və izahatı alındıqdan sonra çıxıb evlərinə gəlmişdir. Həmçinin, Əmralının arvadı ilə heç bir əlaqəsi və münasibəti olmamış, onunla telefonda belə danışmamış, hətta onun adının Ramilə olduğunu ilk dəfə polis şöbəsində öyrənmişdir. Məhkəmə iclasında elan edilmiş işin 19-20-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 17 iyul 2020-ci il tarixli, 28 saylı ekspert rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı yumşaq toxumaların, sağ üst və alt göz qapaqlarının sağ gözaltı nahiyə də əhatə olunmaqla qançır-şişkinliyi, sağ göz almasının kontuziyası (əziyi), sol said nahiyəsinin yuxarı 1/3-nin qançırı, sol bud nahiyəsinin 1/3-nin sıyrığı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 09 iyul 2020-ci tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 32-33-cü vərəqələrində olan 12 oktyabr 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 57-58-ci vərəqələrində olan 14 oktyabr 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 71-72-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 oktyabr 2020-ci il tarixli tələbnaməsindən, həmçinin, işin 79-80-ci vərəqələrindəki Xızı Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 1(068)-29/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilmiş və Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 129-138-ci vərəqələrində olan 05 dekabr 2020-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham, həmçinin, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 81-82-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Altıağac qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 noyabr 2020-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, həmçinin, cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki şəxsi məlumatlardan görünür ki, himayəsində 06 noyabr 2010-cu il təvəllüdlü Nuranə və 14 avqust 2013-cü il təvəllüdlü Nurlan adında iki övladı olan Xızı rayonu, Altıağac qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə şikayət daxil olmamış, lakin dava-dalaşa meyillidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və məhkəmə istintaqının nəticələrinə əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi yuxarıda şərh edilən əməl cinayət hadisəsidir və həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, eləcə də, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 05 dekabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs 14 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə araşdırmasında Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və ya cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, eləcə də, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, eləcə də həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2020-ci il tarixdən 14 oktyabr 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfləri və maddi zərər yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə islah işləri cəzasından çıxılsın və onun üzərində qəti olaraq hər ay qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(068)-22/2021
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-22/2021
03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver