Məhkəmə qərarları › İş №1(068)-22/2025

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-22/2025

20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-22/2025 20.10.2025 XIZI RAYON MƏHKƏMƏSİ X10 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1974-cü il tarixdə Abşeron rayonunun Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, üzərində məhkumluğu olmayan, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün xeyli miqdarda 0,746 qram miqdarında psixotrop maddə - metamfetamin əldə edərək əynindəki şalvarın sağ yan cibində bir ədəd sellofan kəsiyi bükümündə saxlamaqla daşımış, Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 26 may 2025-ci il tarixdə, saat 11:45 dəqiqədə Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində saxlanılaraq, onun üzərində videoçəkilişlə aparılmış yoxlama zamanı əynindəki şalvarın sağ yan cibində bir ədəd sellofan kəsiyi bükümündə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı xeyli miqdarda 0,746 qram miqdarında psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 26 may 2025-ci il tarixdə, səhər saatlarında yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış, üzərinə baxış keçirilmiş və bir gün əvvəl fabrikdən evə gələrkən yaşadığı qəsəbə ərazisindən tapdığı psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Tapdıqdan sonra həmin psixotrop maddədən istifadə etməmiş, eləcə cibində saxlamışdır. Metamfetamini kiməsə satmaq fikri olmamış, öz istifadəsi üçün üzərində saxlamışdır. Saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq və fiziki təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşmançılıq hissi keçirməsinin, xəstə olmasının və ailə vəziyyətinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyi, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid Xızı RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 26 may 2025-ci il tarixdə ona məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün sonuncunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Xızı rayon Polis Şöbəsinin 26 may 2025-ci il tarixli 3-13-80/Ə102/25 nömrəli əmri ilə Xızı RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı X3 və Kriminalistik tədqiqatlar qrupunun inspektor-kriminalisti, polis kapitanı X2 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. O, həmin qrupun rəhbəri təyin edilmişdir. Əmrin icrasına nəzarət Xızı RPŞ-nin rəis müavini, polis polkovnikleytenantı Məhəmməd Qarayevə həvalə edilmişdir. Həmin gün o, əməliyyat müvəkkili Nurlan Novruzov və inspektor-kriminalist Vaqif Hacıyev ilə birlikdə Xızı rayonu Giləzi qəsəbəsinə getmişlər. Saat 11:45 radələrində Təqsirləndirilən şəxs həmin qəsəbədə olduğunu görmüş və onlar Təqsirləndirilən şəxs yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu, ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini demiş, üzərində yoxlama aparılacağını bildirmiş və hüquqlarını izah etmişdir. Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı olmadan yoxlama aparılmasına etiraz etmədiyini demişdir. Vaqif Hacıyev tərəfindən yoxlama kamera cihazı vasitəsilə qeydə alınmağa başlamışdır. O, Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etməsini demiş, sonuncu əynində olan gödəkçənin sol üst cibindən iki qutu siqaret, sağ üst cibindən bir ədəd alışqan, əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyində olan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılmış, bükümün içərisində psixotrop maddə - metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin bükümün içərisində “şüşə” və “patı” adları ilə tanıdığı metamfetamin olduğunu, metamfetamini Xızı rayonu Giləzi qəsəbəsində işdən gələndə küçədə yol qırağından tapdığını, üzərindən bir qədər istifadə etdiyini, heç kəsə vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs başqa əşya və ya predmet aşkar edilməmişdir. Siqaretlər və alışqan Heydərə qaytarılmışdır. Daha sonra sıfırlanmış elektron tərəzidə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə bükümü ilə birlikdə tərəziyə qoyularaq çəkilmiş və çəkisinin 1,63 qram olması müəyyən edilmişdir. Həmin kütlə ağ rəngli zərfdə qablaşdırılmış, zərfin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmişdir. Qablaşdırılmış predmetin olduğu zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlə polis şöbəsinə gətirilmişdir. Əməliyyat-axtarış tədbirinin gedişatına dair protokol tərtib edilmiş, qeydə alınmış videogörüntü DVD diskə köçürülmüşdür. Protokol iştirakçılara oxunmuş və imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs müstəntiqə təhvil verilmişdir. Müstəntiq Heydəri şübhəli şəxs qismində tutmuş, müstəntiqin xidməti iş otağında əməliyyat müvəkkili Nurlan Novruzovun, onun, şübhəli şəxs Təqsirləndirilən şəxs və vəkili Ramil Yusifovun iştirakı ilə təqdim edilmiş predmetlər üzərində baxış aparılmışdır. Vaqif Hacıyev kamera cihazı vasitəsi ilə video çəkiliş aparmağa başlamışdır. Müstəntiq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini sadalamış, iştirakçılar haqqında məlumat vermiş, təqdim edilmiş əşyalara baxış keçirmişdir. Baxış zamanı müstəntiq tərəfindən zərf açılmış, zərfin içərisində bir ədəd büküm aşkar edilmişdir. Həmin büküm açılmış, bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olduğunu, üzərindən aşkar olunduğunu, “şüşə” adı ilə tanıdığı metamfetamin olduğunu, yolun qırağından tapdığını, həmin metamfetaminin üzərindən bir qədər istifadə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kəsə satmadığını və pay vermədiyini, saxlanılarkən və Xızı RPŞ-yə gətirilərkən polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiqə məruz qalmadığını bildirmişdir. Sonra müstəntiq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni ağ rəngli zərfdə qablaşdıraraq tərkibinin və miqdarının müyyən edilməsi məqsədi ilə müvafiq ekspertiza tədqiqatına göndərəcəyini bildirmişdir. Sonra müstəntiq təqdim edilən bir ədəd DVD diski kompüterin disk yerinə daxil edib diskə baxış keçirmişdir. Bundan sonra təqdim edilmiş əşyalar üzərində aparılan baxış başa çatmışdır. Müstəntiq protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Həmçinin, Xızı RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid məhkəməyə teleqram ünvanlayaraq məzuniyyətdə olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan 27 may 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərara əsasən fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 9-10-cu vərəqələrində olan 26 may 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, saxlanılan şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2025-ci il tarixdə, saat 11:45 dəqiqədə Xızı rayonunun Giləzi qəsəbəsində piyada hərəkət edən zaman saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan gödəkçənin sol üst cibindən iki qutu siqaret, sağ üst cibindən bir ədəd alışqan, əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyində olan büküm aşkar edilmişdir. Həmin büküm açılmış, bükümün içərisində psixotrop maddə - metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmin bükümün içərisində “şüşə” və “patı” adları ilə tanıdığı metamfetamin olduğunu, metamfetamini Xızı rayonu, Giləzi qəsəbəsində işdən gələndə küçədə yol qırağından tapdığını, üzərindən bir qədər istifadə etdiyini, heç kəsə vermədiyini bildirmişdir. Davam edən yoxlama zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərində başqa əşya və ya predmet aşkar edilməmişdir. İki qutu siqaret və bir ədəd alışqan Təqsirləndirilən şəxs qaytarılmış, daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə bənzər kütlə polietilen büküm ilə birlikdə tərəziyə qoyularaq çəkilmiş və çəkisinin 1,63 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş metamfetaminə bənzər kütlə qablaşdırılmış, zərfin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Yoxlama Xızı RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis kapitanı Şahid və Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı X3 tərəfindən aparılmış, Kriminalistik tədqiqatlar qrupunun inspektor - kriminalisti, polis kapitanı X5 tərəfindən kamera cihazı vasitəsilə qeydə alınmışdır. Həmin istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Diskdə olan video görüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxarkən müəyyən edilmişdir ki, Xızı rayonu Giləzi qəsəbəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan gödəkçənin sol üst cibindən iki qutu siqaret, sağ üst cibindən bir ədəd alışqan, əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyində olan büküm aşkar edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 30-33-cü vərəqələrində olan 26 may 2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Xızı RPŞ-nin xidməti iş otağında həmin şöbənin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis kapitanı Şahid təqdim etdiyi əşyalar üzərində baxış aparılmışdır. Həmin istintaq hərəkətində şübhəli şəxs Təqsirləndirilən şəxs, Xızı RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis kapitanı Şahid, Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı X3 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 iştirak etmişdir. Baxışın aparılması Kriminalistik tədqiqatlar qrupunun inspektor kriminalisti, polis kapitanı X5 tərəfindən kamera cihazı vasitəsi ilə qeydə alınmışdır. Baxışa təqdim edilən ağ rəngli zərfin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, zərfin üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə bənzər kütlə” sözləri yazılmışdır. Zərf açılmış, içərisində bir ədəd sellofan kəsiyində olan büküm vardır. Həmin büküm açılmış, bükümün içərisində ağ rəngli kristal formalı kütlə olması müəyyən edilmiş, həmin kütlə psixotrop maddə metamfetaminə bənzəmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq həmin kütlənin ona məxsus olduğunu, üzərindən aşkar olunduğunu, “şüşə” adı ilə tanıdığı metamfetamin olduğunu, yolun qırağından tapdığını, həmin metamfetaminin üzərindən bir qədər istifadə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kəsə satmadığını və pay vermədiyini, saxlanılarkən və Xızı RPŞ-nə gətirilərkən polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiqə məruz qalmadığını bildirmişdir. Bundan sonra, psixotrop maddə - metamfetaminə bənzər kütlə təqdim edilmiş zərflə birlikdə ağ rəngli zərfdə qablaşdırılmış, zərfin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, zərfin üzərinə “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə - metamfetaminə bənzər kütlə” sözləri yazılmış və imzalanmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 46-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2025-ci il tarixli, 20/385 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə” sözlər və imzalar olan kağız paketdəki, eyni sözlər yazılmış digər kağız paketdə, 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi - 0,746 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,696 qram təşkil etmişdir. Cinayət işinin 45-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 63 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 49-cu vərəqəsində olan 27 may 2025ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 0,696 qram psixotrop maddə olan metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 128-129-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 12 iyun 2025-ci il tarixdə verilmiş 3514 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 87-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 iyun 2025-ci il tarixli tələbnaməsindən, eləcə də işin 110-121-ci vərəqələrində olan müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Xızı Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 29 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 04 iyun 2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 20-21-ci vərəqələrində olan 26 may 2025-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 51-52-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 may 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-67-ci vərəqələrində olan 28 may 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 136-145-ci vərəqələrində olan 21 iyul 2025-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, həmçinin təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, habelə Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, şübhəli şəxs qismində dindirilməsinin video çəkilişini özündə əks etdirən 1 ədəd disk və zəng, sms və anten məlumatlarının olduğu DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olan 1 ədəd DVD disk iş üzrə sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 125-126-cı vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 11 iyun 2025-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, himayəsində 10 oktyabr 2013-cü il təvəllüdlü Elman adında yetkinlik yaşına çatmayan övladı olan Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla yaşayır və qəsəbədə aparılan ictimai işlərdə heç bir fəallıq göstərmir. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş “X13” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs 12 b.b. xoraları və çapıqları, eroziv qastrit, reflyüks ezofagit A tip, kardinal çatmazlıq, kataral ezofagit xəstəliyi diaqnozu təyin edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istifadəsi üçün xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və xəstəliyini (12 b.b. xoraları və çapıqları, eroziv qastrit, reflyüks ezofagit A tip, kardinal çatmazlıq, kataral ezofagit) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, həyat şəraitini, üzrlü səbəb olmadan məhkəmə çağırışlarına gəlməməsini və barəsində məcburi gətirilmə tətbiq edilməsini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, o cümlədən psixotrop maddənin növünü, miqdarını, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26 may 2025-ci il tarixdən 28 may 2025-ci il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni 20 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,696 qram təşkil edən psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, şübhəli şəxs qismində dindirilməsinin video çəkilişini özündə əks etdirən 1 ədəd disk və zəng, sms və anten məlumatlarının olduğu DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olan 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 63 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 196.1.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, onların qanuni nümayəndələrinin, şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərən müdafiəçinin, habelə hal şahidinin, tərcüməçinin, mütəxəssisin, ekspertin və şahidin cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə əlaqədar dəmiryolu və avtomobil nəqliyyatında (taksidən başqa) və nəqliyyatın digər növlərində, habelə cinayət prosesini həyata keçirən orqanın razılığı ilə hava nəqliyyatında yol xərcləri ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu saatlara görə 242 (iki yüz qırx iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 may 2025-ci il tarixdən 28 may 2025-ci il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 20 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,696 qram təşkil edən psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, şübhəli şəxs qismində dindirilməsinin video çəkilişini özündə əks etdirən 1 ədəd disk və zəng, sms və anten məlumatlarının olduğu DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olan 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 63 (altmış üç) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu saatlara görə 242 (iki yüz qırx iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar