Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-23/2023 19.06.2023 XIZI RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1962-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi təsərrüfatla məşğul olan, İİ qrup əlil, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Aşağı Çaykənd kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 260.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 04 sentyabr 2022-ci il tarixdə, saat 12:00 radələrində qohumları X1, Şahid1, Şahid3 və Şahid4 ilə birlikdə Xızı rayonunun Baxışlı kəndinin ərazisində yerləşən, Xızı rayon Baxışlı bələdiyyəsinə məxsus ərazidə quru otlaq sahəsində həmin Bələdiyyənin hər hansı məsul şəxsinin icazəsini və ya razılığını almadan piknik qurub istirahət edən zaman kabab bişirmək məqsədilə həmin ərazidə ocaq qalamış, yandırdığı ocaqla ehtiyatsız davranması səbəbindən ocaqdan sıçrayaraq ətrafdakı otların üzərinə düşən közün əsən güclü küləyin təsirindən açıq alova çevrilərək və alovun yayılıb ətrafda olan meşə fonduna daxil olmayan ağac və kol əkililərini yandıraraq məhv etməsi imkanını görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edərək cinayətkarcasına özünəgüvənmə formasında laqeydlik nümayiş etdirmiş, Cənub-Qərb istiqamətində 13 metr/saniyə maksimal surətlə əsən, Bofort şkalasına əsasən 6 balla qiymətləndirilən güclü küləyin təsirindən ətrafa səpələnmiş közlərin közərərək açıq alova keçməsi və alovun yayılması nəticəsində hər birinin diametri 4 santimetr, qiyməti isə 80 manat olan 3 ədəd palıd ağacını, hər birinin diametri 8 santimetr, qiyməti isə 100 manat olan 2 ədəd palıd ağacını, hər birinin diametri 16 santimetr, qiyməti isə 120 manat olan 3 ədəd palıd ağacını, hər birinin diametri 4 santimetr, qiyməti isə 80 manat olan 2 ədəd vələs ağacını, hər birinin diametri 8 santimetr, qiyməti isə 100 manat olan 1 ədəd vələs ağacını, hər birinin diametri 12 santimetr, qiyməti isə 100 manat olan 1 ədəd vələs ağacını, hər birinin diametri 16 santimetr, qiyməti isə 150 manat olan 1 ədəd vələs ağacını, hər birinin diametri 4 santimetr, qiyməti isə 80 manat olan 2 ədəd armud ağacını, hər birinin diametri 8 santimetr, qiyməti isə 100 manat olan 1 ədəd armud ağacını, hər birinin diametri 8 santimetr, qiyməti isə 100 manat olan 2 ədəd qarağac ağacını, hər birinin diametri 12 santimetr, qiyməti isə 120 manat olan 1 ədəd qarağac ağacını, hər birinin diametri 16 santimetr, qiyməti isə 150 manat olan 1 ədəd qarağac ağacını, hər birinin qiyməti 80 manat olan 8 ədəd yemişan kolunu, hər birinin qiyməti 80 manat olan 8 ədəd itburnu kolunu, hər birinin qiyməti 80 manat olan 7 ədəd zirinc kolunu, hər birinin qiyməti 80 manat olan 10 ədəd əzgil kolunu, hər birinin qiyməti 80 manat olan 10 ədəd alça kolunu, hər birinin qiyməti 80 manat olan 10 ədəd qaratikan kolunu bioloji inkişafdan məhrum qoyaraq, ümumilikdə dəyəri 6210 manat olan meşə fonduna daxil olmayan ağac və kol əkililərini məhv edərək ekologiyaya və zərərçəkmiş şəxs Xızı rayon Baxışlı bələdiyyəsinə maddi ziyan vurmuşdur. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində səhhəti ilə əlaqədar müalicə almaq üçün dayısı oğlu Şahid1 Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən evinə getmişdir. Taleh ona istirahət etmək üçün Xızı rayonu ərazisinə getməyi təklif etmiş və o, Talehin təklifini qəbul etmişdir. 04 sentyabr 2022-ci il tarixdə, səhər saat 09 radələrində qeyri-rəsmi nikahda olduğu X1 və qohumları Şahid1, qızı, Şahid3 və Şahid4 ilə birlikdə iki avtomobillə Bakı şəhərindən Xızı rayonuna gəlmişlər. Ərazidə olarkən ağaclıq sahə görmüş və həmin yerdə oturmaq qərarına gəlmişlər. Ətrafda bir qədər gəzişdikdən sonra yerdən quru ağac toplamağa və kabab bişirmək üçün ocaq qalamağa başlamışdır. O, ocaq yandırarkən Taleh və Bəyoğlanın ona nə isə dediyini görmüş, lakin eşitmə problemi olduğu üçün onların nə dediklərini başa düşməmişdir. Həmin vaxt hava isti olsa da, yüngül meh əsmişdir. Ocağı yandırdıqdan bir neçə dəqiqə sonra güclü külək əsməyə başlamışdır. Əsən küləyin təsiri ilə yanan ocağın qığılcımları ətrafa səpələnmişdir. İlk öncə quru otlaq sahəsi yanmağa başlamış, sonra isə yanğının əhatə dairəsi böyümüşdür. Bundan sonra hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən yanğın söndürülmüşdür. Daha sonra onları Xızı RPŞ-yə aparmışlar. Hazırda əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsinin, yanğın hadisəsini qəsdən törətmədiyinin, dəymiş ziyanı ödədiyinin və zərər çəkmiş şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasının, İİ qrup əlil olmasının nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, məhkəmə iclasında ifadəsində göstərdi ki, 04 sentyabr 2022-ci il tarixdə günorta saatlarında yaşadığı Xızı rayonu, Baxşılı kəndi ərazisində olarkən ərazidə tüstü olduğunu müşahidə etmişdir. Dərhal həmin yerə yaxınlaşaraq yanğın baş verdiyini və yanğınsöndürənlərin yanğını söndürməyə çalışdıqlarını görmüşdür. Həmin ərazidə yanğın 2-3 saat çəkmiş və yanğının əhatə etdiyi ərazi bələdiyyə ərazisi olmuşdur. Yanğın söndürüldükdən sonra Xızı RPŞ-nin əmakdaşları ilə birgə həmin əraziyə baxış keçirmiş, otlaq sahələrinin və bəzi ağacların yandığı müəyyən edilmişdir. Hazırda bələdiyyəyə dəyən ziyan ödənildiyindən təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, bu halın təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2022-ci il tarixdə həkimə getmək məqsədilə Şəmkir rayonundan onlara qonaq gəlmişdir. Həmin vaxt şənbə və bazar günlərinə düşdüyü üçün həkimə gedə bilməmiş və istirahət etmək üçün toyuq əti, tərəvəzlər, meyvə şirələri alaraq Xızı rayonunun Baxışlı kəndi ərazisinə gəlmişlər. Avtomobilləri yol kənarında saxlayaraq piknik etmək qərarına gəlmişlər. Aldıqları məhsulları avtomobildən düşürdərək, qabları, qaşıqları düzüb hərəsi bir işlə məşğul olmağa başlamışdır. Təqsirləndirilən şəxs isə ocaq yandırmışdır. Olar əti şişə çəkdikləri zaman güclü külək əsməyə başlamışdır. Yanğını söndürmək və yanğının ərazisinin genişlənməməsi məqsədi ilə özləri ilə qablarda gətirdikləri sulardan istifadə etmişlər. Bundan sonra yoldan keçən maşınlar da saxlayaraq onlara kömək etməyə çalışsalar da yanğını söndürə bilməmişlər. Daha sonra FHN-nə və polisə zəng edərək belə bir hadisə baş verdiyini və onlara kömək lazım olduğunu bildirmişlər. Təxminən 30 dəqiqə ərzində FHN və polis əməkdaşları hadisə yerinə gəlmiş və yanğını söndürmüşlər. Bundan sonra onları polis şöbəsinə aparıb, izahatlarını almışlar. Məhkəmə istintaqında şahidlər - Şahid2, Şahid3 və Şahid4 məhkəməyədək istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək, Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında iştirak edən şahid Xızı rayon Dövlət yanğından mühafizə hissəsinin texnika üzrə rəis müavini Şahid5 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, 04 sentyabr 2022-ci il tarixdə, təxminən saat 14:25 radələrində yol ilə keçən qohumu ona zəng edərək Xızı rayonunun Baxışlı kəndi ərazisində yanğın baş verdiyini və həmin ərazidən tüstü çıxdığını bildirmişdir. O da, şəxsi avtomobili ilə hadisə baş verən yerə yaxınlaşmış, ərazidə həqiqətən tüstüləmələrin olduğunu və vətəndaşların yanğını söndürməyə cəhd etdiklərini, lakin bacarmadıqlarını görmüşdür. Bundan sonra o, ilk növbədə “101” xidmətinə yanğınsöndürən maşının çıxması ilə bağlı məlumat vermiş və yanğının söndürülməsinə 5 maşın cəlb olunmuşdur. Həmin vaxt hava küləkli olduğu üçün yanğının miqyası böyümüş və yanğın 20:27 radələrində tam söndürülmüşdür. Həmçinin yanğının yenidən alışma ehtimalının baş verməməsi üçün gecə də orada qalaraq yanğını müşahidə etmişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 15-18-ci vərəqələrində olan 05 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış istintaq hərəkətlərinin keçirildiyi yer Xızı rayonu, Baxışlı kəndi ərazisində yerlərşir. 04 sentyabr 2022-ci il tarixdə, saat 12:00 radələrində yanğın hadisəsinin baş verdiyi yerə baxış keçirildi. Baxış zamanı Xızı rayon Baxışlı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs yanğın baş verən yerin Baxışlı bələdiyyəsinə aid otlaq və ağaclıq sahəsinin olmasıni, həmin torpaq sahələrinin hər hansı bələdiyyə mülkiyyətçisinə aid olmadığı, yalnız Baxışlı bələddiyəsinə aid olmasını, yanğın baş verdiyi ərazinin təxminən 10 hektar olduğunun, orda 3,22 hektarın otlaq sahəsinin, digər ərazilərin isə ağaclar və kol-kos sahəsi olmasını bildirmişdir. Zərərçəkmiş şəxs ilə baxış keçirilən yerə nəzər yetirildi. Baxış zamanı diametrləri 4 sm olan 3 ədəd, 8 sm olan 2 ədəd, 12 sm olan 1 ədəd, 16 sm olan 1 ədəd palıd ağaclarının, diametrləri 4 sm olan 25 ədəd, 8 sm olan 12 ədəd, 12 sm olan 1 ədəd,16 sm olan 1 ədəd vələs ağacları, diametrləri 4 sm olan 2 ədəd, 8 sm olan 1 ədəd armud ağacları, diametrləri 8 sm olan 2 ədəd, 12 sm olan 1 ədəd, 16 sm olan 1 ədəd qarağac ağacları, 8 ədəd yemişan kolu, 8 ədəd itburnu kolu, 7 ədəd zirinc kolu, 10 ədəd əzgil kolu, 10 ədəd alça kolu, 10 ədəd qaratikan kolu biloji inkişafdan dayanaraq məhv olmuşdur. Məhkəmə iclasında elan edilmiş, işin 138-139-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2022-ci il tarixli, 9/8439 nömrəli ekspert rəyindən görünür ki, köküstə yaş olmaqla ümumilikdə 72 ədəd ağac və kolların yanması nəticəsində dəymiş ziyanın ümumi məbləği 6210 manat müəyyən edilir. Sahəsi 3,22 hektar olan quru otlaq sahəsinin tam olaraq bərpa olması və humus qatının zədələnməməsi nəzərə alındıqda həmin sahəyə yanğın nəticəsində ziyan dəymədiyi müəyyən edilir. Məhkəmə iclasında elan edilmiş, işin 131-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə - əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş, işin 223-224-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2023-cü il tarixli, 10/1674 nömrəli ekspert rəyindən görünür ki, Xızı rayonu Baxışlı kəndində yerləşən açıq otlaq sahədə yanğın izləri bərabərləşdiyinə görə, yanğının mənbəyini müəyyən etmək mümkün deyil. Qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, yanğın kənardan düşmüş alışdırıcı mənbənin təsiri nəticəsində açıq sahədəki quru otların alışmasından baş vermişdir. Məhkəmə iclasında elan edilmiş, işin 222-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yanğın texniki ekspertiza tədqiqatının dəyəri 105 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 220-ci vərəqəsində olan Milli Hidrometeorologiya Xidmətinin 04 senyabr 2022-ci il tarixində Xızı rayonu üçün hava şəraiti haqqında arayışına görünür ki, Xızı rayonuna yaxın olan Altıağac hidrometeoroloji stansiyasından müşahidə edilmiş hava şəraitinə əsasən xx.xx.2022-ci il tarixdə hava aydın, buludsuz (0/0), meteoroloji görünüş məsafəsi 50 km, havanın orta temperaturu 25,6C, minimal temperatur 18,5C, maksimal temperaturu 33,1C, Cənub-Cənub Qərb istiqamətli küləyin istiqamətli küləyin makismal sürəti 13 m/san (6 bal-Bofort şkalasına əsasən güclü külək) olmuşdur. Yağıntı qeydə alınmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 33-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 sentyabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 93-94-cü vərəqələrində olan 03 noyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-cu vərəqələrində olan 05 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 269-270-ci vərəqələrində olan 01 may 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 133-134-cü vərəqələrində olan Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 25 noyabr 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Aşağı Çaykənd kəndində yaşayır, yaşadığı müddət ərzində özünü layiqli vətəndaş kimi apararaq kənd rəhbərliyinin və kənd əhalisinin hörmətini qazanmışdır. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 165-ci vərəqəsində olan Xızı rayonu Baxışlı Bələdiyyəsinin 28 noyabr 2022-ci il tarixli, 26 nömrəli məktubundan görünür ki, bələdiyyənin ərazisində 04 sentyabr 2022-ci il tarixdə baş vermiş yanğınla bağlı Baxışlı Bələdiyyəsinə dəymiş 6210 manat maddi ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 233-240-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 28 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 260.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi üçün təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, cinayət işi üzrə şahid ifadələri, ekspertiza rəyləri sübut növü kimi qiymətləndirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 260.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 260.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini, dəymiş zərərin ödənilməsini və zərərçəkmiş şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını, eləcə də İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 3-cü bəndinin 2-ci yarımbəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən törədilmiş əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, onun törədilməsi hallarını, şəxsiyyətini, həyat şəraitini, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 260.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs əsas cəza kimi cərimə cəzasının təyin edilməsini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsini tətbiq etməklə, 03 noyabr 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzasının yüngülləşdirilməsini mümkün hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 155 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 260.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1200 (min iki yüz) manat cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4cü maddəsi tətbiq edilərək, 03 noyabr 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 1000 (min) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 155 (yüz əlli beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-23/2023
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-23/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver