Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-24/2021 24.06.2021 XIZI RAYON MƏHKƏMƏSİ X2 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1985-ci il tarixdə Şamaxı rayonu, Nərimankənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üzərində məhkumluğu olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Qobustan şəhərində qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamdan məlum olur ki, o, qaynanası Ceyranın qardaşı - Xızı rayonu, Giləzi qəsəbə sakini Zərərçəkmiş şəxs dəfələrlə borca pul istəmiş, Zərərçəkmiş şəxs ona borc pul verməkdən imtina etdikdə, Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayının təxminən ortalarında tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs yaşadığı evə gələrək, sonuncunun evdə olmamasından istifadə edib qanunsuz olaraq Zərərçəkmiş şəxs xəstə halda yatdığı yastığın yanında saxladığı pul qabındakı 2000 manat pulu götürərək yaşayış sahəsinə, habelə saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli yolla talamaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Qobustan şəhərində qeydiyyatda olsa da, həbs olunana kimi ikinci ailəsi ilə birlikdə Xızı rayonu, Sitalçay kəndində yaşamış və Giləzi qəsəbəsində yerləşən un dəyirmanında fəhlə işləməklə ailəsini dolandırmışdır. Zərərçəkmiş şəxs onun qaynanası Ceyranın qardaşıdır, Nəsrulla subay olduğundan günortalar nahar etmək üçün sonuncunun razılığı ilə tez-tez onlara getmiş və Nəsrullaya məxsus torpağın yeni salınan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ərazisinə düşdüyündən dövlət tərəfindən təzminat olaraq pul verildiyini bilmişdir. Həmin vaxt Nəsrullanın qohumlarına borca pul verdiyini eşitmiş, o da bunu bildikdə qaynanası Ceyrandan evinin təmir olunması üçün Nəsrulladan borca pul almasını xahiş etmişdir. Qaynanası Ceyran onunla razılaşaraq qardaşı Nəsrulladan 4600 manat borca pul almış, bir müddət sonra isə həmin borcu qaytarmışlar. 16 noyabr 2020-ci il tarixdə həmişə olduğu kimi günorta nahar etmək üçün Nəsrullanın evinə gəlmiş və yemək yeyəndən sonra Nəsrullanın hava almaq üçün çölə çıxarıldığını gördükdə, sonuncunun pul qabında olan puldan biraz götürmək qərarına gəlmişdir. Bu məqsədlə də, Nəsrullanın xəstə halda uzandığı yerdə yastığın yanında olan pul qabını açmış və əlinə keçəcək qədər pul götürüb evdən çıxaraq işə getmişdir. Bundan sonra, götürdüyü pulları saymış və 2000 manat olmasını bilmişdir. Həmin pulu evinin təmirinə xərcləmiş və eyni zamanda müxtəlif məişət avadanlıqları almışdır. Həmin hadisədən bir neçə gün sonra evdə olarkən arvadı Nahidənin xalası Heyran onlara zəng edərək Nəsrullanın pulunun oğurlandığını bildirmiş, o da, məsuliyyətə cəlb olunmasından və eləcə də qohumlarının arasında hörmətdən düşəcəyindən qorxaraq bu barədə danışmamışdır. Daha sonra, o, dindirilməsi üçün Xızı RPŞ-yə çağrılmış və istintaq zamanı təqsirini etiraf etmişdir. Bir daha qeyd edir ki, o, Nəsrullanın evinə qanunsuz deyil, sonuncunun razılığı ilə mütəmadi olaraq gedib-gəlmiş, evdən pul götürməyi isə əvvəlcədən deyil, həmin gün qərarlaşdırmışdır. Odur ki, əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasının, habelə yeganə qazanc gətirən ailə başçısı kimi himayəsində bir azyaşlı övladının olmasını nəzərə alaraq, ona daha yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə qismən təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsində ona məxsus kənd təsərrüfatlı torpaq sahəsi olmuş, həmin torpaq sahəsi yeni salınan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ərazisinə düşdüyü üçün 2019-cu ilin noyabr ayında dövlət tərəfindən ona 8375 manat məbləğində təzminat verilmişdir. Sonradan səhhətində olan problemlərlə əlaqədar yataq xəstəsi olduğundan həmin pulu yaşadığı evdə yastığının yanında, pul qabının içərisində saxlamışdır. Subay olduğundan xəstə olduğu müddətdə ona baxmaq üçün qardaşı Əhməd, bacıları Ceyran və Heyran, onların uşaqları yanına mütamadi olaraq gəlib-getmiş və səhhəti ilə maraqlanmışlar. Həmin qohumlardan başqa, bacısı Ceyranın kürəkəni Təqsirləndirilən şəxs da onun yanına mütamadi olaraq gəlibgetmişdir. Belə ki, Təqsirləndirilən şəxs Xızı rayonunun Sitalçay kəndində yaşamaqla, Giləzi qəsəbəsində yerləşən un dəyirmanında fəhlə işlədiyindən, onun razılığı ilə tez-tez günortalar nahar etmək üçün evinə gəlmişdir. 16 noyabr 2020-ci il tarixdə yaşadığı evdə uzanmış olduğu yerin baş tərəfində, yəni yastığın düz yanında saxladığı pul qabına baxdıqda 2000 manat pulun orada olmadığını görmüşdür. Bundan sonra, qohumlarına bu barədə məlumat verərək, bəlkə kiməsə lazım olduğu üçün həmin pulu götürübgötürməməsi ilə maraqlanmış, lakin heç kimdən xəbər çıxmadığını gördükdə oğurluq hadisəsi ilə bağlı polisə məlumat vermişdir. Daha sonra, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq sənədləşmə işləri aparmış və aparılmış ibtidai istintaq zamanı həmin 2000 manat pulun bacısı Ceyranın kürəkəni Təqsirləndirilən şəxs tərəfindən oğurlanması məlum olmuşdur. Hazırda ona dəymiş ziyan ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, təxminən 1,6 il bundan əvvəl qardaşı Zərərçəkmiş şəxs məxsus torpaq sahəsi yeni salınan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ərazisinə düşdüyündən dövlət tərəfindən təzminat olaraq qardaşına 8375 manat məbləğində pul verilmişdir. Sonradan qardaşı Nəsrulla səhhətində yaranan problemlərlə əlaqədar yataq halına düşmüş, yalnız onların köməkliyi ilə yataqdan ayağa qalxaraq hərəkət etmiş və bu səbəbdən bacıları Ceyran və Heyran çox vaxt növbəli şəkildə Nəsrullanın yanında qalaraq ona qulluq göstərmişlər. Qardaşı Nəsrulla 16 noyabr 2020-ci il tarixdə axşam vaxtı ona telefonla zəng vuraraq, evdə yığıb saxladığı pulun itdiyini söyləmiş, o da, tez qardaşının yanına gələrək bu işdə kömək olmaq üçün bacılarına və digər qohum-əqrabalarına səs-soraq salmışdır ki, əgər pulu kimsə götürübsə, gətirib yerinə qoysun və bu barədə polisə məlumat verməsinlər. Lakin, heç kimdən səs-soraq çıxmadığı üçün qardaşı hadisə ilə bağlı polisə məlumat vermişdir. Həmin vaxt oğurluq hadisəsinin bacısı Ceyranın kürəkəni Təqsirləndirilən şəxs tərəfindən törədilməsindən şübhələnsə də, sonuncu oğurluğu boynuna almamışdır. Belə ki, Xəyal Xızı rayonu, Sitalçay kəndində yaşamaqla, Giləzi qəsəbəsində yerləşən dəyirmanda fəhlə işləmiş və ailəsini çətinliklə dolandırmışdır. Xəyal qardaşı Nəsrullanın razılığı ilə tez-tez günortalar nahar etmək üçün sonuncunun evinə gəlib-getsə də, oğurluq hadisəsindən sonra Xəyal bir müddət həmin evə gəlməmişdir. Bundan başqa, qardaşı Nəsrullanın pulu oğurlandıqdan sonra Xəyal öz evini təmir etmək üçün əvvəlcə tikinti materialları, daha sonra isə paltaryuyan maşın, qaz sobası və evinə lazım olan digər məişət əşyaları almışdır. Halbuki, Xəyal birinci ailəsindən olan iki uşağını saxlamaqda çətinlik çəkmiş, həmin uşaqların alimentini vaxtında ödəyə bilmədiyi üçün məhkum olunmuşdur. O, bacıları Ceyran və Heyran Xəyaldan bu qədər pulu haradan əldə etdiyini soruşduqda, sonuncu atasından qalan torpağın satılması ilə bağlı ona çatan pul vəsaitindən bu əşyaların və təmirin pulunu ödədiyini bildimişdir. Daha sonra, aparılmış ibtidai istintaq zamanı həmin 2000 manat pulun həqiqətən bacısı Ceyranın kürəkəni Təqsirləndirilən şəxs tərəfindən oğurlanması və şübhələrinin əsaslı olması məlum olmuşdur. Məhkəmə istintaqında şahidlər - Şahid4, Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında iştirak edən Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, onlar təxminən 8-9 il olar ailəlidirlər və bir qız övladları vardır. Eşitdiyinə görə təxminən 1,6 il bundan əvvəl dayısı Zərərçəkmiş şəxs məxsus torpaq sahəsi yeni salınan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ərazisinə düşdüyündən dövlət tərəfindən təzminat olaraq dayısına 8375 manat məbləğində pul verilmişdir. Sonradan dayısı Nəsrulla səhhətində yaranan problemlərlə əlaqədar yataq halına düşmüş və yalnız qohum-əqrabanın köməkliyi ilə yataqdan ayağa qalxaraq hərəkət etmişdir. Mütəmadi olaraq anası Ceyran və xalası Heyran Nəsrulla dayısının səhhəti ilə maraqlanmış, növbə ilə dayısının yanında qalmaqla, köməklik etmişlər. Həmçinin, əri Xəyal Giləzi qəsəbəsində yerləşən un dəyirmanında fəhlə işlədiyindən, dayısı Nəsrullanın razılığı ilə tez-tez günortalar nahar etmək üçün sonuncunun evinə getmişdir. Təxminən 2020-ci ilin noyabr ayının ortaları əri Təqsirləndirilən şəxs Xızı rayonu, Sitalçay qəsəbəsində yaşadıqları evə tikinti materialları alıb gətirmiş və evi təmir etdirməyə başlamışdır. O, həmin vaxt Xəyala 600 manata yaxın maaş almasını, həmin puldan da birinci ailəsinə aliment ödəməsini xatırladaraq, tikinti materiallarını hansı pulla almasını soruşduqda, Xəyal bankdan kredit pul götürdüyünü və tikinti materiallarını həmin pul ilə almasını ona bildirmişdir. Bundan bir neçə gün sonra xalası Heyran onlarla əlaqə saxlamış və dayısı Nəsrullanın evindən pulunun oğurlanmasını bildirmişdir. Həmin vaxt əri Xəyal da evdə olmuş, lakin pulu götürən şəxsin elə Xəyal olması ağlına belə gəlməmişdir. Bundan sonra, o, anası Ceyranla birlikdə dayısıgilə gedərək hadisə ilə bağlı maraqlanmışlar. Daha sonra, polis əməkdaşları onların yaşadığı evə gələrək dayısının pulunun oğurlanmasında əri Xəyalın şübhəli olmasını bildirərək, ərini izahatının alınması üçün Xızı rayon Polis Şöbəsinə aparmışlar və aparılmış ibtidai istintaq zamanı həmin 2000 manat pulun əri Təqsirləndirilən şəxs tərəfindən oğurlanması məlum olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 83-84-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 noyabr 2020-ci il tarixdə verilmiş tələbnamədən, həmçinin, işin 119-123-cü vərəqələrindəki Qobustan Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 1(026)-5/2019 saylı hökmünün surətindən, eləcə də, cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər probasiya şöbəsinin 23 iyun 2021-ci il tarixli, 06/21 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 01 il 06 ay 22 gün müddətinə cəzasını çəkmiş, 11 ay 08 gün çəkilməmiş cəza müddəti qalmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 42-43-cü vərəqələrində olan 20 noyabr 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 74-75-ci vərəqələrində olan 22 noyabr 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Xızı Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(068)-24/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş 05 iyun 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan, eləcə də Xızı RPŞ-nin 11 iyun 2021-ci il tarixli, 165-3451-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2021-ci il tarixdə keçirilmiş axtarış tədbirləri nəticəsində tutularaq Xızı RPŞnin MSY-nə, oradan isə 08 iyun 2021-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 124-131-ci vərəqələrində olan 30 dekabr 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, habelə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinin tərkib hissəsinin əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 106-107-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 dekabr 2020-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, himayəsində 28 noyabr 2014-cü il təvəllüdlü Gültəkin adlı bir övladı olan, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatsız yaşamış Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 08 aprel 2021-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməsə də, təqsirləndirilən şəxsdən hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törədiyi bu əməldə, yəni təxminən 2020-ci ilin noyabr ayının ortalarında həmişə olduğu kimi cinayət niyyəti olmadan, nahar etmək üçün Zərərçəkmiş şəxs yaşadığı evə gələrək, sonradan özgə əmlakına yiyələnmək fikrinə düşərək sonuncunun evin içərisində olmamasından istifadə edib Zərərçəkmiş şəxs xəstə halda yatdığı yastığın yanında saxladığı pul qabındakı 2000 manat pulu götürərək özgənin əmlakını gizli yolla talamaqla oğurluq cinayət əməlini törətmiş, onun bu əməlində CM-nin 177.1-ci maddəsinin tərkibinin mövcud olduğu təsdiq olunsa da, CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətinin olmadığı müəyyən olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifinə münasibət bildirərək hesab edir ki, istintaq orqanı tərəfindən onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarından, eləcə də, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində verdikləri ifadələrindən müəyyən olunur ki, Rəsulov X1 Rzayevin yaşadığı evə qanunsuz olaraq daxil olmamış, əksinə sonuncunun razılığı ilə mütəmadi olaraq nahar etmək üçün həmin evə gəlib-getmiş, sonradan isə orada olarkən yaranmış şəraitdən istifadə edərək onda özgə əmlakına real yiyələnmək qəsdi (niyyəti) həmin an meydana gəlmiş və o, bu niyyətini qısa zaman kəsiyində dərhal icra edərək zərərçəkmiş şəxsə məxsus saxlanc yeri hesab olunmayan pul qabından oğurluq etmişdir. Həmçinin, anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Pul qabı yuxarıda qeyd edilən əlamətlərə malik olmamaqla, saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın (pulun) gizlin götürülməsi saxlanc yerinə daxil olma kimi qiymətləndirilə bilməz. Beləliklə, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayətini törətməsi xüsusatı hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Belə ki, "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2015-ci il tarixli Qərarının 21-ci bəndinə əsasən oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Göründüyü kimi, əməlin Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməsi üçün ilk olaraq təqsirləndirilən şəxsin yaşayış sahəsinə, habelə saxlanc yerinə qanunsuz daxil olması sübuta yetirilməli və təqsirli şəxsin həmin yerdə hansı məqsədlə olması, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsi aydınlaşdırmalıdır. Belə ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası CPM-nın 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək, Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayətini törətməsi ilə əlaqədar əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, onun özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetsə də, Təqsirləndirilən şəxs cinayət niyyəti olmadan yaşayış sahəsinə hüquqamüvafiq qaydada daxil olmaqla, sonradan saxlanc yeri sayılmayan pul qabından 2000 manat pulu gizli talayıb oğurluq cinayəti törətdiyindən onun əməlində «qanunsuz daxil olma» əlaməti yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif olunmalı və ona qeyd olunan maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin himayəsində bir azyaşlı övladının olmasını və yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Qobustan Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 18 iyun 2019-cu il tarixli, 1(026)-5/2019 saylı hökmünə əsasən 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Qobustan Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 18 iyun 2019-cu il tarixli, 1(026)-5/2019 saylı hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və onun tərəfindən yenidən bu dəfə qəsdən başqa kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, eləcə də, barəsində seçilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmə iclaslarından qaçıb gizlənməsini və barəsində axtarış elan olunmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 1/2 hissəsində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 20 noyabr 2020-ci il tarixdən 22 noyabr 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bu Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə hesab edir ki, Qobustan Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 1(026)-5/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmalı və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 05 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qobustan Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 1(026)-5/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 08 (səkkiz) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablansın və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 05 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(068)-24/2021
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-24/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver