Məhkəmə qərarları › İş №1(068)-24/2022

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-24/2022

20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-24/2022 20.07.2022 XIZI RAYON MƏHKƏMƏSİ X3 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Abşeron rayonu, Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 30 avqust 2021-ci il tarixdə, saat 10:00 radələrində özgənin əmlakını gizli yolla talama məqsədi ilə Xızı rayonu, Yaşma dəmir yolu stansiyası ərazisində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 01 nömrəli H.Z.Tağıyev İşarəvermə və Rabitə sahəsinə məxsus 261 manat dəyərində 45 metr uzunluğunda 14x1 markalı «SBPU markalı» kabelini və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 14 nömrəli H.Z.Tağıyev yol sahəsinə aid olan 31,50 manat dəyərində, 105 kiloqram çəkidə, hər kiloqrammının 0,30 manat dəyəri olan, yararsız halda 20 ədəd R-43 markalı rels altlığı, ümumilikdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 292,50 manat dəyərində rels altlıqlarını və rabitə kabelini gizli olaraq söküb apararkən Baş Sumqayıt st. XPB-nin əməkdaşları tərəfindən aşkar edilməsi səbəbindən bilavasitə oğurluğa yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək dəmir yolu xətlərinə münasibətdə oğurluğa, yəni dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Xızı rayonu, Yaşma stansiyasında yaşayır və fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur. 30 avqust 2021-ci il tarixdə, saat 10:00 radələrində yaşadığı evdən çıxaraq Xızı rayonu ərazisində yerləşən Yaşma dəmir yolu stansiyası ərazisindən keçərkən orada dəmir yolu xətlərinin yanında yerdə 45 metr uzunluğunda olan kabelin və bir neçə rels altlıqlarının olduğunu görmüş, həmin kabelləri və orada olan rels altlıqlarını gizli yığıb sataraq pul əldə etmək qərarına gəlmişdir. Buna görə də, kabelləri və rels altlıqlarını yığmamışdan öncə hər hansı bir şəxsin yaxınlıqda olmamasından baxaraq əmin olmuş, sonra həmin kabeli və 20 ədəd rels altlıqlarını götürüb aparmağa başlamışdır. Bu vaxt ərazinin polis əməkdaşları tərəfindən saxlanılmış, yığdı rels altılıqlarını və kabeli yerə qoymuşdur. Bundan sonra, polis əməkdaşları tərəfindən Baş Sumqayıt st. XPB-nə aparılmış və oğurluq etmək istəməsini etiraf etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, faktiki olaraq zərərçəkmiş şəxsə hər hansı bir ziyan dəyməməsinin və zərərçəkmiş şəxslə barışıq əldə etməsinin, eləcə də himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi X1 məhkəmə iclaslarına gəlməmiş, ancaq məhkəməyə ərizə ünvanlayaraq oğurlanmış əşyalar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qaytarıldığından təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla belə, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi ifadəsində göstərmişdir ki, 30 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Azərbaycan Dəmir Yolları Qapalı” Səhmdar Cəmiyyətinin Yaşma dəmir yolu stansiyasının ərazisindən 20 ədəd R-43 markalı rels altlıqlarının və 45 metr uzunluğunda kabelin oğurlmanmasına cəhd edilməsi nəticəsində ümumilikdə maddi ziyanın 292,50 manat dəyərində hesablanması ilə tanış olmuş, həmin dəyərdə olan detalların qaytarılmasını tələb etmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid - Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-də məntəqə rəisi Şahid1 ifadəsində göstərmişdir ki, 30 avqust 2021-ci il tarixdə Xızı rayonu, Yaşma dəmir yolu stansiyası ərazisinə Baş Sumqayıt st. XPB-nin PPXM-nın polis nəfəri Təyyar Quliyevlə xidməti ərazini yoxlamaq məqsədi ilə gedərkən orada bir nəfər şəxsin dəmir yolu xətləri yanından əlində rabitə kabeli və rels altlıqlarını daşıdığını görmüş, həmin şəxsi çağıraraq nə etdiyini soruşmuş, həmin şəxs ifşa olunduğunu başa düşərək əlində olan kabeli və rels altlıqlarını yerə qoymuş, olduğu yerdə durmuşdur. Bu vaxt o, Təyyar Quliyevlə birlikdə həmin şəxsə yaxınlaşmış, kabel və rels altlıqları aparmaq üçün hər hansı bir şəxsdən icazə alıbalmadığını soruşmuş, həmin şəxs heç kimdən icazə almadığını bildirmişdir. Bundan sonra, onlar həmin şəxsi Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nə dəvət etmiş, sonuncu da etiraz etmədən onlarla birlikdə bölməyə getmiş, bölmədə keçirilən yoxlama zamanı həmin şəxs Xızı rayonu, Yaşma kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmçinin, Şahid1 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin PPXM-nın polis nəfəri X2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Həmçinin, Təyyar Quliyev məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 4-6-cı vərəqələrində olan 30 avqust 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yaşma dəmir yolu stansiyası ərazisində yerləşən dəmir yolu xətlərindən 45 metr uzunluğunda olan 14x1 markalı (SBPU) kabel, 20 ədəd R- 43 markalı rels altlıqları aşkar edilərək götürülmüşdür. Baxış keçirilməsi və götürmə başa çatdıqdan sonra protokol tərtib edilmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-ci vərəqəsində olan “Azərbaycan Dəmir Yolları Qapalı” Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin 14 nömrəli H.Z.Tağıyev yol sahəsi tərəfindən verilmiş 02 sentyabr 2021-ci il tarixli, 125 nömrəli məktubdan görünür ki, 30 avqust 2021-ci il tarixdə Yaşma Dəmir yolu stansiyasının ərazisindən keçən dəmir yolu xətlərindən oğurlanmasına cəhd olunmuş - 20 ədəd R-43 markalı yanlıqları sahənin balansında olmaqla, təkrar istifadəyə yararsızdır. Həmin detallar, 20 ədəd R-43 tipli altlığın təxmini çəkisi 0.105 ton, qiyməti 22.09 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-ci vərəqəsində olan “Azərbaycan Dəmir Yolları Qapalı” Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin 1 nömrəli H.Z.Tağıyev İşarəvermə və Rabitə Sahəsi tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli, 296 nömrəli məktubdan görünür ki, 30 avqust 2021-ci il tarixdə Yaşma Dəmir yolu stansiyasının ərazisindən keçən dəmir yolu xətlərindən oğurlanmasına cəhd olunmuş - 45 metr uzunluğunda 14x1 markalı (SBPU) kabel sahənin balansında olmaqla, təkrar istifadəyə yararlıdır. 14x1 markalı (SBPU) kabelin bir metrinin qiyməti 5,80 manat olmaqla, ümumilikdə 45 metri 261 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 27-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 sentyabr 2021-ci il tarixli, 9/6381 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında təkrar istifadəyə yararlı olan 45 metr uzunluğunda 14x1 markalı (SBPU) kabelin 2021-ci ilin avqust ayına olan bazar qiyməti ilə ümumi dəyəri təxminən (45 metr x 5,80 man) 261 manat, təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə 20 ədəd R-43 markalı rels altlığı metal qırıntı kimi təxminən 31,50 (105 kq x 0,30m) manat müəyyən edilmişdir. Cinayət işinin 26-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 36-cı vərəqəsində olan Xaçmaz st. XPŞ-nin İQ-nin müstəntiqinin 01 dekabr 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, 45 metr uzunluğunda 14x1 markalı (SBPU) kabel və 20 ədəd R-43 markalı rels altlıqları cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Xaçmaz st. XPŞ-nin anbarına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 47-48-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 fevral 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 69-70-ci vərəqələrində olan 19 mart 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 94-96-cı vərəqələrində olan 15 aprel 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-2-ci maddəsi ilə elan edilmiş ittiham nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-23-cü vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Şorabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 14 sentyabr 2021-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan məlumatdan görünür ki, himayəsində xx.xx.2014-cü il təvəllüdlü Nuray və xx.xx.2018-ci il təvəllüdlü Nuran adında iki yetkinlik yaşına çatmayan övladı olan Təqsirləndirilən şəxs həqiqətən ünvan 2 ünvanında yaşayır və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübut və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs dəmir yolu xətlərinə münasibətdə oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 29, 177.2.3-2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə ağır cinayət törətməsini, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını, eləcə də himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halın olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 29, 177.2.3-2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Xaçmaz st. XPŞ-nin anbarına saxlanılan, 20 ədəd R-43 markalı rels altlıqları və 45 metr uzunluğunda SBPU 14x1 markalı kabel zərərçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Xaçmaz st. XPŞ-nin anbarına saxlanılan, 20 ədəd R-43 markalı rels altlıqları və 45 metr uzunluğunda SBPU 14x1 markalı kabel zərərçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat ekspertiza xərci tutulub, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar