Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-25/2022 31.08.2022 XIZI RAYON MƏHKƏMƏSİ X6 Ağamusa oğlunun sədrliyi, Nəbiyev Vüsal Nəcəfqulu oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1985-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, Xızı rayonu, Yeni Yaşma kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan, qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,928 qram miqdarında narkotik vasitə heroini tanışı X2 24 fevral 2022-ci il tarixdə, saat 23:15 radələrində Xızı rayonu, Şorabad kəndində 30 manata alaraq əldə edib üzərində saxlamaqla daşımış, Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 25 fevral 2022-ci il tarixdə, saat 16:20 radələrində Xızı rayonu, Yeni Yaşma kəndində yaşadığı evin yerləşdiyi küçədə saxlanılıb Xızı rayon Polis Şöbəsinə gətirilərək, onun üzərində həmin tarixdə müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq 0,928 qram miqdarında narkotik vasitə - heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Xızı rayonu, Yeni Yaşma kəndində yaşayır və fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur. Təxminən 1 ilə yaxındır narkotik vasitə istifadəçisidir və əsasən "kakos", yəni narkotik vasitə olan heroini iniyeksiya yolu ilə damarına vurmaqla qəbul etmişdir. O, heroini çox vaxt Xızı rayonu, Şorabad qəsəbəsində yaşayan Şahin adlı şəxsdən almışdır. 24 fevral 2022-ci il tarixdə, saat 23:00 radələrində idarə etdiyi avtomobillə Şorabad qəsəbəsinə gedərək Şahinə zəng etmiş və ona istifadə etmək üçün heroin lazım olduğunu demişdir. Şahin evlərinin yaxınlığında onunla görüşmüş və bir ədəd kağız bükümdəki təxminən bir qrama yaxın miqdarda heroini ona vermiş, o, isə həmin heroinin əvəzində Şahinə 30 manat pul vermişdir. Bundan sonra o, Yeni Yaşma kəndinə yaşadığı evə qayıtmış, gec olduğu üçün aldığı heroini istifadə etməmiş və səhəri gün istifadə etmək üçün əynindəki şalvarının sağ yan cibində saxlamışdır. 25 fevral 2022-ci il tarixdə, saat 16:20 radələrində yaşadığı evin yaxınlığında yerləşən küçədə olarkən iki - üç nəfər mülki geyimli şəxs yaxınlaşıb onu saxlayaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra, polis əməkdaşları ona narkotik vasitə istifadəsi ilə məşğul olduğunu, üzərində həmin maddədən saxlamağı barədə məlumat aldıqlarını və üzərində şəxsi axtarış aparılmalı olduğunu demişlər. O, polis əməkdaşlarının onu polis şöbəsinə aparmasına və üzərində şəxsi axtarış aparılmasına heç bir etiraz etməmişdir. Bundan sonra, polis əməkdaşları onu Xızı rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Şöbədə olarkən ona qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirdiyinə görə saxlanıldığı və şübhəli şəxs qismində tutulduğu bir daha izah edilmişdir. Bununla əlaqədar olaraq hüquqlarının tədbir yerinə dəvət edilən Müdafiəçi tərəfindən qorunacağı bildirildikdə, o, buna etiraz etməmişdir. Bundan sonra, üzərində şəxsi axtarış aparılacağı, axtarışın video görüntüyə alınacağı da bildirilmişdir. Çəkiliş altında ondan ilkin olaraq üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmaması soruşulduqda o da, əynində olan şalvarının sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümünü çıxardıb təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları onlara təqdim etdiyi narkotik vasitə olan heroini zərfə qoyaraq qablaşdırmış və üzərindən aşkar olunmuş narkotik vasitəyə dair protokol tərtib etmişlər. Həmin protokol ucadan oxunduqdan sonra imzası ilə düzgünlüyünü təsdiq etmişdir. Hazırda tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, eləcə də himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasın və bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin NMQ-in əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Xızı RPŞ-nin NMQ-na Xızı rayonu, Yeni Yaşma kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə tərəfindən 25 fevral 2022-ci il tarixdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bundan sonra, şöbə rəhbərliyinə raportla məruzə olunaraq məlumatın Xızı RPŞ-nin Növbətçi Hissəsində olan cinayətlərə dair məlumatların 1 nömrəli qeydiyyatı kitabında qeydə alınması təmin olunmuş və həmin gün saat 16:20 radələrində RPŞ-nin CAB-ın bölmə rəisi Şahid1 və CAB-ın əməliyyat müvəkkili Şahid3 iştirakı ilə Xızı rayonu, Yeni Yaşma kəndində əməliyyat-istintaq tədbiri həyata keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Xızı rayonu, Yeni Yaşma kəndində yaşadığı evin yerləşdiyi küçədə saxlayıb özlərini təqdim etmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması məqsədi ilə sonuncunu Xızı RPŞ-nin inzibati binasına gətirərək müstəntiqə təhvil vermişlər. Daha sonra o, Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmış və müstəntiq onun tərtib etdiyi sənədlər əsasında sonuncunu şübhəli şəxs qismində tutmuşdur. Həmçinin, tədbir video çəkilişlə qeydə alındığından hal şahidləri dəvət edilməmişdir. Bundan sonra, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs hüquqları və saxlanılma səbəbi izah edilmişdir. Daha sonra, onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmamasını soruşduqda o, əynində olan şalvarının sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümünü çıxardaraq onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlə zərfə qoyularaq tərəflərindən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş Xızı RPŞ-nin CAB-nin bölmə rəisi Şahid1, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş həmin RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Həmçinin, Şahid3 məhkəməyə teleqram ünvanlayaraq məzuniyyətdə olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-27-ci vərəqələrində olan 25 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan şalvarının sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümünü çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2022-ci il tarixli, 6/1201 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...aşkar edilmiş...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,928 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,878 qram təşkil etmişdir. Cinayət işinin 40-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 44-45-ci vərəqələrində olan Xızı RPŞnin İQ-nin müstəntiqinin 26 fevral 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq çəkisi 0,878 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 162-163-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 15 aprel 2022-ci il tarixdə verilmiş 1843 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-18-ci vərəqələrində olan 25 fevral 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 61-62-ci vərəqələrində olan 27 fevral 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 164-174-cü vərəqələrində olan 10 may 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona həmin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan olunmuş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.2 və 234.4.2-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, həmçinin cinayət işinin materiallarından Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyin müddəlarına uyğun olaraq X3 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, habelə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 93-94-cü vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Yeni Yaşma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 09 mart 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, eləcə də işin 97-98-ci vərəqələrində olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, himayəsində xx.xx.2008-ci il təvəllüdlü Şahanə və xx.xx.2014-cü il təvəllüdlü Əsmanur adında iki yetkinlik yaşına çatmayan övladı olan Xızı rayonu, Yeni Yaşma kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını və yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını, eləcə də üzərində məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halın olmamasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixdən 27 fevral 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,878 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,878 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 114 (yüz on dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(068)-25/2022
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-25/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver