Məhkəmə qərarları › İş №1(068)-26/2025

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-26/2025

27.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-26/2025 27.10.2025 XIZI RAYON MƏHKƏMƏSİ X10 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xızı Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 27 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, üzərində məhkumluğu olan, Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi tərkibində narkotik maddələr olan olan çətənə (kannabis) bitkisinin toxumlarını istintaqa məlum olmayan vaxtda yaşadığı Xızı rayonunun Şorabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində şəxsi istifadə etmək məqsədi ilə qəsdən qanunsuz olaraq əkib, 10 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, Xızı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbiri zamanı 30 iyun 2025-ci il tarixdə, saat 10:55 dəqiqədə yaşadığı Xızı rayonu, Şorabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılıb, onun razılığı və iştirakı ilə videoçəkilişlə həmin fərdi yaşayış evinin həyətyanı sahəsində aparılan yoxlama zamanı ümumi təmiz çəkisi 380 qram olmaqla, ümumilikdə xeyli miqdarda 10 (on) ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, təxminən 2-3 ay əvvəl onda nəşə toxumları olmuş və böyüdəndən sonra qurudub istifadə etməsi üçün həmin toxumları yaşadığı Xızı rayon Şorabad qəsəbəsində yerləşən evinin həyətyanı sahəsinə səpmişdir. Əkdiyi toxumları sulamasa da, yağış suları ilə böyümüşlər. 30 iyun 2025-ci il tarixdə yaşadığı evin yerləşdiyi küçəyə çıxarkən mülkü geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş, ona qanunsuz olaraq yaşadığı evin həyətində əşya və predmet olduğu barədə məlumat daxil olduğunu və həyətində qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməyini istəmişlər. O, polis əməkdaşlarının onun yaşadığı fərdi evin həyətyanı sahəsində yoxlama aparmalarına etiraz etməmiş, həmin vaxtı mütəxəssisaqronomun iştirakı və videoçəkilişlə polis əməkdaşları onlara göstərdiyi 10 ədəd çətənə bitkilərini kökündən çıxarıb boylarını metrə ilə ölçmüşlər. Bundan sonra, polis əməkdaşları həmin çətənə kollarını ağ rəngli kisəyə qoyub qablaşdırmış və onu Xızı rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq və fiziki təzyiq göstərilməmişdir. Hazırda tutduğu əməldən peşmançılıq hissi keçirməsini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyətlər olduğu nəzərə alınaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsi ziddiyyətli hissədə elan edilməklə tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, Xızı rayonu Şorabad qəsəbəsində yaşayır. Rəsmi qaydada heç bir yerdə işləmir. Təxminən 10 ildən çoxdur narkotik vasitə istifadəçisidir. Əvvəllər daha ağırından, sonralar isə “anaşa” adlanan narkotik vasitəni müvafiq olaraq siqaret kimi çəkib tüstüsünü udmaqla qəbul edir. Təxminən 2-3 ay əvvəl yaşadığı Xızı rayonu Şorabad qəsəbəsi ərazisində yol gedərkən yerdə kibrit qutusu görmüş, həmin qutunu yerdən götürüb içərisinə baxmış, qutunun içərisində nəşənin özünü və toxumlarını görmüş, nəşəni çəkmiş və toxumu qalmışdır. Həmin qutunun içərisində olan nəşəni çəkəndən sora toxumlarını heç kimin görə bilməyəcəyi bir yerdə əkib-becərməsi, böyüdəndən sonra isə qurudub istifadə etməsi üçün yaşadığı evə gətirmişdir. Təxminən 2025-ci ilin may ayında həmin toxumları yaşadığı evin həyətyanı sahəsinə səpmişdir. Ara-sıra həmin yerə gedib əkdiyi toxumları sulamışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyi, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili X2 ifadəsində göstərdi ki, rayon polis şöbəsinə Xızı rayonu Şorabad qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkməsi, kultivasiya etməsi və yetişdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, cari ilin iyun ayında Xızı RPŞnin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili X3 və Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid ilə birlikdə Xızı rayonu Şorabad qəsəbəsinə gedərək, Təqsirləndirilən şəxs yaşadığı küçədə fərdi yaşayış evinin qarşısında görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və sonuncuya qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməsi barədə əməliyyat məlumatının daxil olduğunu bildirmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs həyətində və evində yoxlama keçirilməsinə etiraz etmədiyini deyərək, həyətində yerdə olan quru ağac budaqlarının arasında 11 ədəd kultivasiya etdiyi narkotik tərkibli çətənə bitkisini onlara təqdim etmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid Xızı RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid Elməddin Dərgahlının ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan 30 iyun 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərara əsasən faktla bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 11-12-ci vərəqələrində olan 30 iyun 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkiləri kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 30 iyun 2025-ci il tarixdə, saat 10:55 dəqiqədə Xızı rayonunun Şorabad qəsəbəsində, yaşadığı evin qarşısında saxlanılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında onun qanunla qadağan olunmuş əşya, predmet və ya narkotik vasitənin saxlanılmasında, daşınılmasında şübhəli olduğu və qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə evində və ya həyətində olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs cavab olaraq bəli vardır demişdir. Daha sonra ondan həyətinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulduqda o, etiraz etməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olarkən həyətdə yerdə olan quru ağac budaqlarının arasından narkotik tərkibli çətənə bitkisinə bənzər müxtəlif ölçülərdə bitki kolları aşkar edilmişdir. Həmin bitki kollarının yerləşdiyi sahənin ətrafı metrə ilə ölçülmüş, həmin kollar eni 2,50 metr, uzunu isə 2,30 metr ölçüdə olan ərazidə yerləşdiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmin bitki kollarının çətənə bitkisi olduğunu, 2 ay əvvəl əkdiyini və həmin çətənə bitkilərinə bənzər bitki kollarının toxumlarının çəkdiyi vasitədən götürdüyünü, həmin tərkibində narkotik maddə olan çətənə bitkilərini şəxsi istifadəsi üçün əkdiyini, heç kimə satmadığını və ya pay vermədiyini bildirmişdir. Bundan sonra, həmin çətənə bitkisinə bənzər bitki kolları kökündən çıxarılmış, metrə ilə boyları ölçülmüş və 20, 46, 54, 55, 68, 85, 87, 94, 98, 112 və 120 santımetrə qədər olan 11 ədəd tərkibində narkotik maddə olan çətənə bitkisinə bənzər bitki kolları olması müəyyən edilmişdir. Həmin bitki kolları ağ rəngli sintetik kisədə qablaşdırılmış, kisənin açıq yerləri DİN-in “131” nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmişdir. Qablaşdırılmış bitki kollarının olduğu kisənin üzərinə “ Təqsirləndirilən şəxs yaşadığı fərdi evin həyətyanı sahəsindən aşkar olunmuş 11 ədəd çətənə koluna bənzər kollar sözləri yazılmış, iştirakçılar tərəfindən imzalanmışdır. Yoxlama Xızı RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid və CAB-nın əməliyyat müvəkkili X3 tərəfindən aparılmış, baş əməliyyat müvəkkili X2 tərəfindən kamera cihazı vasitəsilə qeydə alınmışdır. Həmin istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Diskdə olan video görüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxarkən müəyyən edilmişdir ki, Xızı rayonu Şorabad qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilərkən həyətdə yerdə olan quru ağac budaqlarının arasından narkotik tərkibli çətənə bitkisinə bənzər müxtəlif ölçülərdə bitki kolları aşkar edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 14-cü vərəqəsində olan 30 iyun 2025ci il tarixli rəydə göstərilmişdir ki, həmin tarixdə Xızı rayonu Şorabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə onun iştirakı ilə keçirilmiş baxış zamanı aşkar edilmiş 11 ədəd, hündürlükləri 20-120 sm olan, yaşıl rəngli, spesifik qoxulu çətənə kollarına oxşar bitkilər aşkar edilmişdir. Həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 38-41-ci vərəqələrində olan 30 iyun 2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Xızı RPŞ-nin xidməti iş otağında Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid təqdim etdiyi əşya üzərində baxış aparılmışdır. Baxışa təqdim edilən ağ rəngli sintetik kisənin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, zərfin üzərində “Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə bənzər bitki kolları” sözləri yazılmışdır. Kisə açılmış, içərisində 11 ədəd narkotik tərkibli - çətənə bitkisinə bənzər bitki kolları olması müəyyən edilmişdir. Baxışın aparılması Xızı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili X2 tərəfindən kamera cihazı vasitəsi ilə qeydə alınmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 52-53-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 20/561 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs həyətindən aşkar olunmuş..." yazılar və imzalar olan sintetik kisədəki 10 (on) ədəd ümumi təmiz çəkisi 380 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata cəmi 0,1 qram sərf edildikdən sonra çətənə (kannabis) bitkilərinin qalıq çəkisi 379,90 qram təşkil etmişdir. Cinayət işinin 51-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 63 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 55-ci vərəqəsində olan 01 iyul 2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd sintetik kisədə qablaşdırılmış 10 ədəd 380 qram çətənə (kannabis) bitkiləri maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 379,9 qram çətənə bitkilərinin saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 119-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 17 iyul 2025-ci il tarixdə verilmiş 4251 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların, kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Respublika NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-82-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən, eləcə də iş materiallarına əlavə edilmiş müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 27 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-24-cü vərəqələrində olan 30 iyun 2025-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 57-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 iyul 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 73-74-cü vərəqələrində olan 01 iyul 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 129-139-cu vərəqələrində olan 19 sentyabr 2025-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində 01 iyul 2025-ci il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, həmçinin əməlində Azərbaycan Respublikası CM-nin 237.2.1, 237.2.2, 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi olmadığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs yaşadığı həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 380 qram olmaqla, əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin sayı 10 ədəd olduğu, kökü olmadığından ayrıca say olaraq nəzərə alınmayan çətənə (kanabis) bitkisinin çəkisinin 380 qramın tərkibində hesablandığı nəzərə alınmış, habelə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yoxlama aparılarılmasının video çəkilişini özündə əks etdirən bir ədəd disk, eləcə də aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən bir ədəd disk, DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrənin anten məlumatlarının, zəng və smslərin olduğu bir ədəd disk sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-97-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Şorabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 22 iyul 2025-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib onlara aqrotexniki qulluq göstərib yetişdirərək kultivasiya etmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 27 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2025-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, həyat şəraitini, onun tərəfindən məhkumluğu ödənilməmiş yenidən cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, o cümlədən barəsində yüngülləşdirici halın olmamasını və ağırlaşdırıcı halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 30 iyun 2025-ci il tarixdən 01 iyul 2025-ci il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır (raportdan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2025-ci il tarixdə, saat 10:55 radələrində Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində saxlanılmış, cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 30 iyun 2025-ci il tarixdə, saat 14:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, 01 iyul 2025-ci il tarixdə, saat 18:30 dəqiqədən saat 18:41 dəqiqəyədək dindirilmişdir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni 27 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun narkoloji dispanserdə qeydiyyata olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus və ekspertiza sərfiyyatından sonra qalıq çəkisi 379,9 qram təşkil edən 10 ədəd narkotik təbiətli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yoxlama aparılmasının video çəkilişini özündə əks etdirən bir ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən bir ədəd disk, şübhəli şəxs qismində dindirilməsinin video çəkilişini özündə əks etdirən 1 ədəd disk və DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 63 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 196.1.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, onların qanuni nümayəndələrinin, şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərən müdafiəçinin, habelə hal şahidinin, tərcüməçinin, mütəxəssisin, ekspertin və şahidin cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə əlaqədar dəmiryolu və avtomobil nəqliyyatında (taksidən başqa) və nəqliyyatın digər növlərində, habelə cinayət prosesini həyata keçirən orqanın razılığı ilə hava nəqliyyatında yol xərcləri ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu saatlara görə 242 (iki yüz qırx iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 iyun 2025-ci il tarixdən 01 iyul 2025-ci il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 27 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus və ekspertiza sərfiyyatından sonra qalıq çəkisi 379,9 qram təşkil edən 10 ədəd narkotik təbiətli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yoxlama aparılmasının video çəkilişini özündə əks etdirən bir ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən bir ədəd disk, şübhəli şəxs qismində dindirilməsinin video çəkilişini özündə əks etdirən 1 ədəd disk və DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 63 (altmış üç) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu saatlara görə 242 (iki yüz qırx iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar