Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-27/2023 16.10.2023 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Abşeron rayonu, Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üzərində məhkumluğu olmayan, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 1,127 qram miqdarında psixotrop maddə metamfetamini əldə edərək əynindəki sarı rəngli idman şalvarının sağ yan cibində bir ədəd bükümdə saxlamaqla daşımış, Xızı RPŞ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddəni qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 08 avqust 2022-ci il tarixdə, saat 15:50 dəqiqədə Xızı rayonu Sitalçay kəndi ərazisində saxlanılaraq, onun üzərində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynindəki sarı rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda 1,127 qram miqdarında psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, əvvəllər mütamadi olaraq narkotik vasitə istifadə etsə də, sonradan ara-sıra qəbul etməyə bağlamış, əsasən narkotik vasitə olan “nəşə” və “patı” adlanan psixotrop maddə istifadə etmişdir. Tutulmamışdan 1 gün əvvəl yaşadığı Sitalçay kəndində yolun kənarından gümüşü bükümdə psixotrop maddə - metamfetaminin tapmışdır. O, həmin metamfetamini istifadə etmək üçün götürmüş və üzərində saxlamışdır. 08 avqust 2022-ci il tarixdə isə polis əməkdaşları onu kənd ərazisində saxlamışlar və tapdığı psixotrop maddəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. İlk dəfə saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq və fiziki təzyiq göstərilməmiş, lakin 11 may 2023-cü il tarixdə barəsində çıxarılmış axtarış qərarına əsasən tutularkən polis əməkdaşları tərəfindən döyülmüşdür. Hazırda tutduğu əməldən peşmançılıq hissi keçirməsinin və himayəsində 2 azyaşlı övladının olmasının nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində 11 may 2023-cü il tarixdə barəsində çıxarılmış axtarış qərarına əsasən tutularkən polis əməkdaşları tərəfindən döyülməsini qeyd etsə də, ilk dəfə 08 avqust 2022-ci il tarixdə saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq və fiziki təzyiq göstərilmədiyini, həmin vaxt dindirilərkən sərbəst ifadə verdiyini və törətdiyi əməli səmimi etiraf etdiyini bildirmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Xızı rayon prokurorluğundan göndərilmiş 18/c- 23 saylı materialdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasından prokurorluğa daxil olmuş xx.xx.2023-cü il il tarixli məlumatda göstərilənlər öz təsdiqini tapmadığından, toplanmış materialda cinayət təqibini istisna edən hallar müəyyən olunduğundan, cinayət tərkibi olmadığından cinayət işinin başlanması xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin CAB-nin rəisi Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, rayon polis şöbəsinə Xızı rayonu Sitalçay kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, 08 avqust 2022-ci il tarixdə digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Xızı rayonu Sitalçay kəndində saxlamışlar və video çəkiliş aparılmaqla vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə - metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt onlara narkotik vasitə istifadəçisi olduğunu, metamfetamini istifadə etmək məqsədi ilə üzərində saxladığını və satmaq məqsədinin olmadığını bildirdmişdir. Məhkəmə iclasında iştirak edən şahidlər - Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 və həmin RPŞ-nin NMQ-in əməliyyat müvəkkili işləmiş Şahid3 məhkəməyədək istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək, Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 26-30-cu vərəqələrində olan 08 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan sarı rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etmiş, həmin bükülü açılmış və içərisində ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddəyə bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 43-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2022-ci il tarixli, 6/4245 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №131 dairəvi möhür əksi və F.A.Əmirastanovun üzərindən aşkar edilmiş kütlə...” yazı əlavəsi qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,127 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 1,077 qram təşkil etmişdir. Cinayət işinin 42-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 92 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 50-51-ci vərəqələrində olan 09 avqust 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 1,077 qram psixotrop maddə - metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 169-170-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 19 may 2023-cü il tarixdə verilmiş 3057 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 77-78-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 sentyabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, daha sonra Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29, 317.1.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-19-cu vərəqələrində olan 08 avqust 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 69-70-ci vərəqələrində olan 10 avqust 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 105-106-cı vərəqələrində olan 17 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 117-118-ci vərəqələrində olan 11 may 2023-cü il tarixli təqsirləndirilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən Xızı rayonu Sitalçay kəndi ərazisində saxlanılaraq Xızı rayon polis şöbəsinin istintaq qrupuna təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 130-131-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 4(068)-36/2022 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 may 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 172-180-ci vərəqələrində olan 10 iyul 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmçinin təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, habelə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 80-81-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 sentyabr 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, habelə işinin 167-168-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan qohumluq məlumatlarından görünür ki, himayəsində xx.xx.2020-ci il təvəllüdlü Ağabacı və xx.xx.2021-ci il təvəllüdlü Fərhad adında iki azyaşlı övladı olan, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq psixotrop maddə metamfetamini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini və himayəsində 2 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, həyat şəraitini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza aşağı həddə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdən 10 avqust 2022-ci il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 11 may 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,077 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdən 10 avqust 2022-ci il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 11 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,077 qram təşkil edən psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 92 (doxsan iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-27/2023
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-27/2023
16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver