Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-28/2024 04.11.2024 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1972-ci il tarixdə Abşeron rayonu, Şuraabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Xızı rayonunun Şorabad qəsəbəsində qeydiyyatda olan və faktiki olaraq Xızı rayonu, Sitalçay kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istifadəsi üçün xeyli miqdarda, yəni 13,99 qram kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı əldə edərək üzərində saxlamaqla daşımış, 04 mart 2024-cü il tarixdə, saat 11:15 radələrində Xızı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xızı rayonu, Sitalçay kəndi ərazisində saxlanılaraq Xızı RPŞ-nin inzibati binasına gətirilib, video çəkiliş tətbiqi və müdafiəçisinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyi bükümdə, xeyli miqdarda təmiz çəkisi 13,99 qram qara rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 04 mart 2024-cü il tarixdə polis əməkdaşları onu saxlamış, Xızı RPŞ-də üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə - həşiş qətranı aşkar olunmuşdur. Narkotik vasitəni kiməsə satmaq fikri olmamış, öz istifadəsi üçün üzərində saxlamışdır. Hazırda tutduğu əməldən peşmançılıq hissi keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, oğlunun təzəliklə rəhmətə getməsinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, rayon polis şöbəsinə Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olan və Sitalçay kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, 04 mart 2024-cü il tarixdə CAB-ın əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı kənd ərazisində saxlayıb, polis şöbəsinə gətirmişlər. Şöbədə müdafiəçinin, təhqiqatçının iştirakı və videoçəkiliş ilə üzərinə baxış keçirilmiş və narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş həmin RPŞ-nin CAB-nın əməliyyat müvəkkili işləmiş Şahid2 Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 29-32-ci vərəqələrində olan 04 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Xızı RPŞ-nin inzibati binasında şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, həmin bükülü açılmış və içərisində qara rəngli, narkotik vasitə həşiş qətranına bənzər maddə olduğu müəyyən edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Həmin istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Diskdə olan video görüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxarkən müəyyən edilmişdir ki, şöbənin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə təqdim olunması təklif edilir, bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümünü, bir qutu siqareti və alışqanı çıxarıb təhqiqatçıya təqdim edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 43-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/365 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "... Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..." yazıları və imzalar olan 01 (bir) ədəd kağız paketdəki təmiz çəkisi 13,99 qram olan maddə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik-vasitə həşiş qətranıdır. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə - həşiş qətranının qalıq çəkisi 13,94 qram təşkil etmişdir. Cinayət işinin 42-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 78 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 57-58-ci vərəqələrində olan 05 mart 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 13,94 qram narkotik vasitə - həşiş qətranı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 122-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 27 iyun 2024-cü il tarixdə verilmiş 4432 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-91-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən, eləcə də işin 135-148-ci vərəqələrində olan müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, daha sonra Siyəzən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 21-22-ci vərəqələrində olan 04 mart 2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 73-74-ci vərəqələrində olan 06 mart 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 157-164-cü vərəqələrində olan 15 iyul 2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilməsi və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, həmçinin təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduqdan sonra üzərində saxladığı narkotik vasitə üzərində sərəncam vermək imkanının olmadığını dərk edərək həmin həşiş qətranını təhvil verməsi onun əməlinə Azərbaycan Respublikası CMin 234-cü maddəsinin qeydinin 1-ci bəndinin tətbiq edilməsinin istisna edilməsi iş üzrə nəzərə alınmış, habelə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD və DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş anten məlumatlarının, zəng və smslərin olduğu 1 ədəd DVD disk iş üzrə sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 119-120-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 128-130-cu vərəqələrində olan Azərbaycan Respublikası X4 Xəstəlikləri İnstitutu tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş xəstəlik tarixindən çıxarışdan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ağciyərlərin xroniki obstruksiyası, ağır gedişli aşkar edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istifadəsi üçün xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qətranı əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini və xəstəliyini (ağciyərlərin xroniki obstruksiyası, ağır gedişli) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, həyat şəraitini, onun tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, o cümlədən narkotik vasitənin növünü və miqdarını, həmçinin barəsində yüngülləşdirici və ağırlaşdırıcı halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdən 06 mart 2024-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni 04 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 13,94 qram təşkil edən narkotik vasitə - həşiş qətranı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk və DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş anten məlumatlarının, zəng və smslərin olduğu 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdən 06 mart 2024-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 04 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 13,94 qram təşkil edən narkotik vasitə - həşiş qətranı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk və DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş anten məlumatlarının, zəng və smslərin olduğu 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 78 (yetmiş səkkiz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-28/2024
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-28/2024
04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver