Məhkəmə qərarları › İş №1(068)-29/2021

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-29/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-29/2021 10.06.2021 XIZI RAYON MƏHKƏMƏSİ X3 Ramiz oğlunun sədrliyi, Cəfərov Cəfər Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Xızı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində böyük tibb bacısı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “Xızı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində böyük tibb bacısı vəzifəsində işləməsinə baxmayaraq, pandemiya ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qoyulmuş qaydalardan irəli gələn vəzifələrin icra edilməsi ilə bağlı digər şəxslərə örnək olmaq əvəzinə, “Xızı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli, 377s nömrəli Sərəncamı ilə təsdiq edilmiş X1 5 - COVİD-19 virus infeksiyasının təyin olunması üçün laboratoriya test nümunəsi götürülən şəxslərin və onların ailə üzvlərinin olduğu yer üzrə təcrid olunmasına dair 24 noyabr 2020-ci il tarixli İltizamnamə ilə elan olunmuş xəbərdarlığa, həmçinin 24 noyabr 2020-ci il tarixdə koronavirus əleyhinə verdiyi testin nəticəsinin pozitiv (müsbət) olması ilə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (TƏBİB) tərəfindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə göndərilən sms mətnində Azərbaycan Respublikası CM-in müvafiq maddəsi ilə məsuliyyətə cəlb edilə biləcəyi ilə bağlı elan olunan xəbərdarlığa məhəl qoymayaraq yaşadığı evdə özünütəcrid etməli olduğu halda bilərəkdən 26 noyabr 2020-ci il tarixdə, saat 10:00 radələrində yaşadığı evi tərk etməklə digər şəxslərin sağlamlığına real təhlükə yaradaraq qohumunun məzarını ziyarət etmək məqsədilə yaşadığı Xızı şəhəri, Vüsaqi küçəsindən Xızı şəhər qəbirstanlığına qədər olan təxminən 2 kilometrlik yolu piyada qət etmiş, qəbirstanlıqda 10- 15 dəqiqə qalmaqla təyin olunan karantin rejimini pozaraq, pandemiya halında olan yeni növ koronavirus (COVİD-19) xəstəliyinin qəbirstanlığı ziyarət edən digər şəxslər arasında yayılması üçün real təhlükə yaratmış və evə qayıdarkən daxil olmuş məlumat əsasında Xızı RPŞ əməkdaşları təfərindən saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yaşayır və “Xızı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində böyük tibb bacısı işləyir. 24 noyabr 2020-ci il tarixdə işlədiyi xəstəxananın işçilərindən biri Covid-19 xəstəliyinə yoluxduğu üçün xəstəxananın baş həkiminin göstərişinə əsasən o da, xəstəliyə qarşı analiz vermiş, analizin cavabı onun ***-***-**-** saylı mobil nömrəsinə sms şəklində 26 noyabr 2020-ci il tarixdə, saat 09:39 radələrində göndərilsə də, telefonu səssiz rejimdə olduğundan həmin sms cavabı vaxtında görməmişdir. Belə ki, həmin gün əri Seyhunun əmisi oğlu Ruslan Abasovun qəbrini ziyarət etmək qərarına gəlmiş, təxminən saat 10:00 radələrində evdən çıxıb Xızı şəhərində Şəhidlər Xiyabanının üst tərəfində yerləşən qəbirstanlığa getmişdir. Həmin vaxt onda xəstəliyin hər hansı bir simptomu olmamış, qəbirstanlığda təxminən 10-15 dəqiqə qalaraq evə qayıtmış və evə qayıdandan sonra telefonuna baxanda sms gəldiyini görmüş və Covid-19 xəstəliyinə yoluxması məlum olmuşdur. Bundan bir gün sonra, yəni 27 noyabr 2020-ci il tarixdə, saat 13:00 radələrində Xızı RPŞ əməkdaşları ona zəng edərək harada olmasını xəbər almış, o da, evdə olduğunu demişdir. Daha sonra, Xızı RPŞ-nin polis sahə rəisi Şahid1 yaşadığı ünvana gələrək onunla profilaktik söhbətlər aparmış, ona qanunla məsuliyyət daşıdığı izah olunmuş və müalicə müddətində bir daha yaşadığı evi tərk etməməsi ilə bağlı xəbərdarlıq olunmuşdur. Həmin tarixdən sonra karantin rejiminin tələblərinə riayət etmiş və 10 dekabr 2020-ci il tarixdə özünütəcrid müddəti başa çatmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, ilk dəfə az ağır cinayət əməlini törətməsinin, bu müddət ərzində ərinin ölməsinin və tək ana olaraq himayəsində bir azyaşlı övladının olmasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, eləcə də digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid1 ifadəsində göstərdi ki, 27 noyabr 2020-ci il tarixdə, saat 13:00 radələrində xidmət apardığı inzibati ərazinin sakini, ünvan 4 ünvanında yaşayan və “Xızı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində böyük tibb bacısı işləyən Təqsirləndirilən şəxs aktiv koronavirus xəstəsi olduğu halda 26 noyabr 2020-ci il tarixdə ona elan olunmuş xəbərdarlığa məhəl qoymayaraq və qanunvericiliyin tələbini pozaraq yaşadığı evi tərk edərək, Xızı şəhər qəbirstanlığına getməsi barədə məlumat verilmişdir. Qeyd olunan faktın yoxlanılması məqsədilə polis sahə rəisi Şahid2 ilə birlikdə karantin rejimi şərtlərinə əmək etməklə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək, yoxlanış aparmış və sonuncunun həmin vaxt evdə olmasını müəyyən etmişdir. Təqsirləndirilən şəxs ilə aparılan profilaktik söhbət zamanı sonuncu həqiqətən də, aktiv koronavirus xəstəsi olmasını və bununla bağlı ona ev şəraitində qalması ilə bağlı xəbərdarlıq olunmasını, lakin buna baxmayaraq yaşadığı evi tərk edərək Xızı şəhər qəbirstanlığına getməsini etiraf etmişdir. Daha sonra, onun tərəfindən Təqsirləndirilən şəxs ilə barəsində qanuni tədbir görülməsi məqsədilə aparılan profilaktik söhbətin qeydə alındığı videogörüntü kompakt diskə köçürülərək raportla birlikdə şöbə rəhbərliyinə təqdim olunmuşdur. Məhkəmə istintaqında digər şahid Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 60-cı vərəqəsində olan 24 noyabr 2020-ci il tarixli iltizamnamənın surətindən görünür ki, Təqsirləndirilən şəxs yeni növ koronovirus (Covid-19) infeksiyası ilə bağlı nəticələrinin pozitiv təsdiqlənən tarixdən 14 gün ev şəraitində fərdi təcrid olunmaq üçün buraxılması, test nəticələrinin mənfi çıxacağı müddətə qədər yaşadığı evi tərk etməyərək sanitariya-gigiyena nomalarına, epidemiya əleyhinə və xüsusi karantin rejiminin qaydalarına riayət edəcəyi, qeyd olunan normaları və qaydaları pozacağı təqdirdə Azərbaycan Respublikası CM-nin və İXM-nin müvafiq maddələri ilə cinayət və inzibati məsuliyyət daşıyacağı barədə məlumatlandırılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 59-cu vərəqəsində olan Xızı rayon X2 Hüquqi Şəxsin 24 fevral 2021-ci il tarixli, 51 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs COVİD-19 infeksiyasına qarşı verdiyi analizin nəticəsi pozitiv olmuş, bu səbəbdən o, 26 noyabr 2020-ci il tarixindən 10 dekabr 2020-ci il tarixədək 14 günlük evdə müşahidəyə cəlb olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 10-cu vərəqəsində olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (TƏBİB) tərəfindən 26 noyabr 2020-ci il tarixdə, saat 09:39da göndərilmiş sms bildirişdən görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2020-ci il tarixdə COVİD-19 ilə bağlı verdiyi testin nəticəsi pozitivdir, bu səbəbdən onun və ailə üzvlərinin yaşayış yerini tərk etməməsi xahiş olunmuş, həmçinin ona Azərbaycan Respublikası CM-də və İXM-də nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilə biləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 yanvar 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 52-53-cü vərəqələrində olan 24 fevral 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 62-65-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi barədə 24 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2021-ci il tarixdə elan olunmuş, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə olan ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-19-cu vərəqələrində olan arayış və xasiyyətnamədən, eləcə də işin 61-ci vərəqəsindəki şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, himayəsində 25 noyabr 2014-cü il təvəllüdlü Şəfəq adında bir azyaşlı övladı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan olunaraq, cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki əmlak və gəlir məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs “Xızı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində böyük tibb bacısı işləyir və aylıq əmək haqqısı 346 manat təşkil edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, şahidlərin ifadələri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Belə ki, “Koronavirus (COVİD-19) infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsinə, izlənilməsinə və müşahidəsi üzrə tədbirlərin həyata keçirilməsinə, monitorinqinə və dövlət qurumları arasında əlaqələndirilməsinə dair Protokol”a 1 nömrəli əlavənin 9.1-ci bəndinə əsasən yaşayış yerində və ya olduğu yerdə təcridetmə müddəti bitdikdə, yoluxma faktı təsdiq edilmiş şəxs və (və ya) onunla təmasda olanlar üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən onlara SMS bildirişlər göndərilir. Bu əlavənin 9.3-cü və 9.4-cü bəndlərinə əsasən yaşayış yerində və ya olduğu yerdə təcrid olunanların ən azı 7 gündən sonra 24 saat intervalla 2 ardıcıl keçirilən laboratoriya testinin nəticəsi neqativ olduqda, eləcə də yaşayış yerində və ya olduğu yerdə təcrid olunma başlandığı gündən 14 gün keçdikdə, tövsiyələrin 9.1-ci bəndində nəzərdə tutulan SMS bildirişlər göndərilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, tək ana olaraq himayəsində 1 azyaşlı uşağının olmasını, eləcə də yaşayış yeri üzrə müsbət xaraterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar