Məhkəmə qərarları › İş №1(068)-29/2023

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-29/2023

16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-29/2023 16.10.2023 XIZI RAYON MƏHKƏMƏSİ X11 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1975-ci ildə Abşeron rayonu, Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, üzərində məhkumluğu olan, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 iyun 2022ci il tarixdə, saat 22:00 radələrində Xızı rayonu Sitalçay kəndində X4 məxsus ev ünvanına gələrək, həyətdəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olub oradan uzunluğu 3 metr, eni 90 sm olan bir ədədinin qiyməti 27 manat, cəmi 459 manat dəyərində 17 ədəd dəmir listi, tövlənin damında quraşdırılmış uzunluğu 12 metr, diametri 100 mm olan bir ədədinin qiyməti 96 manat, cəmi 384 manat dəyərində 4 ədəd dəmir borunu və evin dam hissəsində olan uzunluğu 12 metr, hündürlüyü 8 sm və 2 sm olan bir ədədinin qiyməti 240 manat, cəmi 960 manat dəyərində 4 ədəd dəmir reysləri götürüb apararaq qəsdən gizli olaraq talamaqla zərərçəkmiş şəxs İbrahim Babayevə cəmi 1803 manat məbləğində maddi ziyan vurmaqla qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 1,449 qram miqdarında narkotik vasitə heroin əldə edərək əynindəki qara rəngli şalvarın sol yan cibində bir ədəd qara rəngli kağız bükümündə saxlamaqla daşımış, Xızı RPŞ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Gülağa İmambaxşov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 29 mart 2023-cü il tarixdə, saat 09:50 radələrində Xızı rayonu Sitalçay kəndi ərazisində saxlanılıb Xızı RPŞ-nin inzibati binasına gətirilərək, onun üzərində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli kağız bükümündə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda 1,449 qram miqdarında narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 may 2023-cü il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Xızı rayonu Sitalçay kəndində yerləşən evə qanunsuz daxil olaraq, içəridə divarda quraşdırılmış Yaponiya istehsalı 45 kv, “Shivaki” markalı kondisionerin 150 manat dəyərində bir ədəd iç hissəsini (evin içərisində quraşdırılmış), taxta materialdan olan 100 manat dəyərində bir taylı bir ədəd qapını və zavod istehsalı olan qırx il əvvəl alınmış və istifadə olunmuş dəmir materialdan olan 40 manat dəyərində bir ədəd “ceyran” sobasını götürüb apararaq qəsdən gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 cəmi 290 manat məbləğində maddi ziyan vurmaqla qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs X3 tövləsinin üstündə torbalar və reys var idi. Həmin torba və reysləri iki gündən bir kəsərək aparıb satmışdır. Həmin zərərçəkmiş şəxslə yaxın münasibətimi olmamış və oğruladığı torba və reysləri dəmir qiymətinə kilosunu 30 qəpiyə satmışdır. Hər satanda 70-100 kilo sataraq 30 manat gündəlik xərclik pulu olurdu. Üzərindən çıxan narkotik maddəni kənd qəbirstanlığının yanında yolun qırağından taparaq üzərində saxlamış, daha sonra polis əməkdaşları tərəfindən saxlanılarkən könüllü təqdim etmışdır. O biri oğruluq hadisəsində isə evdən kondisioner və qapını götürüb evinə aparmış, sonradan oğruladığı əşyaların bir hissəsini satmış, bir hissəsi isə evdə qalmışdır. Səhər tezdən polis əməkdaşları yaşadığı evə gələrək həmin əşyaları aşkar etmişlər. Hazırda zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə, həmçinin ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs X6 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmənin əvvəlki iclasında verdiyi ifadəsində göstərmişdir ki, Xızı rayonu Sitalçay kəndində ona məxsus yarımtikili ev və tövlə var, lakin o, həmin evdə yaşamamışdır. O, həmin evdə yaşamadığı üçün evi bir qadına qalmağa vermişdir. Lakin həmin qadın evdən çıxaraq ona xəbər verməmişdir. Sonradan qonşusu ona zəng edərək evini və həyətini oğruların dağıtdığını bildirmişdir. O, səhəri günü həyətə gəldikdə həqiqətən tövlənin üstündə olan reys və torbaların oğurlandığını və qalan materialın isə yerə yığılı vəziyyətdə olduğunu görmüşdür. Kənd sakinlərindən maraqlandıqda təxmini müəyyən etmişdir ki, oğruluğu Gülağa adlı şəxs törətmişdir. Bundan sonra Gülağanın yaşadığı evə gedərək ona xəbərdarlıq etmişdir. Gülağa da ona “hə yaxşı sənin canın üçün oldu, birdə belə səhvi etmərəm” söyləmişdir. Üstündən bir neçə vaxt keçdikdən sonra həyətə işləməyə gəldikdə yenidən oğurluq olduğunu görmüş və bu barədə polis şöbəsinə şikayət ərizəsi vermişdir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarına gəlməmiş, ancaq məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla belə, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Xızı rayonu Sitalçay kəndində ona məxsus ev olmuşdur. Lakin o, Sumqayıt şəhərində yaşadığı üçün həmin evdə yaşamamışdır. 26 may 2023-cü il tarixdə günorta saatlarında o, Sitalçay kəndində yerləşən evinə gəlmişdir. Həmin vaxt evin bir ədəd taxta qapısının, evin divarında quraşdırılmış 45 kv, “Shivaki” markalı kondisionerin iç hissəsinin (evin içərisində quraşdırılmış hissəsinin) və qırx il əvvəl alınmış və istifadə olunmuş dəmir materialdan olan bir ədəd “ceyran” sobasının yerində olmadığın, oğurlandığını görmüşdür. Həmin gün o, Xızı rayon polis şöbəsinə gedərək ərizə yazmışdır. Xızı rayon polis şöbəsinin əməkdaşları ona məxsus evə baxış keçirmiş, fotoşəkillər çəkmişlər. Araşdırma zamanı onun evindən oğurluğu Sitalçay kəndində yaşamış Təqsirləndirilən şəxs oğurladığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs oğurladığı ona məxsus bir ədəd taxta qapı və “Shivaki” markalı kondisionerin iç hissəsi aşkar edilərək götürülmüşdür. Lakin, ona məxsus bir ədəd ceyran sobası tapılmamışdır. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin CAB-nin rəisi Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Xızı RPŞ-nə Xızı rayonu Sitalçay kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. 29 mart 2023-cü il tarixdə, səhər saatlarında Təqsirləndirilən şəxs yaşadığı Xızı rayonu Sitalçay kəndində saxlayıb Xızı RPŞ-nə gətirmişlər və sonuncunun üzərinə baxış keçirilərkən üzərindən narkotik vasitə olan heroin aşkar olunmuşdur. Həmin vaxt əməliyyat tədbirində onunla birlikdə CAB-ın əməliyyat müvəkkilləri Şahid3 və Şahid2, eləcə də, NMQ-in əməliyyat müvəkkili Şahid1 da iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş həmin RPŞ-nin NMQ-in əməliyyat müvəkkili Şahid1 və CAB-nin əməliyyat müvəkkili işləmiş Şahid3 Şahid4 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Həmçinin, Şahid3 məhkəməyə teleqram ünvanlayaraq xirməti iş yerini dəyişməsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 169-171-ci vərəqələrində olan 20 iyul 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, X4 məxsus Xızı rayonu Sitalçay kəndində yerləşən evə onun iştirakı ilə baxış keçirilmiş və İbrahim Babayevə məxsus həyətdəki saxlanc yeri hesab olunan tövlədən uzunluğu 3 metr, eni 90 sm olan 17 ədəd dəmir listin, tövlənin damında quraşdırılmış uzunluğu 12 metr, diametri 100 mm olan 4 ədəd dəmir borunun və evin dam hissəsində olan uzunluğu 12 metr, hündürlüyü 8 sm və 2 sm olan 4 ədəd dəmir reyslərin oğurlandığı müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 100-103-cü vərəqələrində olan 29 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Xızı RPŞ-nin inzibati binasında şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli kağız bükümünü çıxarıb könüllü olaraq təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cildinin 122-124-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023-cü il tarixli, 6/1806 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 131” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,449 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata cəmi 0,05 qram sərf edildikdən sonra narkotik maddə heroinin qalıq çəkisi 1,399 qram təşkil etmişdir. Cinayət işinin İ cildinin 121-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 135-136-cı vərəqələrində olan 30 mart 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 1,399 qram narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 5-7-ci vərəqələrində olan 26 may 2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Xızı rayonu Sitalçay kəndində yerləşən evə onun iştirakı ilə baxış keçirilmiş və evdən Zərərçəkmiş şəxs2 məxsus divarda quraşdırılmış Yaponiya istehsalı 45 kv, “Shivaki” markalı kondisionerin bir ədəd iç hissəsinin (evin içərisində quraşdırılmış), bir taylı bir ədəd qapının və zavod istehsalı olan qırx il əvvəl alınmış və istifadə olunmuş dəmir materialdan olan bir ədəd “ceyran” sobasının oğurlandığı müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 17-19-cu vərəqələrində olan 30 may 2023-cü il tarixli baxış keçirilməsi və götürülmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs2 məxsus Yaponiya istehsalı 45 kv, “Shivaki” markalı kondisionerin bir ədəd iç hissəsini və bir taylı bir ədəd qapını yaşadığı evdən götürüb təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi kondisionerin bir ədəd iç hissəsinə və bir taylı bir ədəd qapıya onun və Zərərçəkmiş şəxs2 iştirakı ilə təhqiqatçı Şahin Ələkbərov tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs2 kondisionerin bir ədəd iç hissəsinin və bir taylı bir ədəd qapının ona məxsus olduğunu və yaşadığı evdən oğurlandığını bildirmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cildinin 25-26-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2023-cü il tarixli, 9/4063 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən və fotoşəkilləri təqdim edilmiş malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 290,0 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri: 4 il əvvəl alınmış və istifadə olunmuş Yaponiya istehsalı 45 kv, “Shivaki” markalı kondisionerin bir ədəd iç hissəsi (evin içərisində quraşdırılmış) 150 manat, 5 il əvvəl alınmış və quraşdırılmış taxta materialdan olan bir taylı bir ədəd qapı 100 manat və zavod istehsalı olan qırx il əvvəl alınmış və istifadə olunmuş dəmir materialdan olan bir ədəd “ceyran” sobası 40 manat, cəmi 290,0 manat. Cinayət işinin İ cildinin 24-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 50 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İİ cildinin 38-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2023-cü il tarixli, 9/6078 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən (SSRİ istehsalı və 70 il əvvəl quraşdırılmış) malların 2022ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1803,00 müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri: uzunluğu 12 metr, hündürlüyü 8 sm və 2 sm olan 4 ədəd dəmir reyslər – bir ədədi 240 manat, dörd ədədi 960 manat, uzunluğu 12 metr, diametri 100 mm olan 4 ədəd dəmir borular – bir ədədi 96 manat, dörd ədədi 384 manat və uzunluğu 3 metr, eni 90 sm qalınlığı 0,5 sm olan 17 ədəd dəmir list – bir ədədi 27 manat, on yeddi ədədi 459 manat, cəmi 1803,00 manat. Cinayət işinin İİ cildinin 37-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 26-27-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 25 may 2023-cü il tarixdə verilmiş 3236 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 220-222-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 may 2023-cü il tarixli tələbnaməsindən və iş materiallarına əlavə olunmuş müvafiq hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Xızı Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X1 üzərində qəti olaraq, 02 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 28 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış və cəzasını çəkmiş hesab edilərək cəzadan azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 92-93-cü vərəqələrində olan 29 mart 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 150-151-ci vərəqələrində olan 31 mart 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 46-47-ci vərəqələrində olan 01 iyun 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 10-12-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 4(068)-6/2023 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 01 iyun 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin İİ cildinin 40-54-cü vərəqələrində olan 08 avqust 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş dəqiqləşdirilmiş məzmunda yenidən ittiham elan edilmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmış, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının video çəkilişi özündə əks etdirən bir ədəd CD diski maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, habelə Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs2 məxsus Yaponiya istehsalı 45 kv, “Shivaki” markalı kondisionerin bir ədəd iç hissəsi (evin içərisində quraşdırılmış) və taxta materialdan olan bir taylı bir ədəd qapı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilsin və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 231-232-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 25 may 2023-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Sitalçay kəndində yaşamış və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə tam təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməllərdə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının, mülkiyyətinin təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, habelə şəxsiyyətini, həyat şəraitini, həmçinin barəsində yüngülləşdirici və ağırlaşdırıcı halların olmasını nəzərə alaraq, təqsirləndirilən şəxsin islah olunmasının yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olacağı qənaətinə gələrək, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdən 31 mart 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 01 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan - Xızı RPŞ-də Təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,399 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Yaponiya istehsalı 45 kv, “Shivaki” markalı kondisionerin bir ədəd iç hissəsi və taxta materialdan olan bir taylı bir ədəd qapı Zərərçəkmiş şəxs2 qaytarılmalı və Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 165 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdən 31 mart 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 01 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,399 qram təşkil edən narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan Yaponiya istehsalı 45 kv, “Shivaki” markalı kondisionerin bir ədəd iç hissəsi və taxta materialdan olan bir taylı bir ədəd qapı Zərərçəkmiş şəxs2 qaytarılsın. Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 165 (yüz altımış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar