Məhkəmə qərarları › İş №1(068)-3/2022

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-3/2022

23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-3/2022 23.02.2022 XIZI RAYON MƏHKƏMƏSİ X7 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayının sonlarında şəhid olan xalası oğlunun evinə yas mərasimi başlayan andan gələrək bir ay müddətində xalası Şahid2 Xızı rayonu, Sitalçay hərbi şəhərciyində yerləşən mənzilində yaşamış, həmin evdə yerləşən otaqların birində şkafda saxlanılan ümumi puldan, vahid niyyətlə əhatə olunan 570 manat pulu ayrıayrı vaxtlarda gizli olaraq talamış, daha sonra qeyd olunan evdə qaldığı müddətdə sonuncuya məxsus olan 02 ədəd hər biri 20 manat, cəmi 40 manat olan alüminium qazan və 02 ədəd hər birinin qiyməti 5 manat, cəmi 10 manat olmaqla nerj materialından olan məcməyiləri oğurlayıb Bakı şəhərində tanımadığı şəxslərə satmaqla, zərərçəkmiş şəxsə ümumilikdə 620 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır və heç yerdə işləmir. Təxminən oktyabr ayının sonlarında xalası Şahid2 oğlu Elnur vətən uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Onlar bu xəbəri eşidən kimi xalası Zərifənin yaşadığı Xızı rayonu, Sitalçay hərbi şəhərcikdə yerləşən mənzilinə gəlmiş və həmin vaxt xalasıgildə qohumlarının olduğunu görmüşdür. Bundan sonra o, təxminən bir ay müddətində xalasıgilin evində qalmış və onlara yas məclisinin keçirilməsində lazım olan köməkliyi etmişdir. Həmin müddətdə xalası Zərifənin əri Fəxrəddin onu dəsmal gətirməsi üçün evə göndərmiş, o da, evə gedib xalası Zərifədən dəsmalların yerini soruşduqda, xalası ona dəsmalların paltarını dəyişdiyi otaqda olan şkafda olduğunu bildirmişdir. Bu zaman o, otağa keçib şkafdan dəsmal götürmək istəyərkən dəsmalların arasında təxminən 1500 manat məbləğində pulların olduğunu görmüş və üzərində pul olmadığından orada olan pulların arasından gizli olaraq ilk dəfə 150 manat pul götürmüş və dəsmalı yenidən olduğu kimi yerinə qoymuşdur. Bundan sonra o, həmin götürdüyü pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra, noyabr ayının 6-da, yəni xalası oğlunun rəhmətə getdiyi günün ikinci cümə axşamında xalası Zərifənin əri Fəxrəddin ona avtomobilin açarını verərək, Xızı rayonu, Giləzi qəsəbəsində yaşayan dayısı Ağaverdinin evinə gedib oradan qab-qacaq götürməsini tapşırmışdır. O da, həmişə paltarını dəyişdiyi və pulların olduğu otağa keçib həmin otaqda paltarını dəyişmiş və cibində pulu qalmadığı üçün pulların olduğu şkafın içərisində dəsmalların arasında çoxlu sayda olan pullardan 100 manat pulu yenidən götürərək cibinə qoymuşdur. Xalası oğlunun üçüncü cümə axşamında, yəni təxminən noyabr ayının 13-də övladının səhhəti ilə bağlı pul lazım olduğu üçün təkrar pulların olduğu otağa keçib şkafın içərisində olan dəsmalların arasından gizlin olaraq yenidən 90 manat pul götürmüş və Sumqayıt şəhərinə getmişdir. Bundan bir müddət sonra, yəni təxminən xalası oğlunun rəhmətə getdiyi gündən bir ay sonra xalası Zərifə ona otaqda olan çarpayını götürməsini tapşırmışdır. Bu zaman o, otaqda heç kimin olmadığını görüb özünə siqaret və digər xərcliyi üçün şkafda olan dəsmalların arasındakı pullardan yenidən 80 manat, daha sonra xatırlamadığı tarixdə də 50 manat pulu gizlin olaraq oğurlamışdır. Sonuncu dəfə isə dekabr ayının 1-də həmin otağa keçib paltarını dəyişərək şkafdakı asılqandan asarkən şkafın içərisində olan dəsmalların yanında pul qabının olduğunu görmüş və pul qabından 100 manat pul götürüb cibinə qoymuşdur. Beləliklə də, həmin evdən ayrı-ayrı vaxtlarda hissə-hisə olmaqla, ümumilikdə 570 manat pulu gizlin olaraq götürüb xərcləmişdir. Bundan başqa, xalasıgildə yaşayarkən dəhlizin pilləkən hissəsində alüminium qazan və nerj materialından olan məcmeyilər görmüş, həmin əşyaların lazımsız olduğunu düşünərək özü ilə Bakı şəhərinə aparmış və tanımadığı şəxsə 20 manata satmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin və himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, ailəsi ilə birlikdə Xızı rayonu, Sitalçay hərbi şəhərcikdə yaşayır. X8 2020-ci ilin oktyabr ayının sonunda vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Oğlu şəhid olan gündən, yəni oktyabr ayının 27-dən dekabr ayının 5-nə kimi arvadı Zərifənin bacısı oğlu Səbuhi anası Zenfira ilə birlikdə onların evində yaşamışdır. Həmin vaxt başsağlığı vermək üçün yanına gələn qonaqları həyətdə qarşıladığından evdə az vaxtlarda olmuşdur. Təxminən dekabr ayının 6-7-si qonaqları yola salıb evə çıxanda arvadı Şahid2 ona evdən müxtəlif vaxtlarda pulun oğurlandığını və həmin pulun Səbuhi tərəfindən götürüldüyündən şübhələndiyini bildirmişdir. Həmin vaxt o, arvadına cavab olaraq "özün bilərsən, bacı sənindir, oğlu da sənindir, özünüz həll edin, məni bu işə qatmayın" demişdir. Bundan təxminən 2 gün sonra arvadı Zərifə ilə birlikdə xalça götürmək üçün Bakı şəhərində yaşayan baldızı Zenfiranın evinə getmişlər. Həyətdə arvadını gözləyərkən Səbuhinin yüksək səslə qışqırdığını eşitmiş, lakin onun sözlərinə fikir verməyərək çıxıb evə gəlmişdir. Bundan sonra, arvadı Zərifə bu barədə qardaşı Ağaverdiyə bildirmiş və evlərində olan oğurluq barədə polisə məlumat vermişlər. Daha sonra, polis əməkdaşları izahatlarının alınması üçün onların evinə gəlmiş və aparılmış istintaq araşdırması zamanı həmin oğurluq hadisəsinin həqiqətən Səbuhi tərəfindən törədilməsi sübut olunmuşdur. Hazırda onlara dəymiş ziyan ödənilmədiyindən və bir şəhid atası kimi evindən edilmiş oğurluq hadisəsi ona çox pis təsir etdiyindən Təqsirləndirilən şəxs şikayətçidir və ona qanuna müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, 2020-ci ilin oktyabr ayının sonunda bacısı oğlu X2 vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Bundan bir müddət sonra, təxminən dekabr ayının ortaları bacısı Şahid2 onunla telefon əlaqəsi yaradaraq onlara gəlməsini xahiş etmişdir. Bacısıgilə getdikdə bacısının vəziyyətinin pis olmasını görmüş və niyə bu halda olmasının səbəbini soruşduqda isə evində saxladığı pullardan müəyyən məbləğdə oğurlandığını ona bildirmişdir. O, bacısından oğurluq barədə kimdən şübhələndiyini soruşduqda, bacısı Zərifə həmin pulun digər bacısı Zenfiranın oğlu Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını demişdir. Bu zaman o, özü də pis vəziyyətə düşərək yaslı vaxtlarında Səbuhinin niyə belə əməl törətdiyinə görə həddindən artıq əsəbiləşmiş və bu barədə polisə məlumat vermişlər. Bundan sonra, polis əməkdaşları tərəfindən aparılmış istintaq araşdırması zamanı həmin oğurluq hadisəsinin həqiqətən bacısı oğlu Səbuhi tərəfindən törədilməsi sübut olunmuşdur. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı Zenfiranın oğludur və oğlu X2 2020-ci ilin oktyabr ayının sonlarında vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan gündən onların evinə gəlmiş və evdə müəyyən işlərin görülməsində onlara köməklik etmişdir. Həmin vaxt onların evdə 1500 manat pul olmuş və puldan müəyyən vaxtlarda hissə-hissə götürüldüyün müşahidə etmişdir. Hər dəfə də, evdəkilərdən kiminsə pulu götürə biləcəyini düşünüb susmuş və evdə keçirilən yas mərasimində lazım olduqca ailə üzvləri tərəfindən götürüldüyünü fikirləşmişdir. Belə ki, onlar pulu yataq otaqlarında şkafda saxlamışlar və həmin otağa ailəsindən və bacısının oğlu Səbuhidən başqa heç kəs girməmişdir. Təxminən dekabr ayının ortalarında həmin istifadə etdikləri yataq otağından ev üçün lazım olan əşyaları almaq üçün içəri keçdikdə Səbuhinin orada paltar dəyişdiyini görmüş və pul lazım olduğundan həmin şkafdan pulu götürmək istədikdə orada pulun az olduğunu görmüşdür. Bu zaman o, dərhal Səbuhidən şübhələnərək sonuncudan puldan götürüb götürmədiyini soruşduqda Səbuhi ona aqresiyalı cavabla pulun itməsinin onunla heç bir əlaqəsinin olmadığını demişdir. O isə 600 manata yaxın pulun xırda-xırda Səbuhi tərəfindən götürüldüyünü başa düşmüşdür. Səhərisi günü Səbuhi evin dəhlizində olan iki ədəd qazanını və iki ədəd podnosunu da gizli şəkildə götürüb Bakı şəhərinə getmişdir. Bu hadisədən bir neçə gün sonra əri Fəxrəddin ilə birlikdə xalça götürmək üçün Bakı şəhərinə bacısının yaşadığı evə getmişlər. Həmin vaxt bacısının oğlu Səbuhi də evdə olmuş, o, Səbuhini yanına çağırıb "biz qohumuq, mən sənin xalanam, niyə belə etdin" deyə bildirdikdə sonuncu onu söyüşlə təhqir edərək evindən çıxmasını tələb etmişdir. Bu zaman o, Səbuhi ilə mübahisəni davam etdirməmiş və çıxıb öz evlərinə gəlmişdir. Bundan sonra, qardaşı Ağaverdini çağırıb ona baş verənləri danışmış və oğurluq hadisəsi barədə polisə məlumat vermişlər. Daha sonra, polis əməkdaşları izahatlarının alınması üçün onların evinə gəlmiş və aparılmış istintaq araşdırması zamanı həmin oğurluq hadisəsinin həqiqətən bacısı oğlu Səbuhi tərəfindən törədilməsi sübut olunmuşdur. Məhkəmə istintaqında ifadəsi elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 40-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2021-ci il tarixli, 9/104 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza təyini haqqında qərar və fotoşəkillərdə göstərilən istifadə olunmuş malların 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 25 manat müəyyən edilir. O cümlədən, 1 ədəd böyük ölçülü aliminium qazan 20 (iyirmi) manat və 1 ədəd böyük ölçülü məcmeyi (podnos) 5 (beş) manat. Cinayət işinin 39-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 21 aprel 2021-ci il tarixdə verilmiş 1169 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 62-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15 fevral 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-93-cü vərəqələrində olan 11 mart 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 122-ci vərəqəsində olan Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Yasamal rayon MKTB-nin 56 saylı MKİS tərəfindən 09 yanvar 2021-ci il tarixdə verilmiş arayışdan, eləcə də iş materiallarına əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, himayəsində 18 iyun 2013cü il təvəllüdlü Asim və 30 aprel 2015-ci il təvəllüdlü Rasim adında iki azyaşlı övladı olan Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 123-128-ci vərəqələrində olan 16 noyabr 2021-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham, həmçinin, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, eləcə də təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin tərkib hissəsinin əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, həyat şəraitini, üzrlü səbəb olmadan məhkəmə çağırışlarına gəlməməsini və barəsində məcburi gətirilmə tətbiq edilməsini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni 23 fevral 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 23 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat ekspertiza xərci tutulub, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar