Məhkəmə qərarları › İş №1(068)-3/2023

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-3/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-3/2023 15.03.2023 XIZI RAYON MƏHKƏMƏSİ X11 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Xızı rayonunun Giləzi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq, yəni 0,929 qram miqdarında narkotik vasitə heroin əldə edərək əynindəki cins şalvarının sağ yan cibində bir ədəd gümüşü-ağ rəngli bükümdə saxlamaqla daşımış, Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 25 may 2022-ci il tarixdə, saat 11:50 radələrində, Xızı rayonu Giləzi qəsəbə ərazisində saxlanılıb Xızı rayon Polis Şöbəsinə gətirilərək, onun üzərində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 0,929 qram miqdarında narkotik vasitə - heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Xızı rayonunun Giləzi qəsəbəsində yaşayır və hər zaman olduğu kimi səhər tezdən evində yatmış vəziyyətdə olmuşdur. Bir az möhkəm yatan olduğundan, yaxın dostları yanına gəldikdə valideyini onlara gedin özünüz oyadın deyir. Həmin gün, yəni 2022-ci ilin may ayın 24-ü, saat təxminən 10-11 radələrində mətbəxdən və çöl otaqdan səs gəldiyini eşitmiş və fikirləşmişdir ki, yəqin dostlarıdır. Bu zaman polis əməkdaşlarının evə daxil olduğunu görmüş və onu alt paltarında evdən çıxartmaq istəmişlər. O, polis əməkdaşlarına “dayanın əynimi geyinim, kişi kişini evindən belə çıxartmaz” deyə bildirmiş, bundan sonra onun geyinməsini gözləyərək polis şöbəsinə gətirmişlər. Şöbədə ona fiziki, psixoloji, hər cür təzyiq olunmuş, o da məcbur olub anası evdə tək yaşadığından guya üzərindən narkotik vasitə aşkar olunmasını boynuna almış və bu məzmunda ifadə vermişdir. Evə gəldikdən sonra isə anası tərəfindən bu barədə Xızı rayon prokurorluğuna şikayət olunmuşdur. 14 sentyabr 2022-ci ildə qəsəbəyə şəhid gəldiyi üçün məhkəmə prosesinə gələ bilməmiş, bu səbəbdən də barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda o, azadlığa çıxıb xəstə anasının qulluğunda durmaq, işləmək istəyir. Narkotikdən istifadə etmək istəmir, əməlindən çox peşmandır. Özü də çox yorulmuşdur, cavandır, subaydır və ailə qurub normal yaşamaq istəyir. Hazırda məhkəmədən son söz olaraq anasının xəstəliyini, onun cavanlığının nəzərə alınmasını xahiş edir. Bir səhvdir etmişdir. Bu səhvi düzətmək, normal həyat yaşamaq istəyir. Cəmiyyət üçün, ailəsi üçün normal bir vətəndaş kimi, sağlam bir insan kimi yaşamaq istəyir. Həbsdə qalıb daha çox cinayətkar tanımaq istəmir. Cəzaçəkmə müəssisəsində demək olar ki, onun heç bir dostu olmamış, bu günədək də yoxdur. Çünki orada cinayətkarlardır. O, azad cəmiyyətə çıxıb, normal insanlarla normal yaşamaq istəyir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, hazırda ziddiyyətli ifadə verərək təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün ibtidai istintaq zamanı etirafı ilə yanaşı, son sözündə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini bildirməsi, eləcə də şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, Xızı rayon Giləzi qəsəbəsində doğulmuşdur, hazırda anası ilə birlikdə Xızı rayon Giləzi qəsəbəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, dolanmaq üçün tikinti işləri ilə məşğul olur. Diş xəstəliyi ilə əlaqədar olaraq hərbi xidmətdə olmamışdır. Təxminən 1 ildir ki, nakotik istifadəçisidir və 2021-ci il tarixdən “kakos” adı ilə tanıdığı narkotik vasitə - heroin istifadə edir. Heroini falqada yandıraraq çəkmə yolu ilə qəbul edir. 24 may 2022-ci il tarixdə günorta saatlarında o, Xızı rayonu Giləzi qəsəbəsində qəbiristanlığın yanı ilə marketə gedərkən yolun kənarında yerdə parlayan gümüşü rəngli siqaret kağızı bükümü görmüş və diqqətini cəlb etmişdir. Həmin bükülünü əyilib yerdən götürmüş və bükülünü açıb baxarkən içərisində bildiyi qəhvəyi rəngli narkotik vasitə "kakos" olduğunu görüb sevinmişdir. Həmin içərisində narkotik vasitə "kakos" olan bükümü istifadə etməyi üçün cibinə qoyub yaşadığı evə getmiş, həmin gün tapdığı kakosun üzərindən az bir miqdarda götürüb istifadə etmişdir. Qalan hissəsini isə sonra istifadə etməyi üçün cibində saxlamışdır. Səhəri gün yəni 25 may 2022-ci il tarixdə ağrıları olduğundan bir gün əvvəl tapdığı "kakos"dan istifadə etməyi üçün Giləzi qəsəbə ərazisində kənd yolu ilə gedirmiş, saat 11:30 radələrində Xızı rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğumn bildirib onu Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Sonra polis şöbəsində xidməti otaqda müstəntiq ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirmiş, o, vəkillərin siyahısı ilə tanış olmuş və Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi seçmiş, ona müdafiəçi təyin edilməsini xahiş etmişdir. Bundan sonra Müdafiəçi ona təqdim edilmiş. Müstəntiq şəxsi axtarışda iştirak edən şəxslər barədə məlumat vermiş, hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlanılmışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmış, müstəntiq üzərində olan qanunsuz əşyaları çıxarıb təqdim etməyini təklif etmiş, həmin vaxt o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd gümüşü rəngli içərisində kakos olan bükümü çıxarıb təqdim etmişdir. O, üzərində başqa qanunsuz əşyanın olmadığını demiş, polislərdən biri onun üzərini yoxlamış, üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. O, bükümün içərisindəki maddənin heroin olduğunu, bir gün əvvəl yerdən tapdığını şəxsi istifadəsi üçün üzərində saxladığını, satmaq məqsədinin olmadığını demişdir. Polis əməkdaşları bükümün içərisindəki maddəyə baxaraq heroinə bənzədiyini demişlər. Müstəntiq heroin bükümü ilə birlikdə ağ rəngli zərfə qoymuş, zərfin açıq yerini yapışdırmışdır. O, və müdafiəçisi Müdafiəçi zərfin üzərinə imza çəkmişlər. Müstəntiq heroini zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Müstəntiq tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o, imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, oğlu İrəvanla birlikdə Xızı rayonunun Giləzi qəsəbəsində yaşayır. 2022-ci ilin may ayın 24-ü, saat təxminən 10-11 radələrində mətbəxdə yemək bişirmişdir. Həmin gün yağış yağırdı. Bu zaman 3 nəfər mülki geyimli şəxs evə girmişdir. Biri dolu bədənli, digəri bəstəboy, biri isə hündür boylu idi. Dolu bədənlinin əynində boz kurtka var idi. Digərlərinin isə əynində nə olduğunu bilməmişdir. Onlar İrəvanı soruşdular və o, qorxduğu üçün İrəvanın evdə olmadığını onlara bildirmişdir. Halbuki İrəvan evdə yatmışdır. Polislər otağa daxil olub İrəvanın qollarına qandal vurdular. Döşəyin altına baxış keçirdilər, lakin heç nə tapmadılar. Bundan sonra, oğlu İrəvanı götürüb özləri ilə apardılar. Həmin vaxt polis əməkdaşlarından biri İrəvanı aparmamaq üçün ondan 1000 manat pul da istəmişdir. O, özün də olmamış, sonradan maraqlandıqda oğlunun polis şöbəsinə aparıldığını öyrənmişdir. Oğlunun bir cinayəti olmadığı halda niyə gəlib evindən apardıqlarını bilməmiş, oğlumun narkotik vasitə istifadə etdiyindən xəbəri olmamışdır. Bununla bağlı 25 may tarixində Xızı rayon prokurorluğuna gedərək şikayət etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin CAB-nin rəisi Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Cinayət axtarış bölməsinə Xızı rayon Giləzi qəsəbəsi sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, 25 may 2022-ci il tarixdə, saat təxminən 11-12 radələrində CAB-nın əməliyyat müvəkkilləri ilə birlikdə Təqsirləndirilən şəxs Xızı rayon Giləzi qəsəbəsində saxlayaraq Xızı RPŞ-yə gətirmişlər. Şöbədə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin aşkar olunmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs narkoman olması barədə Narkoloji disponserdən təsdiq məktubu da gəlmişdir. Məhkəmə istintaqında şahidlər - Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 məhkəməyədək istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək, Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X6 ifadəsində göstərdi ki, rayonun Giləzi qəsəbəsi inzibati ərazi kimi ona təhkim olunmuşdur. Ərazidə yaşayan narkotik istifadəçilərinin, köhnə istifadəçilərinin 90-100 faizini tanıyır. İrəvanın da narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Lakin həmin vaxtı inzibati ərazidə xidmətdə olmuş, digər əməliyyat müvəkilləri gəlib İrəvanı şöbəyə aparmışlar. O, həmin əməliyyatda iştirak etməmişdir. İstintaq vaxtı müstəntiq ona bildirmişdir ki, Təqsirləndirilən şəxs istintaq gedişatına gəlmir. O, da mobil telefonla İrəvanla əlaqə saxlamaq istəsə də, sonuncu telefona cavab verməmişdir. Bundan sonra, evinə polis nəfəri göndərmiş, lakin İrəvan gəlməkdən imtina etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 26-29-cu vərəqələrində olan 25 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Xızı RPŞ-nin inzibati binasında şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb könüllü olaraq təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2022-ci il tarixli, 6/2963 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,929 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,879 qram təşkil etmişdir. Cinayət işinin 40-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 81 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 45-46-cı vərəqələrində olan 26 may 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 0,879 qram narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 77-78-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 03 iyun 2022-ci il tarixdə verilmiş 2955 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 76-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 iyun 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-19-cu vərəqələrində olan 25 may 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 61-62-ci vərəqələrində olan 27 may 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Xızı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1(068)-46/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş 26 sentyabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan, eləcə də Xızı RPŞ-nin 04 oktyabr 2022-ci il tarixli, 165-6464-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə keçirilmiş axtarış tədbirləri nəticəsində tutularaq Xızı RPŞ-nin MSY-nə, oradan isə 01 oktyabr 2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işinin 94-100-ci vərəqələrində olan 16 avqust 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. habelə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-83-cü vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 iyun 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Xızı rayon prokurorluğundan göndərilmiş 16/c- 22 saylı materialdan görünür ki, Ziba Ağabalayevanın prokurorluğa daxil olmuş ərizəsində göstərdikləri öz təsdiqini tapmadığından, toplanmış materialda cinayət təqibini istisna edən hallar müəyyən olunduğundan, cinayət tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin materialda olan Xızı RPŞ-nin xx.xx.2022-ci il tarixli, 165-3628-1222 nömrəli sorğuya cavab məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə vət. X2 narkotik vasitələrin istifadəçisi və ya saxlanılmasında şübhəli bilindiyindən Xızı RPŞ-nin əməkdaşları polis mayoru Şahid1 və polis kapitanı Şahid3 tərəfindən saxlanılaraq istintaq qrupuna təhvil vermişlər. Polis əməkdaşları Şahid1 və Şahid3 izahat verərək bildirmişlər ki, vət. İ. Ağababayevə 23-28 may 2022-ci il tarixləri ərzində heç bir işgəncə və ya fiziki zorakılıq tətbiq edilməmişdir. 23-28 may 2022-ci il tarixdə Xızı RPŞ-nin inzibati binasında quraşdırılmış müşahidə kameralarına 7 gün müddətində baxış keçirmək mümkün olduğundan, hal-hazırda kameralara baxış keçirmək mümkün deyildir. Həmin materialda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X4» X13 canlı şəxsin məhkəmə-tibbi ekspertizası haqqında 10 iyun 2022-ci il tarixli, 19 nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizasına və adına olan tibbi sənəddə qeyd olunanlara əsasən hadisə haqqında qərarda göstərilən məlumatları nəzərə alaraq və ekpertiza qarşısında qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: İ.X. Ağabalayevin məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, barəsində seçilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmə iclaslarından qaçıb gizlənməsini və barəsində axtarış elan olunmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdən 27 may 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 26 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,879 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. edilməli və Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 26 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,879 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 81 (səksən bir) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar