Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-30/2021 27.05.2021 XIZI RAYON MƏHKƏMƏSİ X2 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1968-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, “xxxx” MMC-də elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru işləyən, Xızı rayonu, Yeni Yaşma kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs koronavirus xəstəliyinin müəyyən olunması məqsədilə 13 dekabr 2020-ci il tarixdə verdiyi test nəticəsinin pozitiv olmasına, karantin rejiminin tələblərinə riayət etməli olduğu barədə istifadəsində olan mobil nömrəyə sms göndərilməsinə, Xızı rayon Mərkəzi Xəstəxanası tərəfindən 14 gün müddətində özünü təcrid vəziyyətində olmaqla, yaşadığı yeri tərk etməməsi və başqa şəxslərlə ünsiyyətdə olmaması barədə xəbərdar olunmasına baxmayaraq, yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla, hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin aktiv daşıyıcısı olduğunu bilə-bilə karantin rejiminin tələblərini kobud şəkildə pozaraq, ona edilmiş xəbərdarlıqlara məhəl qoymadan 22 dekabr 2020-ci il tarixdə Xızı rayonu, Yeni Yaşma kəndində yerləşən yaşadığı evi tərk edib özünə məxsus “Mitsubishi Pajero” markalı avtomobillə yaşadığı Xızı rayonu, Yeni Yaşma kəndindən Bakı-Quba yolu ilə Bakı şəhəri istiqamətində hərəkət etmiş və həmin yolun 52-ci kilometrliyində quraşdırılmış stasionar karantin postunda xidmət aparan polis əməkdaşı tərəfindən 22 dekabr 2020-ci il tarixdə, saat 13:00 radələrində müəyyən olunaraq saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Xızı rayonu, Yeni Yaşma kəndində yaşayır və “xxxx” MMC-də elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru işləyir. Arvadı Şahid2 səhhətində narahatlıqlar hiss etdiyindən koronavirusa yoluxubyoluxmamasını müəyyən etmək üçün test vermiş, həmin testin nəticəsi 30 noyabr 2020-ci il tarixdə pozitiv olduğundan Arzu həmin tarixdən özünü təcrid vəziyyətində olmaqla, yaşadıqları evdə müalicə alaraq karantində qalmışdır. Həmin vaxt o, da arvadı Arzu ilə birlikdə karantin vəziyyətində qalaraq, işə getməmiş və yaşadığı yeri tərk etməmişdir. 10 dekabr 2020-ci il tarixdə o, özünü yaxşı hiss etmədiyindən və onda koronavirus xəstəliyinin əlamətləri özünü biruzə verdiyindən bu barədə kənddə yerləşən tibb məntəqəsinə məlumat vermiş, 12 dekabr 2020-ci il tarixdə Xızı rayon Mərkəzi Xəstəxanasının həkimləri onun yaşadığı ünvana gələrək ondan koronovirus testi götürmüş və testin nəticələri məlum olanadək yaşadığı yeri tərk etməməsi tapşırılmışdır. 14 dekabr 2020-ci il tarixdə, saat 18:35-də istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ondan götürülmüş koronavirus testinin nəticələrinin müsbət çıxması və karantin rejiminin tələblərinə riayət etməsi barədə xəbərdarlıq mesajı gəlmiş, eləcə də, həmin gün Xızı rayon Mərkəzi Xəstəxanasından yaşadığı ünvana zəng edib karantin rejiminə əməl etməklə 14 gün müddətində yaşayış yerini tərk etməməsi və başqa şəxslərlə ünsiyyətdə olmaması tapşırılmışdır. Bundan sonra, Xızı rayon Mərkəzi Xəstəxanası tərəfindən təyin edilmiş müalicə kursunu qəbul etməklə, yaşadığı evdə karantin vəziyyətində qalaraq digər şəxs və ya şəxslərlə ünsiyyətdə olmamışdır. 22 dekabr 2020-ci il tarixdə həyətində saxladığı ev quşlarının yemi qurtardığından, həmin gün, saat 13:00 radələrində özünə məxsus olan “Mitsubishi Pajero” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən yem dükanına gedib oradan yem almaq qərarına gəlmiş və bu məqsədlə də, yaşadığı evi tərk etmişdir. Həmin vaxt onda xəstəliyin heç bir əlaməti olmamışdır. O, avtomobili ilə Bakı-Quba yoluna çıxıb Sumqayıt şəhəri istiqamətində hərəkət etmiş, Bakı-Quba yolunun 52-ci kilometrliyində quraşdırılmış xüsusi karantin postuna çatdıqda oradakı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra avtomobili yolun hərəkət hissəsindən çıxarıb kənarda saxlamasını və avtomobildə əyləşib gözləməsini tələb etmiş və buna səbəb kimi onun aktiv koronavirus xəstəsi olmasını göstərmişdir. O, polis əməkdaşlarının tələblərinə tabe olaraq, avtomobilini kənara sürüb saxlamış, daha sonra Xızı rayon Polis Şöbəsinin və Xızı rayon Mərkəzi Xəstəxanasının əməkdaşları həmin yerə gəlmiş, polis əməkdaşı onun karantin rejiminin tələblərini pozduğunu və xəstəliyin yayılması üçün real təhlükə yaratdığını bildirib, bu barədə ondan izahat almış, daha sonra həmin əməkdaşların müşayiəti ilə onu yaşadığı ünvana qaytarmışlar. Həmin tarixdən sonra karantin rejiminin tələblərinə riayət etmiş və 28 dekabr 2020-ci il tarixdə özünütəcrid müddəti başa çatmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, ilk dəfə az ağır cinayət əməlini törətməsinin, müharibə veteranı olmaqla, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, eləcə də digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında Şahid2 Təqsirləndirilən şəxs ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid Xızı RPŞ-nin PPXT-nin polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, 22 dekabr 2020-ci il tarixdə, günorta saatlarında polis nəfəri Şahid4 ilə birlikdə onlara təhkim edilmiş xidməti avtomobildə Xızı rayonu, Giləzi qəsəbəsi istiqamətində xidmətdə olarkən Xızı RPŞ-nin Növbətçi Hissəsindən respublika ərazisində tətbiq edilmiş xüsusi karantin rejiminə riayət edilməsinin yoxlanılması və nəzarət edilməsi məqsədilə Bakı-Quba yolunun 52-ci kilometrliyində quraşdırılmış stasionar karantin postunda aktiv koronavirus xəstəsinin müəyyən edilməsi bildirilmişdir. Həmin postun yerləşdiyi ərazi inzibati ərazi aidiyyətinə görə Xızı rayonu, Yeni Yaşma kənd İnzibati Ərazi Dairəsinin tərkibinə daxil olduğundan onlar verilmiş göstərişə uyğun olaraq, xidməti avtomobillə stasionar karantin postuna getmişlər. Həmin yerə çatdıqda postda xidmət aparan Azərbaycan Respublikası DİN-in BDYPİ-nə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının əməkdaşı inspektoru Şahid1 Oqtay oğlu yol kənarında dayanmış “Mitsubishi Pajero” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili göstərərək, yoxlama zamanı həmin avtomobilin sürücüsünün Xızı rayonu, Yeni Yaşma kənd sakini Təqsirləndirilən şəxs olmasını və onun aktiv koronavirus xəstəsi olduğu halda yaşadığı yeri tərk etməsini müəyyən etdiyini bildirmişdir. Bundan sonra, onlar ara məsafəsini qorumaq şərti ilə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, sonuncuya aktiv koronavirus xəstəsi olduğu halda yaşadığı evi tərk etməsinin qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olmasını izah etmişlər. Daha sonra, Təqsirləndirilən şəxs karantin rejiminin tələblərinə ciddi əməl etməsi barədə bir daha xəbərdar edilmiş və həmin vaxt oraya gəlmiş Xızı rayon Mərkəzi Xəstəxanasının həkimlərinin müşayiəti ilə yaşadığı evə geri qaytarılmışdır. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahidlər Xızı RPŞ-nin PPXT-nin polis nəfəri Şahid4 və BDYPİ-nə bilavasitə tabe olan YPX Alayının inspektoru Şahid1 Oqtay oğlu Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-ci vərəqəsində olan 12 dekabr 2020-ci il tarixli iltizamnamənın surətindən görünür ki, Təqsirləndirilən şəxs yeni növ koronovirus (Covid-19) infeksiyası ilə bağlı nəticələrinin pozitiv təsdiqlənən tarixdən 14 gün ev şəraitində fərdi təcrid olunmaq üçün buraxılması, test nəticələrinin mənfi çıxacağı müddətə qədər yaşadığı evi tərk etməyərək sanitariya-gigiyena nomalarına, epidemiya əleyhinə və xüsusi karantin rejiminin qaydalarına riayət edəcəyi, qeyd olunan normaları və qaydaları pozacağı təqdirdə Azərbaycan Respublikası CM-nin və İXM-nin müvafiq maddələri ilə cinayət və inzibati məsuliyyət daşıyacağı barədə məlumatlandırılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 13-cü vərəqəsində olan Xızı rayon X1 Hüquqi Şəxsin 22 dekabr 2020-ci il tarixli, 379 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən 14 dekabr 2020-ci il tarixdən testin nəticəsi pozitiv çıxmaqla, aktiv koronavirus xəstəsidir, ona 29 dekabr 2020-ci il tarixinə qədər ev şəraitində müalicə təyin edilməklə yaşadığı evdə özünü təcrid etməsi, bu müddət bitənə qədər evdən bayıra çıxmamaqla karantin rejiminin tərəblərinə əməl etməsinin zəruriliyi izah edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 fevral 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 64-65-ci vərəqələrində olan 14 fevral 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 83-90-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi barədə 09 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2021-ci il tarixdə elan olunmuş, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə olan ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 29-33-cü vərəqələrində olan arayış, xasiyyətnamə və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, himayəsində 15 yanvar 2010-cu il təvəllüdlü Ayan və 19 sentyabr 2012-ci il təvəllüdlü Fuad adında iki yetkinlik yaşına çatmayan övladı olan Xızı rayonu, Yeni Yaşma kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 36-cı vərəqəsində olan Xızı rayon Hərbi Komissarlığı tərəfindən 23 aprel 1998-ci il tarixdə verilmiş 006819 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Məhkəmə iclasında elan olunaraq, cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki əmlak və gəlir məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs “xxxx” MMC-də elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru işləyir və aylıq əmək haqqısı 550 manat təşkil edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, şahidlərin ifadələri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də müharibə veteranı olmaqla, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını və yaşayış yeri üzrə müsbət xaraterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(068)-30/2021
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-30/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver