Məhkəmə qərarları › İş №1(068)-30/2022

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-30/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-30/2022 02.11.2022 XIZI RAYON MƏHKƏMƏSİ X4 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 04 avqust 1994-cü il tarixdə Xızı rayonu, Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 mart 2022ci il tarixdə, saat 22:40 radələrində Xızı rayonu Sitalçay kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fermanın dirəklər və tikanlı məftillərlə çəpərlənmiş həyətinə qəsdən qanunsuz olaraq daxil olmuş, həyətdə istifadədə olan Zərərçəkmiş şəxs məxsus bir metrinin qiyməti 2 manat olan, cəmi 180 manat dəyərində uzunluğu 90 metr elektrik naqilini kəsərək top halında Xızı rayonu Sitalçay kəndində yaşadığı ünvana aparıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 180 manat məbləğində maddi ziyan vurmaqla qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Xızı rayonu, Sitalçay kəndində yaşayır və heç bir yerdə işləmir. 11 mart 2022-ci il tarixdə, saat 07:30 radələrində atasına məxsus 3 baş heyvanları örüş otlaq sahəsinə apararkən kənd yolunun kənarında yerləşən fermanın həyətində torpağın üzəri ilə tikiliyə çəkilmiş ağ rəngli elektrik naqili görmüş və həmin elektrik naqilini başqa bir gün qaranlıq vaxtı fermanın həyətinə keçib oğurlamaq qərarına gəlmişdir. 14 mart 2022-ci il tarixdə heyvanları həmin fermanın hasarının yanı ilə otlaq əraziyə apararkən yenidən elektrik naqilini görmüş və həmin gün axşam saatlarında hava qaralandan sonra fermanın həyətinə keçib elektrik naqilini kəsib oğurlamaq qərarını qətiləşdirmişdir. Həmin gün saat 22:40 radələrində yaşadığı evin həyətindən balta götürüb həmin fermaya getmişdir. O, fermanın tikanlı hasarının məftilləri əvvəlcədən qırılmış hissəsindən fermanın həyətinə daxil olmuş və həyətdə yerdə olan elektrik paylayıcı qutusuna yaxınlaşmışdır. O, ətrafa baxmış və heç kimin olmadığına əmin olduqdan sonra özü ilə götürdüyü balta ilə həmin elektrik naqilini kəsmişdir. Bundan sonra o, elektrik naqilini kəsdiyi hissəsini götürüb toplamış və fermanın həyətindəki tikiliyə yaxınlaşmışdır. Daha sonra o, elektirik naqilinin bitdiyi yerdə top halında olmuş elektrik naqilini də, kəsmiş və kəsdiyi elektrik naqilini götürüb yaşadığı evə aparmışdır. Yaşadığı evə daxil olarkən atası Nazim yuxudan ayılmış və onun əlindəki top halında olan elektrik naqilini görmüşdür. Atası ondan elektrik naqilini haradan əldə etdiyini soruşmuş, lakin o, atasına cavab verməyərək evdən çıxmışdır. Atası Nazim onun arxasınca həyətə çıxmış və ona elektrik naqilini sahibinə geri qaytarmasını bildirmiş, o, da atasına "yaxşı" deyib həyətdən çıxmışdır. Bundan sonra o, atasının yatmasını gözləmiş, oğurladığı elektrik naqilini yandırmış, içərisindən çıxmış mis məftilləri həyətdəki hasarın yanında gizlətmişdir. Səhəri gün, yəni 15 mart 2022-ci il tarixdə səhər saatlarında əldə etdiyi mis məftilləri hasarın kənarından götürmüş və satması üçün yola çıxmışdır. Həmin vaxt o, kəndə gəlmiş metal alqı-satqısı ilə məşğul olan tanımadığı şəxsə yaxınlaşmış, həmin şəxsə əlindəki mis məftilləri göstərib neçə manata ala biləcəyini soruşmuş, həmin şəxs mis məftilləri tərəzidə çəkdikdən sonra ona 11 manat 40 qəpik pul verə biləcəyini bildirmişdir. O, həmin şəxslə razılaşıb mis məftilləri satmış, əldə etdiyi pulla marketdən dörd ədəd 250 qramlıq araq almış və yaşadığı evə gedərək həmin içkini qəbul etmişdir.17 mart 2022-ci il tarixdə Xızı rayon Polis şöbəsinin əməkdaşları yaşadığı evə gəlib onu Xızı rayon Polis Şöbəsinə dəvət etmiş və barəsində araşdırma aparılan vaxt oğurluq etməsini etiraf edərək, oğurluq etdiyi yeri göstərmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, zərərçəkmiş şəxslə barışıq əldə edərək vurulmuş ziyanın ödənilməsinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmənin əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu Xırdalan şəhərində yaşayır. Xızı rayonunun Sitalçay kəndi ərazisində 627.3 kv metr həyətyanı sahə və içərisində olan ferma atası X3 məxsus olmuşdur. Azər Səmədova məxsus əmlak, həmçinin ferma AR-İ 698940 saylı etibarnamə ilə ona etibar olunmuşdur. Həmin ferma təxminən iki il fəaliyyət göstərməmiş, fermanın ərazisi dirəklər və tikanlı məftillərlə çəpərlənsə də, bəzi hissələrdə məftillər qırılmışdır. Fermanın fəaliyyəti dayandıqdan sonra o, həftə ərzində bir dəfə fermaya nəzarət etmək üçün həmin əraziyə getmişdir. Bundan əlavə, fermada olan tikilinin içərisində kamera sistemi quraşdırılmış və fermanın yalnız tikili hissəsini mobil telefon vasitəsi ilə izləmişdir. Sonuncu dəfə 15 mart 2022-ci il tarixdə, saat 05:00 radələrində fermanın tikilisində elektrik enerjisinin kəsilməsi barədə istifadə etdiyi mobil telefona sms daxil olmuşdur. Həmin gün saat 08:30 radələrində o, fermaya getmiş, ətrafa müşahidə edərkən tikiliyə çəkilmiş 90 metr uzunluğunda elektrik naqilinin naməlum şəxs və şəxslər tərəfindən kəsilərək oğurlandığını aşkar etmişdir. O, mobil telefonla DİN-nin "102" xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermiş və aparılmış istintaq araşdırması zamanı həmin oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübut olunmuşdur. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kiçik oğludur. Nicat heç bir yerdə işləməmiş, ona məxsus iri buynuzlu heyvanları Sitalçay kəndi ərazisində otarmışdır. Nicat uzun müddətdir hər gün spirtli içki qəbul edir. 14 mart 2022-ci il tarixdə, saat 23:00 radələrində Xızı rayonu Sitalçay kəndində yaşadığı evdə yatarkən qapının səsini eşitmiş və yuxudan ayılmışdır. Həmin vaxt o, Nicatın əlində top şəkilində olan ağ rəngli elektrik naqili görmüş və Nicatdan həmin elektrik naqilinin kimə məxsus olduğunu soruşmuşdur. Nicat elektrik naqilinin kimə məxsus olduğunu ona deməmiş və evdən çıxıb getmişdir. Həmin vaxt o, Nicatın arxasınca həyətə çıxmış, Nicata elektrik naqilini aparıb götürdüyü yerə qoymasını bildirmişdir. Nicat isə ona "yaxşı" deyərək getmişdir. Səhəri gün, yəni 15 mart 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evin həyətində torpağın üzərində yanğın izləri görmüşdür. Bundan sonra o, Nicatın gecə saatlarında oğurladığı kabeli götürdüyü yerə qoymadığı və həyətdə yandırdığını bilmişdir. Həmin gün saat 11:00 radələrində Nicat yaşadığı evə gələrkən o, elektrik naqili barədə soruşmuşdur. Nicat ona həmin elektrik naqilini gecə saatlarında yaşadığı evin həyətində yandırdığını və əldə etdiyi mis məftilləri metal alqı-satqısı ilə məşğul olan tanımadığı şəxsə 11 manat 40 qəpiyə satdığını, əldə etdiyi pulla spirtli içki alıb qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 11-13-cü vərəqələrində olan 15 mart 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Xızı rayonu Sitalçay kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus daimi yaşayış olmayan fermanın həyətinə baxış keçirilərkən fermanın yaşayış sahəsi olduğu, həyətin kənarlarının çəpərləndiyi, həyətdə tikilinin, yaşamaq üçün digər zəruri avadanlıqların olduğu müəyyən edilmişdir. Baxış zaman hadisə yerindən oğurlanmış elektrik naqilindən ekspertiza tədqiqatına nümunə üçün bir ədəd 20 sm uzunluqda elektrik naqili götürülmüşdür. Baxış keçirilməsi başa çatdıqdan sonra protokol tərtib edilmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 93-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2022-ci il tarixli, 9/2576 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş, normal vəziyyətdə olan, üzərində markalanma yazıları olmayan, ağ rəngli izolyasiyalı, 4x2 mm (izolyasiyalı 4 damarlı) ölçülü elektrik naqilinin 1 metrinin 2022-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 2 manat, 90 metri isə 18 manat müəyyən edilir. Cinayət işinin 92-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İstintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin İqtisad ekspertizaları şöbəsinin böyük eksperti X1 ifadəsində göstərmişdir ki, onun tərəfindən verilmiş 12 may 2022-ci il tarixli, 9/2576 nömrəli ekspert rəyində elektrik naqilinin 1 metrinin qiyməti 2 manat kimi düzgün göstərilmişdir. Lakin, həmin elektrik naqilinin 90 metrinin qiyməti texniki cəhətdən səhv olaraq 18 manat kimi göstərilmişdir. Uzunluğu 1 metr olmuş elektrik naqilinin qiyməti 2 manat olduğundan, 90 metr uzunluğundan həmin naqilin qiyməti 180 manat olmuşdur. Bu səbəbdən də, doxsan metr uzunluğunda elektrik naqilinin qiyməti 18 manat deyil, 180 manat kimi qəbul edilməlidir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-90-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 may 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 32-33-cü vərəqələrində olan 17 mart 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-67-ci vərəqələrində olan 19 mart 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 107-113-cü vərəqələrində olan 01 iyun 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə 12 may 2022-ci il tarixli, 9/2576 nömrəli ekspert rəyində göstərilmiş 90 metr uzunluğunda elektrik naqilinin qiymətinin 180 manat olması əsas götürülmüş, Təqsirləndirilən şəxs 19 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində 19 mart 2022-ci il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, həmçinin əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin tərkibi olmadığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 126-127-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 iyun 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla yaşayır, barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 02 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2015-ci il tarixli Qərarının 20-ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspertiza rəyi, maddi sübut və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdikləri ifadələrində fermanın ərazisi dirəklər və tikanlı məftillərlə çəpərlənsə də, bəzi hissələrində olan məftillərin əvvəlcədən qırılmasını bildirmələri, həmin ərazinin saxlanc yeri olmaması anlamına gəlmir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halın olmasını və ağırlaşdırıcı halın olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 17 mart 2022-ci il tarixdən 19 mart 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat ekspertiza xərci tutulub, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar