Məhkəmə qərarları › İş №1(068)-31/2022

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-31/2022

24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-31/2022 24.08.2022 XIZI RAYON MƏHKƏMƏSİ X4 Ağamusa oğlunun sədrliyi, Nəbiyev Vüsal Nəcəfqulu oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1987-ci il tarixdə Dəvəçi (hazırki Şabran) rayonu, Beynəlmiləl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Altıağac qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 11,626 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana və şəxsi istehlak miqdarından artıq miqdarda 1,066 qram miqdarında psixotrop maddə - metamfetamin əldə edərək, həmin marixuanadan 0,490 qramını üzərində saxlamaqla daşımış, qalan 11,136 qram miqdarında qurudulmuş marixuananı və 1,066 qram miqdarında metamfetamini Xızı rayonu Altıağac qəsəbəsində yaşadığı evdə qanunsuz olaraq saxlamış, Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdə, saat 18:05 dəqiqədə Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində saxlanılaraq müdafiə hüquqları təmin edilməklə şübhəli şəxs qismində tutularaq, üzərində videoçəkiliş tətbiqi ilə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli salfet kağız bükümdə 0,490 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana, həmin tarixdə saat 18:52 dəqiqədə Təqsirləndirilən şəxs razılığı, özünün və müdafiəçisinin iştirakı ilə videoçəkiliş tətbiqi ilə Altıağac qəsəbəsində yaşadığı evə keçirilmiş baxış zamanı evin yataq otağındakı dolabın ikinci çəkməcəsindən bir ədəd ağ rəngli salfet kağız bükümdə 11,136 qram narkotik vasitə - qurudulmuş marixuana, bir ədəd gümüşü rəngli kağız bükümdə 1,066 qram psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Xızı rayonu, Altıağac qəsəbəsində yaşayır və heç yerdə işləmir. Təxminən 2020-ci il tarixdən “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin və “patı” adı ilə tanıdığı psixotrop maddə olan metamfetamin istifadə etmişdir. O, əvvəllər heroini və metamfetamini xoşu gəldiyi üçün istifadə etmiş, sonra isə narkotikdən istifadə etməyə aludə olmuş və bədənində ağrılar yaranmışdır. 2022-ci ilin yanvar ayının ortalarında yaşadığı evin yaxınlığında olan ara küçələrdə gəzişərkən yerdə qara rəngli sellofon torba görmüş və diqqətini cəlb etmişdir. O, torbanı yerdən götürərək açmış, içərisində bir ədəd ağ rəngli polietilen və bir ədəd gümüşü rəngli siqaret kağızı bükümləri olduğunu görmüşdür. O, bükümləri açmış, birində narkotik vasitə - qurudulmuş marixuananın, digərində isə psixotrop maddə - metamfetaminin olduğunu görmüş, həmin gün qurudulmuş marixuanadan və metamfetamindən bir qədər istifadə etmiş, qalan hissələri isə evinin yataq otağındakı dolabın ikinci çəkməcəsində gizlətmişdir. 22 yanvar 2022-ci il tarixdə gəzmək üçün Xızı rayonu Altıağac qəsəbə ərazisinə çıxmış, həmin vaxt istifadə etməsi üçün bir qədər qurudulmuş marixuana götürmüşdür. Yaşadığı evin yaxınlığında olan küçədən keçərkən saat təxminən 17-18 radələrində bir neçə polis əməkdaşı yaxınlaşıb onu saxlayaraq özlərini təqdim edib, ona qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə gəzdirdiyinə görə saxlanıldığı və şübhəli şəxs qismində tutulduğu izah edilmişdir. Bununla əlaqədar olaraq hüquqlarının tədbir yerinə dəvət edilən Müdafiəçi tərəfindən qorunacağı bildirildikdə, o, buna etiraz etməmişdir. Bundan sonra, üzərində şəxsi axtarış aparılacağı, axtarışın video görüntüyə alınacağı da bildirilmişdir. Çəkiliş altında ondan ilkin olaraq üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmaması soruşulduqda o da, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli salfet kağız bükümü çıxardıb təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları onlara təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı zərfə qoyaraq qablaşdırmış və üzərindən aşkar olunmuş narkotik vasitəyə dair protokol tərtib etmişlər. Daha sonra, polis əməkdaşları yaşadığı evə də baxış keçiriləcəyini ona demişlər. O da, ərizə yazaraq evinə baxışın keçirilməsinə etirazının olmadığını bildirmişdir. Baxış zamanı o, evin yataq otağındakı dolabın ikinci çəkməcəsindən bir ədəd ağ rəngli salfet və bir ədəd gümüşü rəngli kağız bükümləri çıxardıb təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları onlara təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı, eləcə də psixotrop maddə olan metamfetamini zərfə qoyaraq qablaşdırmış və bu barədə protokol tərtib etmişlər. Hazırda tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, himayəsində azyaşlı övladlarının olmasının, eləcə də bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin NMQ-in əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Xızı rayonu, Altıağac qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə 22 yanvar 2022-ci il tarixdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bundan sonra, şöbə rəhbərliyinə raportla məruzə olunaraq məlumatın Xızı RPŞ-nin Növbətçi Hissəsində olan cinayətlərə dair məlumatların 1 nömrəli qeydiyyatı kitabında qeydə alınması təmin olunmuş və həmin gün saat 18:00 radələrində RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və Təhqiqat Qrupunun təhqiqatçısı Əsəd Məmmədovun iştirakı ilə Xızı rayonu, Altıağac qəsəbəsində əməliyyat-istintaq tədbiri həyata keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qəsəbə ərazisində kənd yolunda şübhəli şəxs kimi saxlayıb özlərini təqdim etmişlər. Həmçinin, tədbir video çəkilişlə qeydə alındığından hal şahidləri dəvət edilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs hüquqları və saxlanılma səbəbi izah edilmişdir. Daha sonra, sonuncudan üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmamasını soruşduqda o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli salfet kağız bükümü çıxardaraq onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlə zərfə qoyularaq tərəflərindən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evə də baxış keçiriləcəyi bildirilmiş və sonuncu etirazının olmaması barədə ərizə yazmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı dolabın ikinci çəkməcəsindən bir ədəd ağ rəngli salfet və bir ədəd gümüşü rəngli kağız bükümləri çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş həmin kütlələr də, zərfə qoyularaq tərəflərindən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun övladıdır, oğlu Vüsalın əvvəllər narkotik vasitə qəbul etməsindən məlumatı olmamış, yalnız 2022-ci ilin yanvar ayının əvvəllərində oğlunun narkotik vasitə qəbul etdiyini öyrənmişdir. 2022-ci ilin yanvar ayının sonlarında yaşadığı ünvanda olarkən evə oğlu Təqsirləndirilən şəxsla birlikdə polis əməkdaşları gəlmiş və ona oğlu narkotik vasitələrin vasitələrin istifadəçisi olduğu üçün yaşadığı ünvana baxış keçiriləcəyi elan edilmişdir. O, həmin vaxt polis əməkdaşlarına şifahi olaraq yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra, polis əməkdaşları tərəfindən yaşadıqları ünvan baxış keçirilmiş və oğlu Vüsal özü yaşadıqları ünvanda yataq otağında saxlamış olduğu özünə məxsus iki ədəd bükülünü çıxarıb polis əməkdaşlarına təhvil vermişdir. Daha sonra, həmin bükülülər polis əməkdaşları tərəfindən zərfdə müvafiq qaydada qablaşdırılmışdır. O, yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələrdən məlumatsız olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-28-ci vərəqələrində olan 22 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli salfet kağızı bükümünü çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31-34-cü vərəqələrində olan 22 yanvar 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı dolabın ikinci çəkməcəsindən bir ədəd ağ rəngli salfet və bir ədəd gümüşü rəngli kağız bükümləri çıxarıb təqdim etmişdir. Baxış keçirilməsi zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 51-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2022-ci il tarixli, 7/58 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən....." yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd ağ rəngli salfet kağızı bükülüdə təmiz çəkisi-0,490 qarm və üzərində "Təqsirləndirilən şəxs evindən..." yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd ağ rəngli salfet kağızı bükülüdə təmiz çəkisi - 11,136 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata ümumilikdə 0,1 qram sərf edildikdən sonra narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi 11,526 qram təşkil etmişdir. Cinayət işinin 50-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 78,82 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 56-57-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2022-ci il tarixli, 6/444 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs evindən..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,066 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respubikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra psixotrop maddə olan metamfetaminin qalıq çəkisi 1,016 qram təşkil etmişdir. Cinayət işinin 55-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 81 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 64-65-ci vərəqələrində olan 24 yanvar 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq çəkisi 11,526 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və qalıq çəkisi 1,016 qram təşkil edən psixotrop maddə olan metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 107-108-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 07 aprel 2022-ci il tarixdə verilmiş 1667 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 mart 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 16-17-ci vərəqələrində olan 22 yanvar 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 83-84-cü vərəqələrində olan 24 yanvar 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 160-167-ci vərəqələrində olan 13 iyun 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmçinin təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 111-112-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Altıağac qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 09 aprel 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, eləcə də işin 150-151-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, himayəsində xx.xx.2013-cü il təvəllüdlü Rəsul və xx.xx.2015-ci il təvəllüdlü Yusif adında iki azyaşlı övladı olan Xızı rayonu, Altıağac qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini və himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halın olmamasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 11,526 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və qalıq çəkisi 1,016 qram təşkil edən psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 159,82 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 11,526 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və qalıq çəkisi 1,016 qram təşkil edən psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 159,82 (yüz əlli doqquz manat səksən iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar