Məhkəmə qərarları › İş №1(068)-31/2023

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-31/2023

25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-31/2023 25.09.2023 XIZI RAYON MƏHKƏMƏSİ X9 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1979-cu il tarixdə Abşeron rayonunun Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, 2023-cü ilin aprel ayında həmin toxumları qəsdən Xızı rayonu Giləzi qəsəbəsində yerləşən evinin həyətyanı sahəsində beş ədəd dibçəkdə qanunsuz olaraq əkib yeddi ədəd çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, 25 may 2023-ci il tarixdə Xızı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında onun razılığı, müdafiəçisinin və özünün iştirakları ilə, videoçəkilişlə həmin tarixdə saat 15:15 dəqiqədən saat 15:31 dəqiqəyədək olan müddət ərzində dibçəklərə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etdiyi tərkibində narkotik maddələr olan hündürlükləri 9 sm-dən 22 sm-dək, 29,812 qram miqdarında yeddi ədəd xeyli miqdarda çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, uzun müddətdir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Təxminən 2023-cü ilin aprel ayının ortalarında yaşadığı qəsəbə ərazisində gəzərkən yerdən qutunun içərisində çətənə bitkilərinin toxumlarını tapmışdır. Həmin toxumları yaşadığı evə götürüb onları dibçəklərdə əkmiş və həmin bitkilərə qulluq göstərərək mütəmadi olaraq sulamağa başlamışdır. Həmin bitkilər böyüdükdən sonra onları qurudub istifadə etməyi fikirləşmişdir. 25 may 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evdə olarkən polis əməkdaşları gəlmiş və həyətyanı sahədə əkdiyi 7 ədəd narkotik tərkibli çətənə bitkilərini aşkar etmişlər. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin və himayəsində 3 yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Xızı rayonu Giləzi qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkməsi, kultivasiya etməsi və yetişdirməsi barədə narkotiklərlə mübarizə qrupuna əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra RPŞnin NMQ-nin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin keçirilməsi, onun Giləzi qəsəbəsində yerləşən həyətində baxış aparılması barədə qərar qəbul etmişdir. Daha sonra əməliyyat-axtarış qrupu yaradılmış və 25 may 2023-cü il tarixdə, günota saatlarında əməliyyat-axtarış qrupunun üzvləri ilə birlikdə Xızı rayonu Giləzi qəsəbəsinə Camilin yaşadığı evə getmişlər. Darvazanı döyüb Camili çağırmış və həyətinə baxış keçiriləcəyini izah etmişlər. Camil həyətinə və evinə baxış keçirilməsinə etiraz etmədiyini demiş və bu barədə ərizə yazmışdır. Bundan sonra həmin yerə vəkil dəvət edilmiş və az sonra mütəxəssis - aqronom Şahid2 da gəlmişdir. Həmin şəxslərin iştirakı ilə Camilin həyətinə baxış keçirmişlər və 5 ədəd dibçəkdə kultivasiya etdiyi 7 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-in İTB-nin polis sahə rəisi Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasında iştirak edən şahid - aqronom mütəxəssis Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Xızı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial İqtisadi İnkişafın təhlili və proqnozu şöbəsinin böyük məsləhətçisi, aqronom-mütəxəssis vəzifəsində işləyir. O, 25 may 2023-cü il tarixdə Xızı rayon polis əməkdaşları tərəfindən Xızı rayonu Giləzi qəsəbəsinə baxış keçirilməsinə dəvət edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətində olan toyuq hininin yanında 5 ədəd dibçəkdə kultivasiya etdiyi 7 ədəd narkotik tərkibli çətənə bitkisini təqdim etmişdir. Bitkilərə aqrotexniki qaydalara uyğun qulluq olunmuş və suvarılmışdır. Həmin bitkilərin həqiqətən çətənə kolları olmasını bioloji ekspertiza tədqiqatının müəyyən edə bilməsi barədə rəy vermişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid - Xızı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Xızı rayonu Giləzi qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkməsi, kultivasiya etməsi və yetişdirməsi barədə 25 may 2023-cü il tarixdə ona məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Camilin şəxsiyyəti barədə məlumatları yoxlayaraq onun xx xxxxxxx 1979-cu ildə Abşeron rayonu Giləzi qəsəbəsində doğulduğunu, həmin qəsəbədə qeydiyyatda olmaqla yaşadığını müəyyən etmişdir. Bundan sonra o, daxil olmuş məlumatı həmin gün raportla Xızı rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Camilin cinayət əməlini ifşa etmək üçün onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Daha sonra o, Camilin barəsində əməliyyat tədbirlərinin keçirilməsi, Camilin Giləzi qəsəbəsində yerləşən həyətinə baxış keçirilməsi barədə qəbul etmişdir. Xızı rayon polis şöbəsinin 25 may 2023-cü il tarixli 3-13-80/Ə155/2023 saylı əmri ilə Xızı rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisləri, polis kapitanı Şahid3, polis leytenantı Şahid4 və təhqiqat qrupunun baş təhqiqatçısı, polis polkovnik-leytenantı X1 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. O, həmin qrupun rəhbəri təyin edilmişdir. Əmrin icrasına nəzarət Xızı rayon polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Məhəmməd Qarayevə həvalə edilmişdir. Saat 14:00 radələrində əməliyyat-axtarış qrupunun digər üzvləri ilə birlikdə Xızı rayonu Giləzi qəsəbəsinə Camilin yaşadığı evə getmişlər. Darvazanı döyüb Camili çağırmışlar. Camil küçəyə çıxmışdır. Baş təhqiqatçı Camilə qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməsi barədə narkotiklərlə mübarizə qrupuna əməliyyat məlumatının daxil olduğunu, onun Giləzi qəsəbəsində yerləşən həyətinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini demiş, həyətinə baxış keçiriləcəyini izah etmiş və onu şübhəli şəxs qismində tutmuşdur. Camil həyətinə və evinə baxış keçirilməsinə etiraz etmədiyini demişdir. Camil fərdi qaydada vəkillik fəaliyyəti ilə məşğul olan X5 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini demişdir. Bundan sonra X11 rayon Giləzi qəsəbəsinə dəvət edilmiş və Camilə təqdim edilmişdir. Az sonra həmin yerə mütəxəssis - aqronom Şahid2 da gəlmişdir. Həmin yerdə onun, Şahid3, Şahid2 və Arif Həbibzadənin iştirakı ilə Camilin həyətinə baxış keçirmişdir. Polis sahə rəisi Şahid4 “Samsung” markalı kamera cihazı vasitəsi ilə video çəkiliş aparmağa başlamışdır. Baş təhqiqatçı Camilə hüquq və vəzifələrini sadalamış, iştirakçılar haqqında məlumat vermiş, evində hər hansı qanunsuz saxladığı əşya və ya predmet varsa təqdim etməsini bildirmişdir. Baxış zamanı Camil həyətində olan toyuq hininin yanında 5 ədəd dibçəkdə kultivasiya etdiyi 7 ədəd narkotik tərkibli çətənə bitkisini təqdim etmişdir. Camil həyətində başqa qanunsuz saxladığı əşya və ya predmet olmadığını bildirmişdir. Camil həyətindən aşkar edilmiş bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, onları şəxsi istifadəsi üçün kultivasiya etdiyini bildirmişdir. Aqronom Şahid2 Camilin həyətindən aşkar edilmiş bitkilərin narkotik tərkibli çətənə bitkilərinə bənzədiyini, spesifik qoxuya malik olduğunu, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini bildirmişdir. Həmin bitkilər kökündən çıxarılaraq yerə sərilmişdir. Baş təhqiqatçı həmin bitkiləri ağ rəngli sintetik torbada qablaşdırmış, möhürləmiş və tərkibinin müəyyən olunması məqsədi ilə ekspertiza tədqiqatına təqdim olunacağını bildirmişdir. Daha sonra baxış keçirilməsi haqqında protokol tərtib edilmiş və iştirakçılara uca səslə oxunmuşdur. O, tərtib edilmiş protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 33-36-cı vərəqələrində olan 25 may 2023-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış keçirilən yer Xızı rayonu Giləzi qəsəbəsində yerləşən evinin həyətyanı torpaq sahəsidir. Baxış zamanı həmin torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən qanunsuz kultivasiya edilən beş ədəd dibçəkdə 7 ədəd çətənə koluna bənzər bitkilər aşkar edilərək götürülmüş və əraziyə baxışın video görüntüləri mobil telefon vasitəsi ilə qeydə alınaraq, protokola əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 38-ci vərəqəsində olan 25 may 2023cü il tarixli aqronom rəyində göstərilmişdir ki, həmin tarixdə Xızı rayonu Giləzi qəsəbə sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsinə onun iştirakı ilə keçirilmiş baxış zamanı aşkar edilmiş 7 ədəd, hündürlükləri 09-22 sm olan, köküstə bitki həqiqətən spesifik qoxuya malik çətənə kollarına bənzəyir. Bitkilərə aqrotexniki qaydalara uyğun qulluq olunmuş və suvarılmışdır. Həmin bitkilərin həqiqətən çətənə kolları olmasını bioloji ekspertiza tədqiqatı müəyyən edə bilər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 49-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 26 may 2023-cü il tarixdə verilmiş 7/777 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Giləzi qəsəbəsində yerləşən evinin həyətyanı sahəsindən aşkar edilmiş....” yazı və imzalar olan torbada ümumi sayı 7 ədəd yaş vəziyyətdə ümumi çəkisi 29,812 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata cəmi 0,35 qram sərf edildikdən sonra çətənə (kannabis) bitkilərinin qalıq çəkisi 29,462 qram təşkil etmişdir. Cinayət işinin 48-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 72 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 124-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 20 iyun 2023-cü il tarixdə verilmiş 3900 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələr qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 80-81-ci vərəqələrində olan Xızı RPŞnin İQ-nun müstəntiqinin 27 may 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 29,462 qram miqdarında 7 ədəd narkotik təbiətli çətənə bitkiləri cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-19-cu vərəqələrində olan 25 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 76-77-ci vərəqələrində olan 27 may 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 122-123-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 iyul 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin 13.10.206-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən 09 ay 24 gün vaxtından əvvəl şərti azad olunmiş və xx.xx.2017-ci il tarixdə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 127-135-ci vərəqələrində olan 17 avqust 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmçinin baxış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 95-96-cı vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 iyun 2023-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, eləcə də işinin 116-118-ci vərəqələrində olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, himayəsində xx.xx.2007-ci il təvəllüdlü Ülkər, xx.xx.2010-cu il təvəllüdlü Gülay və xx.xx.2017-ci il təvəllüdlü Amil adında üç yetkinlik yaşına çatmayan övladı olan Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini xeyli miqdarda əkib onlara aqrotexniki qulluq göstərib yetişdirərək kultivasiya etməklə cinayət törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini və himayəsində 3 yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halın olmamasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdən 27 may 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 29,462 qram təşkil edən 7 ədəd narkotik təbiətli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və baxış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, cəmi 72 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu (həbsdə saxlanıldığı) 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 29,462 qram təşkil edən 7 ədəd narkotik təbiətli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində baxış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 72 (yetmiş iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar