Məhkəmə qərarları › İş №1(068)-32/2024

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-32/2024

18.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-32/2024 18.11.2024 XIZI RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Abşeron rayonu Altıağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, Xızı rayonu Altıağac qəsəbəsində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan 11 aprel 2024-cü il tarixdə, saat 23:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs iradəsi ziddinə sonuncuya məxsus Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən mənzilinə qanunsuz daxil olub mənzil toxunulmazlığını pozmuş, orada şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı fiziki zor tətbiq edib yumruq və təpiklə Zərərçəkmiş şəxs bədən səthinə zərbələr yetirərək ona sol gözünün ağlı qişasına qansızma ilə müşahidə olunan sol gözətrafı yumşaq toxumalarının - sol gözün üst və alt qapaqlarının, sol gözaltı almacıq nahiyəsinin qançır-şişkinliyi, sol yanaq, üst dodaq nahiyələrinin sıyrıqları, sol çiyin qurşağı, sol bazu, sağ said, sağ sarğı, sol diz oynağı nahiyələrinin qançırları kimi xəsarətləri ilə müşayiət olunan, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, özünü Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə deyil, yalnız 128-ci maddəsi ilə təqsirli bilir. Belə ki, o, həmkəndlisi Zərərçəkmiş şəxs evinə həmişə sərbəst girib - çıxmış, həmin evdə çörək yemiş, eləcə də sonuncuya çox kömək etmişdir. O, Zərərçəkmiş şəxs tikinti materialları vermiş, sonuncudan da öz zəhmət haqqının pulunu yox, işlətdiyi materialın pulunu istəmişdir. Bu səbəbdən də, 11 aprel 2024-cü il tarixdə aralarında dava düşmüş, birinci Zərərçəkmiş şəxs onu açarla vurmuş, əli ilə başına toxunarkən qan gəldiyini görmüş, bundan sonra o da, Zərərçəkmiş şəxs şillə və təpik vurmuşdur. Daha sonra Zərərçəkmiş şəxs yerə yıxılmış və ona “get, sabah saat 11-də pulunu çatdıracam, ancaq bir daha sənin ayağın mənim qapıma dəyməsin” demişdir. Bundan sonra evlərinə çıxıb getmiş, səhəri gün isə polis əməkdaşları evlərinə gəlmiş və onu izahatının alınması üçün polis şöbəsinə dəvət etmişlər. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Zərərçəkmiş şəxs ilə 2002-ci ildə “Cənnət Bağı” istirahət mərkəzində tanış olduğunu, Fahimə həmin istirahət mərkəzində xadimə, o isə mühafizəçi işlədiyini, həmin vaxtdan sonuncu ilə münasibətinin yaxşı olduğunu, sonradan Zərərçəkmiş şəxsnın evində təmir abadlıq işləri gördüyünü, söküntü olan evlərdən Fahimə üçün dam örtüyü və taxta alıb sonuncunun həyətində besetka düzəltdiyini, zəhmət haqqı olaraq 300 manata razılaşdıqlarını, Fəhimənin hissəhissə həmin puldan 110 manat verdiyini, 190 manat isə borclu qaldığını, dava olan günü pulunu almaq üçün getdiyini, ondan əvvəlki gün də Zərərçəkmiş şəxs evinə getdiyini, Zərərçəkmiş şəxs şəhərdə olduğundan onu evdə tapa bilmədiyini, hətta sonuncu nəvəsinə ad gününü keçirəndə də, həmin evə getdiyini, siqaret almağa gedəndə qapının açıq olduğunu görüb, içəri keçdiyini, içəri girməməyə görə ona müqavimət göstərmədiyini bildirmişdir. Eyni zamanda, müdafiəçinin suallarına cavab olaraq evə daxil olduqdan sonra salamlaşıb, kurtkasını divanın üstünə qoyduğunu, həmin vaxt Zərərçəkmiş şəxs kartof soyduğunu, hətta soyulmuş kartofu da onun üstünə atdığını, mübahisələrinin belə başladığını, stolun üstündə olan bıçağı götürüb “sənin kimi adamın əti doğranmalıdı” dediyini, bundan sonra isə dava düşdüyünü, birinci Fahimənin onu vurduğunu, sonra isə o, vurduğunu, əvvəllər aralarında dava-dalaş olmadığını, münasibətlərinin həmişə yaxşı olduğunu, pul məsələsinə görə problem yaşadıqlarını, həmin günü qapını sındırıb içəri keçmədiyini göstərmişdir. Həmçinin, sədrlik edənin suallarına cavab olaraq Zərərçəkmiş şəxs evinə 10 ildir öz evi kimi getdiyini, zərərçəkmiş şəxslə isti münasibətlərinin olduğunu, ailəsinin də buna görə dağıldığını qeyd etmişdir. Təqsirləndirilən şəxs son sözündə aliment ödədiyini və uşaqlarının təhsil almasına kömək etdiyini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən ittiham üzrə özünü qismən təqsirli bilsə də, ona elan olunmuş ittiham üzrə təqsirli olması zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, məhkəmə iclasında ifadəsində göstərdi ki, 11 aprel 2024-cü il tarixdə, saat 19:40 radələrində əmisi oğlu İbrahimgilə qonaq getmiş, həmin gün saat 22:50 radələrində İbrahimgildən çıxıb yaşadığı evə qayıtmışdır. Küçə qapısını açıb həyətə daxil olmuş, sonra isə evin qapısını açıb mətbəxə keçmək istəyərkən arxada kiminsə olduğunu görmüş və arxaya dönüb baxanda kimsə üz nahiyəsinə yumruqla zərbə yetirmiş, zərbənin təsirindən yerə yıxılmış və yerdə olan zaman həmin şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Cəlal birinci hamam tərəfdə olan pəncərəni sındırıb, oradan keçmək istəsə də, keçə bilməmiş, bundan sonra evin qabağından balkona keçərək, qapını sındırmış və içəri daxil olmuşdur. Onun təqsirləndirilən şəxsə hər hansı bir pul borcu olmamış, əvvəllər heç vaxt onun evinə gəlib getməmişdir. Sadəcə fəhlələr həyətdə işləyəndə təsadüfən küçədən keçəndə onlarla söhbət etmişdir. Təqsirləndirilən şəxs qızının əri ilə arası yaxşı olmuş, yeznəsi onlara gələndə oturub söhbət etmişlər. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxsla aralarında heç bir münasibət olmadığını, sonuncu onun evində usta işləri görmədiyini, borcunun da olmadığını, təqsirləndirilən şəxsin həmin gün onun evinə niyə gəldiyini bilmədiyini, hamamın pəncərəsini sınıdırıb, sonra da qapını sındırıb içəri keçdiyini, aralarında heç bir söhbət olmamış Cəlal onu vurduğunu və sərxoş vəziyyətdə olduğunu bildirmişdir. Eyni zamanda, müdafiəçinin suallarına cavab olaraq hadisə vaxtı zərbədən ağlı başından getdiyini, qulağının eşitmədiyini, sonradan arxadan saçını tutub divara vurduğunu, saat təxminən gecə dördə işləmiş əmisi oğluna zəng etdiyini, dava vaxtı açarla Cəlalın başına vurduğunu göstərmişdir. Həmçinin, sədrlik edənin suallarına cavab olaraq Cəlal bıçağı götürmək istəyəndə qıfılı onun başına vurduğunu, onunla heç bir əlaqəsi olmadığını, Cəlalın anasından da yaşda böyük olduğunu və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu göstərmişdir. Məhkəmə iclasında iştirak edən Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, əmisi qızı Zərərçəkmiş şəxs Xızı rayonu Altıağac qəsəbəsində qonşuluqda yaşayır. Zərərçəkmiş şəxs 11 aprel 2024-cü il tarixdə təxminən saat 20:00 radələrində onlara gəlmiş, təxminən 22:50 radələrində evlərinə getmək üçün onlardan çıxmışdır. Saat təxminən 03:00 radələrində Zərərçəkmiş şəxs ona zəng edib evlərinə çağırmış, evə daxil olda Fahimənin sol gözünün altının qaraldığını görmüşdür. Ondan nə olduğunu soruşduqda qonşusu Təqsirləndirilən şəxs onu döydüyünü bildirmişdir. Cəlalın hansı səbəbdən onu döydüyünü soruşduqda Fahimə ona Cəlalın içkili olduğu üçün heç bir səbəb olmadan, yəni ona heç bir söz demədən onu döydüyünü, əlinə düşən qıfılı Təqsirləndirilən şəxs başına vurduqdan sonra sonra qaçıb getdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Xızı rayonu Altıağac qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. Hər ikisi ilə münasibətləri normal olmuş, aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında olan hadisəni kənd əhalisindən eşitmişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Altıağac qəsəbəsinin sakinləri kimi tanıyır, hər ikisi ilə münasibətləri normaldır, aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. Hadisədən sonra qəsəbə camaatından eşitmişdir ki, Təqsirləndirilən şəxs içkili vəziyyətdə Fəhimə Bagiyevanın evinə daxil olub onu döymüşdür. Əvvəllər usta Adil Musayevlə birlikdə Zərərçəkmiş şəxs evində təmir işləri görmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 21-ci vərəqəsində olan 12 aprel 2024-cü il tarixli, 92 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 101-ci vərəqəsində olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1, Mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastrı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Xızı rayonu Altıağac qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən fərdi yaşayış evi Zərərçəkmiş şəxs adına 570A nömrəli reyestr kitabında qeydə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 174-175-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 xx.xx.2024-cü il tarixli, 08 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət - sol gözünün ağlı qişasına qansızma ilə müşahidə olunan sol gözətrafı yumşaq toxumalarının - sol gözün üst və alt qapaqlarının, sol gözaltı almacıq nahiyəsinin qançır-şişkinliyi, sol yanaq, üst dodaq nahiyələrinin sıyrıqları, sol çiyin qurşağı, sol bazu, sağ said, sağ sarğı, sol diz oynağı nahiyələrinin qançırları küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şaraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 176-177-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 xx.xx.2024-cü il tarixli, 09 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət - başın təpə nahiyəsinin səthi əzilmiş yarası bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şaraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilmələri mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin xarakterini və ekspertizaya təqdim edilmiş maddi sübut olan qıfılın konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, qeyd olunan xəsarət ekspertizaya təqdim olunmuş qıfılın və ona oxşar bərk küt əşyanın təsirindən əmələ gələ bilərdi. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 194-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-3/650 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd predmet (Zərərçəkmiş şəxs evindən götürülmüş çapacaq) zavod üsulu ilə istehsal edilmiş, kəsici-çapıcı xassəyə malik təsərrüfat-məişət təyinatlı çapacaqdır, soyuq silah hesab edilmir. Cinayət işinin İ cildinin 193-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 64 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 3-4-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-6/2776 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və bir ədəd yataq örtüyünün səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərində aşkar edilmiş qırmızı və sarı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə tədqiqata təqdim edilmiş bir ədəd yataq örtüyünün (üzlük, mələfə) tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur.Tədqiqata təqdim edilmiş bir ədəd yataq örtüyünün (üzlük, mələfə) üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və həmçinin Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Cinayət işinin İİ cildinin 2-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 89 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 10-12-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-3/846 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “zərərçəkmiş şəxsin hadisə zamanı əynində olmuş...” yazıları olan bağlamadan aşkar edilmiş jiletin, maykanın, şalvarın, alt tumanın, üzərində “təqsirləndirilən şəxsin hadisə zamanı...” yazıları olan bağlamadan aşkar edilmiş şalvarın səthində rəyi tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş üzərində “zərərçəkmiş şəxsin hadisə zamanı əynində olmuş...” yazıları olan bağlamadan aşkar edilmiş jiletin səthində olan zədələr (jiletin sağ cibində 60 mm, sol cibində isə 150X 130 mm ölçüdə), maykanın (maykanın sol qolluq dairə tikişi üzərində bir ədəd 45 mm uzunluğunda), şalvarın (belin arxa hissəsinin iç səthində 120 mm uzunluğunda), alt tumanın (sol hissəsində bel tikişindən 10 mm aşağıda 70 mm uzunluğunda) hər birinin səthində olan bir ədəd zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədəsidir. Təqdim edilmiş “təqsirləndirilən şəxsin hadisə zamanı...” yazıları olan bağlamadan aşkar edilmiş şalvarın səthində olan zədə (şalvarın arxa səthində bel tikişdən 270 mm aşağı, sol yan tikişdən 210 mm sağda bir ədəd 19 mm uzunluqda) isə bərk predmetə ilişmə nəticəsində yaranmağa xarakterik ilişib cırılma zədəsidir. Xüsusi ədəbiyyatlarda yuxarıda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından bu zədələrin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyil. Tədqiqata təqdim edilən ədyalın və digər geyim əşyalarının üzərində trasoloji zədə yoxdur. Cinayət işinin İİ cildinin 9-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 64 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 34-35-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3/1068 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qapı dəstəyinin və qapının çərçivəsində olan plankanın üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik zədələr vardır. Həmin qapı dəstəyinin və qapının çərçivəsində olan plankanın üzərində olan zədələri bərk predmetlə və fiziki qüvvə tətbiq etməklə yaranması mümkündür. Belə predmetə ümumi əlamətlərinə əsasən təqdim edilən dəmir parçası da aiddir. Tədqiqata təqdim edilən qapı dəstəyinin və qapının çərçivəsində olan plankanın üzərində olan iz və zədələr ümumi əlamətlərinə əsasən içəridən çölə yetirilməyə xarakterikdir. Cinayət işinin İİ cildinin 33-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 239-241-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 xx.xx.2024-cü il tarixli, 1050 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona itiiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nın 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs kobudluq, eqosentrizm, emosianallıq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərinin mahiyyətini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 29-31-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 xx.xx.2024-cü il tarixli, 2015 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs əvvəllər xroniki psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Zərərçəkmiş şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Zərərçəkmiş şəxs hadisə şəraitini nəzərə alaraq iş üçün əhəmiyyətli halları düzgün qavraya bilmək və qərarın təsviri hissəsində ayrı-ayrı vaxtlarda vermiş olduğu müxtəlif məzmunlu ifadələrində ona qarşı edilən cinayət xarakterli hərəkətlərin mahiyyətini dərk etmək iqtidarındadır. Zərərçəkmiş şəxs ünsiyyətçilik, situativlik, adaptivlik kimi fərdipsixoloji xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa patoloji meyillilik aşkar olunmadı. Lakin fərdipsixoloji xüsusiyyətlərinə görə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Zərərçəkmiş şəxs əqli-intellektual imkanlarına görə onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs psixi yaş və fərdi psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq hadisə zamanı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs əqli-intellektual imkanları normaya uyğundur. Zərərçəkmiş şəxs əqli-intellektual imkanlarına, psixoloji vəziyyətinə görə qərarın təsviri hissəsində göstərilən hadisə zamanı yaranmış şəraitin mahiyyətini dərk etmək və davranışının mümkün nəticələrini görmək qabiliyyətinə malik olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 83-84-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 aprel 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 33-cü vərəqəsində olan 13 aprel 2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 79-80-ci vərəqələrində olan 15 aprel 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 243-244-cu vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Altıağac qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 iyun 2024-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Altıağac qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 55-75-ci vərəqələrində olan 07 sentyabr 2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 128 və 157.1-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əvvəllər də həmkəndlisi Zərərçəkmiş şəxs evinə getdiyi üçün özünü Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməməsi özünü müdafiə kimi qiymətləndirilərək rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində CM-nin 157.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş, həmin hissədə materiallar ayrılaraq rayon prokurorluğunun dəftərxanasında saxlanılmış, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş, həmin hissədə materiallar ayrılaraq rayon prokurorluğunun dəftərxanasında saxlanılmış, Təqsirləndirilən şəxs əməlində zorlama və talama cinayətlərinin əlaməti olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmiş, həmin hissədə materiallar ayrılaraq rayon prokurorluğunun dəftərxanasında saxlanılmış, Təqsirləndirilən şəxs əməlində özbaşınalıq cinayətinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş, həmin hissədə materiallar ayrılaraq rayon prokurorluğunun dəftərxanasında saxlanılmış, Təqsirləndirilən şəxs əməlində öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayətinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş, həmin hissədə materiallar ayrılaraq rayon prokurorluğunun dəftərxanasında saxlanılmış, Təqsirləndirilən şəxs bədən səthində dərəcəsi təyin edilməyən xəsarətlərin yetirilməsi xüsusatı üzrə Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş, həmin hissədə materiallar ayrılaraq rayon prokurorluğunun dəftərxanasında saxlanılmış, Təqsirləndirilən şəxs əməlində özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə cinayətinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş, həmin hissədə sonuncunun əməlində İXM-nin 232-1-ci maddəsinə əsasən qiymət verilməsi üçün material ayrılaraq Xızı RPŞ-nın İTB-yə göndərilmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zor tətbiq etməklə onunla cinsi əlaqədə olması və daha sonra 200 manat məbləğində pulunu götürməsi barədə ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş, habelə cinayət işi üzrə Zərərçəkmiş şəxs götürülmüş - bir ədəd jilet, bir ədəd jaket, bir ədəd ətək, bir ədəd şalvar, bir ədəd mayka, bir ədəd trusik, bir ədəd yataq örtüyü (üzlük, mələfə), bir ədəd qıfıl, bir ədəd çapacaq, bir ədəd dəmir parçası, iki ədəd qapı tutacağı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd jilet, bir ədəd jaket, bir ədəd şalvar, bir ədəd mayka, bir ədəd trusik qızına qaytarılmış, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk, telefon məlumatlarının əks olunduğu 2 ədəd disk sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 157.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd edilən ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə deyil, yalnız 128-ci maddəsi ilə təqsirli bilməsi yalnız cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Azərbaycan Respublikası Konstitusiaysının 33-cü maddəsində və Mənzil Məcəlləsinin 5-ci maddəsində göstərilmişdir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinə əsasən, “Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir”. Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 17-ci maddəsində isə qeyd edilir: “Heç kimin şəxsi və ailə həyatına özbaşınalıqla və yaxud qeyri-qanuni müdaxilə, onun evinin toxunulmazlığına və məktublaşmalarının gizliliyinə özbaşınalıqla və ya qeyri-qanuni qəsd və ya onun ləyaqəti və nüfuzuna qeyri-qanuni qəsd edilə bilməz”. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 17-ci maddəsinə əsasən, CPM-də nəzərdə tutulmuş hallardan başqa, heç kəs yaşayış yerində yaşayanların iradəsi ziddinə yaşayış yerinə daxil ola bilməz. CPM-də nəzərdə tutulmuş hallarda və qaydada yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, orada axtarış və mülkiyyət hüququnu məhdudlaşdıran digər istintaq və prosessual hərəkətlər, bir qayda olaraq, məhkəmənin qərarı əsasında məcburi həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 7.0.34-cü maddəsində yaşayış yerinin anlayışı verilir. Belə ki, yaşayış yeri - bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutası və ya uzaq səfərdə olan qatarın kupesidir (bunlardan əlavə bu Məcəllənin məqsədləri üçün yaşayış yeri anlayışı fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili, çay və dəniz gəmisini əhatə edir). Azərbaycan dilinin izahlı lüğətinə görə mənzil yaşayış evinin adətən bir neçə otaqdan, mətbəxdən və s.-dən ibarət olan hissəsi, ümumiyyətlə, ev, birinin yaşadığı yer, otaq, məskəndir. Şəxsin mənzil toxunulmazlığı qanunla qorunur və Azərbaycan Respublikası CM-nin 157-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma cinayət məsuliyyətinə səbəb olur. Həmin cinayətin obyektiv cəhəti qanunsuz olaraq mənzilə daxilolma təşkil edir. Mənzilə qanunsuz daxil olma isə iki formada, ya yaşayanların iradəsi ziddinə və ya hüquqi əsaslar olmadan istənilən üsulla daxil olmanı özündə ehtiva edir. Mənzilə orada yaşayanların iradəsi ziddinə daxil olma zamanı qanuni əsasların olmaması obyektiv cəhətin zəruri əlaməti hesab edilir. Mənzil toxunulmazlığını pozma cinayəti formal tərkibli cinayətdir. Şəxsin qanunsuz olaraq mənzilə daxil olduğu andan cinayət başa çatmış sayılır. Bu cür tərkibdə məsuliyyətin həlli zamanı hərəkət, yəni mənzilə qanunsuz daxil olma əsas rol oynayır və nəticə tərkibdən kənarda qaldığı üçün əməlin bitməsi üçün nəticə zəruri element sayılmır. Mənzil toxunulmazlığının pozulması cinayəti subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Cinayətin subyektiv cəhəti subyektin cinayətin obyektiv əlamətlərinə olan psixi münasibətidir. Mənzil toxunulmazlığını pozan şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görür və bunları arzu edir və nəticədə cinayəti birbaşa qəsdlə törədir. Təhlil olunan cinayət əməlinin törədilmə motivləri müxtəlif ola bilər Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs 11 aprel 2024-cü il tarixdə, saat 23:00 radələrində alkoqol sərxoşluğu vəziyyətində həmkəndlisi Zərərçəkmiş şəxs Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən mənzilinə iradəsinə zidd daxil olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özü də həmin tarixdə Zərərçəkmiş şəxs mənzilinə sonuncunun dəvəti və razılığı olmadan daxil olduğunu etiraf etmiş, lakin Fahimə Bağıyeva ilə münasibətlərinin yaxşı olduğunu, əvvəllər onun evinə getdiyini əsas gətirərək həmin evə daxil olmağa “hüququ” olduğunu hesab edərək özünü CM-nin 157.1-ci maddəsi ilə təqsirli bilməmişdir. Lakin mənzilin mülkiyyətçisi Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, Təqsirləndirilən şəxs 11 aprel 2024-cü il tarixdə, saat 23:00 radələrində mənzilinə dəvət etməmiş, həmçinin sonuncunun mənzilinə daxil olmasına icazə verməmişdir. Təqsirləndirilən şəxs əvvəllər Zərərçəkmiş şəxs mənzilinə sonuncunun icazə ilə getmiş olsa belə, bu fakt Təqsirləndirilən şəxs 11 aprel 2024-cü il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs iradəsinə zidd mənzilinə daxil olması faktının cinayət olduğunu aradan qaldırmır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128 və 157.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətini, həyat şəraitini, həmçinin barəsində yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın, Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 13 aprel 2024-cü il tarixdən 15 aprel 2024-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni 18 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 282 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, həmçinin Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk, telefon məlumatlarının əks olunduğu 2 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə qazancından hər ay dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 08 (səkkiz) ay müddətinə islah işləri cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən 08 (səkkiz) ay müddətinə islah işləri cəzasının dörd günü, azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 07 (yeddi) ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 aprel 2024-cü il tarixdən 15 aprel 2024-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 18 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 282 (iki yüz səksən iki) manat ekspertiza xərci tutulub, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk, telefon məlumatlarının əks olunduğu 2 ədəd DVD disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar