Məhkəmə qərarları › İş №1(068)-34/2024

Xızı Rayon Məhkəməsi Qərar — İş №1(068)-34/2024

02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 1(068)-34/2024 02.12.2024 XIZI RAYON MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1979-cu ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də sosial işçi işləyən, üzərində məhkumluğu olmayan, Xızı rayonu, Xızı şəhəri, X14 küçəsi, ev 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdə, saat 20:00 radələrində övladları X5 və X3 ilə birlikdə sonuncunun idarə etdiyi “Khazar” markalı, üzərində dövlət qeydiyyat nişanı olmayan avtomobillə Xızı şəhəri istiqamətində Giləzi-Xızı avtomobil yolu ilə hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən “Mercedes-Benz” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 uzaqvuran işıqlardan istifadə etdiyi üçün Cahangir İsayevin avtomobildən əl ilə işarə etməsi səbəbindən hər iki avtomobilin Xızı rayonu Tıxlı kəndi ərazisindən keçən Giləzi-Xızı avtomobil yolunun 27-ci kilometrliyində saxlayıb “Mercedes-Benz” markalı avtomobilin sürücüsü Şahid3 və həmin avtomobildə sərnişin olmuş Zərərçəkmiş şəxs övladları Cahangir İsayev və Kənan İsayevlə dalaşmasını görüb qisas almaq məqsədilə qəsdən Zərərçəkmiş şəxs baş və üz nahiyəsindən yumruqla bir neçə dəfə zərbə vuraraq sonuncuya həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sol almacıq-əng sümüyünün yerdəyişən sınıqları ilə müşayiət olunan sol gözün üst və alt göz qapaqlarının, sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi, başın ənsə nahiyəsinin əzilmiş yarası, boyun nahiyəsinin sıyrıqları və qançırından ibarət xəsarətlər yetirib qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərdi ki, 16 sentyabr 2023-cü il tarixdə, saat 20:00 radələrində Xızı rayonu Tıxlı kəndi ərazisindən keçən Giləzi-Xızı avtomobil yolunda Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış və həmin vaxt o, yumruq zərbəsi ilə sonuncunu vurmuşdur. Hazırda əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasının məhkəmə tərəfindən nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 16 sentyabr 2023-cü il tarixdə, saat 20:00 radələrində Xızı rayonu Tıxlı kəndi ərazisindən keçən Giləzi-Xızı avtomobil yolunda Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmış və həmin vaxt sonuncu ona xəsarət yetirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 16 sentyabr 2023-cü ildə, saat 11:00 radələrində arvadı Aytən, azyaşlı oğlanları Niyət və Rüzgar, həmçinin qaynı Vüqarla birlikdə idarə etdiyi “Mercedes Benz C180” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt və Xırdalan şəhərlərinə getmişlər. Onlar işlərini bitirdikdən sonra Fındığan kəndinə yaşadıqları evə qayıtmaq qərarına gəlmişlər. Həmin gün saat 19:00 radələrində o, idarə etdiyi avtomobillə ailə üzvləri və qaynı Vüqarla birlikdə Sumqayıt şəhərindən çıxıb Xızı rayonu istiqamətində yola düşmüşlər. Saat 20 radələrində sutkanın qaranlıq vaxtı o, idarə etdiyi avtomobillə Giləzi-Xızı avtomobil yolu ilə Xızı şəhəri istiqamətində hərəkətdə olarkən Xızı rayonu Tıxlı kəndi ərazisinə çatmağa az məsafə qalmış qabaq tərəfdə “Khazar” markalı avtomobilin hərəkət etdiyini görmüşdür. Həmin avtomobilin dövlət qeydiyyat nişanı yerində olmamışdır. Həmin avtomobil yolun ortası ilə hərəkət etdiyi üçün o, avtomobili ötüb keçməkdə çətinlik çəkmişdir. O, “Khazar” markalı avtomobili ötüb keçərkən avtomobili idarə edən, əvvəllər tanıdığı Cahangir adlı şəxs əli ilə ona işarə edərək avtomobilini dayandırmağını bildirmişdir. O, idarə etdiyi avtomobillə yoxuşu qalxdıqdan sonra Tıxlı kəndinə gedən yolun yaxınlığında avtomobilini dayandırmışdır. Cahangir avtomobilini onun avtomobilinə paralel olaraq dayandırmışdır. O, avtomobilindən düşüb Cahangirə yaxınlaşmış, sonuncudan nə səbəbə avtomobili dayandırmaq üçün ona işarə verdiyini soruşmuşdur. Cahangir uca səslə ona qışqırıb nə səbəbə avtomobilinin uzaqvuran işıqlardan istifadə etdiyini soruşmuşdur. O, Cahangirə yalan danışdığını, avtomobilinin uzaqvuran işıqlarından istifadə etmədiyini demişdir. Bundan sonra avtomobildə olan Cahangirin qardaşı Kənan, atası Şakir və İlqar adlı şəxs də avtomobildən düşmüşlər. Şakir ona qarşı nalayiq sözlər demişdir. O, Şakirə söyüş söyməməsini, avtomobilində ailəuşağının olduğunu demişdir. Həmin vaxt Cahangir və Kənan onun üzərinə hücum etmişlər. Cahangir onun boğazından tutub onu boğmuş, Kənan isə belindən tutmuş, sonra Cahangir və Kənan əlləri ilə ona yumruq zərbələri vurmuşlar. Kənan və Cahangir birləşib onu yerə yıxmağa çalışmışlar. O, əlləri ilə Cahangirin yaxasından tutub həmin şəxslərin onu yerə yıxmasına mane olmuş və özünü müdafiə etmişdir. Bundan sonra qaynı Vüqar avtomobildən düşərək onun yanına gəlmişdir. Vüqar kömək edib onu Kənan və Cahangirin əlindən almağa çalışmış, Vüqar əlləri ilə Kənanı geriyə itələmişdir. Həmin vaxt Şakir arxa tərəfdən Vüqara yaxınlaşmış, Vüqar Şakirə tərəf dönən zaman sonuncu əlləri ilə Vüqarın baş və üz nahiyəsinə güclü yumruq zərbələri vurmuşdur. Vüqar üz nahiyəsindən xəsarət almış və sonuncunun həmin nahiyəsindən qan axmışdır. Vüqar qışqırıb yerə yıxılmışdır. Şakir bir neçə dəfə də yumruqla Vüqarı vurmuş, sonra kənara çəkilmişdir. Hadisə yerinə İsmixan adlı şəxs gəlmiş və Şakir İsmixandan su istəmişdir. İsmixan butulkada Şakirə su vermiş, İlqar da həmin suyu Şakirdən alıb Vüqarın üzünün qanını yumuşdur. Daha sonra su butulkasını Şakir İlqardan alaraq üzərində olan qan ləkələrini təmizləmişdir. Bundan sonra Cahangir avtomobilini idarə edərək ailə üzvləri ilə oradan getmişlər. Vüqar xəsarət alıb yerdə qalmışdır. O, mobil telefonla X11 xidmətinə zəng edərək olduqları yerə həkim çağırmışdır. Təxminən 10 dəqiqədən sonra X11 avtomobili gələrək Vüqara tibbi yardım göstərmişdir. O, qardaşı Salehi hadisə yerinə çağırıb arvadı və uşaqlarını Salehlə Fındığan kəndinə yola salmışıdr. X11 avtomobili Vüqarı Sumqayıt şəhər X11 Stansiyasına aparmışdır. O, da Vüqarla birlikdə getmişdir. Həkimlər Vüqara tibbi yardım göstərmiş, sonra sonuncu Bakı şəhərində yerləşən X7 aparılmışdır. Kənan və Cahangirin onu döyməsi nəticəsində o, boyun və bel nahiyələrindən sıyırılmış xəsarətlər almışdır. Onun xəsarəti ciddi olmadığı üçün o, həkimə müraciət etməmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 16 sentyabr 2023-cü ildə, saat 11:00 radələrində azyaşlı oğlanları Niyət və Rüzgar, qardaşı Zərərçəkmiş şəxsla birlikdə əri Şahid3 idarə etdiyi “Mercedes Benz” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Fındığan kəndindən çıxmış Sumqayıt şəhərinə getmişlər. Onlar işlərini görüb qurtardıqdan sonra saat 19 radələrində Xızı rayonu istiqamətində geri qayıtmışlar. Saat 20:00 radələrində əri Əbdül idarə etdiyi avtomobillə Xızı rayonu Tıxlı kəndi ərazisində yerləşən sərt yoxuşu qalxarkən qabaq tərəfdə dövlət qeydiyyat nişanlı ağ rəngli bir minik avtomobili hərəkət etmişdir. Əri Əbdül idarə etdiyi avtomobillə qabaq tərəfdə hərəkət edən avtomobili sol tərəfdən ötüb keçmişdir. Avtomobili idarə edən şəxs əlini şüşədən çölə çıxarıb Əbdülə avtomobili dayandırması barədə işarə etmişdir. Əbdül yoxuşu qalxdıqdan sonra Tıxlı kəndinə gedən yolun yaxınlığında avtomobilini dayandırmışdır. Əbdül avtomobildən aşağı düşmüşdür. Arxa tərəfdən gələn avtomobilin sürücüsü avtomobilini Əbdülün avtomobilinin yaxınlığında dayandırmış və aşağı düşmüşdür. Sonradan adı ona məlum olmuş Cahangir adlı şəxs Əbdülə qışqırıb nə səbəbə avtomobilin uzaqvuran işıqlardan istifadə etdiyini demişdir. Əbdül avtomobilin uzaqvuran işıqlardan istifadə etmədiyini demişdir. Bundan sonra avtomobildən sonradan adlarını bildiyi Cahangirin qardaşı Kənan, atası Şakir və tanışları İlqar adlı şəxs düşmüşlər. Qardaşı Vüqar da avtomobildən düşmüşdür. Sonra onlar avtomobildən bir qədər aralaşmışlar. Həmin vaxt ətraf qaranlıq olmuş, bu səbəbdən o nə baş verdiyini görməmişdir. O, avtomobildə qalmış, aşağı düşməmiş və uşaqlarının da avtomobildən düşməsini qoymamışdır. Bir neçə dəqiqə sonra İlqar adlı şəxs ondan salfet kağızı istəmişdir. O, İlqara salfet kağızı vermişdir. Sonra hadisə yerinə bir avtomobil gəlmişdir. Daha sonra Cahangir avtomobilini idarə edərək ailə üzvləri ilə birlikdə hadisə yerindən getmişlər. Həmin vaxt o, Əbdül və Vüqarın döyüldüyünü bilmişdir. Əbdül X11 xidmətinə zəng edərək olduqları yerə həkim çağırmışdır. Təxminən 10 dəqiqə sonra X11 avtomobili hadisə yerinə gəlmişdir. Həkimlər Vüqara ilkin tibbi yardım göstərmişlər. X11 avtomobili Vüqarı Sumqayıt şəhər xəstəxanasına aparmış, Əbdül də Vüqarla birlikdə getmişdir. Bundan sonra qaynı Saleh avtomobillə olduqları yerə gələrək onları Fındığan kəndinə yaşadıqları evə aparmışlar. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 16 sentyabr 2023-cü il tarixdə, saat 16:00 radələrində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs oğlu Cahangir kafeyə gələrək avtomobili ilə Xırdalan şəhərinə gedəcəyini demişdir. O, Cahangirə kafeyə pivə alacağını demiş və avtomobili ilə onu da Xırdalan şəhərinə aparmasını xahiş etmişdir. Cahangir heç bir etiraz etməyərək avtomobili ilə onu da aparacağını demişdir. Təxminən 30 dəqiqə sonra Cahangirin atası Şakir və qardaşı Kənan da gəlmiş və onlar Cahangirin idarə etdiyi “Khazar” markalı avtomobillə Xırdalan şəhərinə getmişlər. Onlar işlərini qurtardıqdan sonra həmin gün saat 19:00 radələrində Xırdalan şəhərindən çıxıb Xızı şəhərinə yola düşmüşlər.O, avtomobilin arxa oturacağında əyləşmişdir. Cahangir idarə etdiyi avtomobillə Xızı rayonu Tıxlı bağları ərazisində yerləşən yoxuşlu yolu qalxarkən arxa tərəfdən bir avtomobil gəlmişdir. Həmin avtomobilin sürücüsü uzaqvuran işıqlardan istifadə etdiyi üçün Cahangir işığın gözünə düşdüyünü və yolu görmədiyini demişdir. Bundan sonra həmin avtomobil Cahangirin avtomobilinə yaxınlaşmış və sol tərəfdən ötmə əməliyyatı etməyə başlamışdır. Cahangir avtomobildən çölə çıxarmış əli ilə işarə edərək ötmə əməliyyatını tez icra etməsini bildirmişdir. Cahangirin avtomobilini keçərkən, o, avtomobilin “Mercedes Benz” markalı olduğunu görmüşdür. O, Tıxlı kəndinə gedən yola çatarkən “Mercedes Benz” markalı avtomobilin dayandığını və qəza-dayanma işığının qoşulduğunu görmüşdür. Cahangir idarə etdiyi avtomobili həmin avtomobilin arxasında dayandırıb aşağı düşmüşdür. O, “Mercedes Benz” markalı avtomobildən Şahid3 düşüb Cahangirə yaxınlaşdığını görmüşdür. Avtomobilin salonunda musiqi səsi olduğundan Cahangir və Əbdülün bir-birinə nə dediyini eşitməmişdir. Həmin vaxt Kənan atası Şakirə Əbdül və Cahangirin dalaşdığını deyib avtomobildən düşmüşdür. Lakin sutkanın qaranlıq vaxtı olduğu və avtomobilin arxa oturacağında əyləşdiyi üçün o, davanı görməmişdir. Sonra Əbdülün idarə etdiyi avtomobildən adını sonradan bildiyi Vüqar adlı şəxs düşmüşdür. Vüqar Əbdül, Cahangir və Kənana yaxınlaşmışlar. O və Şakir də avtomobildən düşmüşlər. O, Kənan və Cahangirin yanına getmiş, bir neçə saniyə sonra o, Vüqarın əlləri ilə başını tutub yerdə oturduğunu görmüşdür. O, Vüqarın qolundan tutub sonucunu avtomobilin qabarit işıqlarının qarşısına gətirmiş, həmin vaxt Vüqarın üz nahiyəsindən qan axdığını və halının yaxşı olmadığını görmüşdür. O, avtomobildə olan qadından avtomobildə və ya üzərində salfet kağızı olub-olmamasını soruşmuşdur. Həmin qadın avtomobildən salfet kağızı götürüb ona verdmişdir. O, salfet kağızı ilə Vüqarın üz nahiyəsində olan qanı silmişdir. Bundan sonra hadisə yerinə sonradan İsmixan adlı şəxs idarə etdiyi avtomobillə gəlmişdir. Şakir İsmixandan butulkada su alaraq ona vermişdir. O, su ilə Vüqarın əl-üzünü yumuşdur. X9 avtomobilinə əyləşdirmək qərarına gəlmişlər. X12 başından xəsarət aldığını, onu tərpətməməklərini, X11 avtomobilinin gələcəyini demişdir. Əbdül polisə şikayət edəcəyini bildirmişdir. Şakir Əbdülə polisə məlumat verməməsini, Vüqarın bütün müalicə xərclərini ödəyəcəyini demişdir. Əbdül razılaşmamış və Şakirlə kobud formada danışıb oğlunun avtomobili qeydiyyat nişanı olmadan idarə etdiyini bildirmişdir. Şakir Əbdülə “maşın şəhidin maşınıdır, sənin oğlun şəhid olsun, sən də sür” dedi. Bundan sonra onlar Cahangirin avtomobilinə əyləşərək oradan getmişlər. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 16 sentyabr 2023-cü il tarixdə, saat 20:00 radələrində iş yerində olmuşdur. Həmin vaxt olduğu yerdən təxminən 250 metr aralıda Tıxlı kəndinin giriş hissəsində səs eşitmişdir. Yol nəqliyyat hadisəsi ola biləcəyini ehtimal edib nə baş verdiyini bilmək üçün idarə etdiyi “Mitsubishi Pajero io” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə getmişdir. O, yolun kənarında “Mercedes Benz” markalı və “Khazar” markalı avtomobilin dayandığını görmüşdür. Avtombillərə tərəf yaxınlaşanda orada Təqsirləndirilən şəxs, onun iki oğlunu, “Üç qardaş” kafesini işlədən Şahid2 və Zərərçəkmiş şəxs və onun qohumu Şahid3 görmüşdür. Orada adını bilmədiyi 1 qadın və iki uşaq da olmuşdur. Əvvəlcə salamlaşıb Təqsirləndirilən şəxs yaxınlaşıb nə baş verdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs “Mercedes Benz” markalı avtomobildə olan şəxslərlə aralarında mübahisə olduğunu demiş və ondan su istəmişdir. O, avtomobilinin baqajından iki litrlik butulkada olan suyu Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs “Mercedes Benz” markalı avtomobilin ön sərnişin hissəsində əyləşmişdir. Vüqar xəsarət almış, Şakir suyu Vüqarın üzünü yumaq üçün Şahid2 vermişdir. Şahid2 Vüqarın üzünə su vurmuşdur. O, həmin şəxslərin aralarında olan məsələyə qarışmamaq üçün onlarla sağollaşıb oradan uzaqlaşmışdır. Nə Təqsirləndirilən şəxs, nə Zərərçəkmiş şəxs, nə də digərlərindən hadisənin necə baş verdiyi, Zərərçəkmiş şəxs kimin vurduğu barədə soruşmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 30-31-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X2» X10 canlı şəxsin məhkəmə-tibbi ekspertizası haqqında 19 sentyabr 2023-cü il tarixli, 22 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol almacıq-əng sümüyünün yerdəyişən sınıqları ilə müşayiət olunan sol gözün üst və alt göz qapaqlarının, sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi, başın ənsə nahiyəsinin əzilmiş yarası, boyun nahiyəsinin sıyrıqları, qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və s) təsirindən əmələ gəlmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər vaxt keçdikcə öz gedişləri boyu kobud çapıqlar, deformasiya, mimika və çeynəmə pozğunluğu və s. əmələ gətirmədiyindən sifətin silinməz dərəcədə eybəcərləşdirilməsinə aid xəsarətlərə aid deyildirlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 100-101-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 171-172-ci vərəqələrində olan 29 dekabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 83-cü vərəqəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 005139 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs şəhid ailəsi üzvüdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 240-241-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Xızı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 02 aprel 2024-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Xızı şəhəri, X14 küçəsi, ev 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 9-25-ci vərəqələrində olan 23 sentyabr 2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələrindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə tövsif edilmiş və ibtidai istintaq həmin maddə ilə davam etdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən ona həmin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan olunmuş və barəsində 29 dekabr 2023-cü il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmış, həmçinin Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə göstərdikləri özünü müdafiə kimi qiymtləndirilərək rədd edilmiş, əməlində Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsinin tərkib əlamətləri olmadığından Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, X3 və X4 əməllərində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən onların barələrində cinayət təqibinə xitam verilmiş, habelə X4 barəsində 26 dekabr 2023-cü il tarixli qərarla seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmış, X1 barəsində 29 dekabr 2023-cü il tarixli qərarla seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmış, X3 və X5 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətdən müddət keçməsi əsası ilə azad edilmiş, Şahid3 cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmiş, əməllərində hər hansı bir cinayət əməlinin tərkibi olmadığından Şahid3 və Zərərçəkmiş şəxs barələrində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 02 dekabr 2024-cü il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur, məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs 02 dekabr 2024-cü il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ifadələrini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs şəhid ailəsi üzvü olmaqla, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, əməlində ağırlaşdırıcı halların müəyyən edilməməsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməli, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129,130,131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6 - 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar