Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 1(068)-35/2023 20.11.2023 XIZI RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1974-cü il tarixdə Ermənistan Respublikasının Mehri rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, Xızı rayonu Fındığan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində "polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xızı Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xızı Rayon Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə 2022-ci ilin mart ayının sonlarında istintaqla müəyyən edilməyən gündə və saatda, Xızı şəhərində Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qohumunun işlədiyini yalan olaraq bildirib həmin şəxsin vasitəsi ilə İİ qrup əlillik dərəcəsi üzrə əvvəllər aldığı pensiyasını bərpa etdirəcəyini vəd verərək, həmin işin qarşılığında Zərərçəkmiş şəxs3 1200 manat pul istəmiş, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə saat 15:00 radələrində Zərərçəkmiş şəxs3 Xızı şəhərində yerləşən Kapital Bank terminalından özünə məxsus “Kapital Bank” kartına göndərdiyi 700 manat pulu, 2022-ci ilin aprel ayının ortalarında istintaqla müəyyən edilməyən gündə saat 12:00 radələrində ünvan 1 ünvanında Zərərçəkmiş şəxs3 500 manat pul, cəmi 1200 manat pul aldadıb alaraq vədinə əməl etməməklə Zərərçəkmiş şəxs3 həmin məbləğ pulunu ələ keçirib qəsdən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə 2022-ci ilin aprel ayının sonlarında istintaqla müəyyən edilməyən gündə və saatda, Xızı şəhərində Zərərçəkmiş şəxs2 yüksək vəzifədə qohumunun işlədiyini yalan olaraq bildirib həmin şəxsin vasitəsi ilə “SOCAR” neft şirkətində işə qəbul etdirəcəyini vəd verərək, həmin işin qarşılığında Zərərçəkmiş şəxs2 3500 manat pul istəmiş, o, 2022-ci ilin may ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə saat 16:00 radələrində Xızı şəhəri, M.Müşfiq küçəsi, ev 10-da Zərərçəkmiş şəxs2 1000 manat, 2022-ci ilin may ayının ortalarında istintaqla müəyyən edilməyən gündə saat 13:00 radələrində Xızı şəhəri, H.Əliyev prospektində poçtun yaxınlığında Zərərçəkmiş şəxs2 1000 manat, 2022-ci ilin may ayının sonlarında istintaqla müəyyən edilməyən gündə saat 17:00 radələrində Xızı şəhəri, M.Müşfiq küçəsi, ev 10-da Zərərçəkmiş şəxs2 1500 manat pul, cəmi 3500 manat pul aldadıb alaraq vədinə əməl etməməklə Zərərçəkmiş şəxs2 həmin məbləğ pulunu ələ keçirib qəsdən təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 12 may 2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda, Xızı rayonu Xələnc kəndində Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qohumunun işlədiyini yalan olaraq bildirib həmin şəxsin vasitəsi ilə İİ qrup əlillik dərəcəsi üzrə əvvəllər aldığı pensiyasını bərpa etdirəcəyini vəd verərək, həmin işin qarşılığında Zərərçəkmiş şəxs1 3500 manat pul istəmiş, o, 13 may 2022-ci il tarixdə, saat 09:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin qarşısında Zərərçəkmiş şəxs1 3500 manat pul aldadıb alaraq vədinə əməl etməməklə İlqar Abbasovun həmin məbləğ pulunu ələ keçirib qəsdən təkrar dələduzluq etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi cinayət işinin baxılmasına xitam verilərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, məhkəmənin hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü ilkin dinləmələr vasitəsilə yoxlamaqla ittiham və müdafiə tərəfinin fikrlərini ayrı-ayrılıqda dinləyib, cinayət işinin materiallarını qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş konkret kobud prosessual pozuntulara gəldikdə məhkəmə bildirir ki, ilk növbədə təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək hüququ, beləliklə də, müdafiə hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Həmin Məcəllənin 223.3-cü maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyətinin mütləq şəkildə əks etdirilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan cinayət prosessual qanunvericiliyin qeyd edilən normalarının tələblərinə əsasən elan olunan ittihamda cinayətin baş vermə mexanizminin (cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər və s.) dəqiq və ətraflı göstərilməsi, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu aydın şəkildə anlaması və nədə təqsirləndirildiyini dərk etməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, sözügedən tələblərin qeyd edilən qərarlarda əks etdirilməsi yolu ilə qanunverici hüquqları məhdudlaşdırılan həmin şəxsə nəyə görə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarın qəbul edilməsinin labüdlüyünü izah edir, eyni zamanda həmin şəxsə hansı əməli törətməsi, nədə təqsirləndirildiyini dərk etməsi və ona qarşı irəli sürülən ittihamın mahiyyətinin ona tam aydın olması üçün imkan yaradır. Qanunverici məhz bu cür təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsini qanunu tətbiq edənin üzərinə vəzifə olaraq qoymuşdur. Eyni tələblər həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində də öz əksini tapmışdır. Belə ki, qeyd edilən beynəlxalq sənədin həmin normasında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir. Hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən 14 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qarşı yekun ittiham irəli sürülmüşdür. (iş vər. 63-64) Bununla belə, ibtidai istintaq orqanı həmin qərarında ümumi ifadələrdən istifadə etməklə faktiki olaraq qanunvericiliyin sadalanan tələblərini formal şəkildə icra etməklə, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında ətraflı məlumatlandırılmaq hüquqlarını məhdudlaşdırmış və beləliklə təqsirləndirlən şəxsin faktiki olaraq, müdafiə hüquqlarını da, zəruri səviyyədə təmin etməmişdir. Belə ki, yuxarıda göstərilən normaların tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamda digər məlumatlarla yanaşı hadisənin baş vermə mexanizminə aid ən vacib xüsusatlardan biri olan hadisənin baş vermə vaxtı, yəni cinayətin törədilmə vaxtı dəqiq göstərilməli olduğu halda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunan ittihamın məzmununda “2022-ci ilin mart ayının sonlarında istintaqla müəyyən edilməyən gündə və saatda, o cümlədən müəyyən olunmayan günündə” kimi qeyri-müəyyən ifadələrdən istifadə olunaraq cinayətlərin törədilmə vaxtı dəqiq göstərilməmiş, qeyd edilən qeyri-müəyyən ifadələr faktiki olaraq təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın məzmununun aydın olmadığını göstərməklə yanaşı təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu bilmək hüququnun tam təmin olunmadığını, yəni bu hüquqlarının pozulmasını təzahür etmiş, habelə onun nədən müdafiə olunması üçün lazımi tədbirlər görməsi istiqamətində, öz müdafiəsini necə qurması yönündə hərəkətlərini məhdudlaşdırmışdır. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunan ittihamın məzmununda “Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdə, saat 09:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin qarşısında Zərərçəkmiş şəxs1 3500 manat pul aldadıb alaraq vədinə əməl etməməklə İlqar Abbasovun həmin məbləğ pulunu ələ keçirib qəsdən təkrar dələduzluq etmişdir” kimi göstərilsə də, başqa bir epizodun “Təqsirləndirilən şəxs may ayının sonlarında istintaqla müəyyən edilməyən gündə saat 17:00 radələrində Xızı şəhəri, M.Müşfiq küçəsi, ev 10-da Zərərçəkmiş şəxs2 1500 manat pul, cəmi 3500 manat pul aldadıb alaraq vədinə əməl etməməklə Zərərçəkmiş şəxs2 həmin məbləğ pulunu ələ keçirib qəsdən təkrar dələduzluq etmişdir” kimi qeyd olunması davam edən cinayət əməlinin başa çatmasının hansı ərazidə baş verməsini müəyyənləşdirməkdə qeyri-müəyyənlik yaradır. Azərbaycan Respublikası CPM-nin 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar daxildir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasında aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilimiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyatı üzrə göndərməlidir. Məhkəmə hesab edir ki, qeyd olunan ziddiyyətli halların ibtidai istintaq orqanı tərəfindən qanunvericiliyə uyğun şəkildə aradan qaldırılmaması təqsirləndirilən şəxsin ittihamın xarakteri və əsasları haqqında ətraflı məlumatlandırılmaq kimi X2 Konvensiyasının 6-cı maddsində təsbit edilmiş hüquqlarının da, pozulmasına gətirib çıxarmışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı cinayət prosessual qanunvericiliyin onlara verdiyi prosessual imkandan səmərəli istifadə etməmiş, cinayətin baş vermə vaxtını dəqiqləşdirməyə imkan verən kifayət qədər zəruri istintaq hərəkətləri olduğu halda bunları etməmiş, vaxtından əvvəl ibtidai istintaqın yekunlaşdırılması ilə bağlı, mövcud sübutların kifayət edəcəyi ilə bağlı nəticəyə gəlmiş və yekunda təqsirləndirilən şəxsə qarşı belə qeyrimüəyyən ittiham irəli sürmüşdür. Odur ki, qeyd edilən bu pozuntu bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Lakin nöqsanlar bununla da bitməmiş, həmin qeyri-müəyyən ittiham cinayət təqibinin gedişində dəyişdirilməmiş, müstəntiq tərəfindən dəqiqləşdirilməmiş və yekunda ittiham aktı tərtib olunanda da bu məsələ diqqətdən kənar qalmaqla cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələri və ya 296.2-ci maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla yekunda CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Beləliklə, yuxarıda göstərilələri ümumiləşdirdikdə məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq zamanı CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin nəzərdə tutulmuş kobud pozuntularına yol verildiyinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmənin hazırlıq iclasında müvafiq qərar qəbul edilərkən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri də müzakirə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 306-cı maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Cinayət işinin materiallarından göründüyü kimi müstəntiqin 14 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, CPM-nin 306.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299 və 303-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Sədrlik edən İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-35/2023
Xızı Rayon Məhkəməsi Qərar — İş №1(068)-35/2023
20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver