Məhkəmə qərarları › İş №1(068)-37/2020

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-37/2020

05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-37/2020 05.11.2020 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxx 1991-ci il tarixdə Xızı rayonu, Giləzi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, üzərində məhkumluğu olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, axşam saatlarında işlədiyi daş karxanasından yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsinə qayıdarkən yaşadığı qəsəbə ərazisindən təxminən 5 kilometr məsafədə, yeni salınmış Bakı-Quba yolunun həmin qəsəbə ərazisindən keçən hissəsinin kənarından içərisində narkotik vasitə heroin olduğunu müəyyən etdiyi bükülünü taparaq qanunsuz olaraq əldə etmiş və həmin narkotik vasitəni istifadə etmək məqsədilə qanunsuz olaraq üzərində saxlamış, xx xxxx 2020-ci il tarixdə, saat 18:00-da keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində o, Xızı rayonu, Giləzi qəsəbə ərazisində saxlanılmış, müdafiə hüquqları təmin edilməklə şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış istintaq hərəkəti aparılmış, şəxsi axtarış nəticəsində əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş halda, təmiz çəkisi 0,686 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə, bir neçə saat müddətində Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində Xəzər dənizi sahilində yerləşən daş karxanalarında daş yüklədikdən sonra axşam saatlarında yaşadığı qəsəbəyə qayıdarkən yaşadığı qəsəbə ərazisindən təxminən 5 kilometr aralıda, yeni salınmış Bakı-Quba magistral yolunun kənarında gümüşü rəngli kağız bükülü diqqətini çəkmiş və içində nə isə olduğunu düşünüb götürmüşdür. Kağız bükülünü açdıqda, dərhal bükülünün içərisindəki kütlənin “kakos” olduğunu başa düşərək ətrafa göz gəzdirib daha sonra istifadə etmək üçün cibinə qoymuşdur. xx xxxx 2020-ci il tarixdə, saat 18 radələrində işlədiyi daş karxanarları tərəfdən yaşadığı Giləzi qəsəbəsi ərazisi tərəfə gələrkən iki nəfər mülki geyimli şəxs onu saxlayaraq, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra, ona qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etdiyinə görə saxlanıldığını və şübhəli şəxs qismində tutulduğunu izah etmişlər. Bununla əlaqədar olaraq hüquqlarının müdafiəçi X3 tərəfindən qorunduğu bildirilərək, hüquqları ona izah edilmiş, həmçinin, üzərində şəxsi axtarış aparılacağı və axtarışın video görüntüyə alınacağı bildirilmişdir. Daha sonra, üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmaması soruşulmuş, varsa digər əşyalarla birlikdə könüllü şəkildə çıxarıb təqdim etməyi təklif edilmişdir. O, əynində olan göy rəngli idman şalvarının sağ yan cibində olan, Bakı-Quba yolunun kənarından tapdığı gümüşü rəngli bükülüdəki narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları təqdim etdiyi narkotik maddəni qablaşdıraraq protokol tərtib etmişlər. Həmin protokol ucadan oxunmuş və imzası ilə protokolun düzgünlüyünü təsdiq etmişdir. Daha sonra, onu rayon Polis Şöbəsinə gətirib X4 təhvil vermişlər. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin və anasının xəstə olmasının nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləki, məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid2 ifadəsində göstərdi ki, Xızı rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinə Xızı rayonu, Giləzi qəsəbə sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə daşıması, gəzdirməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında xx xxxx 2020-ci il tarixdə məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək, həmin gün təxminən saat 18:00 radələrində RPŞ-nin Cinayət axtarışı bölməsi, İctimai Təhlükəsizlik bölməsi və İstintaq Qrupu əməkdaşları ilə birgə Xızı rayonu, Giləzi qəsəbəsinin ərazisində əməliyyat-istintaq tədbiri həyata keçirmişlər. Belə ki, həmin vaxt Təqsirləndirilən şəxs qəsəbənin ərazisində piyada gedərkən şübhəli şəxs kimi saxlayıb özlərini təqdim etmişlər. Həmçinin, tədbir video çəkilişlə qeydə alındığından hal şahidləri dəvət edilməmişdir. Bundan sonra, tərəflərindən Təqsirləndirilən şəxs hüquqları və saxlanılma səbəbi izah edilmişdir. Həmçinin, təqsirləndirilən şəxsin müdafiə hüquqlarının həyata keçirilməsi məqsədilə Siyəzən rayonunda fərdi fəaliyyət göstərən vəkil X3 hadisə yerinə dəvət olunmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmamasını soruşduqda o, əynində olan göy rəngli idman şalvarının sol cibindən bir qutu “Prima” markalı siqareti və sağ cibindən isə içərisində açıq qəhvəyi rəngli toz halında kütlə olan gümüşü rəngli kağız bükülüsünü çıxarıb təqdim etmişdir. Aşkar olunmuş açıq qəhvəyi rəngli toz halında kütlə barədə Təqsirləndirilən şəxs soruşulduqda, o, həmin kütlənin narkotik vasitə olan “kakos”, yəni “heroin” olduğunu, həmin narkotik vasitəni xx xxxx 2020-ci il tarixdə, qəsəbə ərazisində dəniz kənarında yerləşən karxanalarda daş yüklədikdən sonra axşam saatlarında yaşadığı qəsəbəyə qayıdarkən yaşadığı qəsəbə ərazisindən təxminən 5 kilometr aralıda, yeni salınmış Bakı-Quba magistral yolunun kənarında tapdığını bildirmişdir. Daha sonra, sonuncunun üzərindən aşkar edilmiş narkotik maddə zərfə qoyularaq tərəflərindən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid - Xızı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində göstərdi ki, 2005-ci ildə əri Ramazan öldükdən sonra Xızı rayonu, Giləzi qəsəbəsində həbs edilənədək oğlu Təqsirləndirilən şəxslə birlikdə yaşamışdır. Oğlu Ramil fəhlə kimi günəmuzd işləyərək, ailənin ehtiyaclarını qarşılamışdır. Ramil 2011-ci il tarixdə Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə islah işləri, 2017-ci ildə isə Azərbaycan Respublikası 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə 4500 manat cəzasına məhkum edilmiş, cəriməni ödəyə bilmədiyi üçün həmin cəza 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Oğlu Ramil təxminən iki ildir narkotik vasitə istifadəçisidir. Ramil bir neçə dəfə müalicə olunsa da, nəticəsi olmamışdır. Ramilin istifadə etdiyi narkotik vasitəni haradan və necə əldə etməsi barədə heç bir məlumatı yoxdur. Həmçinin, Ramilin ağrılarının çox olduğunu gördükdə narkotik vasitə əldə edib qəbul etməsi üçün ona bir neçə dəfə təxminən 5 manat pul da vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 36-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1420 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” və sair yazılar, Azərbyacan Respublikası DİN-in “Zərflər üçün № 131” möhür əksi olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,686 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respubikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir.Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,636 qram təşkil etmişdir. Cinayət işinin 35-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 109,90 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 120-121-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 2211 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-26-cı vərəqələrində olan xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb könüllü olaraq təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-83-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən, həmçinin, işin 100-105-ci vərəqələrindəki Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(068)-29/2017 saylı hökmünün və işin 116-119cu vərəqələrindəki Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 7(068)-10/2019 saylı qərarının surətlərindən, eləcə də, cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 184313/20 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 4500 manat cərimə cəzasına məhkum edilmiş, daha sonra, Sumqayıt şəhər probasiya şöbəsinin təqdimatı əsasında Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 4500 manat miqdarında cərimə cəzası, 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, 07 ay müddətinə cəzasını çəkmiş, 11 ay çəkilməmiş cəza müddəti qalmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin cinayət işinin 15-16-cı vərəqələrində olan xx xxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 63-65-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(068)-15/2020 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 73-74-cü vərəqələrində olan Xızı RPŞnin İQ-nin müstəntiqinin xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,686 (qalıq 0,636) qram narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Cinayət işinin 123-129-cu vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Cinayət işinin 87-88-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə X7 üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Giləzi qəsəbəsində yaşamış və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxx 2017-ci il tarixli, 1(068)-29/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 4500 manat cərimə cəzasına məhkum edilməsinə, həmin cərimə cəzasının Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 7(068)-10/2019 saylı qərarı ilə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmasına baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxx 2017-ci il tarixli hökmü vəxx xxxxxx 2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini və onun tərəfindən yenidən bu dəfə qəsdən başqa kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bu Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə hesab edir ki, Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 7(068)-10/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmalı və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,636 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 109,90 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 7(068)-10/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 (on bir) ayı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablansın və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,636 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142593, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ**********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar