Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 1(068)-37/2022 21.12.2022 XIZI RAYON MƏHKƏMƏSİ X4 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 23 avqust 1988-ci il tarixdə keçmiş Dəvəçi (hazırki Şabran) rayonu, Zarat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixdə, saat 22:00 radələrində yaşadığı Siyəzən rayonu, Zarat kəndinə getmək üçün Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri X2 qəsəbəsi Şirvan yaşayış massivi ərazisindən keçən hissəsində Quba istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “DAF” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili dayandırmış, Zərərçəkmiş şəxs onu aparmağa razı olduğundan həmin avtomobilə əyləşmiş, yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində Zərərçəkmiş şəxs 167 manat pul alaraq əvəzində 100 ABŞ dolları pul verəcəyinə inandırıb dələduzluq yolu ilə həmin məbləğ pulu xırda talayıb avtomobildən düşüb hadisə yerindən uzaqlaşaraq Xızı rayonu Giləzi qəsəbəsində yerləşən “Laçın” adlı kafeyə gəlmiş, 31 may 2021-ci il tarixdə saat 23:25 radələrində Zərərçəkmiş şəxs onun yanına gələrək 167 manat pulu geri qaytarmasını tələb etmiş, o, həmin məbləğ pulu qaytarmaq əvəzinə Zərərçəkmiş şəxsla əsassız mübahisə edərək nalayiq söyüşlər söyməklə öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxsla əlbəyaxa olub dalaşaraq yerdən götürdüyü çay daşını silah qismində istifadə edərək tətbiq edib Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə qəsdən vuraraq ona “başın sağ gicgahtəpə nahiyyəsinin əzilmiş cırılmış yarası xəsarəti ilə müşayiət olunan” sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuraraq kafedə olan şəxslərin dincliyini pozan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edib, ictimai qaydanı kobud surətdə pozub, şəxslər üçün aşkar surətdə ümumi qaydaya laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 128-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, həbs olunana kimi Siyəzən rayonu, Zarat kəndində yaşamış və rəsmi olaraq heç bir yerdə işləməmişdir. O, 31 may 2021-ci il tarixdə gəzmək üçün Sumqayıt şəhərinə getmiş və həmin gün saat 21:00 radələrində yaşadığı Siyəzən rayonu Zarat kəndinə geri qayıtmaq üçün yol avtomobili ilə Sumqayıt şəhərindən Hacı Zeynalabdin qəsəbəsi Şirvan yaşayış massivinə gəlmişdir. Bundan sonra o, magistral yolun kənarı ilə Siyəzənə tərəf təxminən 1 km yolu piyada gələrək, həmin ərazidə yerləşən “LinkOil” yanacaqdoldurma məntəqəsinin yanına çatanda dayanıb yoldan keçən avtomobillərə onu aparmaları üçün əl etmişdir. Bir qədər gözlədikdən sonra əl etdiyi TİR markalı avtomobilin sürücüsü avtomobilini onun yanında dayandırmış və o, sürücüdən onu Beşbarmaq pirinə qədər aparmasını xahiş etmişdir. Həmin şəxs, yəni əvvəllər tanımadığı istintaq zamanı adı ona məlum olmuş Zərərçəkmiş şəxs onu avtomobilinə əyləşdirmiş və o, yol gedərkən həmin sürücünü aldatmaq, pulu olduğu halda yalan uydurub pulunu ələ keçirmək niyyətinə düşmüşdür. Belə ki, o, Zərərçəkmiş şəxs yalan olaraq qarşıda pomidor daşıyan TİR sürücüsünün qəza etdiyini və köməyə getdiyini demiş, eləcə də tez-tez mobil telefonu qulağına tutub guya hansısa şəxslə danışırmış kimi görüntü yaratmağa çalışmışdır. Bundan sonra o, sürücü Zərərçəkmiş şəxs pulunu necə ələ keçirə biləcəyini düşünmüş, bu məqsədlə də, qarşıda bir nəfər şəxsin ona bütöv pul verəcəyini sürücüyə bildirərək, 100 manata xırda pulunun olub-olmamasını ondan soruşmuş, İlham isə 5 ədəd 20 manatlığı olduğunu ona demişdir. O, Zərərçəkmiş şəxs pulu ona verməsini xahiş etmiş, həmin yerə çatanda xırda pulu verib bütöv pul götürüb qaytaracağına dair söz vermişdir. Sürücü Zərərçəkmiş şəxs da, ona inanıb cibindən 5 ədəd 20 manatlıq çıxarıb ona vermişdir. Yolun “Siyəzən” yazılan yerini keçəndən sonra sağ tərəfdə kərpicdən tikilmiş, lakin həmin vaxt işləməyən və ətrafı tamamilə qaranlıq olan “Damla” restoranın bərabərinə çatanda İlhamdan avtomobili dayandırmağı xahiş etmişdir. Sürücü avtomobili orada dayandırmış və o, avtomobildən düşüb bir qədər aralanmışdır. Təxminən 1-2 dəqiqə sonra o, geri qayıdıb xırda pulu verəcəyi şəxsdə 100 manatlıq pulun olmadığını, həmin şəxsdə 100 dollarlıq pulun olduğunu demiş və İlhamdan 100 dollara xırda istəmişdir. Zərərçəkmiş şəxs isə 100 dollara xırda pulunun olmadığını, cəmi 167 manat pulunun olduğunu ona demişdir. O, sürücüdən 67 manatı istəmiş, həmin pulun üstünə özünün 3 manat pul qoyacağını demişdir. Zərərçəkmiş şəxs yenə ona inanıb cibindən 67 manatı çıxarıb ona vermişdir. Həmin vaxt o, həyəcanlı olmuş və necə aradan çıxacağını fikirləşməyə başlamışdır. O, əlindəki telefonu qaranlığa uzadıb “götür danış” sözlərini demişdir. Bundan sonra o, İlhamın qapını açıb düşdüyünü görmüş, sürücünün onun olduğu tərəfə keçəcəyi halda hər şeyi anlaya biləcəyini başa düşüb oradan qaçmışdır. TİR sürücüsü Zərərçəkmiş şəxs onun arxasınca qaçmış, lakin qaranlıq olduğundan onun harada olduğunu görməmişdir. Daha sonra, sürücü qışqıraraq ona “yol getməliyəm, sənə pul lazımdırsa üstündən 30 və ya 50 manat götür, qalanını qaytar” sözlərini demişdir. Lakin o, gizləndiyi yerdən çıxmamış və sürücü 15-20 dəqiqə gözlədikdən sonra avtomobilə tərəf gedib Zarat postu istiqamətində hərəkət etmişdir. Bundan sonra o, rahat olaraq yol kənarı ilə təxminən 700-800 metr məsafədə yerləşən Giləzi qəsəbəsi ərazisindəki “Laçın” kafesinin qarşısına getmişdir. O, yol kənarında dayanıb yoldan keçən avtomobillərə əl edərək oradan uzaqlaşmaq istəmişdir. Bir qədər gözlədikdən sonra yolun qarşı tərəfində bir yük avtomobilinin dayandığını görmüşdür. O, avtomobilin dayanmasına ciddi fikir verməmiş, iki dəqiqə sonra pulunu alıb qaçdığı sürücünün, yəni Zərərçəkmiş şəxs yolu keçib ona tərəf gəldiyini görmüşdür. O, sürücüyə “bəs sən bayaq hara çıxıb getdin” demiş, lakin sürücü onun sözünə əhəmiyyət verməyərək və pulunu qaytarmasını tələb etmişdir. Həmin vaxt kafenin qarşısında heç kəs olmamışdır. Bundan sonra o, qaçmağa çalışarkən İlham onun əynindəki gödəkçədən və boynundan tutub yerə yıxmış, qışqıra-qışqıra pulunu tələb etmişdir. Zərərçəkmiş şəxs onun boynunu sıxdığından boğulduğunu görüb yerə yıxılmış vəziyyətdə əlinə keçmiş daşı götürüb sürücünün başına vurmuş, bundan sonra sürücü qışqırıb ayağa qalxmış və kömək çağırmışdır. Bu zaman kafe tərəfdən bir nəfər şəxs yaxınlaşıb onları aralaşdırmışdır. Daha sonra post patrul xidmətinin əməkdaşları gələrək onları Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Həmin vaxt o, hər hansı bir xuliqanlıq hərəkəti etməmiş və kafedə olan şəxslərin dincliyini pozmamışdır. Sadəcə Zərərçəkmiş şəxs onu kafenin qarşısında görərkən pulunu tələb etmiş və aralarında yaranmış mübahisə zamanı boynundan tutaraq yerə yıxmışdır. O da, məcbur olub yerdə uzanılmış vəziyyətdə daşla Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Dava-dalaş bir neçə dəqiqə davam etmiş, həmin vaxt onunla İlhamdan başqa heç kəs olmamışdır. Hazırda törətdiyi bu əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasının nəzərə alınaraq, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 31 may 2021-ci il tarixdə Bakı şəhəri Zirə qəsəbəsi ərazisindən idarə etdiyi “DAF” markalı, **- CF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə pomidor yükləyib Bakı-Quba-Rusiya Federasiyası magistral yolu ilə hərəkətə başlamışdır. O, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Şirvan yaşayış massivi ərazisində hərəkətdə olarkən “LinkOil” yanacaqdoldurma məntəqəsinin yanında bir nəfər şəxsin, yəni əvvəllər tanımadığı istintaq zamanı adı ona məlum olmuş Təqsirləndirilən şəxs əl etdiyini görmüşdür. O, adətən yollarda əl etmiş şəxsləri götürüb yolüstü gedəcəkləri yerə qədər apardığı üçün bu dəfə də idarə etdiyi avtomobili dayandırmışdır. Təqsirləndirilən şəxs onu “Beşbarmaq” pirinə qədər aparmağı xahiş etmiş, həmin piri keçdikdən sonra düşəcəyini demişdir. Samir ona yolda pomidor daşıyan avtomobilin aşdığını demiş və yol boyu mobil telefonu qulağına tutub “ağlama, ağlama” deyib hansısa şəxsə təsəlli vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs aşmış avtomobilin sahibinə və sürücüsünə zəng edib danışmışdır. O, Samirin dediklərinə inanmışdır. Yolda olarkən Samir ondan 100 manata xırda pulunun olubolmadığını soruşmuş, qarşıda bir nəfərdən 100 manatlıq əskinas götürəcəyini, ona yol pulu üçün xırda pul verəcəyini demişdir. O, Təqsirləndirilən şəxs xırda pulunun olduğunu demiş, sonra cibindən 5 ədəd 20 manatlıq pul əskinaslarını çıxarıb sonuncuya vermişdir. Yolun “Siyəzən” yazılan yerini keçdikdən sonra sağ tərəfdə kərpicdən tikilmiş, lakin işləməyən və ətrafı tamamilə qaranlıq olan restoranın yanına çatanda Samir avtomobili dayandırmağı ondan xahiş etmişdir. Bundan sonra o, avtomobilini dayandırmış, Samir düşərək harasa getmişdir. Təxminən 1-2 dəqiqə sonra Samir geri qayıdıb pulu götürəcəyi şəxsdə 100 manat pulun deyil, 100 dollar pulunun olduğunu demişdir. O, Samirə 100 dollara xırda pulu olmadığını, cəmi 167 manat pulunun olduğunu bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs 167 manat pulu ondan istəmiş, o, cibindən 167 manat pul çıxarıb sonuncuya vermişdir. Bu zaman Samir əlindəki telefonu qaranlığa uzadıb “götür danış” sözlərini demişdir. Həmin vaxt orada hər hansı bir şəxs olmadığından Samirə qarşı şübhələri yaranmışdır. O, qapını açıb avtomobildən düşmüş, sağ tərəfə keçib Samirin kiminlə danışdığına baxarkən o, sonuncunun oradan uzaqlaşdığını görmüşdür. Bundan sonra o, Samiri səsləyərək puldan 30-50 manat götürüb qalan məbləği geri qaytarmağı təklif etmiş, sonuncu isə dayanmamışdır. O, təxminən 30 dəqiqə müddətində gözləmiş, sonra isə avtomobilini idarə edərək Zarat postuna getmişdir. O, yük avtomobilini postda dayandırmış, Samiri tapmaq üçün geri qayıtmaq qərarına gəlmişdir. Bu məqsədlə də, yolun digər tərəfinə keçmiş və yol avtomobillərinin biri ilə geri qayıtmışdır. O, Xızı rayonu Giləzi qəsəbəsi ərazisində olan “Abu Petrol” yanacaqdoldurma məntəqəsinin yanında avtomobildən düşmüş və yolun əks istiqamətində yerləşən kafeyə tərəf getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs kafedən çıxıb yol tərəfə tək gəldiyini görmüş, sonuncu onu görərkən qaçmaq istədikdə o, Samiri tutmuşdur. Samirdən pulunu tələb etdikdə Samir ona “sən bayaq hara getdin”, sonra isə “sənin pulunu qaytararam” demişdir. Bundan sonra, o Samirdən pulunu almağa çalışmış, lakin Samir ona müqavimət göstərmiş və əl-qol atmışdır. O, Samirin qaçmasının qarşısını almağa çalışmış, bu vaxt onlar əlbəyaxa olmuşlar. Onlar bir-birindən yapışmış halda ayaqları büdrədiyindən yerə yıxılmışlar. Həmin vaxt o, Samirin boynundan yapışmışdı. Bu zaman Samir yerdən böyük ölçüdə qəmbər daşı götürüb onun sağ alnının gicgah nahiyəsinə vurmuşdur. Onun başı fırlandığından yüksük səslə qışqırmış və kafedən çıxan bir nəfər şəxs yaxınlaşıb onları aralaşdırmışdır. Dava-dalaş zamanı onlardan başqa heç kəs olmamışdır. Bundan sonra post-patrul xidmətinin əməkdaşları hadisə yerinə gələrək onları Xızı rayon Polis şöbəsinə gətirmişlər. Hal-hazırda ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin Post-patrul xidməti taqımının polis nəfəri Şahid1 Fizuli oğlu ifadəsində göstərdi ki, 31 may 2021-ci il tarixdə, saat 23:00 radələrində Xızı rayonu Giləzi qəsəbəsi ərazisində polis nəfəri Alişan Məmmmədovla birlikdə xidmət apararkən “Laçın “kafesinin qarşısında iki nəfər şəxsin əlbəyaxa olub dalaşdığı baradə məlumat almış və tez hadisə yerinə getmişlər. Əraziyə çatdıqda bir neçə nəfər şəxsin toplaşdığını görmüşlər. Həmin vaxt orada olan şəxslərdən birinin başının yarıldığını və qan axdığını görmüşdür. Şifahi sorğu zamanı xəsarət almış şəxsin Zərərçəkmiş şəxs olduğunu, Samir adlı şəxsin onun 167 manat pulunu ələ keçirdiyini, bununla bağlı aralarında mübahisə yarandığını, daha sonra daşla onun başına vuraraq xəsarət yetirdiyini bilmişdir. Onlar araşdırma aparılması üçün həmin şəxsləri Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Xızı rayonu Giləzi qəsəbəsində yerləşən “Laçın” kafesində işləmiş və gün ərzində kafedə işdə olmuşdur. O, 31 may 2022ci il tarixdə, təxminən saat 23:00 radələrində işlədiyi Laçın kafesinin içərisində olarkən çöldən qışqırıq səsləri eşitmiş və bir nəfərin “kömək edin” deyərək haray çəkdiyini eşitmişdir. O, kafedən çölə çıxmış və kafenin qarşısında iki nəfər şəxsin dava etdiklərini görmüşdür. Bundan sonra, onun zəngi əsasında kafenin qarşısına Xızı rayon Polis Şöbəsinin əməkdaşları gəlmişlər. Həmin vaxt dalaşmış şəxslərdən birinin baş nahiyəsinin çapıldığını və qan axdığını görmüşdür. Polis əməkdaşları xəsarət almış şəxsdən nə baş verdiyini soruşmuş, həmin şəxs, yəni Zərərçəkmiş şəxs dalaşdığı Samir adlı şəxsin onun 167 manat pulunu aldadaraq aldığını və bununla bağlı aralarında mübahisə yarandığını demişdir. Məhkəmə iclasında elan edilmiş işin 140-141-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X3 xx.xx.2021-ci il tarixli, 01Ə nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət - başın sağ gicgah-təpə nahiyyəsinin əzilmiş cırılmış yarası bərk küt əşyanın təsirindən, müayinədən 1-2 ay əvvəl əmələ gəlmişdir. Qərarda göstərilən xx.xx.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 9-12-ci vərəqələrində olan 01 iyun 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xızı rayonu Giləzi qəsəbəsində yerləşən “Laçın” adlı kafenin qarşısına baxış keçirilən zaman hadisə yerindən Təqsirləndirilən şəxs istifadə etdiyi bir ədəd çay daşı maddi sübut kimi götürülmüşdür. Baxış keçirilməsi və götürmə başa çatdıqdan sonra protokol tərtib edilmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 137-139-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş tələbnamədən və işin 144-150-ci vərəqələrində olan müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 180-186-cı vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-19/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il 05 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 26-27-ci vərəqələrində olan 02 iyun 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-69-cu vərəqələrində olan 03 iyun 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-83-cü vərəqələrində olan Xızı RPŞ müstəntiqinin 29 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 103-106-cı vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 4(068)-17/2021 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 02 ay 05 gün müddətində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 iyun 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 126-127-ci vərəqələrində olan Xızı RPŞ müstəntiqinin 03 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatdığından həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 194-203-cü vərəqələrində olan 20 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək, ona həmin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan edilmiş, həmçinin Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, məhkum edildiyi 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində çəkdiyindən onun barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmış, əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətinin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, eləcə də istintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bir ədəd çay daşı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılması nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 109, 113-cü vərəqələrində olan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 iyul 2021-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olmaqla yaşamış və mənfi xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 07 dekabr 2022-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında (bundan sonra – Plenum Qərarı) göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilir ki, ittiham aktında göstərildiyi kimi Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına əməl etməməsi kimi hallar sübut edilməmişdir. Əksinə toplanmış sübutlar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə şəxsi münasibətlər zəminində baş vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı- ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Belə ki, məhkəmə istintaqı zamanı verilən ifadələrdən və işin faktiki vəziyyətindən bir daha müəyyən edilir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən 167 manat məbləğində pul almış və zərərçəkmiş şəxs həmin pulun geri qaytarmasını tələb etmişdir. Göstərilən hallarla əlaqədar tərəflər arasında mübahisəli vəziyyət yaranmış və sonradan münaqişəyə çevrilmişdir. Beləliklə faktiki olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə zərərçəkmiş şəxsə məxsus pulun qaytarılması ilə bağlı yaranmış ziddiyyətli şəxsi münasibətlər zəminində baş vermişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu xuliqanlıq cinayətinin nəzərdə tutulduğu Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özündən müştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeyidlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münaqişə zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər müşahidə olunmur. Göründüyü kimi qeyd olunan Plenumun qərarından aydın olur ki, təqsirləndirilən şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Araşdırılmış sübutlardan görünür ki, təqsirləndirilən şəxsin davranışı belə tələbatlarla bağlı olmamış, konkret səbəbdən – zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən pulunu tələb edərək, yerə yıxması ilə əlaqədar olaraq aralarında baş verən münaqişəli münasibətlər zəminində təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirməsi, anidən formalaşan şəraitdən qaynaqlanmışdır. Bu əlamətlər isə xuliqanlıq əməlini istisna edir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, bəhs olunan əməl ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır. Baş vermiş hadisə zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı yönəlmiş qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, yəni anidən formalaşan şəraitdən qaynaqlanmış və habelə Təqsirləndirilən şəxs tərəfindən silah qismində daş parçasından istifadə etməsi cinayətin tövsifinə təsir etmədiyindən həmin hərəkətlərin faktiki əlamətləri yalnız Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri ilə uyğun gəlir. Beləliklə məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirli bilinməli, zərərçəkmiş şəxslə barışdığı üçün o, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.639.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də maddi sübutların saxlanılma otağında saxlanılan, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd çay daşı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin və o, həmin maddə ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də maddi sübutların saxlanılma otağında saxlanılan, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd çay daşı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(068)-37/2022
Xızı Rayon Məhkəməsi Qərar — İş №1(068)-37/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver