Məhkəmə qərarları › İş №1(068)-38/2023

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-38/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-38/2023 04.12.2023 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1984-cü ildə Abşeron rayonunun Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xızı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 4 ay 1 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 1,281 qram miqdarında psixotrop maddə - metamfetamin əldə edərək əynindəki qara rəngli şalvarın sağ yan cibində bir ədəd kağız bükümündə saxlamaqla daşımış, Xızı RPŞ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 31 yanvar 2023-ci il tarixdə, saat 11:00 radələrində Xızı rayonu Sitalçay kəndi ərazisində saxlanılıb, üzərində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibində bir ədəd kağız bükümündə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda 1,281 qram miqdarında psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, cari ilin yanvar ayının axırları yaşadığı Xızı rayonu Sitalçay kəndi ərazisində gəzərkən yolun qırağında siqaret qutusu diqqətini çəkmiş, içərisinə açıb baxdıqda kağız bükümdə “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Bundan sonra isə, polis əməkdaşları onu saxlamışlar və üzərindən tapdığı psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Psixotrop maddəni kiməsə satmaq fikri olmamış, öz istifadəsi üçün üzərində saxlamışdır. Saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq və fiziki təzyiq göstərilməmişdir. Hazırda tutduğu əməldən peşmançılıq hissi keçirməsini, xəstəliyini və himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, rayon polis şöbəsinə Xızı rayonu Sitalçay kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, 31 yanvar 2023-ci il tarixdə, saat 11:00 radələrində CAB-nın əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Xızı rayonu Sitalçay kəndində saxlamışlar. Həmin vaxt video çəkiliş aparılmaqla vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamini Sitalçay kəndi ərazisindən tapdığını, şəxsi istifadəsi üçün saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını onlara demişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və həmin RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləmiş Şahid3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Həmçinin, Şahid2 məhkəməyə teleqram ünvanlayaraq məzuniyyətdə olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-29-cu vərəqələrində olan 31 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən kağız bükümünü çıxarıb təqdim etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2023-cü il tarixli, 6/613 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 1,281 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata 0,1 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 1,181 qram təşkil etmişdir. Cinayət işinin 41-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 110 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 45-46-cı vərəqələrində olan 01 fevral 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 1,181 qram psixotrop maddə - metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 101-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 15 aprel 2023-cü il tarixdə verilmiş 2236 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 70-71-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 fevral 2023-cü il tarixdə verilmiş tələbnamədən, eləcə də işin 98-100-cü vərəqələrində olan müvafiq hökmün surətindən və Sumqayıt şəhər probasiya şöbəsinin 30 noyabr 2023cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 4 ay 1 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-18-ci vərəqələrində olan 31 yanvar 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 62-63-cü vərəqələrində olan 02 fevral 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 122-131-ci vərəqələrində olan 21 sentyabr 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmçinin təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, habelə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 107-108-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 aprel 2023-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan qohumluq məlumatlarından görünür ki, himayəsində xx.xx.2014-cü il təvəllüdlü Rza, xx.xx.2017-ci il təvəllüdlü Fatimə və xx.xx.2019-cu il təvəllüdlü Uğur adında üç övladı olan, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq, psixotrop maddə metamfetamini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini və himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, həyat şəraitini, onun tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici və ağırlaşdırıcı halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni 04 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,181 qram təşkil edən psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 04 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,181 qram təşkil edən psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 110 (yüz on) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar