Məhkəmə qərarları › İş №1(068)-4/2023

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-4/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-4/2023 15.03.2023 XIZI RAYON MƏHKƏMƏSİ X11 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1983-cü ildə Abşeron rayonunun Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 11 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 0,422 qram miqdarında narkotik vasitə - heroin əldə edərək əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibində bir ədəd kağız bükümdə saxlamaqla daşımış, Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 22 iyun 2022-ci il tarixdə, saat 12:00 radələrində Xızı rayonu Giləzi qəsəbəsi ərazisində saxlanılıb Xızı RPŞ-yə gətirilərək, onun üzərində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda 0,422 qram miqdarında narkotik vasitə - heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Xızı rayonunun Giləzi qəsəbəsində yaşayır, təxminən yay ayları olardı, səhər saat 07:30 radələrində evdə yatmış və qapının bərkdən döyüldüyünü eşitmişdir. Bu zaman uşaq pəncərədən evə girmiş və Seyid adlı polis əməkdaşının onu həyətə çağırdığını bildirmişdir. Bundan sonra yerindən qalxıb çölə çıxmış və qapının ağzında ayağa Seyid adı ilə çağırdıqları Şahid4 dayandığını görmüşdür. Seyid ona polis şöbəsinə getməli olduğunu bildirmiş, sonradan Post Patrul Xidmətinin əməkdaşları da həyətə gəlmişdir. O, əynini geyindikdən sonra Seyid müəllim onu polis şöbəsinə gətirmişdir. Həmin vaxt onu narkotik vasitə istifadə etdiyinə görə deyil, oğurluq hadisəsi olduğu üçün saxladıqlarını bildirmişlər. Lakin 7 gün saxladıqdan sonra guya üzərindən narkotik vasitə çıxmasını boynuna qoyaraq, barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi açmışlar və axşamüstü onu sərbəst buraxmışlar. Bu məsələ ilə bağlı heç yerə şikayət etməmişdir. Saxlanıldığı 7 günün 2 gününü MSY-də, qalan 5 gününü isə ayrıca otaqda qalmışdır. Daha sonra, ona həyətlərinə gedərək çəkiliş aparılacağı və üzərindən narkotik vasitə aşkar olunmasını sənədləşdiriləcəyini demişlər. Çəkilişdən sonra yenidən onu polis şöbəsinə aparmışlar, lakin ona qarşı hər hansı bir döyülmə faktı olmamışdır. Əvvəllər narkotik vasitə istifadəçisi olmuş və CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Onu polis şöbəsinə aparanda üzərində heç bir narkotik vasitə olmamış, tutulan gündən əvvəl narkotik vasitə istifadə etmişdir. Guya üzərindən çıxan narkotik vasitə ekspertizaya göndərilərsə, üzərində onun əl izləri olmayacaqdır Hazırda məhkəmədən son söz olaraq cəzasının yüngülləşdirilməsini istəyir. İmkan daxilində onu müalicəyə göndərilməsini və ya elektron qolbaq vasitəsi tətbiq olunmasını xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, hazırda ziddiyyətli ifadə verərək təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bundan əlavə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün ibtidai istintaq zamanı etirafı ilə yanaşı, son sözündə məhkəmədən onun narkomaniyadan məcburi müalicəyə göndərilməsini və törətdiyi əmələ görə ona yüngül cəza təyin edilməsini xahiş etməsi, eləcə də şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 2018-ci il tarixdən narkotik vasitə istifadəçisidir və əsas etibarı ilə “kakos” adlanan narkotik vasitəni inyeksiya yolu ilə qəbul edir. 21 iyun 2022-ci il tarixdə, saat 14:00 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində əkin sahəsindən yaşadığı evə yolun kənarı ilə piyada gedərkən yerdə parıltı diqqətini cəlb etmiş, əyilib həmin bükülünü götürərkən qızılı rəngli siqaret kağızı bükümü olduğunu görmüş və həmin bükümü açarkən içərisində bildiyi narkotik vasitə "kokos" olduğunu görüb tanımış və sevinmişdir. Həmin vaxt o, ətrafa baxmış və heç kimin olmadığından əmin olduqdan sonra tez yaşadığı evə getmişdir. Tapdığı narkotik vasitədən bir qədər istifadə etmiş və qalan hissəsini isə cibində saxlamışdır. 22 iyun 2022-ci il tarixdə, 12:00 radələrində əkin sahəsindən yaşadığı evə gedərkən tapdığı narkotik vasitə olan heroin də üzərində olmuş və planlaşdırmışdır ki, əkin sahəsində işlərini bitirdikdən sonra evə qayıdıb heroindən istifadə etsin. Həmin yerdə piyada gedərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra, ona qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirdiyinə görə saxlanıldığı və şübhəli şəxs qismində tutulacağı ona izah edilmişdir. Daha sonra, həmin polis əməkdaşları onu Xızı RPŞ-yə aparmışlar. Saxlanılmağı ilə əlaqədar olaraq müstəntiq tərəfindən hüquqlarının müdafiəsi üçün ona təqdim edilən vəkillər siyahısından Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi seçmiş və həmin vəkil qısa zaman ərzində Xızı RPŞ-yə dəvət edilmişdir. Hüquqlarının Müdafiəçi tərəfindən qorunduğu bildirilərək ona təqdim edilmiş və bütün hüquqları ona izah edilmişdir. Bundan sonra, ona üzərində şəxsi axtarış aparılacağı, axtarışın video görüntüyə alınacağı da bildirilmişdir. Çəkiliş altında ondan ilkin olaraq üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub olmaması soruşulmuş, varsa digər əşyalarla birlikdə könüllü şəkildə çıxarıb təqdim etməyi ona təklif edilmişdir. Bu zaman o, əynində olan qəhvəyi rəngli rəngli, şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümə bükülmüş narkotik vasitəni müstəntiqə təqdim etmişdir. Həmin vaxt üzərində qanunsuz başqa heç bir əşya və predmet olmamışdır. Daha sonra, polis əməkdaşları təqdim etdiyi narkotik vasitəni ağ rəngli zərfə qoyaraq qablaşdırmış və üzərindən aşkar olunmuş narkotik vasitəyə dair protokol tərtib etmişlər. Həmin protokol ucadan oxunmuş və o, imzası ilə həmin protokolun düzgünlüyünü təsdiq etmişdir. Həmçinin narkotik vasitənin qoyulduğu kağız zərfin üzərində də imza etmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, qeyd olunan vaxt onun üzərindən 0,422 qram miqdarında aşkar edilmiş həmin heroin ona məxsus olmuşdur. Üzərindən aşkar edilmiş heroini özü istifadə etmək üçün üzərində saxlamış və satmaq məqsədi olmamışdır. Polis əməkdaşları ona heç bir zor və təzyiq tətbiq etməmiş, heç bir xəsarəti olmamış, polis əməkdaşlarından şikayət və tələbi olmadığı üçün ekspertiza müayinəsindən keçməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Xızı rayonunun Giləzi qəsəbəsində yaşayır, təxminən yay ayları olardı, səhər saat 07:30 radələrində işə getmək istəyərkən qızı ona Seyid kimi tanıdıqları polis əməkdaşının həyətdə dayanaraq oğlu Qulamı çağırdığını ona bildirmişdir. Həmin vaxt Qulam yatdığı üçün qapını açmamış, nəvəsi pəncərədən evə girərək qapını açmışdır. Bundan sonra, Seyid müəllim əlavə 2 nəfər Post Patrul Xidmətinin əməkdaşlarını da oraya çağırmışdır. Daha sonra, oğlu Qulamı Xızı RPŞ-yə aparmış və 1 həftə orada saxlamışlar. Həmin müddət ərzində arvadı Afət bir dəfə polis şöbəsinə gəlsə də o, işdə olduğundan Qulamın dalınca getməmiş və oğlu ilə maraqlanmamışdır. Oğlu evə gəldikdən sonra ona polis şöbəsində incitdiklərini və guya üzərindən narkotik vasitə aşkar olunması barədə sənədləşmə apardıqlarını bildirmişdir. Bununla bağlı heç bir yerə şikayət etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, təxminən qış ayları olardı, çünki havalar soyuq idi və əyinlərini qalın geyinmişlər. Səhər saat 07:30 radələrində əri Camalla birlikdə işə getmək istəyirdi. Evdən çıxarkən qızı ona Seyid kimi tanıdıqları polis əməkdaşının həyətdə dayanaraq oğlu Qulamı çağırdığını ona bildirmişdir. O, Seyid müəllimə yaxınlaşaraq nə lazım olduğunu soruşmuş, sonuncu isə cavabında heç nə baş vermədiyini, sadəcə Qulam aparıb müəyyən sənədlərə imza çəkdirib 1 saata gətirəcəyini demişdir. Həmin vaxt Qulam yatdığı üçün qapını açmamış, nəvəsi pəncərədən evə girərək qapını açmışdır. Uşaq qapını açandan sonra evə daxil olmuş, oğlu Qulam da Seyidə əynini geyinib çıxacağını bildirmişdir. Bundan sonra, 2 nəfər Post Patrul Xidmətinin əməkdaşlarının da oraya gəldiyini görmüşdür. Qulamı 1 saatlıq apardıqlarını deməklərinə baxmayaraq 7 gün şöbədə saxlamışlar. Daha sonra, polis əməkdaşları həyətlərinə gəlib onlara hədə-qorxu gəlmişlər. Oğlunu polis şöbəsinə apararkən üzərində hər hansı narkotik vasitə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, təxminən sentyabr ayından sonrakı aylar idi, çünki havalar soyuq idi. Səhər saat 07:30 radələrində uşaqları məktəbə yola salmaq üçün oyanmış və Seyid kimi tanıdıqları polis əməkdaşının həyətdə dayanaraq qardaşı Qulamı çağırdığını görmüşdür. Həmin vaxt atası və anası işə getməyə hazırlaşırdılar. Valideynlərinə bu barədə məlumat vemiş, sonra qapını döysələr də Qulam yatdığı üçün qapını açmamışdır. Həmin vaxt etirazlarına baxmayaraq Seyid müəllim oğlunu qapını açması üçün pəncərədən içəri salmış, bundan sonra Qulam yuxudan oyanmış və yataq paltarında olduğu üçün əynini dəyişib çıxacağını bildirmişdir. X9 axtarmaqlarının səbəbini soruşduqda, cavab olaraq bir-iki sənədə qol çəkib uzağı 1 saata buraxacaqlarını bildirmişlər. Lakin qardaşını 7 gün şöbədə saxlamışlar. Qardaşı Qulam evə gəldikdən sonra natəmiz görünsə də, üzərində heç bir xəsarət izi aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xızı RPŞ-nin PPX taqımının polis nəfəri Şahid5 ifadəsində göstərdi ki, tarixi dəqiq yadında deyil, səhər saatlarında Giləzi qəsəbəsində xidmətdə olarkən CAB-nin əməliyyat müvəkkili Şahid3 qəsəbə sakini Təqsirləndirilən şəxs evlərinin yanında, qapının ağzında görmüş və yaxınlaşıb salam vermişdir. Bundan sonra, xidməti təhvil vermək üçün Xızı RPŞ-yə getmiş, Qulamgilin həyətlərinə daxil olmamış və sonuncunun saxlanılmasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Xızı RPŞ-nin TQ-da təhqiqatçı vəzifəsində işləmişdir və hazırda 8 aydır təqaüddədir. Onun Giləzi qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs evlərindən çıxarıb polis şöbəsinə gətirməsi yalandır. Təqsirləndirilən şəxs ola bilər onu kiməsə oxşadır və ya digər polis əməkdaşları ilə səhv salır. Belə ki, RPŞ-də işlədiyi vaxt təhqiqatçı olduğundan kiminsə evinə gedib həmin şəxsi şöbəyə gətirə bilməzdi. O, axırıncı dəfə Qulamı 4-5 ay bundan qabaq Sitalçay kəndində görmüşdür və sonuncunun ondan nəsə narazıçılığı olsaydı həmin vaxt ona iradını bildirərdi. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin CAB-nin rəisi Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Xızı RPŞ-nə rayonun Giləzi qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. 22 iyun 2022-ci il tarixdə, günün birinci yarısında Təqsirləndirilən şəxs yaşadığı Xızı rayonu Giləzi qəsəbəsində evlərinin yaxınlığında saxlayıb Xızı RPŞ-nə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən sonuncu könüllü olaraq üzərində olan narkotik vasitə olan heroini çıxarıb onlara təqdim etmiş və öz istifadəsi üçün üzərində saxladığını onlara bildirmişdir. Həmin vaxt əməliyyat tədbirində onunla birlikdə CAB-ın əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 da iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Həmçinin, Şahid1 məhkəməyə ərizə ünvanlayaraq xirməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 28-31-ci vərəqələrində olan 22 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Xızı RPŞ-nin inzibati binasında şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızı bükümü çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 48-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2022-ci il tarixli, 6/3504 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 131” dairəvi möhür əksləri olan, “Xızı rayonu Giləzi qəsəbə sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə, təmiz çəkisi – 0,422 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə olan heroinin qalıq çəkisi 0,372 qram təşkil etmişdir. Cinayət işinin 47-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 67-68-ci vərəqələrində olan 24 iyun 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq çəkisi 0,372 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 25 avqust 2022-ci il tarixdə verilmiş 4733 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 76-77-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 iyul 2022-ci il tarixdə verilmiş tələbnamədən, eləcə də işin 98-101-ci vərəqələrində olan müvafiq hökmün surətindən görünür ki, Qulamov X3 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 11 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 20-21-ci vərəqələrində olan 22 iyun 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 63-64-cü vərəqələrində olan 24 iyun 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-117-ci vərəqələrində olan 12 sentyabr 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmçinin təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, habelə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 106-108-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 sentyabr 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan qohumluq məlumatlarından görünür ki, himayəsində xx.xx.2007-ci il təvəllüdlü Xanım və xx.xx.2009-cu il təvəllüdlü Elşad adında iki yetkinlik yaşına çatmayan övladı olan Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Xızı rayon prokurorluğundan göndərilmiş 02 fevral 2023-cü il tarixli, 67 nömrəli məktubdan görünür ki, vət. Təqsirləndirilən şəxs barədə özü, valideynləri və ya hər hansı digər şəxslər tərəfindən Xızı rayon prokurorluğuna müraciət daxil olmamış və material araşdırılmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Xızı RPŞ-dən göndərilmiş 23 fevral 2023-cü il tarixli, 3-13-80/2-867/2023 nömrəli məktubdan görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsi, Cabir Novruz küçəsi ərazisində yerləşən təhlükəsizlik kameralarının məktubda göstərilən tarixdən çox müddət keçdiyi üçün yaddaş blokunda həmin tarixdəki görüntülər qalmamış və bu səbəbdən də həmin görüntüləri təqdim etmək mümkün olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, təqsirləndirilən şəxsin vəsatəti əsasında dəvət olunmuş şahid X8 ifadəsində Qulamın qış aylarında, şahid X2 ifadəsində Qulamın təxminən sentyabr ayından sonrakı aylarda, şahid X4 isə təxmini yay aylarında aparıldığını bildirmiş, onların ifadələri təqsirləndirilən şəxsin polis tərəfindən tutulduğu vaxtın müəyyən olunması baxımından ziddiyyətli olmuşdur. Məhkəmə qeyd olunan şəxslərin təqsirləndirilən şəxsin yaxın qohumları (ata, ana və bacı) olmasını nəzərə alıb onların ifadələrinə tənqidi yanaşır və təqsirləndirilən şəxsin təqsirsizliyini təsdiq edən sübut kimi qəbul etmir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, həyat şəraitini, onun tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici və ağırlaşdırıcı halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 22 iyun 2022-ci il tarixdən 24 iyun 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni 15 mart 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,372 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 15 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,372 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar