Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-4/2025 27.01.2025 XIZI RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1974-cü il tarixdə Xudat şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Xızı rayonunun Şorabad qəsəbəsində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün xeyli miqdarda 8,314 qram miqdarında narkotik vasitə - həşiş qətranını əldə edərək üzərində saxlamaqla daşımış, Xızı RPŞ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 28 sentyabr 2024-cü il tarixdə, saat 11:26 radələrində Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində saxlanılıb, üzərində videoçəkilişlə aparılmış yoxlama zamanı əynindəki köynəyin sol üst cibindən bir ədəd sellofan bükümün içərisində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı xeyli miqdarda 8,314 qram miqdarında narkotik vasitə - həşiş qətranı aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, hadisənin dəqiq olaraq hansı gün baş verdiyi yadında deyil. Belə ki, qəsəbə sakinlərinə məxsus olan heyvanları örüş sahəsinə aparmışdır. Yolun kənarında heyvanların arxası ilə gedərkən büküm diqqətini cəlb etmiş, bükümü yerdən götürüb içərisinə baxdıqda “mastinka” adı ilə tanıdığı həşiş qətranı olduğunu görmüşdür. O, həmin bükümü götürüb cibinə qoymuş, örüş sahəsinə çatanda ətrafda heç kəsin olmadığını görüb tapdığı həşiş qətranından bir qədər götürüb siqaretin tütünü ilə qarışdırıb yandıraraq tüstüsünü udmaqla qəbul etmişdir. Həmin bükümü cibinə qoyub növbəti günlərdə də istifadə etməyə qərar vermişdir. Bundan iki gün sonra yenə örüş sahəsində olarkən polis əməkdaşları onu saxlamış, üzərinə baxış keçirilmiş və tapdığı həmin narkotik vasitə aşkar olunmuşdur. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq 10 ildir narkotik vasitə etdiyini, 2 gün ərzində tapdığı həmin narkotik vasitədən 3 dəfə istifadə etdiyini, saxlanılarkən bir nəfər polis əməkdaşının kamera cihazı vasitəsilə videoçəkilişi qeydə aldığını, polis əməkdaşı həmin bükümü elektron tərəzidə çəkdiyini və həmin kütlənin 8 qram miqdarında olmasını gördüyünü bildirmişdir. Həmçinin sədrlik edənin sualına cavab olaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşmançılıq hissi keçirməsinin, anasının xəstə olmasının və ailə vəziyyətinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs elə də dəqiqliklə tanımamışdır. Belə ki, əvvəllər İmran haqqında ətraflı məlumatı olmamış, sadəcə Şorabad qəsəbəsində yaşadığını və çobanlıqla məşğul olduğunu bilmişdir. Sonradan ona Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması üçün RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 və Kriminalistik tədqiqatlar qrupunun inspektor kriminalisti Şahid1lə birlikdə Şorabad qəsəbəsinə getmişlər. Təqsirləndirilən şəxs qəsəbə ərazisində saxlayıb, üzərinə baxış keçirilmiş və narkotik vasitə olan həşiş qətranı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun inspektor kriminalisti Şahid1, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş həmin RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 9-10-cu vərəqələrində olan 28 sentyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, saxlanılan şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdə, saat 11:26 dəqiqədə Xızı rayonu Şorabad qəsəbəsində saxlanılmış, hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan köynəyin sol üst cibindən bir qutu “Keno” markalı siqaret və bir ədəd şəffaf büküm aşkar edilmişdir. Həmin büküm açılmış, bükümün içərisində narkotik vasitə - tiryəkə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmin bükümün “mastinka” olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, çöldən tapdığını, satmaq məqsədinin olmadığını, “mastinka”dan heç kəsə satmadığını və pay vermədiyini bildirmişdir. Daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə tərəziyə qoyularaq çəkilmiş və çəkisinin 8,60 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş predmet qablaşdırılmış, zərfin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Bir qutu “Keno” markalı siqaret Təqsirləndirilən şəxs qaytarılmışdır. Yoxlama Xızı RPŞ-nin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən aparılmış, kriminalistik tədqiqatlar qrupunun inspektorkriminalisti polis kapitanı Şahid1 tərəfindən kamera cihazı vasitəsilə qeydə alınmışdır. Həmin istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Diskdə olan video görüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxarkən müəyyən edilmişdir ki, Xızı rayonu Şorabad qəsəbəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan köynəyin sol üst cibindən bir qutu “Keno” markalı siqaret və bir ədəd şəffaf büküm aşkar edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 30-33-cü vərəqələrində olan 28 sentyabr 2024-cü il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Xızı RPŞ-nin xidməti iş otağında həmin şöbənin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2 təqdim etdiyi əşya üzərində baxış aparılmışdır. Həmin istintaq hərəkətində şübhəli şəxs Təqsirləndirilən şəxs, cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2, cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid3 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirak etmişdir. Baxışın aparılması Xızı RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun inspektor-kriminalisti, polis baş leytenantı Şahid1 tərəfindən kamera cihazı vasitəsi ilə qeydə alınmışdır. Baxışa təqdim edilən ağ rəngli zərfin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, zərfin üzərində “Təqsirləndirilən şəxs Əhməd oğlunun üzərindən aşkar edilmiş kütlə” sözləri yazılmışdır. Zərf tərəfimdən açılmışdır, içərisində şəffaf sellofan büküm olmuşdur. Həmin büküm açılmış, bükümün içərisində qara rəngli, spesifik qoxuya malik, narkotik vasitəyə bənzər kütlə olması müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq həmin kütlənin ona məxsus olduğunu, “mastinka” adı ilə tanıdığı narkotik vasitə olduğunu, həmin kütləni şəxsi istifadəsi üçün istifadə etmək məqsədi ilə üzərində saxladığını, satış məqsədinin olmadığını, Xızı rayonu Şorabad qəsəbəsində saxlanıldığını, saxlanılarkən və Xızı rayon polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiqə məruz qalmadığını, heç bir şikayətinin olmadığını bildirmişdir. Şahid2 təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə tərəfimdən ağ rəngli zərfdə qablaşdırılmış, zərfin açıq yerləri DİN-in “131” nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, imzalanmış, ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7/1626 nömrəli ekspert rəyindən görünür ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək istintaq orqanına təqdim edilmiş kütlə...” yazılar və imzalar olan 1 (bir) ədəd kağız paketdə 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 8,314 qram qətranabənzər maddə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qətranıdır. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə həşiş qətranının qalıq çəkisi 8,264 qram təşkil etmişdir. Cinayət işinin 43-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 70 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 47-ci vərəqəsində olan 29 sentyabr 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 8,264 qram narkotik vasitə olan həşiş qətranı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 112-113-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 13 noyabr 2024-cü il tarixdə verilmiş 7258 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 79-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 oktyabr 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 20-21-ci vərəqələrində olan 28 sentyabr 2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-66-cı vərəqələrində olan 30 sentyabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 118-126-cı vərəqələrində olan 18 dekabr 2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində 30 sentyabr 2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, həmçinin təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, habelə istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə - həşiş qətranı onun haradan əldə etdiyini müəyyən etmək məqsədi ilə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərarın surəti Xızı rayon polis şöbəsinin cinayət-axtarış bölməsinə göndərilmiş, Təqsirləndirilən şəxs üzərində 28 sentyabr 2024-cü il tarixdə yoxlama aparılarılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, aşkar edilmiş predmetlər üzərində 28 sentyabr 2024-cü il tarixdə baxış aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk və zəng, sms və anten məlumatlarının olduğu DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olan 1 ədəd DVD disk iş üzrə sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 106-107-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Şorabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 21 noyabr 2024-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə hər hansı bir ərizə və şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istifadəsi üçün xeyli miqdarda narkotik vasitə olan həşiş qətranını əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, həyat şəraitini, o cümlədən narkotik vasitənin növünü, miqdarını, həmçinin barəsində yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdən 30 sentyabr 2024-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni 27 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 8,264 qram təşkil edən narkotik vasitə olan həşiş qətranı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində 28 sentyabr 2024-cü il tarixdə yoxlama aparılarılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, aşkar edilmiş predmetlər üzərində 28 sentyabr 2024-cü il tarixdə baxış aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk və zəng, sms və anten məlumatlarının olduğu DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olan 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 70 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdən 30 sentyabr 2024-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 27 yanvar 2025-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 8,264 qram təşkil edən narkotik vasitə həşiş qətranı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində 28 sentyabr 2024-cü il tarixdə yoxlama aparılarılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, aşkar edilmiş predmetlər üzərində 28 sentyabr 2024-cü il tarixdə baxış aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk və zəng, sms və anten məlumatlarının olduğu DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olan 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 70 (yetmiş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-4/2025
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-4/2025
27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver