Məhkəmə qərarları › İş №1(068)-42/2021

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-42/2021

15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-42/2021 15.12.2021 XIZI RAYON MƏHKƏMƏSİ X16 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1977-ci il tarixdə Abşeron rayonu, Şuraabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni 1,108 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış, 18 may 2021-ci il tarixdə, saat 12:00 radələrində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində o, Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində, kənd qəbristanlığının yaxınlığında torpaq örtüklü ara küçədə saxlanılmış, müdafiə hüquqları təmin edilməklə şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş halda, təmiz çəkisi 1,108 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 18 may 2021-ci il tarixdə, saat təxminən 08:05 radələrində qardaşı arvadını qəsəbənin mərkəzindən Sumqayıt şəhərinə gedən avtobusla yola salaraq evə gəlmişdir. Evə daxil olduqdan 10 dəqiqə sonra qapının döyüldüyünü görmüş və həmin vaxt qəflətən Xızı rayon X8, Mədət, sonradan adlarını bildiyi Elnur və Orxan adlı əməkdaşları evə daxil olaraq üzərinə hücum çəkmişlər. İlkin olaraq Məhəmməd adlı polis əməkdaşı ona 1-2 zərbə vurmuş, daha sonra digər polis əməkdaşları onun qolunu buraraq həyətə çıxarmışlar. Həmin vaxt polis əməkdaşları onu itələdiklərindən yerə yıxılmış və başı darvazaya dəyərək zərbə almışdır. Bundan sonra, polis əməkdaşları ona bir söz demədən qollarını buraraq onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmiş və onu postpatrul avtomobilinə tərəf aparmışlar. Bu zaman o, polis əməkdaşlarına anasının xəstə olmasını və onun heç bir günahı olmadan əsassız yerə aparmalarını bildirmiş, lakin polis əməkdaşları onun sözlərinə məhəl qoymayaraq onu məcburi avtomobilə əyləşdirib Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Daha sonra, şöbədə onun üzərində narkotik maddə olduğunu və könüllü surətdə çıxarıb təqdim etməsini təklif etdilər. Lakin o, polis əməkdaşlarına üzərində hər hansı bir narkotik maddə olmadığını təkidlə bildirmişdir. Bundan sonra, onu Xızı rayon Polis Şöbəsində saxlayaraq, müxtəlif hədə qorxular gəlməyə və psixoloji təzyiqlər göstərməyə başlamışlar. Belə ki, üzərindən narkotik maddə çıxdığını boynuna almayacağı təqdirdə evinə gedərək evdən külli miqdarda narkotik vasitə çıxaracaqlarını və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanacağını bildirmişlər. O, da məcbur olub polis əməkdaşları ilə razılaşmışdır. Daha sonra, onu yaşadığı Xızı rayonu, Şorabad qəsəbəsinə gətirmişlər və yolda polis əməkdaşı Şahid1 tərəfindən əynində olan qara rəngli cins şalvarın arxa sağ cibinə qoyulmuş narkotik maddənin guya üzərindən çıxdığını bildirmiş, eləcə də bu barədə çəkiliş aparılmışdır. Eyni zamanda, həmin vaxt onun yaşadığı evdən və ya həyətyanı sahədən hər hansı bir silah da çıxmamış, sadəcə narkotik vasitə kimi silah da əvvəlcədən qoyulmuşdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, anasının xəstə olmasının nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, hazırda ziddiyyətli ifadə verərək təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün ibtidai istintaq zamanı etirafı ilə yanaşı, son sözündə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini bildirməsi, eləcə də şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, ailəsi ilə birlikdə Xızı rayonu, Şorabad qəsəbəsində yaşayır. Rəsmi nikahı olmasa da, kəbinli nikahı vardır və həmin nikahdan 1 oğlan övladı doğulmuşdur. Əvvəllər Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.3 və 120.2.9, 120.2.11-ci maddələri ilə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və həmin cinayətlərinə görə cəzasını 2002-ci il ildən 2016-cı ilə qədər 15 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. İki ildən artıq müddətdir narkotik vasitə istifadəçisidir. Əsasən “kakos” adlanan narkotik vasitədən istifadə edir. Həmin narkotik vasitəni əsas etibarı ilə ineyeksiya yolu ilə damarına vurmaqla qəbul edir. Rəsmi qaydada heç bir yerdə işləməsə də, aradabir Şorabad qəsəbəsində dəniz kənarında yerləşən qum karxanasında fəhləlik etməklə, hərdən də kəndin malheyvanın otarmaqla çörək pulu qazanır. İşə gedəcəyi günlər saat 09 radələrində evdən çıxıb piyada iş yerinə getmiş, adətən axşam saat 17-18 radələrində işdən çıxıb evə qayıdmişdır. 16 may 2021-ci il tarixdə, saat 17:00 radələrində işdən çıxıb kənd istiqamətində gələrkən qəflətən gözü yolun kənarında torpaq üzərində nəyinsə parıldadığına sataşmış, yaxınlaşıb əyilmiş və parıldayan şeyin qızılı siqaret kağızınının bükümü olduğunu görmüş, diqqətini çəkdiyindən bükümü götürüb açdıqda içərisində bərktoz halda açıq-qəhvəyi rəngli maddə olduğunu görmüşdür. İki ildən artıqdır ki, narkotik vasitə istifadəçisi olduğundan həmin bükümdəki kütlənin narkotik vasitə “kakos” olduğunu dəqiq olaraq bilmiş və tapdığı narkotik vasitəni şəxsi istifadəsi üçün götürüb evə gəlmişdir. Həmin gün narkotik vasitə istifadə etməmiş, 17 may 2021-ci il tarixdə axşam evdə olarkən tapdığı “kakos”dan az bir qismini bişirib damarına vurmaqla qəbul etmiş, qalan hissəni isə elə həmin qızılı kağız bükümdə əynində olan qara rəngli cins şalvarının arxa sağ cibinə qoymuşdur. 18 may 2021-ci il tarixdə səhər yuxudan oyanıb səhər yeməyini yeyib kənd içərisinə çıxmış, iş olmadığından kənddə bir qədər gəzib, saat 11:50 radələrində kəndin içərisindəki dükandan yarım litrlik adi su alıb qəbristanlığın yanı ilə yaşadığı evə tərəf getmiş, dəniz yolu deyilən asfalt yola təxminən 15 metr məsafə qalmış arxadan iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra ona qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirdiyinə görə saxlanıldığı və şübhəli şəxs qismində tutulması izah edilmiş, bir qədər sonra hüquqlarının müdafiəsi üçün ona təqdim edilən vəkillər siyahısından Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi seçmiş və həmin vəkil onun saxlanıldığı yerə qısa zaman ərzində dəvət edilmişdir. Hüquqlarının onun tərəfindən qorunduğu bildirilərək ona təqdim edilmiş və bütün hüquqları ona izah edilmiş, bundan sonra üzərində şəxsi axtarış aparılacağı, axtarışın video görüntüyə alınacağı da bildirilmişdir. Çəkiliş altında ondan əvvəlcə üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub olmaması soruşulmuş, varsa digər əşyalarla birlikdə çıxarıb təqdim etməyi təklif edilmiş, o da etiraz etməyərək həmin vaxt əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən iki gün öncə kənd içərisindən yerdən tapıb şəxsi istifadəsi üçün üzərində saxladığı qızılı rəngli siqaret bükümündəki narkotik vasitə olan “kakosu” çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin qızılı rəngli siqaret bükümündə nə olması soruşulduqda, həmin bükümün içərisində bərk-toz halda açıq-qəhvəyi rəngli maddənin narkotik vasitə olan “kakos” olmasını, iki gün öncə dəniz kənarından gələrkən yol qırağından tapdığını bildirmişdir. Bundan sonra, polis əməkdaşları təqdim etdiyi narkotik vasitəni ağ rəngli kağız zərfə qoyaraq qablaşdırmış və üzərindən aşkar olunmuş narkotik vasitəyə dair protokol tərtib etmişlər. Həmin protokol ucadan oxunmuş və imzası ilə həmin protokolun düzgünlüyünü təsdiq etmişdir. Həmçinin, narkotik vasitənin qoyulduğu kağız zərfin üzərində də imza etmişdir. Bundan sonra, onu gətirib müvəqqəti saxlama yerinə təhvil vermişlər. Təxminən 4 saat sonra ona izah edilmişdir ki, ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində evinin həyətyanı sahəsindəki tikilidə qanunsuz olaraq lüləsi kəsilmiş qoşalülə ov tüfəngi saxlaması barədə əsaslı məlumatlar daxil olmuşdur. Bu barədə ondan soruşulub izahatı alınarkən artıq etiraf etməyə məcbur olmuş və polis əməkdaşlarına bildirmişdir ki, həqiqətən də o, Xızı rayonu Şorabad qəsəbəsində yerləşən evlərinin həyətyanı sahəsində yerləşən tövlə tipli tikilidə sellofan torbaya bükülmüş lüləsi kəsilən qoşalülə ov tüfəngini plasmas verdə qapağının altında gizlədib saxlayır. Bundan sona, ona evinin həyətyanı sahəsinə baxış keçirmək təklif edilmiş və o, razılığını bildirmiş, bu barədə könüllü ərizə ilə müraciət edib evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini qeyd etmişdir. Daha sonra isə o, Şorabad qəsəbəsinə aparılmış, müdafiəçisi Müdafiəçi iştirakı ilə evinin həyətyanı sahəsinə baxış keçirilmiş, o, lüləsi kəsilmiş qoşalülə ov tüfəngini gizlətdiyi yeri polis əməkdaşlarına göstərib həmin tüfəngi evinin həyətyanı sahəsində yerləşən tövlə tipli tikilinin döşəməsində plasmas vedrə qapağının altında çıxararaq təqdim etmiş, aşkar edilmiş tüfəng müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Bu barədə video çəkiliş aparıldıqdan sonra protokol tərtib edilmiş və o da protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Qeyd olunanlarla yanaşı, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən verilən suallara cavab olaraq narkotik vasitənin yalnız istifadəçisi olduğunu, heç vaxt satışı ilə məşğul olmadığını, adətən “kakos” adlanan narkotik vasitədən istifadə etdiyini, həmin narkotik vasitəni də əsasən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində tanımadığı şəxslərdən satın alıb istifadə etdiyini, 18 may 2021-ci il tarixdə üzərindən aşkar edilən “kakos” adlanan narkotik vasitəni isə Şorabad qəsəbəsi ərazisindən dəniz kənarından qayıdarkən yolun kənarından tapıb üzərində saxladığını, eyni anda iki maddə ilə məsuliyyətə cəlb edilməmək üçün tutulduqdan sonra izahatı alınarkən evində və həyətyanı sahəsində heç bir qanunsuz əşya saxlamadığını bildirdiyini, evinin həyətyanı sahəsində olan tövlədən aşkar edilərək götürülmüş lüləsi kəsilmiş qoşalülə ov tüfəngini tutulmamışdan təxminən 10-12 gün əvvəl Şorabad qəsəbəsi ərazisində dənizin kənarında gəzişərkən oradakı xırda hündürlüklü kolun arxasından tapdığını və gətirib evimin həyətyanı sahəsindəki tövlə tipli tikilidə gizlədib saxladığını, həmin tüfəngi nə vaxtsa pula kəskin ehtiyacı yaransa münasib qiymətə satıb pul əldə etmək niyyətinin olduğunu, həmin tüfəngdən istifadə etmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, Xızı RPŞ-nin NMQ-na Xızı rayonu, Şorbabad qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə tərəfindən 18 may 2021-ci il tarixdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bundan sonra, şöbə rəhbərliyinə raportla məruzə olunaraq məlumatın Xızı RPŞ-nin Növbətçi Hissəsində olan cinayətlərə dair məlumatların 1 nömrəli qeydiyyatı kitabında qeydə alınması təmin olunmuş və həmin gün saat 12:00 radələrində RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 və RPŞ-nin Təhqiqat Qrupunun sabiq baş təhqiqatçısı Zamiq Quliyevin iştirakı ilə Xızı rayonu, Şorabad qəsəbəsində əməliyyat-istintaq tədbiri həyata keçirilmişdir. Qəsəbə qəbristanlığının yaxınlığında Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlayıb özlərini təqdim etmişlər. Həmçinin, tədbir video çəkilişlə qeydə alındığından hal şahidləri dəvət edilməmişdir. Bundan sonra, vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs hüquqları və saxlanılma səbəbi izah edilmişdir. Daha sonra, sonuncudan üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmamasını soruşduqda o, əynində olan qara rəngli şalvarın arxa cibindən 1 ədəd qızılı rəngli siqaret kağızı bükümünü çıxardaraq onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, iki gün əvvəl yaşadığı qəsəbə ərazisində yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlə zərfə qoyularaq tərəflərindən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs izahatında yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikilidə qanunsuz olaraq odlu silah olduğunu etiraf etmiş, buna görə də, baş təhqiqaçı Zamiq Quliyev tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş və orada olan yardımçı tikilidə, yerdə pastmas vedrə qapağının altında ağ rəngli sellofana bükülmüş halda, lüləsi kustar üsulla kəsilmiş və qundağından ayrılmış halda olan, “İJ” markalı, qundaq və lüləsində “100520” nömrəsi həkk olunmuş tüfəng aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatına göndərilməsi üçün müvafiq şəkildə qablaşdırılmışdır. Daha sonra, Təqsirləndirilən şəxs həmin tüfəngi nə vaxt və haradan əldə etməsi ilə bağlı soruşulduqda, o, tüfəngi tutulmamışdan 10-12 gün əvvəl Şorabad qəsəbəsi ərazisində dəniz kənarında gəzərkən hündür kolun arasından tapmasını və gələcəkdə satıb pul əldə etmək məqsədilə götürüb həmin yardımçı tikilidə gizlətməsini bildirmişdir. Sonda təhqiqatçı tərəfindən baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Xızı RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 Şahid4 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Həmçinin, Şahid1 məhkəməyə teleqram ünvanlayaraq xidməti ezamiyyətdə olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin İTB-nin rəisi Şahid2 ifadəsində göstərdi ki, cari ilin yanvar ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Xızı RPŞ-nin MSY-nin rəisi vəzifəsi üzrə ştat vahidinə orta rəis heyəti statusu verildiyindən həmin vəzifənin icrası oraya yeni rəis təyin olunanadək şöbə rəhbərliyi tərəfindən daxili əmrlə ona həvalə olunmuşdur. Buna görə də, RPŞ-nin İstintaq və Təhqiqat Qrupu əməkdaşları tərəfindən şübhəli, eləcə də digər şəxslər tutulub MSY-yə təhvil verilərkən tutulma protokoluna özü imza etmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs 18 may 2021-ci il tarixdə Xızı RPŞ-nin Təhqiqat Qrupunun sabiq baş təhqiqatçısı Zamiq Quliyev tərəfindən şübhəli şəxs statusunda tutularaq saat 14:00-da MSY-yə təhvil verilmiş və bu barədə özü tərəfindən tutulma protokolunda imza edilmişdir. Daha sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs sabiq baş təhqiqatçısı Zamiq Quliyevin göstərişinə əsasən konvoy nəfərinin müşayiəti ilə həmin gün, saat 17:00 radələrində yerli baxış keçirilməsi üçün Xızı rayonu, Şorabad qəsəbəsinə aparılmış, axşam 19:00 radələrində isə geri qaytarılaraq MSY-yə təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində göstərdi ki, valideynləri, nənəsi və bacısı ilə birlikdə Xızı rayonu, Şorabad qəsəbəsində yaşayır və fəhləlik etməklə gəlir əldə edir. Təqsirləndirilən şəxs onun doğma əmisidir. Mehman tutulduğu günə qədər bir evdə yaşamışlar. Əmisinin narkotik vasitə istifadəçisi olması tutulmamışdan bir qədər əvvəl ona məlum olmuşdur. Belə ki, əmisi əvvəllər namaz qılaraq, ibadət etmiş, sonradan isə necə oldusa narkotik vasitə istifadə etməyə başlamışdır. Əmisi Mehman tutulduğu vaxt o, Bakı şəhərində olmuş, əmisinin tutulmasını ona atası xəbər etmişdir. Əmisinin narkotik vasitələri kimdən, haradan və hansı şəraitdə almasını bilməmiş, həmçinin yaşadıqları evin həyətində yerləşən tövlədən aşkar olunmuş yivsiz qoşalülə ov tüfənginin mövcudluğundan ümumiyyətlə xəbəri olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində göstərdi ki, Xızı rayonu, Şoraabad qəsəbəsində yerləşən uşaq bağçasının müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanımış, onunla hər hansı bir düşmənçiliyi, ədavəti olmamışdır. 18 may 2021-ci il tarixdə səhər saatlarında həmişə olduğu kimi qəsəbə daxili küçə ilə işə getmiş və həmin vaxt Təqsirləndirilən şəxs görməmişdir. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin PPX-nin manqa komandiri X4 ifadəsində göstərdi ki, 18 may 2021-ci il tarixdə polis nəfəri X5 ilə dislokasiya üzrə Xızı rayonunun Giləzi, Şorabad və Yaşma qəsəbələrinin ərazisində xidmətdə olmuşlar. Lakin onlar hər hansı bir əməliyyat tədbirində iştirak etməmiş və Təqsirləndirilən şəxs Xızı rayonu, Şorabad qəsəbəsində tutularaq Xızı rayon Polis Şöbəsinə gətirilməsi onların tərəfindən təmin edilməmiş, həmin gün qrafikə əsasən xidmətlərini davam etdirmişlər. Məhkəmə istintaqında dindirilmiş digər şahid Xızı RPŞ-nin PPX-nin polis nəfəri X5 şahid Elman Şahverdiyevin ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini X6 ifadəsində göstərdi ki, Xızı RPŞ-yə rayonun Şorbabad qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə 18 may 2021-ci il tarixdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Həmin əməliyyat tədbirində o, şəxsən iştirak etmiş, tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki zor tətbiq olunmamış, təqsirləndirilən şəxs özü könüllü olaraq narkotik vasitəni onlara təqdim etmiş və yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikilidə qanunsuz olaraq odlu silah olduğunu etiraf etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-27-ci vərəqələrində olan 18 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd qızılı rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 45-47-ci vərəqələrində olan 18 may 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəsi Müdafiəçi iştirakı ilə yaşadığı evin həyət darvazasının önünə gətirilmiş, darvazadan həyətə daxil olduqda həyətin geniş ərazisini əhatə etiyi girişdən sol tərəfdə bir mərtəbəli fərdi yaşayış evinin yerləşdiyi, girişdən sağ tərəfdə həyətin orta hündürlüklü mişar daşdan inşa edilmiş hasarla əhatə olunduğu müşahidə edilir. Həyətə daxil olduqdan sonra Təqsirləndirilən şəxs əli ilə evin qarşı tərəfində, evdən 30 metr məsafədə yerləşən birmərtəbəli tövlə tikilini göstərərək, bildirmişdir ki, özündə olan 01 ədəd lüləyi kəsilmiş qoşalülə ov tüfəngini həmin tikilidə gizlətmişdir. Həmin tikili mişar daşdan inşa edilmiş, üzəri azbes şiferlə örtülmüşdür. Tikilinin qarşısı bir laylı taxtadan olmaqla, qarşısı açıq vəziyyətdədir. Tikilinin ölçüləri 2,5x3,5 metrdir. Tikliyə daxil olduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs tikilini 2 yerə bölən mişar daşlarının düzüldüyü ara kəsmənin sol yan küncünü göstərib, lüləyi kəsilmiş qoşa lüləli ov tüfəngini məhz burda gizlətiyini bildirmişdir. Həmin yerə baxdıqda, boz rəngli kauçuk vedrə qapağının altında ağ-göy qarışıq rəngli sellofana bükülmüş 01 ədəd lüləyi qundağından ayrılmış, lüləyinin ön hissəsi kəsilmiş qoşalülə ov tüfəngi aşkar olunmuşdur. Aşkar edilmiş 01 ədəd lüləyi kəsilmiş ov tüfəngi müvafiq qaydada qablaşdırılmış və DİN-nin 131 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 55-56-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2021-ci il tarixli, 6/1954 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 131” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,108 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respubikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 1,058 qram təşkil etmişdir. Cinayət işinin 54-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 109,90 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 104-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2021-ci il tarixli, 3/882 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Ö 1520” №-li silah zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli olmaqla, «İJ-58» modelli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı yivsiz (hamar) qoşalüləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir. Silahın funksional əhəmiyyət daşıyan hissəsi olan lüləaltı yatağı yerində olmadığından, silah döyüş vəziyyətinə keçmir və bu səbəbdən təqdim edilmiş vəziyyətdə istifadəyə yararsızdır. Cinayət işinin 103-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 64 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 126-127-ci vərəqələrində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin 23 iyul 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq çəkisi 1,058 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 127-128-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 22 iyul 2021-ci il tarixdə verilmiş 2405 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 161-163-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 avqust 2021-ci il tarixdə verilmiş tələbnamədən və işin 119-122-ci vərəqələrində olan müvafiq qərarın, eləcə də iş materiallarına əlavə olunmuş hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 aprel 2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 181.2.2, 181.2.3, 120.2.9 və 120.2.11-ci maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 06 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 15-16-cı vərəqələrində olan 18 may 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 88-90-cı vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 4(068)-09/2021 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 may 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 191-197-ci vərəqələrində olan 26 sentyabr 2021-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 228.1-ci və 234.2-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 132-133-cü vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Şorabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 avqust 2021-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayır və və mənfi xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, onun tərəfindən yenidən qəsdən başqa kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici və ağırlaşdırıcı halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 18 may 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,058 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 173,9 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 18 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,058 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 173,9 (bir yüz yetmiş üç manat doxsan qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142593, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ**********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar