Məhkəmə qərarları › İş №1(068)-42/2022

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-42/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-42/2022 28.09.2022 XIZI RAYON MƏHKƏMƏSİ X3 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1997-ci ildə Şəki rayonu Öyrət kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki rayonu Öyrət kəndində qeydiyyatda olmaqla, Xızı rayonu Fındığan kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 iyun 2022ci il tarixdə, saat 13:00 radələrində ofisiant işlədiyi Xızı şəhərində yerləşən Dərələyəz adlı kafeyə ailə üzvləri ilə birlikdə qonaq qismində gəlmiş Zərərçəkmiş şəxs kafedən getdikdən sonra saat 13:20 radələrində sonuncunun arvadı Şahid3 məxsus, kafedə unudub tərk etdikləri qadın əl çantasının kiçik ölçülü cibində olan Təqsirləndirilən şəxs məxsus beş ədəd 100 manatlıq və bir ədəd 50 manatlıq pul əskinaslarından ibarət cəmi 550 manat məbləğində pulu götürüb qəsdən gizli olaraq talamaqla Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Şəki rayonu, Öyrət kəndində qeydiyyatda olsa da, təxminən bir ildir Xızı rayonu, Fındığan kənd sakini X1 ilə ailə qurmuş və həmin kəndə də yaşayırlar. O, Xızı şəhərində yerləşən Bafadar adlı şəxsə məxsus “Dərələyəz” adlı kafedə ofisiant işləmiş, hər gün saat 09:00 radələrindən saat 23:30 radələrinədək həmin kafedə işdə olmuşdur. 11 iyun 2022-ci il tarixdə, saat 12:30 radələrində Dərələyəz kafesində işdə olarkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs adlı şəxs ailəsi ilə birlikdə kafeyə gəlmişdir. Elvingili kafenin həyətində girişdən solda yerləşən birinci masada əyləşmişlər. Elvin özü və ailəsi üçün səhər yeməyi sifariş vermişdir. Aşbaz Lalə səhər yeməyi hazırlamış və o, yeməyi daşıyıb masanın üzərinə düzmüşdür. Bundan sonra, Elvin ailə üzvləri ilə birlikdə yemək yemiş, təxminən 20 dəqiqə müddətində kafedə olmuşlar. Daha sonra, Elvin sifariş verdiyi yeməyin pulunu Nadir Həşimova vermiş və ailə üzvləri ilə birlikdə kafeni tərk edib getmişlər. O, masanın üzərini yığışdırmaq üçün stola yaxınlaşarkən oturacaqların birinin üstündə bir ədəd qadın əl çantasının olduğunu görmüşdür. O, həmin çantanın Elvinin arvadına məxsus olduğunu və həmin çantanı unutduğunu bilmişdir. O, çantada qızıl və pul olacağını yəqin etmiş, maddi imkanı zəif olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də, çantanın içərisinə baxmış, uşaq paltarının və açarın olduğunu görmüşdür. Bundan sonra o, çantanın zəncirbəndlə bağlanmış kiçik ölçülü cibinə baxmış və həmin cibdə bir neçə ədəd 100 manatlıq və bir ədəd 50 manatlıq pul əskinaslarının olduğunu görmüşdür. O, həmin pulları götürüb əynindəki şalvarının cibinə, çantanı isə stolun üstünə qoymuşdur. Çantanı götürməməkdə məqsədi növbəti müştərilərin həmin stolda əyləşəcəyi halda oğurluğun həmin şəxslərin üzərində qalacağını düşünməsi olmuşdur. Daha sonra o, Elvinin kafeyə gəlib çantasını istəyəcəyi təqdirdə üstünə baxış keçirilə biləcəyini və həmin vaxt pulun aşkar olunacağını fikirləşmiş və həyətdə yerləşən tualetdə pulu gizlətməyi qərara almışdır. Təxminən 30 dəqiqə sonra o, tualetə getmiş, cibindəki “Rothmans” markalı siqaret qutusunda qalmış bir ədəd siqareti çəkmiş, çantadan götürdüyü pulu saymış, beş ədəd 100 manatlıq və bir ədəd 50 manatlıq əskinasların olduğunu, cəmi 550 manat pulun olduğunu görmüşdür. Bundan sonra o, həmin pulu siqaret qutusuna qoymuş və tualetin dam örtüyünün altında gizli yerə qoymuşdur. O, çantadan pul oğurladığını kafenin digər işçilərinə deməmişdir. Saat təxminən 17:00 radələrində Elvinin ailə üzvlərinə məxsus çantanı gətirib Nadir Həşimova göstərmiş və müştərilərdən qaldığını demişdir. Nadir çantanın içərisinə baxmış, hər hansı bir pulun olmadığını, çantada yalnız açar və paltarın olduğunu görmüşdür. Nadir ona çantanı kafeyə qoymasını, sahibi gəldikdə isə çantanı qaytarmasını tapşırmışdır. O, çantanı kafeyə aparıb masanın üzərinə qoymuşdur. Saat 20:00 radələrində Elvin kafeyə gələrək günorta saatlarında ailə üzvləri ilə birlikdə kafedə olduğunu, arvadına məxsus çantanın kafedə qaldığını demiş və həmin çantanı istəmişdir. O, Elvinə kafedə bir ədəd qadın əl çantasının qaldığını demiş, sonra Elvinin ondan şübhələnməməsi üçün sonuncuya yalan olaraq “axı çanta sizin deyil” demişdir. Elvin çantaya baxmaq istədiyini demiş və kafeyə daxil olmuşdur. O, kafedəki qonaqlara xidmət göstərib geri qayıtmış, Elvinin çantanın içərisindəki paltarı boşaltdığını görmüş və sonuncu ona çantadakı 550 manat pulun olmadığını demişdir. O, Elvinə yalan olaraq kafeyə sonuncudan sonra gəlmiş müştərilər getdikdən sonra çantanı tapdığını, çantaya baxmadığını və çantadan 550 manat pul götürmədiyini demişdir. Bundan sonra, Elvin Xızı RPŞ-yə gedərək arvadının çantasından oğurluq edilməsi ilə bağlı şikayət ərizəsi yazmış, polis əməkdaşları işlədiyi kafeyə gəldikdə isə məcbur olub oğurluğun onun tərəfindən edildiyini etiraf etmiş və oğurladığı pulu gizlətdiyi yerdən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin və zərərçəkmiş şəxslə barışıq əldə etməsinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmənin 14 sentyabr 2022-ci il tarixli iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. 11 iyun 2022-ci il tarixdə səhər saatlarında ailə üzvləri ilə birlikdə Xızı rayonuna gələrək istirahət etmək qərarına gəlmişdir. O, ailə üzvləri ilə birlikdə evdən çıxarkən özünə məxsus 550 manat ehtiyat pulunu saxlamaq üçün arvadı Tünzaləyə vermiş, sonuncu da həmin pulu əlindəki kiçik ölçülü qadın əl çantasının zəncirbəndlə açılıb-bağlanan cibinə qoymuşdur. Bundan sonra o, idarə etdiyi “Toyota Rav4” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobillə ailə üzvləri ilə birlikdə Bakı şəhərindən çıxıb Xızı şəhərinə gəlmişdir. Saat 12:00 radələrində Xızı şəhərində asfalt yolun kənarında “Dərələyəz” adlı kafenin olduğunu görmüşdür. Onlar kafedə əyləşib çay-çörək yemək qərarına gəlmiş və avtomobilini həmin kafenin həyətində dayandırmışdır. O, arvadı və üç uşağı ilə birlikdə kafenin həyətində yerləşən “besetkada” əyləşmiş, səhər yeməyi sifariş vermiş və ailə üzvləri ilə birlikdə yemək yemişlər. Bundan sonra, saat 13:20 radələrində onlar kafeni tərk etmiş və Xızı rayonunun Altıağac qəsəbəsində yaşayan dostu Seymurun evinə qonaq getmişlər. Orada olarkən arvadı Tünzaləyə məxsus əl çantasının avtomobildə olmadığını bilmişlər. Daha sonra o, ailə üzvləri ilə birlikdə Bakı şəhərinə qayıdarkən saat 20:00 radələrində yolüstü Dərələyəz adlı kafeyə dönmüş və yemək yeyərkən qulluq göstərmiş ofisiantdan masada qadın çantasının qalıb-qalmadığını soruşmuşdur. Həmin şəxs onlardan sonra masada bir nəfər oğlanın bir nəfər qadınla əyləşdiyini, həmin şəxslər getdikdən sonra masanın altından bir ədəd əl çantası tapıb götürdüyünü və çantanın həmin şəxslərə məxsus ola biləcəyini demişdir. O, ofisianta çantada 550 manat pulun, evin açarının və uşaq paltarının olduğunu demişdir. Həmin şəxs kafedən bir ədəd çanta gətirmiş və o, həmin çantanın arvadı Tünzaləyə məxsus olduğunu görmüşdür. O, çantanın içərisinə baxmış, açarın və uşaq paltarının yerində olduğunu, lakin 550 manat pulun olmadığını müəyyən etmişdir. O, ofisiant işləyən şəxsdən 550 manat pulun harada olduğunu soruşmuş, həmin şəxs ona çantanın içərisinə baxmadığını, çantadan 550 manat pul götürmədiyini demişdir. Bundan sonra o, Xızı rayon Polis Şöbəsinə gedərək 550 manat pulunun çantadan götürülməsi barədə ərizə yazmışdır. Araşdırma zamanı çantadan həmin pulun kafedə ofisiant işləyən Təqsirləndirilən şəxs tərəfindən götürülməsi müəyyən edilmiş və onun oğurlanmış 550 manat pulu özünə qaytarılmışdır. Hazırda ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayəti yoxdur, eyni zamanda növbəti məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə istintaqında Şahid3 Zərərçəkmiş şəxs ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, Xızı şəhərində yerləşən “Dərələyəz” kafesi Alı adlı şəxsə məxsusdur. O, həmin kafeni 2021-ci lin mart ayında şifahi razılıq əsasında icarəyə götürmüşdür. Həmçinin, kafedə oğlu Nadir Həşimov da işləmiş və ona kömək etmişdir. O, Şəki rayonu Öyrət kənd sakini Təqsirləndirilən şəxs həmin kafeyə 2022-ci ilin may ayının sonlarında ofisiant kimi işə götürmüşdür. 11 iyun 2022-ci il tarixdə, səhər saatlarında oğlu Nadirlə birlikdə kafeyə işə gəlmiş, bir neçə saat sonra isə kafedən çıxaraq Bakı şəhərinə yas mərasiminə getmişdir. Gecə saatlarında kafeyə qayıtmış, həmin vaxt oğlu Nadir kafedə olmuş, Elvin isə kafedə olmamışdır. Nadir ona günorta saatlarında bir ailənin kafeyə müştəri qismində gəlib yemək yediklərini, axşam saatlarında həmin şəxsin yenidən kafeyə gələrək arvadına məxsus çantanın kafedə qaldığını, Elvinin kafedə qalmış bir ədəd qadın əl çantasını həmin şəxsə verdiyini, bundan sonra həmin şəxsin çantanın içərisinə baxaraq 550 manat pulun yerində olmadığını və bu səbəbdən Xızı rayon Polis Şöbəsinə şikayət etdiyini bildirmişdir. Daha sonra, araşdırma zamanı 550 manat pulu çantanın cibindən Təqsirləndirilən şəxs oğurladığı və kafenin həyətindəki tualetdə gizlətdiyi məlum olmuşdur. Onun da iştirakı ilə keçirilmiş baxış zamanı Elvin 550 manat pulu tualetdə gizlətdiyi yerdən çıxarıb istintaqa təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində göstərdi ki, Xızı şəhərində yerləşən atası Şahid1 işlətdiyi “Dərələyəz” adlı kafedə ümumi nəzarəti həyata keçirmişdir. 13 iyun 2022-ci il tarixdə atası Bafadar yas mərasiminə getdiyi üçün o, “Dərələyəz” kafesində olmuşdur. Həmin vaxt kafedə ofisiant Elvin və aşbaz Lalə adlı işçilər işdə olmuşlar. Həmin gün saat 13:00 radələrində onlar kafedə olarkən əvvəllər tanımadığı, sonradan adı ona məlum olmuş Elvin adlı şəxs ailə üzvləri ilə birlikdə kafeyə gəlib həyətdəki birinci besetkada əyləşmişlər. Ofisiant işləyən Elvin masaya yaxınlaşıb sifarişi götürmüş və sonra masaya yemək servis etmişdir. Təxminən 20-30 dəqiqə sonra Elvin ailəsi ilə birlikdə masadan qalxmış, yeməyin hesabını ona ödəyib getmişlər. Bundan sonra, Elvin masanın üstünü yığışdırmaq üçün besetkaya getmiş, onlar isə işinə davam etmişlər. Saat təxminən 17:00 radələrində kafeyə bir qadın və bir kişidən ibarət yeni müştəri gəlib getdikdən sonra Elvin bir ədəd qadın əl çantası gətirib ona göstərmiş, həmin çantanın müştəridən qaldığını və masanın üstündən götürdüyünü demişdir. O, Elvinlə birlikdə çantanın içərisinə baxmış, çantada uşaq paltarı və qapı açarı olmuşdur. O, Elvinə çantanı kafeyə qoymasını, sahibinin yadında düşdükdə gəlib götürəcəyini demişdir. Saat 20:00 radələrində onlar kafedə olarkən Elvin adlı müştəri gələrək ailəsinə məxsus çantanın kafedə qaldığını demiş və çantanı istəmişdir. Ofisiant Elvin çantanın digər müştərilərdən qaldığın desə də, müştəri çantaya baxmaq istədiyini demişdir. Elvin çantanı gördükdə sonuncuya məxsus olduğunu demiş və içərisinə baxmışdır. Elvin paltar və açarın yerində olduğunu, lakin çantanın cibindəki 550 manat pulun olmadığını demişdir. Ofisiant işləyən Elvin çantada 550 manat pul görmədiyini və çantadan pul götürmədiyini demişdir. Elvin polisə şikayət edəcəyini deyib çantanı götürərək kafedən getmişdir. Araşdırma zamanı 550 manat pulu çantanın cibindən Təqsirləndirilən şəxs oğurladığı, kafenin həyətindəki tualetdə gizlətdiyi məlum olmuşdur. İstintaq zamanı Elvin 550 manat pulu tualetdə gizlətdiyi yerdən çıxarıb istintaqa təqdim etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 7-9-cu vərəqələrində olan 13 iyun 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Xızı şəhərində yerləşən Dərələyəz adlı kafeyə baxış keçirilərkən Təqsirləndirilən şəxs oğurladıqdan sonra kafenin həyətindəki tualetin şiferinin altında bir ədəd siqaret qutusunda saxladığı 550 manat pulu təqdim etmişdir. Həmin pulun beş ədəd 100 manatlıq və bir ədəd 50 manatlıq əskinaslardan ibarət olduğu müəyyən edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən 550 manat pul maddi sübut kimi götürülmüşdür. Baxış keçirilməsi və götürmə başa çatdıqdan sonra protokol tərtib edilmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-ci vərəqəsində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin 13 iyun 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından, eləcə də işin 71-72-ci vərəqələrində olan 15 iyun 2022-ci il tarixli ərizə və maddi sübutun təhvil verilməsi haqqında qəbzdən görünür ki, istintaq zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus 550 manat məbləğində pul cinayət işi üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 avqust 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 35-36-cı vərəqələrində olan 13 iyun 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-69-cu vərəqələrində olan 15 iyun 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Xızı Rayon İcra Hakimiyyəti başçısının Fındığan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 23 sentyabr 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Fındığan kəndində yaşayır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 14 sentyabr 2022-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 111-117-ci vərəqələrində olan 02 avqust 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham, həmçinin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, eləcə də təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin tərkib hissəsinin əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halın olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 13 iyun 2022-ci il tarixdən 15 iyun 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus 550 manat məbləğində pulun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs məxsus 550 manat məbləğində pulun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar