Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 1(068)-47/2021 15.12.2021 XIZI RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Xırdalan şəhər Vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Xızı rayonu, Giləzi qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xızı Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Xızı Rayon Məhkəməsinin icraatına 17 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən CM-nin 228.1 və 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq, yəni 0,207 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 26.04.2021-ci il tarixdə keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində saxlanılmış, müdafiə hüquqları təmin edilməklə şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli xətli parça şalvarının sol cibində saxladığı "Prima" markalı siqaret qutusunun şəffaf sellofanının arxa hissəsində 1 (bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş halda içərisində qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 ədəd qundağı kustar üsulla çıxarılmış 5,45 mm kalibrli AKM markalı, 1962ci ildə istehsal olunmuş, "Aİ 5576" nömrəli yivli odlu silahı, odlu silahın komlekt hissəsi hesab olunan 02 ədəd zavod üsulu ilə istehsal olunmuş, 5,45 mm-lik, 30 patron tutumuna malik avtomat sandıqçası və zavod üsulu ilə istehsal olunmuş, 5,45 mm kalibrli, döyüş sursatı hesab edilən atəş üçün yararlı 19 (on doqquz) ədəd patronu, həmçinin zavod üsulu ilə istehsal edilmiş, qəlpəli “F-1” əl qumbaralarının gövdə hissələrini, eləcə də həmin qumbara gövdələrinin komplekt hissəsi olan, bağladıqda, döyüş sursatı hesab olunan “F- 1” markalı qəlpəli əl qumbaralarını təşkil edən 10 (on) ədəd “F-1”, “RQD-5”, “RQ-42” markalı qəlpəli əl qumbaralarının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, “UZRQM-2” markalı qumbara partladıcılarını tapmaqla mənsimyərək əldə etmiş, bu barədə hüquq mühafizə orqanlarına məlumat verməli və silah-sursatı təhvil verməli olduğu halda, bunları etməmiş, həmin silah sursatı qanunsuz olaraq yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən evinə bitişik, təsərrüfat əşyalarının saxlandığı yardımçı tikilidə saxlamaqla gizlətmiş, həmin silah sursatdan 16 (on altı) ədəd “F-1” əl qumbaralarının gövdələrini və 10 (on) ədəd “UZRQM-2” qumbara partladıcılarını 28.06.2019-cu il tarixdə gizlətdiyi yerdən çıxaraq başqa bir ağ rəngi un kisəsinin içərisinə qoymaqla gətirib Bakı-Novorossiysk neft kəmərinin Giləzi qəsəbəsi ərazisindən keçən 100.2-ci kilometrliyinin 6 metr kənarına qoymuş və həmin döyüş sursatı və komplekt hissələri Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən həmin tarixdə aşkar olunaraq Xızı RPŞ-yə təhvil verilmiş, digər “Aİ 5576” nömrəli yivli odlu AKM silahı, 02 ədəd 5,45 mm-lik, 30 patron tutumuna malik avtomat sandıqçası və 5,45 mm kalibrli 19 (on doqquz) ədəd patron 26.04.2021-ci il tarixdə onun yaşadığı evə bitişik yardımçı tikiliyə keçirilən baxış zamanı oradan qırmızı rəngli parçaya bükülmüş halda un kisəsinin içərisindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə cinayət işinin materiallarını yoxlayıb belə qənaətə gəlir ki, qeyd edilən cinayət işinin baxılması Xızı Rayon Məhkəməsinə aiddir. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs və müdafiəçisi X2 cinayət işinin baxılmasına xitam verilərək, barəsində olan cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə, məhkəmənin hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü ilkin dinləmələr vasitəsilə yoxlamaqla ittiham və müdafiə tərəfinin fikrlərini ayrı-ayrılıqda dinləyib, cinayət işinin materiallarını qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması halında cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş konkret kobud prosessual pozuntulara gəldikdə məhkəmə, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlı yol verilən nöqsanları qeyd edir və bildirir ki, həm milli qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin üzərində israrla dayandığı, heç bir halda məhdudiyyətin müəyyən edilmədiyi ən təməl hüquqlardan biri cinayət təqibi zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi, yəni onun müdafiə hüququnun pozulmamasıdır. Həm milli qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından müdafiə hüququ mütləq hüquq kimi bir bütöv mexanizmi xatırlatsa da, adətən bu hüquq özünü iki formada ehtiva edir. Birinci halda, şəxsin ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında, daha dəqiq desək ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti haqqında ətraflı məlumatlandırılmaq, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və şəraitə malik olmaq imkanı kimi, ikinci halda isə şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi halda belə müdafiədən pulsuz istifadə etmək hüququ kimi. Hər iki halda qeyd edilən tələblərə əməl edilməsi cinayət təqibi zamanı vacib hüquqi əhəmiyyət kəsb etdiyindən, bunlardan hər hansı birinin pozulması dolayısı ilə şəxsin təməl hüququ olan müdafiə hüququnun pozulmasını ehtiva edir ki, bu da hazırkı halda Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində öz əksini tapan təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qəbul edilir. Məhkəmə qeyd edilənlərə aydınlıq gətirərək bildirir ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən cinayət təqibi zamanı məhz təqsirləndirilən şəxsin qeyd edilən təməl hüququ, yəni müdafiə hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90.7.7-ci maddəsinə əsasən tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək hüququna malikdir. Həmin Məcəllənin 91.5.1 və 91.5.7-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq, eləcə də müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək hüququna malikdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş, həmin tarixdə müdafiəçi təyin edilməsi haqqında qərar qəbul olunsa da, şübhəli şəxsə müdafiəçinin yardımından istifadə hüququnun izah edilməsi və ona vəkillərin siyahısının təqdim edilməsi haqqında protokolun tarixi 27 aprel 2021-ci il qeyd olunmuşdur ki, bu hal şübhəli şəxsə formal olaraq vəkillərin siyahısının təqdim edilməsini göstərir. Həmçinin, məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı Təqsirləndirilən şəxs, əvvəl yaşadığı Giləzi qəsəbəsindən Xızı RPŞ-yə gətirilməsini, şöbədə onun üzərinə narkotik vasitə olan heroin qoyulduqdan sonra yenidən Xızı rayonu Giləzi qəsəbəsinə aparılaraq orada müvafiq sənədləşmə aparılmasını, aşkar edilmiş silah-sursatdan isə ümumiyyətlə məlumatının olmamasını, əraziyə baxış keçirilərkən vəkilin artıq orda olmasını və onun tərəfindən həmin vaxt vəkillərin siyahısından hər hansı bir seçim edilmədiyini bildirmişdir. Eyni zamanda, təqsirləndirilən şəxs 25 sentyabr 2021-ci il tarixdə Xızı RPŞ-nin əməkdaşları tərəfindən Xızı RPŞ-nin MSY-nə etap edilməsini və 26 sentyabr 2021-ci il tarixdə həbs müddəti başa çatdıqdan sonra azad edilməsini, həbsdə olduğu müddətdə iki dəfə Xızı RPŞ-nin MSY-nə etap edilməsini və müdafiəçinin iştirakı olmadan dindirilməsini, həbsdən azad olunduqdan sonra isə cəmi bircə dəfə polis şöbəsinə dəvət olunaraq yenə də müdafiəçinin iştirakı olmadan sənədlərə imza etdirilməsini göstərmişdir. Bu isə təqsirləndirilən şəxsin müdafiə hüqunun pozulması ilə nəticələnmişdir. Azərbyacan Respublikası Konstitusya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Bu mənada təqsirləndirilən şəxsin yüksək hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir (Konstitusiyanın 127-ci maddəsinin İV və Vİİ hissələri). Odur ki, qeyd edilən bu pozuntular bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Lakin nöqsanlar bununla da bitməmiş, cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla yekunda CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Cinayət prosessual qanunvericilikdə ittiham aktının tərtibi forması həmin Məcəllənin 289-cu maddəsində öz əksini tapmış və həmin prosessual sənədin konkret olaraq neçə hissədən ibarət olması, ittiham aktında hansı məlumatların əks olunmasının vacibliyi birmənalı şəkildə göstərilmişdir. Sözügedən maddənin tələblərindən göründüyü kimi, ittiham aktı giriş, təsviri əsaslandırıcı və nəticəvi hissədən ibarətdir. Giriş hissəsində ittiham aktının tərtib edilməyə başlandığı tarix, vaxt və yer, ittiham aktını tərtib etmiş müstəntiqin soyadı adı və atasının adı, vəzifəsi, o cümlədən barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumatın əks olunması nəzərdə tutulduğu halda, həmin prosessual sənədin təsviriəsaslandırıcı hissəsində konkret olaraq ibtidai istintaq zamanı müəyyən edilən halların, yəni cinayətin törədilmə yerinin, vaxtının, üsullarının, motivlərinin, nəticələrinin və digər mühüm halların, o cümlədən digər vacib məlumatların əks olunmasının zəruriliyi vurğulanmış, nəticəvi hissədə isə ibtidai istintaqın müəyyən etdiyi hallar əsasında gəldiyi yekun qənaətlə cinayət qanununun maddəsi göstərilməklə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın təsvirinin əks etdirilməsi ittiham aktını tərtib edən şəxsin üzərinə bir vəzifə kimi qoyulmuşdur. Hazırkı cinayət işi üzrə tərtib olunan ittiham aktında isə sözügedən prosessual sənədi tərtib edən müstəntiq onun üzərinə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən vəzifə kimi qoyulan öhdəliklərə kifayət qədər diqqətli yanaşmamış, nəticədə ittiham aktının tərtibində kobud nöqsanlara yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsnin 289.3.6-cı maddəsinə görə ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar göstərilməlidir. İttiham aktından və Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 12 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2010-cu il tarixli hökmünə əsasən (həmin hökmün surəti əlavə olunmamışdır) Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat cərimə cəzasına məhkum olunmuşdur. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud olmadığı halda, ittiham aktında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsini və cinayətlərin residivini ağırlaşdıran hallar kimi göstərilmişdir. Həmçinin, ittiham aktında məhkəmə-narkoloji ekspertizasının rəyi göstərilərkən başqa şəxsin adı qeyd olunmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 28 aprel 2021-ci il tarixdə isə barəsində Xızı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra, işin ibtidai istintaq müddəti 27 sentyabr 2021-ci il tarixə, həbsdə saxlama müddəti isə 26 sentyabr 2021-ci il tarixə kimi uzadılmışdır. Lakin işin istintaqını aparan müstəntiq qanunsuz olaraq özünün 02 sentyabr 2021-ci il tarixli qərarı ilə məhkəmə tərəfindən təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişərək polisin nəzarəti altına verməklə təqsirləndirilən şəxsi həbsdən azad etmişdir ki, bu da CPM-nin 157.8-ci maddəsinin tələblərinin pozulması deməkdir (həmin qərarın surəti isə ümumiyyətlə təqsirləndirilən şəxsə təqdim olunmamışdır). Bundan sonra, 13 sentyabr 2021-ci il tarixdə (13 rəqəmi ağardılaraq qələmlə düzəldilmişdir) iş üzrə icraat təqsirləndirilən şəxs barəsində axtarış elan edilmədən Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır. Halbuki Azərbaycan Respublikası CPM-nin 53.3.2-ci maddəsinə əsasən CPM-nin 53.1.2-ci maddəsi əsası ilə icraat yalnız təqsirləndirilən şəxs haqqında axtarış elan edildikdən sonra dayandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 53.6-cı maddəsinə əsasən icraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxanadək cinayət təqibi üzrə icraat dayandırılmış qalır. Bu səbəblər aradan qalxdıqdan sonra prokurorun, müstəntiqin və ya məhkəmənin qərarı ilə cinayət təqibi üzrə icraat təzələnir. Həmin müddətdə isə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılmış, Xızı rayon prokuror əvəzi İlham Məmmədovun 24 sentyabr 2021-ci il tarixli qərarı əsasında 25 sentyabr 2021-ci il tarixdə Xızı RPŞ-nin əməkdaşları tərəfindən Xızı RPŞ-nin MSY-nə etap edilmiş və həbs müddəti başa çatdıqdan sonra azad edilmişdir. Daha sonra, müstəntiq tərəfindən 04 noyabr 2021-ci il tarixdə (04 rəqəmi ağardılaraq qələmlə düzəldilmişdir) işin icraatı təzələnsə də, cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərar, eləcə də təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ibtidai istintaqın qurtarmasının elan edilməsi haqqında protokol icraat dayandırıldığı müddətdə, yəni 31 oktyabr 2021-ci il tarixdə qəbul olunmuş, işin icraatı təzələnməmişdən 3 gün əvvəl, yəni 01 noyabr 2021-ci il tarixdə isə təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları və iş üzrə maddi sübut ilə tanış etmək haqqında protokol tərtib olunmuş və 15 noyabr 2021-ci il tarixdə iş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək cinayət işi məhkəməyə göndərilmişdir. Göründüyü kimi iş üzrə icraat qanunsuz və əsassız olaraq dayandırılmış, iş üzrə ibtidai istintaq müddətinin 27 sentyabr 2021-ci il tarixdə başa çatmasına baxmayaraq məhkəməyə baxılmasından ötrü ittiham aktı ilə birlikdə göndərilən cinayət işi üzrə vacib prosedurlardan olan təqsirləndirilən şəxs və müdafiəçisinin cinayət işi materialları ilə tanış olmaları, habelə ittiham aktının tərtib olunması məhz 27 sentyabr 2021-ci il tarixdən sonrakı tarixlərdə icra olunmuşdur ki, bu da həmin istintaq və prosessual hərəkətlərin etibarsız sayılması üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 218.3-cü maddəsinə əsasən ibtidai istintaq müddəti cinayət işinin başlandığı gündən hesablanır, işin məhkəməyə göndərilməsi və ya icraatına xitam verilməsi haqqında qərarın çıxarıldığı gün bitir. Həmin Məcəllənin 65.5-ci maddəsinə əsasən məhkəmə cinayət təqibinə xitam verilməsi haqqında təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarını məhkəmə nəzarəti funksiyalarını həyata keçirərkən ləğv edə bilər, məhkəmə baxışı nəticəsində isə həmçinin xüsusi qərar çıxara bilər. Bu Məcəllənin 279.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat, həmçinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmə nəzarətini həyata keçirən məhkəmənin qərarına əsasən müstəntiqin iş üzrə icraatın dayandırılması haqqında qərarı ləğv edilməklə təzələnə bilər. Sözügedən Məcəllənin 283.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraat yalnız ona xitam verilməsi barədə qərar ləğv edildikdə və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi müddətləri keçmədikdə təzələnir. Azərbaycan Respublikası CPM-nin 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Odur ki, hazırki iş üzrə 27 sentyabr 2021-ci il tarixdən sonra aparılan bütün prosessual hərəkətlər etibarsız sayılmalı və iş üzrə ibtidai istintaq müddəti bərpa edildikdən sonra yenidən icra olunmalıdır. Həmçinin, iş materiallarından görünür ki, 26 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin, eləcə də yaşadığı evdə qanunsuz odlu silahın aşkar olunmasının sənədləşdirməsi Xızı RPŞ-nin İQ-nun müstəntiqi X3 tərəfindən aparılmışdır. Qeyd olunan hərəkətlərin, yəni aparılan götürmənin və keçirilən hər iki baxışın nəticələrini əks etdirən protokolların həqiqiliyi şübhə altına alınarsa həmin hərəkətlərin aparılmasını həyata keçirən müstəntiq Qalib Əhmədov da şahid qismində dindirilməyə məruz qalmasına zərurət yaranacaqdır. Lakin buna baxmayaraq iş üzrə ibtidai istintaq sonuncu tərəfindən 31 may 2021-ci il tarixə kimi davam etmişdir. Azərbaycan Respublikası CPM-nin 113.3-cü maddəsinin tələbinə görə müstəntiq həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirildikdə və ya dindirilə bilərsə özü-özünə etiraz etməlidir. Bundan başqa, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində ehtimal olunan cinayətin mövcudluğu kifayət qədər yoxlanılmamış, o cümlədən obyektiv, hərtərəfli araşdırılma aparılmamışdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu Məcəllənin 145-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6 maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması cinayət mühakimə icraatının aparılması şərtləri və prinsiplərinin pozulması hesab edildiyindən, qeyd edilən hallar aradan qaldırılmadan işin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından və bu hallar məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsas hesab olunduğundan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmənin hazırlıq iclasında müvafiq qərar qəbul edilərkən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri də müzakirə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 306-cı maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xızı Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 aprel 2021-ci ildən hesablanmış, daha sonra məhkəmənin 23 iyul 2021ci il tarixli qərarı ilə həbsin müddəti 26 sentyabr 2021-ci il tarixədək uzadılmış, lakin işin istintaqını aparan müstəntiq qanunsuz olaraq özünün 02 sentyabr 2021-ci il tarixli qərarı ilə məhkəmə tərəfindən təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişərək “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçmişdir. Azərbaycan Respublikası CPM-nin 162.5.1-ci maddəsinə əsasən məhkəmə qərarında müəyyən olunmuş həbsdə saxlanılma müddəti başa çatdıqda və bu müddət uzadılmadıqda cinayət prosesini həyata keçirən orqanın qərarı olmadan həbs yerinin rəisi müvafiq protokol tərtib etməklə şəxsi həbsdən dərhal azad edir. Həmin Məcəllənin 162.6-cı maddəsinə əsasən şəxs həbsdən azad edildikdən sonra cinayət prosesini həyata keçirən orqana yeni əhəmiyyətli hallar məlum olduğu və ya haqqında seçilmiş qətimkan tədbiri şərtlərinin pozulduğu hallar istisna olmaqla, həbsdən azad olunmuş şəxs həmin ittiham üzrə yenidən həbs edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə qərarında müəyyən olunmuş həbsdə saxlanılma müddəti başa çatdığından və bu müddət uzadılmadığından o, həbsdən azad edilmiş və hazırda da qətimkan tədbiri ilə əlaqədar məhkəməyə hər hansı bir vəsatət daxil olmamışdır. Belə olan halda məhkəmə tərəfindən onun barəsində prosessual məcburiyyət tədbirinin seçilməsi istisna olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299 və 303-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Sədrlik edən İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-47/2021
Xızı Rayon Məhkəməsi Qərar — İş №1(068)-47/2021
15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver