Məhkəmə qərarları › İş №1(068)-5/2024

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-5/2024

05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-5/2024 05.02.2024 XIZI RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1960-cı il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 06 avqust 2023-cü il tarixdə, saat 10:00 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Xızı rayonu ərazisindən keçən 71,8-ci km-də texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi “Shacman” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib yolun sağ kənarında dayanmış “Kia Sportage” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yolun sağ kənarına çıxarmış nəticədə “Kia Sportage” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan sağ gicgah nahiyyəsinin lövhəvari subdural hemotoması, hər iki tərəfində subaraxnodial qansızması, sol topuq nahiyəsinin yumşaq toxumaların şişkinlik fonunda əziyi, kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır, yolun kənarında dayanmış Zərərçəkmiş şəxs2 isə ehtiyatsızlıqdan sağ böyrəyin travması, sağ tərəfli böyrək travması, qaraciyərin Vİİİ seqmentinin hemotoması kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti almasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 06 avqust 2023-cü il tarixdə, səhər saatlarında “Shacman” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Şabrandan Bakı istiqamətinə doğru hərəkət etmişdir. Avtomobili saatda təxminən 65 km sürətlə hərəkət hissəsinin sağ tərəfi ilə Xızı rayonu ərazisindən keçən hissəsi ilə idarə edərkən təxminən 25-30 metr məsafədə yolun sağ tərəfində, yəni onun qarşısında YPX-nin avtomobilinin dayandığını, yolun sağ kənarında isə “Prius” markalı avtomobilin dayandığını görmüşdür. O, həmin vaxt yolun sağ hərəkət hissəsində YPX-nin avtomobilini görüb yolun sol tərəfinə çıxıb ötmə əməliyyatı etmək istəyəndə, hərəkət hissəsinin sol tərəfindən dövlət nömrə nişanına fikir vermədiyi yük avtomobilinin gəldiyini görüb avtomobili sola çıxara bilməmiş və avtomobilin qarşı tərəfi ilə YPX-nə məxsus “Kia Sportage” markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Bundan sonra, avtomobildən aşağı düşüb orada olan insanların köməyi ilə YPX-nin avtomobilində olan polis əməkdaşını avtomobildən çıxarmış və hadisə yerinə təcili tibbi yardım avtomobili gəldikdən sonra həmin polis əməkdaşları xəstəxanaya aparılmışdır. Bir qədər sonra hadisə yerinə müstəntiq gəlmiş və o, hadisə yerinin müayinəsində iştirak etmişdir. Hadisədən sonra xəstəxanaya gedərək polis əməkdaşlarına baş çəksə də, maddi imkanı olmadığından hər hansı köməklik edə bilməmiş və dəymiş zərəri aradan qaldıra bilməmişdir. Hazırda əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsinin, şəkər xəstəsi olmasının nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Xızı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Zərərçəkmiş şəxs2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, məhkəmə iclasında ifadəsində göstərdi ki, 06 avqust 2023-cü il tarixdə, səhər saatlarında RPŞ-dən xidmətdən çıxdıqdan sonra yaşadığı ünvana getmək üçün Xızı şəhərindən “Toyota Prius” markalı taksi avtomobili ilə yola çıxmışdır. Yola çıxdıqdan sonra sənədlərinin xidməti avtomobildə qaldığını görüb “Toyota Prius” markalı avtomobilin sürücüsündən avtomobili Bakı-Quba-Dağıstan sərhədi yolunun kənarında saxlamasını xahiş etmişdir. Bundan sonra, “Toyota Prius” markalı avtomobilin sürücüsü avtomobili yolun kənarında saxlamış, o, mobil telefonla iş yoldaşı Zərərçəkmiş şəxs1 zəng vurub sənədlərin xidməti avtomobildə qaldığını bildirmiş və həmin sənədləri ona gətirib verməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra Məmməd “Kia Sportage” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun olduğu yerə gəlmişdir. Məmməd idarə etdiyi avtomobili yolun sağ tərəfində saxlamış, o, avtomobildən aşağı düşüb Məmmədin idarə etdiyi avtomobilə yaxınlaşıb ondan sənədləri almaq istəyəndə “Shacman” markalı avtomobil Məmmədin idarə etdiyi “Kia Sportage” markalı **-YP-*** dövlət qeydiyyat avtomobilə dəymiş daha sonra o, baş verənləri xatırlamamış, özünə gələndə artiq xəstəxanada olduğunu görmüşdür. Xəstəxanada olduğu müddətdə və hadisədən sonra təqsirləndirilən şəxs onunla maraqlanmamış və hər hansı bir maddi köməklik göstərməmişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanuna müvafiq ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs Xızı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, məhkəmə iclasında ifadəsində göstərdi ki, 06 avqust 2023-cü il tarixdə, səhər saatlarında xidmətdə olarkən iş yoldaşı Zərərçəkmiş şəxs2 ona zəng vuraraq sənədlərinin xidməti avtomobildə qaldığını bildirmiş və həmin sənədləri ona gətirib verməsini xahiş etmişdir. Bundan sonra o, idarə etdiyi “Kia Sportage” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Turalın dediyi yerə, yəni Quba-Bakı-Dağıstan yolunun Xızı rayonu ərazisindən keçən hissəsinə gəlmiş, avtomobilin xüsusi işıq və səs siqnalını qoşub avtomobili yolun sağ tərəfində saxlamışdır. Həmin vaxt Tural “Toyota Prius” markalı avtomobildən aşağı düşüb ona yaxınlaşanda “Shacman” markalı avtomobil onun idarə etdiyi avtomobilə dəymiş, daha sonra baş verənləri xatırlamamış, özünə gələndə xəstəxanada oldduğunu görmüşdür. Xəstəxanada olduğu müddətdə və hadisədən sonra təqsirləndirilən şəxs onunla maraqlanmamış və hər hansı bir maddi köməklik göstərməmişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanuna müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 57-59-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 xx.xx.2023-cü il tarixli, 1518 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət- sağ böyrəyinin travması, sağ tərəfli böyrək travması, qaraciyərin Vİİİ seqmentinin hemotoması bər küt əşya (əşyalar) təsirindən törənməklə zərərçəkmişin X5 xəstəxanasına qəbul edildiyi vaxtdan az əvvəl olmaqla, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 46-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 xx.xx.2023-cü il tarixli, 1517 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkae edilmiş xəsarətlər-baş beyin orta dərəcəli əzilməsi, sağ gicgah nahiyyəsinin lövhəvari subdural hemotoması, hər iki tərəfində subaraxnodial qansızması, sol topuq nahiyyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Respublika Nevrocərrahiyyə xəstəxanasına qəbul edildiyi vaxtdan az əvvəl olmaqla, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 69-70-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2023-cü il tarixli, 8/3481 nömrəli ekspert rəyindən görünür ki, «Shacman» markalı, **-LE- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cübəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən tədqiq olunan şəraitdə “Kia Sportage” markalı, **- YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini tədqiqi xüsusi bilik tələb etmir. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 68-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş, ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokollarla da sübuta yetirilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 44-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 17-ci vərəqəsində olan BC 858165 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2030-cu il tarixədək “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Məhkəmə iclasında elan edilmiş, cinayət işinin 43-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2- 141016/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə (xx.xx.2030-ci il tarixədək etibarlı olan) BC 858165 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 15-ci vərəqəsində olan 06 avqust 2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 341 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı alkoqol və ya narkotik vasitə qəbul etməsi aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-ci vərəqəsində olan BD 414328 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Shacman” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 97-ci vərəqəsində olan 12 dekabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-72-ci vərəqələrində olan Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ləki qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 noyabr 2023-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 75-77-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmiş, habelə “Shacman” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263..1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirsə də, zərərçəkmiş şəxslərlə barışıq əldə etməmiş, onlara dəymiş maddi zərəri ödəməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut kimi tanınmış - “Shacman” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, “Shacman” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar