Məhkəmə qərarları › İş №1(068)-52/2022

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-52/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-52/2022 21.12.2022 XIZI RAYON MƏHKƏMƏSİ X4 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, 2022-ci ilin aprel ayının ortalarında həmin toxumları qəsdən Xızı rayonu Şorabad qəsəbəsində meşə zolağında 2,05x2,45 metr ölçülü torpaq sahəsində qanunsuz olaraq əkib 11 ədəd çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, 18 iyun 2022-ci il tarixdə Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında onun razılığı, müdafiəçisinin və özünün iştirakları ilə, videoçəkilişlə həmin tarixdə saat 14:12 dəqiqədən saat 14:27 dəqiqəyədək olan müddət ərzində həmin torpaq sahəsinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etdiyi tərkibində narkotik maddələr olan hündürlükləri 35 sm-dən 130 sm-dək, 300 qram miqdarında 11 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir ildir “nəşə” adı ilə tanıdığı narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı Xızı rayonu Şorabad qəsəbəsinin ərazisində yabanı halda bitmiş çətənə bitkilərindən toplayıb əldə edərək istifadə etmişdir. Son vaxtlar yabanı halda bitmiş çətənə bitkisi əldə edə bilməmiş, marixuana almaq üçün isə pulu olmamışdır. Bu səbəbdən də, gizli bir yerdə çətənə bitkisi əkib becərmək, sonra həmin bitkilərdən marixuana əldə etmək və az-az istifadə etmək qərarına gəlmişdir. O, 2022-ci ilin aprel ayının əvvəlində yerdən 11 ədəd çətənə bitkisinin toxumunu tapmışdır. Həmin ayın ortalarında 11 ədəd çətənə bitkisinin toxumunu yaşadığı qəsəbənin ərazisində yerləşən iydə ağaclarının olduğu meşə zolağının ortasında gizli yerdə əkmək qərarına gəlmişdir. Bu məqsədlə də, bel aləti götürüb həmin meşəyə getmiş, meşənin ortasında torpağın səthini qazaraq şumlamış, bir neçə metr məsafədə torpağı bitkilərdən və ağaclardan təmizləmişdir. Bundan sonra, həmin 11 ədəd çətənə bitkisinin toxumlarını birbirindən 30-40 sm məsafə aralı olmaqla torpağa basdırmış və sulamışdır. 2022-ci ilin may ayının ortalarında yenidən həmin meşəyə getmiş və əkdiyi çətənə toxumlarından 11 ədəd çətənə bitkisinin bitdiyini görmüşdür. O, bitkilərin dibində torpağı çala formada qazmış, bitkilərin hamısına su vermiş, bitkilərin dibində bitmiş alaq otlaqlarını kökündən çıxarmışdır. Həmin vaxtdan sonra o, bitkilərə mütəmadi olaraq qulluq etmiş, vaxtında su vermiş, alaq otlarından təmizləmiş, diblərində torpağı qazıb yumşaltmışdır. Bitkilərin yarısı yaxşı inkişaf etmiş, boyu hündür olmuş, bitkilərin yarısı isə kölgə olduğundan nisbətən az inkişaf etmişdir. 18 iyun 2022-ci il tarixdə, günorta saatlarında yaşadığı Şorabad qəsəbəsində olarkən Xızı rayon Polis Şöbəsinin əməkdaşları gəlib onu saxlamışdır. Polis əməkdaşları ona tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməsi barədə məlumat aldıqlarını və bitkiləri əkdiyi əraziyə baxış keçirəcəklərini demişlər. O, artıq polislərin çətənə kolları əkdiyindən xəbər tutduqlarını başa düşərək etiraz etməyin mənasız olduğunu dərk edib, baxış üçün razılaşmışdır. Bundan sonra, onlar müdafiəçinin iştirakı ilə meşəyə daxil olmuş və bitkilərin yanına getmişlər. Daha sonra, müstəntiq baxışda iştirak etmiş şəxslər barədə məlumat vermiş və baxışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera cihazı vasitəsi ilə video çəkiliş aparmışdır. Baxış zamanı onun torpaqda əkib-becərdiyi 11 ədəd çətənə bitkiləri polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Bitkilərin 10 ədədi köküstə olsa da, 1 ədədini təxminən 2-3 gün əvvəl ehtiyatsızlıq edib sındırmışdır. Baxışda iştirak etmiş aqronom-mütəxəssis 11 ədəd çətənə bitkilərinə baxaraq bitkilərin xüsusi qaydada əkilib-becərildiyini və aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Polis əməkdaşları bitkiləri dartıb kökündən çıxarmış və bu barədə protokol tərtib edilmişdir. Həmin protokol ucadan oxunmuş və imzası ilə protokolun düzgünlüyünü təsdiq etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, ilk dəfə məhkum olunmasının, himayəsində xəstə anasının olmasını nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin CAB-ın rəisi Şahid1 ifadəsində göstərdi ki, Xızı rayonu Şorabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə bitkisi əkməsi və kultivasiya etməsi barədə 18 iyun 2022-ci il tarixdə Xızı rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat müvəkkili Şahid2 daxil olmuş məlumatı həmin gün raportla rəhbərliyinə məruzə etmiş və tədbirin keçirilməsinə icazə verilmişdir. Bundan sonra, Şahid2 Elminin çətənə bitkilərini əkdiyi Şorabad qəsəbəsində yerləşən torpaq sahəsinə baxış keçirilməsi barədə qərar qəbul etmiş, əməliyyat müvəkkilləri Şahid2 və Şahid3la birlikdə Şorabad qəsəbəsinə getmişlər. Təqsirləndirilən şəxs saat 13:35 radələrində Şorabad qəsəbəsində saxlanılmış, Xızı rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi, aqronom-mütəxəssis Şahid4 baxışa dəvət edilmişdir. Müstəntiq 18 iyun 2022-ci il tarixli “təxirə salınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərarı Elminə elan etmiş və sonuncuya qanunsuz olaraq narkotik tərkibli çətənə bitkisi əkib-becərməsində şübhəli olduğunu, bununla bağlı həmin bitkiləri əkdiyi əraziyə baxış keçirilməli olduğunu bildirmişdir. Videoçəkilişlə aparılmış baxış zamanı meşə zolağının içərisində kol-kosdan təmizlənmiş kiçik ölçülü torpaq sahəsinin olduğu, həmin torpaqda bir neçə ədəd çətənə bitkilərinin əkildiyi, həmin bitkilərin köküstə, canlı vəziyyətdə olduğu müəyyən edilmişdir. Baxışda iştirak etmiş aqronom-mütəxəssis Şahid4 çətənə bitkilərinə aqtotexniki qaydada qulluq edildiyini demişdir. Bundan sonra, əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 çətənə bitkilərini kökündən bir-bir çıxarmışlar. Həmin vaxt 10 ədəd çətənə bitkisinin köküstə vəziyyətdə, 1 ədəd çətənə bitkisinin kökündən çıxarılmış vəziyyətdə olmaqla, cəmi 11 ədəd bitkinin olduğu müəyyən edilmişdir. Bitkilərin boyunun ən qısasının 35 sm, ən hündürünün 130 sm olduğu məlum olmuşdur. Aşkar edilmiş 11 ədəd çətənə bitkisi müstəntiq tərəfindən bir ədəd sintetik kisədə qablaşdırılaraq möhürlənmiş və bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə iclasında dindirilmiş şahidlər - Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında iştirak edən şahid - aqronom mütəxəssis Şahid4 ifadəsində göstərdi ki, 18 iyun 2022-ci il tarixdə Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xızı rayonu Şorabad qəsəbəsinə baxış keçirilməsinə dəvət edilmişdir. Müstəntiq tərəfindən onun da iştirakı ilə videoçəkilişlə keçirilmiş baxış zamanı meşə zolağının içərisində kol-kosdan və ağaclardan təmizlənmiş torpaq sahəsində 11 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Baxış zamanı həmin bitkilərin 2,05x2,45 metr ölçülü torpaq sahəsində bir-birindən 20-60 sm məsafədə sıra ilə əkildiyi, 10 ədədinin köküstə torpaqda, canlı formada, bir ədədinin isə kökündən çıxarılmış formada torpağın üzərində olduğu, həmin 11 ədəd bitkilərinin narkotik tərkibli çətənə bitkisinə oxşadığı müəyyən edilmişdir. Bitkilərin əkildiyi torpaq sahəsi ağac kollarından, alaq otalarından tamamilə təmizlənmiş, dibləri çala formasında qazılaraq suvarılma işləri aparılmış, bitkilərin inkişaf etməsi üçün diblərində torpaq qatı yumşaldılmışdır. Həmin 11 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər insan əməyi ilə aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmişdir. Aşkar edilmiş 11 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər tünd-yaşıl rəngli və spesifik iyə malik olmuşdur. Bitkilərin hündürlükləri 35 sm-dən 130 sm-dək olmuşdur. Polis əməkdaşları çətənə bitkilərinə bənzər bitkiləri bir-bir kökündən dartıb çıxarmışlar. Aşkar edilmiş 11 ədəd çətənə bitkisinə bənzər bitkilər bir ədəd sintetik kisədə qablaşdırılıb götürülmüş və bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 27-29-cu vərəqələrində olan 18 iyun 2022-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış keçirilən yer Xızı rayonu Şorabad qəsəbəsində yerləşən meşə zolağındakı torpaq sahəsidir. Baxış zamanı həmin meşə zolağında 2,05x2,45 metr ölçülü torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən qanunsuz kultivasiya edilən 11 ədəd çətənə koluna bənzər bitkilər aşkar edilərək götürülmüş və əraziyə baxışın video görüntüləri mobil telefon vasitəsi ilə qeydə alınaraq, protokola əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31-ci vərəqəsində olan 18 iyun 2022-ci il tarixli aqronom rəyində göstərilmişdir ki, həmin tarixdə tərkibində narkotik maddə olan bitkilərin əkilib-becərilməsini müəyyən etmək məqsədilə Xızı rayonu Şorabad qəsəbəsində yerləşən meşə zolağındakı torpaq sahəsində keçirilmiş baxış zamanı 11 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Bitkilərə keçirilmiş baxış zamanı həmin bitkilərin 2,05x2,45 metr ölçülü torpaq sahəsində bir-birindən 20-60 sm məsafədə sıra ilə əkildiyi, 10 ədədinin köküstə torpaqda, şaquli vəziyyətdə, canlı formada, bir ədədinin isə kökündən çıxarılmış formada torpağın üzərində olduğunu, həmin 11 ədəd bitkilərinin narkotik tərkibli çətənə bitkisinə oxşadığı müəyyən edilmişdir. Bitkilərin əkildiyi torpaq sahəsi ağac kollarından, alaq otalarından tamamilə təmizlənmiş, dibləri çala formasında qazılaraq suvarılma işləri aparılmış, bitkilərin inkişaf etməsi üçün diblərində torpaq qatı yumşaldılmışdır. Qeyd olunan 11 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərə insan əməyi ilə aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmişdir. Aşkar edilmiş 11 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər tünd-yaşıl rəngli, spesifik iyə malik, hündürlükləri 35 sm-dən 130 sm-dək olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 19 iyun 2022-ci il tarixdə verilmiş 7/654 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs əkib becərdiyi ....” yazı və imzalar olan torbada 11 ədəd yaş vəziyyətdə ümumi çəkisi 300,0 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata cəmi 0,55 qram sərf edildikdən sonra çətənə (kannabis) bitkilərinin qalıq çəkisi 299,45 qram təşkil etmişdir. Cinayət işinin 41-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 88 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 120-121-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 20 sentyabr 2022-ci il tarixdə verilmiş 5365 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 62-63-cü vərəqələrində olan Xızı RPŞnin İQ-nun müstəntiqinin 20 iyun 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 11 ədəd narkotik təbiətli çətənə bitkiləri cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 19-20-ci vərəqələrində olan 18 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 57-58-ci vərəqələrində olan 20 iyun 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-90-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 123-131-ci vərəqələrində olan 21 sentyabr 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmçinin baxış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 114-115-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Şorabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 sentyabr 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini xeyli miqdarda əkib onlara aqrotexniki qulluq göstərib yetişdirərək kultivasiya etməklə cinayət törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halın olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 iyun 2022-ci il tarixdən 20 iyun 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-nin Təminat Hissəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 299,45 qram təşkil edən 11 ədəd narkotik təbiətli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və baxış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, cəmi 88 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Xızı RPŞ-nin Təminat Hissəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 299,45 qram təşkil edən 11 ədəd narkotik təbiətli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və baxış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 88 (səksən səkkiz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar