Məhkəmə qərarları › İş №1(068)-54/2022

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-54/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-54/2022 02.11.2022 XIZI RAYON MƏHKƏMƏSİ X2 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 6 ay 15 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, üzərində məhkumluğu olan, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il tarixdə, saat 16:00 radələrində Xızı rayonu Giləzi qəsəbəsində Zərərçəkmiş şəxs1 ilə sonuncunun yaşadığı ünvanda şəxsi münasibətlər zəminində mübahisə etdikdən sonra Zərərçəkmiş şəxs1 məxsus əmlakı qəsdən məhv etməklə xeyli miqdarda maddi ziyan vurmaq qərarına gəlmiş, həmin gün saat 18:05 radələrində xx.xx.2015-ci il tarixdə verilmiş AC 435006 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə Zərərçəkmiş şəxs2 mülkiyyətində olmaqla, Zərərçəkmiş şəxs1 faktiki sahibliyində olan, sonuncunun yaşadığı evin həyət darvazasının qarşısında dayandırdığı 7500 manat dəyərində “Opel Astra” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısının şüşəsini daşla sındırıb avtomobilin salonunun arxa hissəsində oturacağın üzərinə qəsdən neft məhsulu olan dizel yanacağı töküb alışqanla yandırmış, yanğın yüksələn xətt istiqamətində inkişaf edərək avtomobilin salonuna yayılmış, o, avtomobilin tamamilə yanıb məhv olacağına əmin olaraq oradan uzaqlaşmış, avtomobilinin yandırılmasından xəbər tutan Zərərçəkmiş şəxs1 ailə üzvləri ilə birlikdə avtomobildəki yanğını söndürmüş, Təqsirləndirilən şəxs “Opel Astra” markalı, **- DS-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən yandırmaqla 1180 manat məbləğində maddi ziyan vurub, həmin avtomobili məhv etməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 7500 manat məbləğində ziyan vurmağa cəhd etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 29, 186.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhərində doğulsa da, kiçik yaşlarından Xızı rayonu Giləzi qəsəbəsində yaşamışdır. Zərərçəkmiş şəxs1 onun doğma dayısı oğludur. Valideynləri rəhmətə getdiyindən kiçik yaşlarından Ağamqulunun ailəsi ilə birlikdə yaşamış, münasibətləri yaxşı olmuşdur. Təxminən iki il əvvəl Ağamqulu və anası Aidə daha evlərində qalmamasını, çıxıb getməsini ona demişlər. Bundan sonra o, Ağamqulunun evindən çıxmış və ata evinə getmişdir. Lakin, Ağamqulu və anası onun sənədlərini verməmişlər. Belə ki, doğum haqqında şəhadətnaməsi, hərbi bileti, şəxsiyyət vəsiqəsi, valideyinlərinin, qardaşının ölüm haqqında şəhadətnamələrini istəmiş, Ağamqulu və Aidə sənədlərinin evdə olmadığını yalandan ona deyib sənədlərini qaytarmamışlar. 04 aprel 2022-ci il tarixdə, saat 16:00 radələrində Giləzi qəsəbəsində yaşadığı evə baxmaq üçün həmin qəsəbəyə gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətində olduğunu görmüş və sonuncudan nə səbəbə sənədlərini vermədiyini soruşmuşdur. Ağamqulu isə sənədlərinin onlarda olmadığını deyərək, onu acılamış və bu səbəbdən aralarında mübahisə düşmüşdür. Bu zaman o, Ağamquluya “sənədlərimi ver, yoxsa maşınını yandıraram” demiş, Ağamqulu isə ona “maşını yandırmayanın” deyib nalayiq söyüşlər söymüşdür. Bundan sonra o, içkili vəziyyətdə olduğundan avtomobili yandırmaq və Ağamquluya xeyli miqdarda ziyan vurmaq qərarına gəlmişdir. Bir neçə saat sonra, təxminən saat 18:00 radələrində Ağamqulunun həyətdə olmadığını, sonuncuya məxsus “Opel” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə darvazanın qarşısında, yolun kənarında olduğunu görmüşdür. O, yerdən daş götürüb avtomobilin sağ arxa qapısının şüşəsinə vurub sındırmışdır. avtomobilin qapısını açaraq ayaqaltıda bir litrlik qabda dizel yanacağının olduğunu görmüşdür. Daha sonra o, dizeli arxa oturacaqların üzərinə tökmüş və alışqanla oturacağı yandırmışdır. O, avtomobilin salonunun yandığını, alovun bütün salonu bürüdüyünü görmüş və avtomobilin tamamilə yanacağına əmin olmuşdur. Bundan sonra o, həmin ərazidən uzaqlaşaraq Bakı şəhərinə getmişdir. 19 aprel 2022-ci il tarixdə Xızı rayon Polis Şöbəsinin əməkdaşı telefonuna zəng edərək onu polis şöbəsinə dəvət etmiş, o da, şöbəyə gələrək izahat yazmış və etdiyi əməli etiraf etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, zərərçəkmiş şəxslə barışıq əldə etməsinin və dəymiş ziyanın ödənilməsinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahidlərin ifadəsi ilə, həmçinin ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, ailəsi ilə birlikdə Xızı rayonu Giləzi qəsəbəsində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. 04 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən qəsdən yandırılmış “Opel Astra” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs onun doğma bibisi oğludur. Feyzulla kiçik yaşlarında olarkən valideyinləri vəfat etdiyindən onların evində yaşamışdır. Bir müddət sonra, Feyzullanın normal həyat tərzi keçirmədiyini müşahidə etmişlər. Bu səbəbdən anası Aidə Feyzullaya daha onlarla birlikdə yaşamamasını, gedib öz evində yaşamasını bildirmişdir. Bundan sonra, Feyzulla onların yaşadığı evdən çıxıb getmişdir. 2022-ci ilin mart ayında Feyzulla onun yaşadığı evə gələrək atasının ölüm şəhadətnaməsini, doğum haqqında şəhadətnaməsini və digər sənədlərini istəmişdir. Anası Aidə də, Feyzullanın bütün sənədlərinin qaytarmasını bildirmiş, sonuncu evi tərk edib getmişdir. 04 aprel 2022ci il tarixdə, saat 16:00 radələrində idarə etdiyi “Opel Astra” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvana gəlmiş, avtomobilini həyət darvazasının çöl tərəfində, küçədə saxlamışdır. Bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs içkili vəziyyətdə onun yanına gəlmiş, sənədlərinin qaytarılmadığını əsas gətirərək onunla mübahisə etmiş və nalayiq söyüşlər söymüşdür. Həmin vaxt o, Feyzullaya yaşadığı ünvanı tərk edib getməsini bildirmiş, sonuncu isə onun avtomobilini yandırıb ziyan vuracağını demişdir. Bundan sonra Feyzulla onun yanından getmiş, o, isə yaşadığı evə daxil olmuşdur. Həmin gün saat 18:00 radələrində yaşadığı evdə olarkən qonşusu Şahid1 onu səsləyib avtomobilinin yandığını demişdir. O, ailə üzvləri ilə birlikdə evdən çölə çıxmış və avtomobilinin salon hissəsinin tamamilə alovlandığını görmüşdür. O, tez avtomobilin qapılarını açmış, anası Aidə oğlu Əkbərlə birlikdə həyətdəki su krantından vedrələrlə su gətirib alovun üstünə tökmüşlər. Onlar təxminən 5-6 dəqiqə ərzində yanğını tamamilə söndürmüşlər. Bundan sonra o, mobil telefonla DİN-nin 102 xidmətinə zəng edərək, Təqsirləndirilən şəxs ona məxsus avtomobili yandırdığını demişdir. Daha sonra, Xızı rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evə gələrək, avtomobilinə baxış keçirmiş, o, avtomobilinin qəsdən yandırılması barədə ərizə yazmışdır. Hazırda ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayəti yoxdur. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Xızı rayonu Giləzi qəsəbəsində doğulmuş və 1992-ci il tarixdən ailəsi ilə birlikdə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs1 onun arvadının xalası oğludur. 2015-ci ildə Ağamqulu özünə Gürcüstan Respublikasından 7400 manat pulun müqabilində “Opel Astra” markalı, **-DS- *** dövlət qeydiyyat nişanlı avtomobil almış, avtomobili öz adına keçirəcəyi halda sosial müavinət ala bilməyəcəyindən həmin avtomobili onun adına sənədləşdirmişdir. Avtomobil sənəd üzərində ona məxsus olsa da, o, həmin avtomobildən istifadə etməmiş, həmin vaxtdan avtomobili Ağamqulu idarə etmişdir. 2022-ci ilin aprel ayında Ağamqulunun qohumu Təqsirləndirilən şəxs tərəfindən həmin avtomobilin qəsdən yandırıldığını, avtomobilin salon hissəsinin yanaraq yararsız vəziyyətə düşdüyünü və Xızı rayon Polis Şöbəsində araşdırma aparıldığını eşitmişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində göstərdi ki, oğlu Ağamqulu və digər ailə üzvləri ilə birlikdə Xızı rayonu Giləzi qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs onun baldızı oğludur. Feyzulla kiçik yaşlarında olarkən valideyinləri vəfat etdiyindən onların evində yaşamışdır. Bir müddət sonra, Feyzullanın normal həyat tərzi keçirmədiyini bildiyindən sonuncuya daha onların evində yaşamamasını demiş, Feyzulla da yaşadıqları evdən çıxıb getmişdir. 2022-ci ilin mart ayında Feyzulla onun yaşadığı evə gələrək atasının ölüm şəhadətnaməsini, doğum haqqında şəhadətnaməsini və digər sənədlərini istəmiş, o da, Feyzullaya məxsus sənədlərin hamısını qaytarmışdır. 04 aprel 2022-ci il tarixdə, saat 16:00 radələrində oğlu Ağamqulu yaşadığı evə gəlmiş və Feyzulla ilə mübahisə etdiyini bildirmişdir. Bundan təxminən 2 saat sonra, saat 18:05 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə olarkən qonşuluqda yaşayan Şahid1 oğlu Ağamqulunu səsləyib avtomobilinin yandığını demişdir. Onlar tez evdən çölə çıxmış və darvazanın çöl tərəfində olan Ağamqulunun avtomobilinin salon hissəsində yanğın baş verdiyini, salon hissənin tamamilə alovlandığını görmüşlər. O, Ağamqulu və digər ailə üzvləri həyətdəki su krantından vedrələrlə su gətirib alovun üstünə tökmüşlər. Təxminən 6-7 dəqiqə ərzində onlar yanğını tamamilə söndürmüşlər. Bundan sonra, Ağamqulu mobil telefonla DİN-nin 102 xidmətinə zəng edərək, Feyzullanın ona məxsus avtomobili yandırması barədə məlumat vermişdir. Daha sonra, Xızı rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib avtomobilə baxış keçirmişlər. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Xızı rayonu Giləzi qəsəbəsində yaşayır və Zərərçəkmiş şəxs1 onun yaxın qonşusudur. 04 aprel 2022-ci il tarixdə, saat 18:00 radələrində Giləzi qəsəbəsində yerləşən “Dəmiryolu” xətti tərəfdən piyada olaraq yaşadığı ev istiqamətində hərəkət edərkən Ağamquluya məxsus “Opel Astra” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin salon hissəsində yanğın baş verdiyini və salonun bötövlükdə alova büründüyünü görmüşdür. O, tez yüksək səslə Ağamqulunu səsləmiş və sonuncuya avtomobilinin yandığını demişdir. Bundan sonra, təxminən 6-7 dəqiqə ərzində Ağamqulu və ailə üzvləri avtomobildə olan yanğını tamamilə söndürmüşlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 08-11-ci vərəqələrində olan 04 aprel 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Xızı rayonu Giləzi qəsəbəsində Zərərçəkmiş şəxs1 məxsus “Opel Astra” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin avtomobilin sonuncunun yaşadığı evin həyət darvazasının çöl tərəfində yandırıldığı, avtomobilin salon hissəsinin tamamilə yandığını müəyyən edilmişdir. Baxış zamanı avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Baxış keçirilməsi başa çatdıqdan sonra protokol tərtib edilmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 33-34-cü vərəqələrində olan AC seriyalı, 435006 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ƏN-İİİ seriyalı, 970206 saylı etibarnamənin surətindən görünür ki, “Opel Astra” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2dur və həmin avtomobili xx.xx.2016-cı il tarixdən xx.xx.2025-ci il tarixədək idarə etmək üçün Zərərçəkmiş şəxs1 etibar etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 69-70-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2022-ci il tarixli, 9/2887 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş xx.xx.2022-ci il tarixli “08/B” nömrəli ziyan aktı məlumatlara əsasən, 1999-cu il buraxılışlı, qara metallik rəngli, W0L0TGF35X2271949 Ban nömrəli, “Opel Astra” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1180 manat müəyyən edilir. Həmçinin, respublikada yerləşən avtobazalarda, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, “Opel Astra” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin aprel ayına orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 7500 manat müəyyən olunur. Cinayət işinin 68-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 137-139-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2022-ci il tarixli, 10/4499-6/3807 nömrəli məhkəmə yanğın-texniki ekspertizası rəyindən görünür ki, “Opel Astra” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş yanğının mənbəyi, avtomobilin salonunun arxa hissəsində oturacağın üzərində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək avtomobilin salonuna yayılmış, lakin yanğın avtomobilin digər hissələrinə inkişaf etməmişdir. İş materiallarında olan məlumatları və qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi yəni, neft məhsullarından odlama kimi istifadə edilərək kənardan gətirilmiş alışdırma vasitəsinin təsirindən baş vermişdir. Yanğın, kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən baş verdiyindən baş vermiş yanğın hadisəsi ilə əlaqədar normativ aktların tələblərinin pozulub-pozulmamasına dair suallar üzrə tədqiqat aparılmadı. Tədqiqata təqdim olunmuş termiki təsirə məruz qalmış parça və plasmas hissələrinin üzərilərində neft məhsullarına məxsus izlər vardır. Cinayət işinin 136-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 165 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-94-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən, eləcə də işin 128-134-cü vərəqələrində olan müvafiq hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 6 ay 15 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 49-50-ci vərəqələrində olan 20 aprel 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 29, 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 60-61-ci vərəqələrində olan 22 aprel 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 165-166-cı vərəqələrində olan ittiham elan edilməli olan şəxsin tutulması haqqında 19 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 29, 186.2.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 209-211-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(068)-35/2022 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 29, 186.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 212-221-ci vərəqələrində olan 21 sentyabr 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 186.2.2-ci maddəsi ilə elan edilmiş ittiham, həmçinin barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, eləcə də Zərərçəkmiş şəxs1 məxsus “Opel Astra” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil və həmin avtomobilin yanmış hissələri iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və avtomobilin Zərərçəkmiş şəxs1 sərəncamında olması nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 142-143-cü vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 02 noyabr 2022-ci il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspertiza rəyi, maddi sübut və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 29, 186.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmçinin, Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 29, 186.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 63 və 65-ci maddələrinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həyat şəraitini, habelə şəxsiyyətini, onun tərəfindən yenidən qəsdən cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici və ağırlaşdırıcı halların olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29, 186.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdən 22 aprel 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 19 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, iş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılmasını nəzərə almalı, Xızı RPŞ-də saxlanılan həmin avtomobilin yanmış hissələri isə zərərçəkmiş şəxsə qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 215 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 19 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 215 (iki yüz on beş) manat ekspertiza xərci tutulub, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut qismində tanınmış “Opel Astra” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın, Xızı RPŞ-də saxlanılan həmin avtomobilin yanmış hissələri Zərərçəkmiş şəxs1 qaytarılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar