Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-6/2021 12.02.2021 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxx 1974-cü il tarixdə Abşeron rayonu, Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, üzərində məhkumluğu olmayan, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, satıb qazanc əldə etmək məqsədi ilə, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindən bir bükümünü yaşadığı Xızı rayonu, Stalçay kəndində yerləşən evinin qarşısında xx xxxxxx 2019-cu il tarixdə, axşam saatlarında Şahid4 vasitəsi ilə Şahid1 10 manata satmış, xx xxxxxx 2019-cu il tarixdə Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Şahid1 Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən qanunsuz əldə edib gizlətdiyi, Təqsirləndirilən şəxs aldığı bir ədəd qızılı rəngli kağız bükümdə, təmiz çəkisi 0,289 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 11:00 radələrində satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən narkotik vasitə olan heroini və qurudulmuş marixuana əldə edərək daşıyıb, üzərində saxlamış və həmin günü saat 18 radələrində Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Xızı rayonu, Sitalçay kəndi ərazisində saxlanılaraq Xızı RPŞ-yə gətirilmiş, şöbədə xidməti otaqların birində dəvət olunmuş hal şahidlərinin iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarın sol yan cibindən qanunsuz əldə edib gizlətdiyi, 1 ədəd gümüşü rəngli siqaret kağızı kəsiyi bükümündə və 1 ədəd siqaret sellofanında ümumi təmiz çəkisi 2,11 qram olan narkotik vasitə - qurudulmuş marixuana və 1 ədəd gümüşü siqaret kəsiyi bükümündə təmiz çəkisi 0,256 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 10 ilə yaxın olar narkomaniya xəstəliyindən əziyyət çəkir. Belə ki, bədənində olan ağrıları azaltmaq üçün mütəmadi olaraq mərhum qohumu Quludan narkotik vasitə olan heroin alaraq istifadə etmişdir. Bir neçə ay bundan əvvəl Qulu xərçəng xəstəliyindən öldükdən sonra Sumqayıt şəhəri, X8 qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi narkoman ilə tanış olaraq bir neçə dəfə ondan narkotik vasitə olan heroin və marixuana almışdır. Xızı rayon Şuraabad qəsəbə sakini Azad adlı şəxsi təxminən iki ildir tanıyır və o da, narkotik vasitə aludəçisidir. Azadın maddi imkanı yaxşı olmadığından, əvvəllər bir neçə dəfə ona istifadə etmək üçün təmənnasız narkotik maddə olan heroin vermişdir. Ona yazığı gəldiyindən heç vaxt narkotik maddəni ona satmamışdır. Lakin, xx xxxxxx 2019-cu il tarixdə Azad yanına gələrək ona narkotik maddə olan heroin lazım olduğunu bildirərək, ona 10 manat pul vermiş və kimdənsə narkotik vasitə almağı xahiş etmişdir. O da, Azaddan həmin 10 manat pulu alıb bir müddət gözləməsini ona bildirmiş və yol maşınları ilə Tağıyev qəsəbəsinə getmişdir. Orada tanışından 10 manata 1 büküm heroin və özündə olan 10 manat pula isə 2 büküm marixuana alaraq 1 saat ərzində Sitalçay kəndinə qayıtmışdır. Daha sonra, aldığı heroindən öz istifadəsi üçün az hissə götürərək qalanını Azada vermişdir. Azad getdikdən sonra az miqdarda olan heroini ineksiya vasitəsi ilə qəbul etmiş, marixuanadan isə bir az götürüb siqaretə doldurub çəkmişdir. Səhəri gün, xx xxxxxx 2019-cu il tarixdə Sitalçay kəndinin ərazisinə çıxarkən polis əməkdaşları onu saxlamış və onlarla birlikdə polis şöbəsinə getmək lazım olduğunu bildirmişlər. Polislərdən şöbəyə getməyinin səbəbini soruşduqda polislər bir nəfərin barəsində cinayət işi başlanıldığını və həmin şəxs ilə əlbirliyinin olub-olmamasını yoxlamaq üçün müstəntiq tərəfindən dindiriləcəyini bildirmişlər. Həmin vaxt etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Xızı rayon Polis Şöbəsində üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. O da, etiraz etməmişdir. Polis əməkdaşları ona vəkil təqdim edəndən sonra təklif etmişlər ki, üzərində narkotik vasitə vardırsa təqdim etsin. O da, artıq ifşa olunduğunu başa düşərək əynində olan boz rəngli idman şalvarının sol yan cibində olan 2 bükümə yaxın marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları bir ədəd gümüşü siqaret kağızı bükümünü də, masanın üstünə qoyaraq güya cibindən çıxdığını və heroinə bənzər maddə olduğunu bildirmişlər. Lakin, həmin vaxt onun üzərində yalnız marixuana olmuş, hər hansı bir başqa narkotik vasitə olmamışdır. Belə ki, bir gün əvvəl Azad üçün aldığı heroini elə həmin gün sonuncuya vermişdir. Bundan sonra, polis əməkdaşları üzərindən çıxan maddəni götürüb qablaşdırmış, onu isə şöbənin müvəqqəti saxlama yerinə təhvil vermişlər. Bu səbəbdən də, ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilir. Belə ki, təqsirləndirilən şəxs Şahid1 əvvələr tanımadığından və ona narkotik vasitə satmadığından özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, yalnız 234.1-ci maddəsi ilə təqsirli bilir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, uşaqlarının və arvadının ağır xəstəlikdən əziyyət çəkməsinin nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, hazırda ziddiyyətli ifadə verərək təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün ibtidai istintaq zamanı etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 15 il olar narkotik vasitə aludəçisidir, dəfələrlə narkomaniya xəstəliyindən müalicə alsa da, heç bir xeyri olmamışdır. Odur ki, bədənində olan ağrıları azaltmaq üçün qohumu Quludan narkotik vasitə olan heroin alaraq istifadə edirdi. Elə vaxt da olurdu ki, maddi imkanı zəif olduğundan Quludan aldığı narkotik vasitələri hissələrə bölüb bir bükümünü 10 manata satırdı ki, yenidən mal əldə edə bilsin. Bir neçə ay bundan əvvəl Qulu xərçəng xəstəliyindən ölmüş və həmin gündən bir neçə gün sonra Sumqayıt şəhəri, H.Zeynalabdın qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi narkoman ilə tanış olmuş və bir neçə dəfə ondan narkotik vasitə olan heroin və marixuana alımışdır. Narkotik vasitə satdığı Azadı təxminən iki ildir ki, tanıyır, Azad Şurabad qəsəbəsində yaşayır və narkotik vasitə aludəçisiydi. Bir neçə aydır ki, Azad ondan mal almır, o, Azada əvvəllər bir neçə dəfə təmənnasız mal vermiş ki, istifadə etsin. Ona yazığı gəldiyindən heç vaxt mal satmamışdır. xx xxxxxx 2019-cu il tarixdə axsam saat dəqiq yadında deyil, Azad onun yaşadığı evə tək gəlmiş və ona bildirmişdir ki, onun bir tanışı var ağrıları olduğundan dayana bilmir, 10 manat pulu var, varsa ona narkotik vasitə verisin ki, aparıb həmin dostuna versin. Sözün düzü satmaq istəməsə də bilirdi ki, Azad narkotiklə qurtarıb, lakin Azad israrla demiş ki, özü üçün almır, bir tanışı var, ağrıdan ölür. O da, ağrının nə olduğunu yaxşı bildiyi üçün razılaşıb, Azaddan 10 manat pul alıb bir büküm Azada satmış, Azadda ondan narkotiki alıb aparmışdır. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Sumqayıt şəhərinə getmiş və həmin tanımadığı şəxslə görüşərək ondan özü istifadə etmək üçün 10 manata bir büküm heroin və 10 manata 2 büküm marixuana alıb evinə gəlmişdir. Evdə aldığı heroindən bir hissəsini istifadə etmiş və digər hissəsini yenidən cibinə qoymuşdur ki, kənddən kənarda gizlədib hərdən bir özü üçün istifadə etsin. Bu məqsədlə də, kənd içinə çıxanda polis əməkdaşları onu saxlamış, polislər onun kimliyini öyrənib, birlikdə polis şöbəsinə getmək lazım olduğunu bildirdikdə o, istəmişdir ki, üzərində olan narkotiki atsın, lakin imkan tapa bilməmiş, o, polisdən bölməyə getməyinin səbəbini soruşduqda polislər demişdir ki, bir nəfərin barəsində cinayət işi başlanılıb, həmin şəxs ilə əlbirliyinin olub-olmamasını yoxlamaq üçün müstəntiq onu dindirəcək. O da, etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə gəlmiş, şöbədə də narkoman olduğunu, məcburiyyət qarşısında qalaraq narkotik vasitə satdığını etiraf etmişdir. Daha sonra, isə iki nəfər tanımadığı şəxs və vəkilin iştirakı ilə üzərinə baxış keçiriləcəyi bildirildi. Ondan üzərində hər hansı bir qeyri-qanuni əşya olub-olmaması soruşanda o da, artıq ifşa olunduğunu görüb əynində olan boz rəngli idman şalvarının sol yan cibində olan 1 büküm heroini və 2 büküm marixuananı çıxardıb polislərə təhvil vermişdir. Bundan sonra, yenidən üzərinə baxış keçirildi və başqa heç bir şey aşkar edilmədi. Yekunda da protokol tərtib olundu və üzərindən aşkar edilmiş narkotik vasitələr eskpertiza təyin edilməsi üçün qablaşdırılaraq imza etmişlər. Bölmədə ona məlum olmuşdur ki, Azad ondan aldığı narkoti vasitəni tanışı Sərxana vermiş, Sərxanı da polis əməkdaşları saxlamış, üzərindən onun satdığı narkotik vasitə aşkar olunaraq götürülmüş və Sərxan həmin narkotiki ondan aldığını bildirmiş, buna görə də polis əməkdaşları onu saxlamışlar. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə Xızı rayon Şurabad qəsəbəsində yaşayan X3 DİN-nin 102 zəng mərkəzinə və Xızı rayon Polis Şöbəsinə müraciət edərək, həmin günü onun yaşadığı evin həyətindən arpa və özünə məxsus avtomaşının oğurlandığını bildirmişdir. Tikəzban Mirzəyevanın evindən oğurluq olması faktı ilə əlaqədar olaraq bölmənin əməkdaşları ilə birlikdə Xızı rayon Şurabaad qəsəbəsinə gedərək oğurluğun açılması ilə əlaqədar olaraq tədbirlər gördükdə həmin oğurluqda Xızı rayonu, Şurabad qəsəbəsində yaşayan Tikəzbanın qohumu Sərxan adlı şəxsdən şübhələnsələr də, lakin həmin günü Sərxanın yerini müəyyən etmək mümkün olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə Xızı RPŞ-yə Şahid1 Şurabaad qəsəbəsi ərazisində olması və üzərində narkotik vasitə saxlamaq ehtimalı barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatın yoxlanılması üçün polis əməkdaşları ilə birlikdə Xızı rayonu, Şuraabad qəsəbəsinə gedərək əməliyyat-istintaq tədbiri həyata keçirmişlər. Həmin vaxt Şahid1 saxlayaraq iki nəfər hal şahidinin iştirakı ilə özlərini təqdim etdikdən sonra Şahid1 də özünü onlara təqdim etməsini təklif etmişlər. Özünü onlara təqdim etdikdən sonra Sərxana narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyini bildirərək, ona hüquq və vəzifələri izah edib, sonuncuya hüquqlarını müdafiə etmək üçün Siyəzən rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi təqdim edilmişdir. Daha sonra, Şahid1 üzərində qanunsuz olaraq hər hansı bir əşya olub-olmaması soruşulduqda, o da əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş maddəni onlara təqdim etmişdir. Həmin bükülünü açaraq içəkisinə baxdıqda bu qızılı kağızın içərisində toz halında qəhvəyi rəngdə maddə olduğu aşkar olunmuşdur. İlkin dindirmə zamanı sonuncudan həmin maddənin harada əldə etməsini soruşanda o, həmin maddənin narkotik vasitə olan heroin olduğunu bildirərək, Xızı rayonu Sitalçay kəndində yaşayan Əli adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra, həmin narkotik maddə olan heroin zərfə qoyularaq tərəflərindən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Əli adlı şəxsin yerini müəyyən etmək üçün bir sıra istintaq tədbirlər həyata keçirilərkən Əli adlı şəxsin Xızı rayonu Sitalçay kəndində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində saat 18 radələrində Bağırov X4 qəsəbəsi ərazisində saxlanılaraq Xızı rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində hal şahidlərinin və vəkilin iştirakı ilə şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs narkotik vasitələrin satışında və gəzdirməsində şübhəli bilindiyini bildirərək, ona hüquq və vəzifələri izah edilərək, sonuncuya hüquqlarını müdafiə etmək üçün Siyəzən rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi təqdim edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq hər hansı bir əşya olub-olmaması soruşulduqda o, da əynində olan boz rəngli idman şalvarın sol yan cibindən gizlətdiyi, bir ədəd gümüşü rəngli siqaret kağızı kəsiyi bükümündə və bir ədəd siqaret sellofanında ekspertiza rəyindən sonra bizə məlum olan qurudulmuş marixuana və bir ədəd gümüşü siqaret kəsiyi bükümündə heroin təqdim etmişdir. Əlidən təqdim etdiyi maddələri nə məqsədlə və haradan əldə etməsini soruşduqda o, təqdim etdiyi maddələr narkotik vasitə qurudulmuş marixuana və heroin olduğunu və həmçinin, həmin narkotik vasitələri xx xxxxxx 2019-cu il tarixdə Sumqayıt şəhəri Tağıyev qəsəbəsindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitə satıb satmadığı soruşulduqda o, Sərxana deyil, tanışı Azad adlı şəxsə narkotik vasitəni 10 manata satdığını bildirmişdir. Eyni zamanda, Azad ona həmin narkotik vasitəni ağrıları olduğundan hansısa bir dostu üçün aldığını bildirmişdir. Daha sonra, həmin narkotik maddələr zərfə qoyularaq tərəflərindən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Azad adlı şəxsidə də, müəyyən etdikdə həmin şəxsin Xızı rayon Şurabad qəsəbəsində yaşayan Şahid4 olması müəyyən olunmuşdur. Azad özü də, istintaqa ifadə verərkən Əlidən Sərxan üçün narkot vasitə aldığını etiraf edərək bildirmişdir. Məhkəmə istintaqında şahid Xızı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid5 Şahid6 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Xızı rayonu, Sitalçay kənd sakini kimi tanımışdır. Onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs uzun müddət traktor sürücüsü işləyərək yaşadığı Şuraabad qəsəbəsində müəyyən işlər görmüşdür. Sonuncu ilə aralarında heç bir alış-veriş münasibətləri olmamış, ondan heç vaxt narkotik maddə almamışdır. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi hazırkı ifadəsi ilə ziddiyyət təşkil etdiyindən əvvvəllər vermiş olduğu ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, Xızı rayonu, Sitalçay kəndində yaşayan Əlidən narkotik almaq istəsə də, yadına düşmüşdür ki, Əli onu yaxın buraxmayacaq. Belə ki, o, əvvəllər də bir neçə dəfə Əlidən narkotik vasitə olan heroin almış, lakin sonradan pulu olmadığından Əlidən nisyə narkotik almış və pulunu da verməmişdir. Fikirləşmişdir ki, indidə gedib alsa Əli onun pulunu götürüb əvvəlki borcuna çıxacaq və ona narkotik verməyəcək. Ona görə də yenidən yaşadığı qəsəbəyə qayıtmışdır ki, öyrənib görsün Əlidən kimsə mal alıbsa, ona pul versin və Əlidən öz adına narkotik alsın. Qəsəbəyə gələndə birdən yadına Azad düşmüş, o, Azadın yaşadığı evə gəlmiş və Azaddan xahiş etmişdir ki, Əli onu yaxın buraxmadığından ona pul versin, gedib Əlidən narkotik alsın. Azad əvvəl razılaşmasa da, onun vəziyyətini görüb razılaşmış və onunla bərabər Əlinin yaşadığı Sitalçay qəsəbəsinə gəlmişlər. O, Azada oğurladığı arpadan əldə etdiyi puldan 10 manat vermiş və kənarda dayanmış, Azad gedib Əlidən bir çet siqaretin qızılı kağızına bükülmüş kakos alıb ona vermişdir. Sonra onlar Şurabaad qəsəbəsinə gəlmiş, Azad öz evinə getmiş, o da, qəsəbənin girəcəyində avtomobili kənara çəkib aldığı narkotik vasitənin bir hissəsini iynə vasitəsi ilə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən Şahid4 ifadəsində göstərdi ki, Xızı rayonu, Şuraabad qəsəbə sakini Şahid1 onunla qoşuluqda yaşayaraq evlərinin arasında 300 metr ara məsafəsi vardır. 8 ildir narkomaniya xəstəliyindən əziyyət çəkir, lakin son 6 ayda o, əsaslı müalicə almış və hazırda heç bir ağrıları yoxdur, narkotik vasitə də istifadə etmir. Əvvəllər Sərxanla elə də münasibəti olmasa da, narkotik vasitə qəbul etdiyi vaxtlar Sərxanla tez-tez görüşürdülər. Müalicə almağa başlayandan sonra isə Sərxanla demək olar ki, münasibətləri kəsilmişdir. 2018-ci ilin oktyabr ayında isə Maştağa qəsəbəsində yerləşən narkoloji dispanserə müraciət etmiş və 21 gün orada qalıb müalicəni davam etdirmişdir. Dispanserdən qayıtdıqdan sonra isə Sərxanı cəmi 2-3 dəfə görmüşdür. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında yaşadığı evdə olanda həyətdən kiminsə onu çağırdığını eşitmiş və həyətə çıxanda görmüşdür ki, Sərxan tək onların həyətində dayanmışdır. Sərxanla görüşdükdən sonra sonuncu ondan ağrıları başladığı üçün narkotik vasitə lazım olduğunu bildirərək, ona köməklik etməsini xahiş etmişdir. Sərxana belə işlər ilə artıq qurtardığını bildirsə də, sonuncu ona israrla yalvarmağa başlamışdır ki, ölür, dayana bilmir. O da, Sərxana bu yağışlı havada ona haradan və kimdən narkotik maddə alacağını bildirdikdə, sonuncu ona əmisi Eldarın maşınını götürdüyünü və onunla Sitalçay kəndində getməyini xahiş etmişdir. O, Sərxanda olan ağrıları yaşadığı və onu başa düşdüyü üçün əynini geyinib çölə çıxmış və onun gəldiyi QAZ 3110 markalı avtomobilə əyləşib birlikdə Sitalçay qəsəbəsinə getmişlər. Sərxan Sitalçay kəndinin içərisində fabrikin yanında maşını saxlayaraq orada gözləmiş, o isə Əlinin yaşadığı evin yaxınlığına gəlib onun qapısını döymüşdür. Həmin vaxt Əli qapını açıb onunla görüşdükdə, ona Xızı rayonu, Şuraabad qəsəbə sakini olan Sərxan adlı şəxsə ağrıları olduğu üçün narkotik maddə lazım olduğunu bildirərək, sonuncuya 10 manat verib kimdənsə alıb gətirməsini xahiş etmişdir. Əli ondan 10 manat məbləğində pulu alaraq tanışının olduğunu və 20-30-dəqiqə gözləyəcəyini bildirərək oradan getmişdir. Təxminən 1 saat sonra Əli qayıdaraq ona bir büküm qızılı siqaret kağızında kakos adlandırdıqları heroin vermiş, o da, cəld geri qayıdıb maşına əyləşərək bükümü Sərxana vermişdir. Sərxan ona narkotik maddəni evlərinə gedərək birgə vurmağı təklif etdikdə, sonuncuya onu aparıb evə düşürməyi və bir daha buna görə onu narahat etməməsini xahiş etmişdir. Bundan sonra, Sərxan onu gətirib evinə düşürərək çıxıb getmişdir. Növbəti gün isə Sərxanın əmisinin evinə girib onun maşınını və arpasını oğurladığını, özünün isə polislər tərəfindən saxlanıldığını eşitmişdir. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi hazırkı ifadəsi ilə ziddiyyət təşkil etdiyindən əvvvəllər vermiş olduğu ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, Şahid1 tanıyır. Onun yaşadığı ev ilə Sərxanın yaşadığı evin arasında təxminən 300 metr məsafə vardır. 8 ildir ki, narkomaniya xəstəliyindən əziyyət çəkirdi. Lakin, son 6 ayda o, əsaslı müalicə almış və hazırda heç bir ağrısı yoxdur, narkotik vasitə də istifadə etmir. Əvvəllər Sərxan ilə elə də münasibəti olmasa da, narkotik vasitə qəbul etdiyi vaxtlarda onunla tez-tez görüşürdülər. Müalicə almağa başlayandan sonra isə onunla demək olar ki, münasibəti kəsmişdir. 2018-ci ilin oktyabr ayında isə Maştağa qəsəbəsində yerləşən narkoloji dispanserə müraciət etmiş və 21 gün orada qalıb müalicəsini davam etdirmişdir. Dispanserdən qayıtdıqdan sonra isə Sərxanı cəmi 2-3 dəfə görmüşdür. Həmin vaxt o, Qubada yerləşən qum bazarında qum satırdı. Mahiyyəti üzrə bildirir ki, xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında yaşadığı evdə olmuş və həyətdən kiminsə onu çağırdığını eşitmişdir. Həyətə çıxanda görmüşdür ki, Sərxan tək onların həyətində dayanmışdır. Onunla görüşdükdən sonra Sərxan ondan xahiş etmişdir ki, ağrıları başlayıb, narkotik vasitə lazımdır, ona köməklik etsin. O, Sərxana demişdir ki, belə işlər ilə artıq qurtarmışdır. Lakin, Sərxan israrla ona yalvarmağa başlamışdır ki, ölür, dayana bilmir. O da, Sərxana demişdir ki, bu yağışlı havada ona haradan mal tapsın, kimdən mal alsın. Sərxan da demişdir ki, əmisi Eldarın maşınını götürüb ki, aptekdən dərman alıb qayıdacaq, gedək Sitalçaydan Əlidən mal alaq. O, Sərxana demişdir ki, Əli onu yaxın buraxmır, ondan necə mal alacaq. Sərxan da demişdir ki, o, maşından düşməyəcək, özü yaxınlaşar. Onun Sərxana yazığı gəldiyindən köməklik etmək qərarına gəlmişdir. Çünki özü də, onda olan ağrıları yaşamış və onu başa düşmüşdür. O, Sərxandan soruşmuşdur ki, pulu var?, sonuncu da demişdir ki, 10 manat pulu vardır. Bundan sonar, o əynini geyinib çölə çıxmış və Sərxanın gəldiyi QAZ 3110 markalı avtomobilə əyləşib onunla birlikdə Silalçay qəsəbəsinə gəlmişlər. Əlinin yaşadığı evin yaxınlığına gəlib maşını saxlamış və o, avtomobildən düşüb Əlinin evinin qarşısına gəlib qapılarını döymüşdür. Əli qapını açmış və onunla görüşüb mal lazım olduğunu bildirmişdir. Əli ondan soruşmuşdur ki, nə qədər mal lazımdır?. O da, demişdir ki, 10 manat pulu vardır. Əli pulu ondan alıb evə keçmiş və qayıdaraq ona bir büküın qızılı siqaret kağızında kakos adlandırdıqları heroin vermişdir. O da, cəld geri qayıdıb maşına əyləşmiş və bükümü Sərxana vermişdir. Sərxan ona təşəkkür edib demişdir ki, hər şeyi hazırdır, gedək bir yerdə vuraq. O da, xahiş etmişdir ki, onu aparıb evinə düşürtsün və bir də buna görə onu narahat etməsin, gücə-bəla ilə ağrılardan çıxmış, canı da gedib, pulu da gedib, daha bir də həmin ağrılara yaşamaq istəmir. Beləliklə, Sərxan onu gətirib evinə düşürüb çıxıb getmişdir. Növbəti gün isə eşitmişdir ki, Sərxan əmisinin evinə girib onun maşınını və arpasını oğurlayıb, özünü isə polislər axtarırlar. Axşam da evə gələndə anası demişdir ki, Sərxanı polislər tutmuşdur. Məhkəmə iclasında iştirak edən Şahid2 Xaçpolad oğlu ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saatı dəqiq xatırlamadığı vaxtda iş yoldaşı Şahid3 ilə Xızı şəhərinin mərkəzində yerləşən mağazaya gedərkən sonradan tanıdığı mülki geyimdə olan polis əməkdaşı onlara yaxınlaşaraq bir nəfər şəxsin onlar tərəfindən saxlanıldığını və həmin şəxsin üzərində şəxsi axtarış keçiriləcəyini bildirərək, onlardan şöbəyə getmələrini xahiş etmişlər. Onlar da, etiraz etməyərək polis əməkdaşı ilə birlikdə Xızı rayon Polis Şöbəsinə getmişlər. Polis Şöbəsinin xidməti otaqlarının birində bir nəfər tanımadıqları şəxsi onlara təqdim edərək adının Əli olduğunu bildirmişlər. Daha sonra, həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs özünü onlara təqdim etmiş, bundan sonra polis əməkdaşları onun üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu və onların iştirakı ilə üzərində axtarış keçiriləcəyini bildirərək, baxış keçirməzdən əvvəl özü üzərində nə varsa təqdim etməsini təklif etmişlər. Əli də əynində olan boz rəngli idman şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı kəsiyi bükümündə və bir ədəd siqaret sellofanında maddələr çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükülünü acaraq içərisinə baxıb daha sonra onlara təqdim etmişlər. Həmin qızılı kağızın içərisində toz halında və digər kağızda isə ot halında maddə olduğunu müəyyən etdikdən sonra, polislər Əlidən həmin maddənin nə olmasını və harada əldə etməsini soruşanda, sonuncu həmin maddələrin narkotik vasitə olduğunu və Sumqayıt şəhərindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Polis əməkdaşları onların iştirakı ilə həmin maddələri ağ zərfə qoyaraq ağzını bağlamış və zərfin üzəri onlar və orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında Şahid3 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə aparılmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 50-52-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 19/1443a nömrəli tədqiqat haqqında arayışdan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddələrdən: 1) bir ədəd “gümüşü” siqaret kağızı kəsiyi bükümündə təmiz çəkisi 0,256 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 2) bir ədəd siqaret sellofanında və bir ədəd “gümüşü” siqaret kağızı kəsiyi bükümündə ümumi təmiz çəkisi 2,11 qram olan maddə narkotik vasitə qurudulmuş marixuanadır (kannabis). Tədqiqata 0,005 qram sərf edildikdən sonra narkotik maddə heroinin qalıq çəkisi 0,251 qram, tədqiqata 0,11 qram sərf edildikdən marixuananın qalıq çəkisi isə ümumilikdə 2,0 qram (1,71 qram və 0,29 qram) təşkil etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 120-122-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 30747/48 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... Şahid1..." sözlər və imzalar olan 01 ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi - 0,239 qram olan maddə triyəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş açıq qəhvəyi rəngli toz halında olan kütlə..." sözlər və imzalar olan 01 ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi - 0,251 qram olan maddə triyəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş quruyaşıl ot kütlələri..." sözlər və imzalar olan bir ədəd zərfdəki iki ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri - 1,71 qram, 0,29 qram, ümumi çəkisi - 2,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində "...Şahid1.." və "...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş açıq-qəhvəyi rəngli toz halında olan kütlə..." sözlər və imzalar olan 02 ədəd zərfdəki heroinlər xarici görünüşünə və kimyəvi tərkibinə görə eyni deyil. Heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı 1) daxildir. Tədqiqata Şahid1 götürülmüş heroindən 0,02 qram sərf edildikdən sonra 0,219 qram, Təqsirləndirilən şəxs götürülmüş heroindən 0,02 qram sərf edildikdən sonra 0,231 qram və marixuanadan cəmi 0,04 qram sərf edildikdən sonra 1,96 qram qalıq qalmışdır. Cinayət işinin 119-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 150-151-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən xx xxxxx 2020-ci il tarixdə verilmiş 1089 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 11-12-ci vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokolun surətindən görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmadan öncə Şahid1 və hal şahidlərinə hüquq və vəzifələri izah olunmuş, bundan sonra Şahid1 üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş toz halında, açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmiş, bundan sonra Şahid1 üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Daha sonra, protokol iştirakçılar tərəfindən imzalanmış və şəxsi axtarış zamanı rəqəmsal tipli “Panasonik” markalı fotoaparat vasitəsilə foto şəkillər çəkilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 41-42-ci vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokolun surətindən görünür ki, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqla şübhəli olduğunu bildirmişlər. Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah etməklə bu barədə bildiriş verilmiş, onun şübhəli şəxs qismində tutulduğu elan edilmiş və üzərində şəxsi axtarış keçiriləcəyini izah edərək, şəxsi axtarışın bu şəkildə keçiriləcəyinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan üstündə saxlanılması, daşınması, gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya predmetlərin olub-olmadığı soruşulmuş və olarsa, onları təqdim etməsi təklif olunmuşdur. O, əynindəki boz rəngli idman şalvarın sol yan cibində gizlətdiyi, bir ədəd gümüşü rəngli siqaret kağızı kəsiyi bükümündə və bir ədəd siqaret sellofanında qurudulmuş yaşıl ota bənzər və bir ədəd gümüşü siqaret kəsiyi bükümündə maddəni polis əməkdaşlarına təqdim etmişdir. Bildirmişdir ki, təqdim etdiyi bir ədəd gümüşü rəngli siqaret kağızı kəsiyi bükümündə və bir ədəd siqaret sellofanında olan maddə narkotik vasitə qurudulmuş marixuanadır, bir ədəd gümüşü siqaret kəsiyi bükümündə olan maddə isə narkotik vasitə olan heroindir. Həmin narkotiki xx xxxxxx 2019-cu il tarixdə Sumqayıt şəhəri, Zeynalabdin Tağıyev qəsəbəsində tanımadığı şəxsdən 20 manata almışdır. Aşkar edilmiş bükülünun sübut əhəmiyyəti kəsb etdiyi nəzərə alınaraq, götürülmüş və həmin maddə ağ zərfə qoyularaq ağzı bağlanmış və iştirakçılar tərəfindən imza edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 109-111-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Bağırov X5 Şəhər Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2012-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin cinayət işinin 35-36-cı vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan və işinin 96-104-cü vərəqələrində olan Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(068)-20/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən azadlığı məhdudlaşdırılmış və xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-104-cü vərəqələrində olan Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(068)-20/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xızı rayon Polis Şöbəsinin istintaq qrupunun baş müstəntiqi X7 vəsatəti təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 93-94-cü vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(068)-30/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan, eləcə də Xızı RPŞ-nin xx xxxxxx 2021-ci il tarixli, 165-209-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş axtarış tədbirləri nəticəsində tutularaq Xızı RPŞ-nin MSY-nə, oradan isə xx xxxxxx 2020-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işinin 171-179-cu vərəqələrində olan xx xxxx 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmiş, iş üzrə Şahid4 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, həmçinin Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 0,231 qram narkotik vasitə olan heroin və 1,96 qram qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işinin 152-153-cü vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd X12 üzrə nümayəndəliyi tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, həmçinin, işin 78-81-ci vərəqələrindəki şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, yaşayır, ailə tərkibi arvadı – X6, oğlanları – xx xxxx 2002-ci il təvəllüdlü Taleh Bağırov və xx xxxx 2005-ci il təvəllüdlü Aydın Bağırov, qızı – xx xxxxxxx 2007-ci il təvəllüdlü Gülsün Bağırova və oğlu – xx xxxxxx 2013-cü il təvəllüdlü Amin Bağırlıdır ibarətdir və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin 82-85-ci vərəqələrində olan Ak. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən xx xxxxxxx 2015-ci il tarixdə verilmiş tibbi rəyin, Bakı Baş Səhiyyə X14 Xəstəxanası tərəfindən xx xxxx 2016-cı il tarixdə verilmiş arayışın, “Uniklinika” Tibb Mərkəzi tərəfindən xx xxxx 2008-ci il tarixdə verilmiş elektroensefaloqrafiya müayinəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs sağlamlıq imkanları məhdud oğlanları - xx xxxx 2002-ci il təvəllüdlü Taleh Bağırov doğuş travması zamanı üz sinirinin zədələnməsi, uşaq serebral iflici xəstəliyindən, xx xxxxxx 2013-cü il təvəllüdlü Amin Bağırlı isə diplegik spastik serebral iflic, uşaq serebral iflici, spastik paraplegiya, aşağı ətrafların paraparezi, irsi retinal distrofiyalar, görmə sinirinin atrofiyası, tor qişanın dəqiqləşdirilməmiş xəstəliyindən əziyyət çəkir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, daşıma, qanunsuz olaraq narkotik vasitələri satma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 0,289 qram narkotik vasitə olan heroini Şahid4 vasitəsi ilə Şahid1 10 manata satması, eləcə də, üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 2,11 qram narkotik vasitə olan qurudulmuş marixuananın və ümumi təmiz çəkisi 0,256 qram narkotik vasitə olan heroinin aşkar edilməsi, satışın həyata keçirilməsi üçün görülən tədbirlərin dairəsini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, Təqsirləndirilən şəxs hərəkətlərinin narkotik vasitəsini satmasına və satış məqsədi ehtiva etməsinə dəlalət edir. Həmçinin, məhkəmə istintaqında Şahid4 da ifadəsində Təqsirləndirilən şəxs Şahid1 üçün 10 manat pul müqabilində narkotik vasitə heroin aldığını qeyd etməsi də, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı hərəkətlərini davam etdirdiyini istisna etmir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən qismən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 3 yetkinlik yaşına çatmayan övladının olmasını və uşaqlarının ağır xəstəliyini, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısında cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi həbsdə saxlanıldığı 03 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,231 qram təşkil edən narkotik vasitə olan heroin və qalıq çəkisi 1,96 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 (üç) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,231 qram təşkil edən narkotik vasitə olan heroin və qalıq çəkisi 1,96 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142593, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ**********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(068)-6/2021
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-6/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver