Məhkəmə qərarları › İş №1(068)-6/2023

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-6/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-6/2023 19.04.2023 XIZI RAYON MƏHKƏMƏSİ X12 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1975-ci il tarixdə Abşeron rayonu, Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üzərində məhkumluğu olmayan, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan cəmi 0,443 qram miqdarında narkotik vasitə - heroin, xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan cəmi 0,159 qram miqdarında psixotrop maddə - metamfetamin əldə etmiş, həmin heroinin 0,015 qramını bir ədəd ağ-qırmızı rəngli kağız bükümdə və metamfetaminin 0,031 qramını bir ədəd qırmızıağ rəngli kağız bükümdə əynindəki qısaqol köynəyin sol döş cibində saxlamaqla daşımış, qalan 0,428 qram miqdarında heroini altı ədəd qırmızı-ağ rəngli kağız bükümdə, bir ədəd sellofan kəsiyi bükümündə, cəmi yeddi ədəd bükümdə 0,038 qram, 0,023 qram, 0,029 qram, 0,021 qram, 0,04 qram, 0,123 qram və 0,154 qram olmaqla, qalan 0,128 qram miqdarında metamfetamini bir ədəd qırmızı-ağ rəngli və bir ədəd göy-ağ rəngli, cəmi iki ədəd kağız bükümdə 0,08 qram və 0,048 qram olmaqla Xızı rayonu Sitalçay kəndində yaşadığı evin yataq otağındakı masanın üzərində olan qara rəngli qutunun içərisində saxlamış, Xızı RPŞ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 23 iyun 2022-ci il tarixdə saat 13:05-də Xızı rayonu Sitalçay kəndi ərazisində saxlanılmış, üzərində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı onun istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq əldə edib əynindəki qısaqol köynəyin sol döş cibində saxlamaqla daşıdığı bir ədəd ağ-qırmızı rəngli bükümdə olan 0,015 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd qırmızı-ağ rəngli kağız bükümdə olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, həmin tarixdə saat 14:19 dəqiqədən saat 14:45 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs Xızı rayonu Sitalçay kəndində yaşadığı evin yataq otağına onun yazılı razılığı əsasında, müdafiəçinin iştirakı ilə, videoçəkiliş tətbiqi ilə keçirilmiş baxış zamanı onun istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq əldə edib yataq otağındakı masanın üzərində olan qara rəngli qutunun içərisində saxladığı altı ədəd qırmızı-ağ rəngli kağız bükümdə, bir ədəd sellofan kəsiyi bükümündə, cəmi yeddi ədəd bükümdə olan 0,038 qram, 0,023 qram, 0,029 qram, 0,021 qram, 0,04 qram, 0,123 qram və 0,154 qram olmaqla, cəmi 0,428 qram miqdarında narkotik vasitə - heroin, bir ədəd qırmızı-ağ rəngli və bir ədəd göy-ağ rəngli, cəmi iki ədəd kağız bükümdə olan 0,08 qram və 0,048 qram olmaqla cəmi 0,128 qram miqdarında psixotrop maddə - metamfetamin, bununla da Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı cəmi 0,443 qram miqdarında narkotik vasitə - heroin və cəmi 0,159 qram miqdarında psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, yalnız 234.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, hadisə günü evdə olmuş, nahar etmək istəmişdir. Bu zaman iki nəfər qapıdan, iki nəfər isə pəncərədən içəri daxil olmuşdur. Ayaqları tutulduğundan o, 3 ildir yataq rejimində yaşayır və 9 ay ümumiyyətlə hərəkət edə bilməmişdir. İttiham aktında qeyd olunmuşdur ki, onu küçədə saxlamışlar. Amma hadisə elə olmamış, polislər tərəfindən o formada yazılmışdır. O da, buna etiraz etməmiş, polislərə “necə istəyirsiz elə də yazın” demişdir. Ağrıları olduğuna görə narkotik vasitə almış, gündə 4 və ya 5 dəfə ondan istifadə etmişdir, lakin heç kimə narkotik vasitə satmamışdır və ona şər atırlar. Bir dəfə qonşusu Ağaddaş narkoman olduğu üçün sonuncunun anası vasitəsilə narkotik vasitə göndərmiş və 5 manat pulu isə Ağaddaşın bacısı gətirib həyat yoldaşına vermişdir. Həmin narkotik vasitəni satmaq niyyəti ilə deyil, yaxşılıq olaraq, yəni elə bil pul verib aptekdən dərman alan kimi vermişdir. Çünki onun ailə üzvləri işlədiyindən heç vaxt pula ehtiyacı olmamışdır. Hazırda xəstəliyini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da özünü qismən təqsirli bilsə də, hazırda ziddiyyətli ifadə verərək təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bundan əlavə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün ibtidai istintaq zamanı qismən etirafı ilə yanaşı, son sözündə məhkəmədən törətdiyi əmələ görə ona yüngül cəza təyin edilməsini xahiş etməsi, eləcə də şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən iki ildir sümük vərəmi xəstəliyindən əziyyət çəkir. Həmin xəstəliyə görə onun hər iki ayağı tutulmuş, iflic olmuşdur. O, ayaqüstə dayana bilməmiş və yeriyə bilməmişdir. Bu səbəbdən o, əlil arabasında hərəkət etmişdir. Təxminən 12 il əvvəl narkotik vasitə - heroin istifadə etmiş, 2010-cu il tarixdə məhkum olunduqdan sonra həmin maddədən istifadə etməmişdir. 2020-ci il tarixdə səhhətində yaranmış xəstəliklə əlaqədar olaraq o, yenidən heroin və metamfetamin istifadə etməyə məcbur qalmışdır. 23 iyun 2022-ci il tarixdə üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş heroin və metamfetamini o, 2022-ci ilin iyun ayının əvvəlində xatırlamadığı gün saat 16:30 radələrində yaşadığı Sitalçay kəndi ərazisində torpaq yolun kənarında yerdən bir ədəd kibrit qutusunda tapmışdır. Belə ki, həmin vaxt o, hava almaq üçün əlil arabasında Sitalçay kəndi ərazisində gəzmişdir. O, yolun kənarında yerdə bir ədəd təzə formada kibrit qutusunun olduğunu görmüşdür. O, kibrit qutusunda kibrit dənələrinin ola biləcəyini ehtimal edib həmin qutunu yerdən götürmüş və içərisinə baxmışdır. Qutuda kibrit dənələrinin olmadığını, bir ədəd sellofan bükümün və bir ədəd göy rəngli kağız bükümün olduğunu görmüş, bükümlərin içərisinə baxdıqda sellofan bükümdə heroinin və kağız bükümdə metamfetaminin olduğunu görmüşdür. O, bükümlərin olduğu bir ədəd kibrit qutusunu cibinə qoyaraq yaşadığı evə qayıtmış, sellofan bükümdə olan heroini və kağız bükümdə olan metamfetamini bir dəfə istifadə etmək miqdarında olmaqla kağız bükümlərə ayırmışdır. Bundan sonra 23 iyun 2022-ci il tarixədək olan müddət ərzində heroin və metamfetamindən təxminən 2-3 büküm miqdarında, hər bükümü beş manat pulun müqabilində narkotik vasitə istifadə edən tanımadığı şəxslərə yaşadığı ünvanda satmışdır. 23 iyun 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evdə ona məxsus üç ədəd bükümdə metamfetamin və səkkiz ədəd bükümdə heroin olmuşdur. O, yaşadığı kənddə yerləşən mağazaya gedib gündəlik tələbata uyğun olaraq ərzaq almaq qərarına gəlmişdir. Saat 12:55 radələrində o, evdən özünə məxsus 30 manat pul, bir büküm heroin və bir büküm metamfetamin götürüb əlil arabası ilə evdən çıxmışdır. O, heroin və metamfetamini əynindəki qısaqol köynəyin sol döş cibinə qoymuşdur. Heroini və metamfetamini üzərində götürməkdə onun məqsədi qarşısına “narkoman” çıxacağı halda həmin şəxsin həmin maddələrdən almaq istədiyini bildirdikdə heroin və ya metamfetamini həmin şəxsə satmaq olmuşdur. Saat 13:05 radələrində o, yaşadığı evin yaxınlığında torpaq yolla mağaza istiqamətində əlil arabasında hərəkət edərkən Xızı rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə - heroin əldə edib üzərində saxlamağı barədə məlumat aldıqlarını, üzərində şəxsi axtarış aparılmalı olduğunu demişlər. O, polis əməkdaşlarının şəxsi axtarış aparmasına heç bir etiraz etməmişdir. Müstəntiq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli olduğunu bildirib onu şübhəli şəxs qismində qismində tutmuşdur. O, Vəkil Bürolarının siyahısı ilə tanış olub Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 özünə vəkil seçmişdir. Bundan sonra müstəntiq X7 kəndinə dəvət etmiş və ona təqdim etmişdir. Müstəntiq hüquq və vəzifələrini ona izah etmiş, bu barədə ona bildiriş təqdim etmişdir. Müstəntiq şəxsi axtarışda iştirak etmiş polis əməkdaşları və müdafiəçisi barədə ona məlumat vermiş, etirazının olub-olmadığını soruşmuşdur. O, heç bir etirazının olmadığını demişdir. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Müstəntiq üzərindəki qanunsuz əşyaları çıxarıb təqdim etməyi təklif etmişdir. Həmin vaxt o, əynindəki qısaqol köynəyin sol döş cibindən bir büküm heroini və bir büküm metamfetamini çıxarıb təqdim etmişdir. Müstəntiq bükümləri açaraq içərisinə baxmış, bir ədəd bükümdəki maddənin narkotik vasitə - heroinə və digər bükümdəki maddənin psixotrop maddə - metamfetaminə bənzədiyini bildirmişdir. O, heroin və metamfetamindən yaşadığı evdə də olduğunu, həmin maddələri təqdim edə biləcəyini, Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının evinə baxış keçirməsinə razı olduğunu, hər hansı bir etirazının olmadığını bildirmişdir. Müstəntiq bir ədəd ağ rəngli zərfin üzərində müvafiq qeydiyyat aparmış, aşkar edilmiş bir büküm heroini və bir büküm metamfetamini həmin rəngli zərfə qoymuş, zərfin açıq yerini yapışdırmış və möhürləmişdir. Bundan sonra videoçəkiliş başa çatmışdır. O və müdafiəçisi zərfin üzərinə imza çəkmişlər. Müstəntiq heroin və metamfetaminin olduğu bir ədəd zərfi götürmüşdür. Üzərində şəxsi axtarışın aparılması haqqında müstəntiqin tərtib etdiyi protokolla o, tanış olub doğruluğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra o, Xızı rayon Polis Şöbəsinin həmin əməkdaşlarını Sitalçay kəndində yaşadığı evə dəvət etmişdir. Yaşadığı evin qarşısında müstəntiq baxışa başlamışdır. Baxışda müdafiəçisi Ramil Yusifov və polis əməkdaşları iştirak etmişdir. Bir nəfər polis əməkdaşı videoçəkilişlə baxışı qeydə almışdır. O, yaşadığı evin özünə məxsus yataq otağına baxış keçirilməsinə razı olmağı və etirazının olmaması barədə ərizə yazmış, ərizəsini imzalamışdır. Müdafiəçisi Ramil yazdığı ərizə ilə tanış olmuş və imzalamışdır. O, otağına daxil olmuş və çarpayının yanında masanın üzərində qapaqlı qara qutuda saxladığı heroin və metamfetaminin olduğu cəmi doqquz ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Müstəntiq bükümləri açıb bir-bir baxış keçirmişdir. Baxış zamanı iki ədəd bükümdə metamfetamin və yeddi ədəd bükümdə heroin aşkar edilmişdir. Müstəntiq həmin maddələri bükümləri ilə birlikdə elektron tərəzidə çəkmiş, hər birinin çəkisinin təxminən 0,1 və 0,2 qram miqdarında olduğu məlum olmuşdur. Müstəntiq heroin və metamfetamini hansı səbəbdən bir neçə ədəd bükümdə saxladığını soruşduqda o, satmaq üçün heroin və metamfetamini bükümlərə ayırdığını demişdir. O, təxminən bir həftə, on gün əvvəl iki dəfə heroin və metamfetamin satdığını, hər büküm üçün 5 manat pul aldığını demişdir. Belə ki, təxminən on iki gün əvvəl tanımadığı bir nəfər şəxs yaşadığı ünvana gələrək heroin istifadəçisi olduğunu deyib bir büküm heroin satmağını xahiş etmişdir. O, heroin almaq üçün pula ehtiyacı olduğundan həmin şəxsə bir ədəd bükümdə təxminən 0,1 qram miqdarında heroin satmış və bunun əvəzində 5 manat pul almışdır. Həmin şəxs aldığı heroini götürüb getmişdir. Təxminən doqquz gün əvvəl o, yaşadığı evdə olarkən tanımadığı bir nəfər şəxs gələrək “şüşə”, yəni metamfetamin istifadəçisi olduğunu deyib bir büküm həmin maddədən satmağını xahiş etmişdir. Onun yenidən heroin və metamfetamin almaq üçün pula ehtiyacı olduğu üçün həmin şəxsə bir ədəd bükümdə təxminən 0,1 qram miqdarında metamfetamin satmış və bunun əvəzində 5 manat pul almışdır. Həmin şəxs aldığı metamfetamini götürüb getmişdir. Yaşadığı evdən aşkar edilmiş yeddi ədəd bükümdə heroini və iki ədəd bükümdə metamfetamini müstəntiq bir ədəd zərfə qoyub açıq yerini yapışdırmışdır. Müstəntiq zərfi möhürləmiş, o, vəkili və polis əməkdaşları zərfin üzərini imzalamışlar. O, aşkar edilmiş bütün heroin və metamfetaminin ona məxsus olduğunu, həmin maddələrin hər hansı bir polis əməkdaşı tərəfindən cibinə və yaşadığı evə qoyulmadığını, döyülmədiyini, etirazının olmadığını bildirmişdir. O, baxışın keçirilməsinə dair protokolla tanış olub doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin CAB-nin rəisi Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Xızı RPŞ-nin CAB-na Xızı rayonu, Sitalçay kənd sakini Rasim adlı şəxsin qanunsuz olaraq narkotik vasitənin istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı tərəflərindən əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o, üzvləri isə əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 təyin edilmişdir. Bundan sonra həmin şübhəli şəxs günün birinci yarısında, təxminən saat 12:00 radələrində Sitalçay kəndi ərazisində, yaşadığı evin yaxınlığında saxlanılmışdır. Saxlanılan şəxsin üzərinə və daha sonra yaşadığı evə baxış keçirilərkən narkotik vasitə və psixotrop maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ilkin ifadəsində narkotik vasitədən həm özü istifadə etməsini, həm də bir neçə dəfə narkotik vasitə aludəçisi olan şəxslərə 5 manat pul müqabilində satmasını etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, 23 iyun 2022-ci il tarixdə Xızı rayonu, Sitalçay kənd sakini Rasim adlı şəxsin narkotik vasitədən istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatı yoxlamaq üçün əməliyyat tədbiri həyata keçirilmişdir. Belə ki, həmin Rasim adlı şəxs tərəflərindən günorta saatlarında saxlanıldıqda, üzərindən 2 büküm narkotik vasitə çıxmışdır. Birində metanfetaminə oxşar maddə, birin də isə heroinə oxşar maddə olmuşdur. Daha sonra müstəntiqin iştirakı ilə, video çəkilişlə Rasimin razılıq ərizəsi əsasında yaşadığı evə daxil olmuşlar. Baxış keçirilərkən yaşadığı evdən də narkotik vasitələr və psixotrop maddələr aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, onlar təxminən yay aylarında Xızı rayonu, Sitalçay kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında 2 ədəd bükümlə saxlamışlar. Bundan sonra həmin şəxsin evinə baxış keçirmişlər və oradan müxtəlif bükümlər aşkar olunmuşdur. Rasimə bu bükümləri haradan alırsan sualını verdikdə, standart cavab olaraq bu bükümləri tapdığını demişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmaqla yanaşı, hazırda bu günə qədər də, narkotik vasitələrin satışı ilə məşğuldur. Bununla yanaşı, Təqsirləndirilən şəxs saxlanılarkən də narkotik vasitənin bükümünü 5 manat dəyərində satdığını etiraf etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-29-cu vərəqələrində olan 23 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan köynəyin sol döş cibindən iki ədəd kağız bükümünü çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 32-35-ci vərəqələrində olan 23 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Xızı rayonu Sitalçay kəndində Təqsirləndirilən şəxs yaşadığı evə onun yazılı razılığı və müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin özünə məxsus otağındakı masanın üzərindən qara rəngli bir ədəd qutudan yeddi ədəd bükümdə narkotik vasitə - heroinə bənzər maddə və iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə götürüb təqdim etmişdir. Bir ədəd göy rəngli kağız bükümdə və bir ədəd qırmızı rəngli kağız bükümdə metamfetaminə bənzər maddənin, bir ədəd sellofan kəsiyi bükümündə, bir ədəd qırmızı rəngli kağız bükümdə və beş ədəd ağ rəngli kağız bükümlərdə heroinə bənzər maddənin, bir ədəd qırmızı rəngli kağız bükümdə çətənə bitkisinin toxumlarına bənzər toxumların olduğu məlum olmuşdur. Həmin narkotik vasitə - heroinə bənzər maddə və psixotrop maddə metamfetaminə bənzər maddə bükümləri ilə birlikdə tərəfimdən elektron tərəzi vasitəsi ilə miqdarı ölçülmüşdür. İki ədəd bükümdə metamfetaminə bənzər maddənin ayrı-ayrılıqda 0,11 qram və 0,29 qram miqdarında, bir ədəd sellofan kəsiyi bükümündə heroinə bənzər maddənin 0,27 qram, altı ədəd kağız bükümdə olan heroinə bənzər maddələrin ayrı-ayrılıqda 0,09 qram, 0,10 qram, 0,11 qram, 0,21 qram, 0,11 qram və 0,08 qram miqdarda, bir ədəd kağız bükümdə olan toxumun 0,17 qram miqdarında olduğu müəyyən edilmişdir. Bir ədəd göy rəngli kağız bükümdə və bir ədəd qırmızı rəngli kağız bükümdə metamfetaminə bənzər maddə, bir ədəd sellofan kəsiyi bükümündə, bir ədəd qırmızı rəngli kağız bükümdə və beş ədəd ağ rəngli kağız bükümlərdə heroinə bənzər maddə, bir ədəd qırmızı rəngli kağız bükümdə çətənə bitkisinin toxumlarına bənzər toxum bükümləri ilə birlikdə bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Baxış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 49-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2022-ci il tarixli, 6/3518-7/681 nömrəli ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə heroinə bənzər və bir ədəd bükümdə metamfetaminə bənzər maddə ...” yazılan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,015 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,031 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş yeddi ədəd bükümdə heroinə bənzər, iki ədəd bükümdə metamfetaminə bənzər, bir ədəd bükümdə çətənə bitkisinin toxumuna bənzər toxum” ... yazılan zərfdə 7 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,038 qr, 0,023 qr, 0,029 qr, 0,021 qr, 0,04 qr, 0,123 qr və 0,154 qram olmaqla, ümumi çəkisi 0,428 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,08 qr və 0,048 qram olan ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir və 1 ədəd bükümdə təmiz çəkisi 0,12 qram bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələrin siyahısına daxil deyildir. Tədqiqata təqdim edilmiş heroinlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Tədqiqata təqdim edilmiş metamfetaminlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Tədqiqata 0,08 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi cəmi 0,363 qram, tədqiqata ümumi 0,08 (hər bir obyekdən 0,04 qram olmaqla) qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi cəmi 0,079 qram təşkil etmişdir. Cinayət işinin 48-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 88 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 53-55-ci vərəqələrində olan 24 iyun 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış cəmi 0,363 qram narkotik vasitə heroin, qalıq çəkisi cəmi 0,079 qram təşkil edən psixotrop maddə - metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 130-131-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 23 avqust 2022-ci il tarixdə verilmiş 4673 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinin surətindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 134-135-ci vərəqələrində olan “diskə baxış keçirilməsi haqqında” 06 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Xızı Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 5(068)-10/2022 saylı qərarı əsasında 22 aprel 2022-ci il tarixdən saat 09:00 dəqiqədən 22 iyun 2022-ci il tarixədək saat 00:00 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsinin sahibinin şəxsiyyəti, həmin mobil nömrəyə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti, yaşayış yeri, göndərilən, daxil olan smslər, zənglər və smslər üzrə anten dairəsi barədə məlumatları özündə əks etdirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsindən 31 avqust 2022-ci il tarixli 25/1-6892m nömrəli məktubu ilə göndərilmiş bir ədəd CD diskə kompüterdən istifadə etməklə baxış keçirilmişdi. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***- ***-**-** saylı mobil nömrənin əhatə dairəsi 2022-ci ilin iyun və may aylarında Xızı rayonu Sitalçay kəndi və Giləzi qəsəbəsi, 26 aprel 2022-ci il tarixdə Sumqayıt şəhərində olmuşdur. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə 2022-ci ilin aprel, may və iyun aylarında 9111 və 2111 adlı taksi şirkətlərinə zəng etməmişdir. Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdə Xızı rayonu Sitalçay kəndində olmuş, həmin tarixdə 2111 taksi şirkətinə zəng etməmiş və Tağıyev qəsəbəsinə getməmişdir. 2022-ci ilin iyun və may aylarında Təqsirləndirilən şəxs Sumqayıt şəhərinə getməmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayının 21-də, 20-də, 15-də, 12-də, 11-də, 10-da, 06da, may ayının 31-də, 25-də, 23-də, 22-də, 20-də, 18-də, 09-da, 05-də, 03-də, aprel ayının 29-da, 28-də, 27-də, 26-da Xızı rayonu Giləzi qəsəbəsində, 2022-ci ilin aprel ayının 26-da Sumqayıt şəhəri ərazisində olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 avqust 2022-ci il tarixdə verilmiş tələbnamədən, eləcə də müvafiq olaraq işin 120-123cü və 128-129-cu vərəqələrində olan hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin 18 mart 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 avqust 2011-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-19-cu vərəqələrində olan 23 iyun 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 73-75-ci vərəqələrində olan 25 iyun 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 186-206-cı vərəqələrində olan 10 sentyabr 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Xızı rayonu Sitalçay kəndində yaşadığı evdən aşkar olunaraq götürülmüş baxış keçirilməsi haqqında protokolda qeyd edilmiş heroinin və metamfetaminin miqdarı bükümlərlə birlikdə ümumi çəki olduğundan heroinin və metamfetaminin həmin miqdarı nəzərə alınmamış, ekspertin rəyində göstərilmiş heroinin miqdarının 0,038 qr, 0,023 qr, 0,029 qr, 0,021 qr, 0,04 qr, 0,123 qr və 0,154 qram olmaqla, cəmi 0,428 qram, metamfetaminin miqdarının 0,08 qr və 0,048 qram olması sübut kimi qəbul olunmuş və Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitə - heroinin miqdarının cəmi 0,443 qram miqdarında və psixotrop maddə - metamfetaminin miqdarının cəmi 0,159 qram miqdarında olması, ona həmin miqdarla elan edilmiş ittiham nəzərə alınmış, həmçinin Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş cəmi 0,443 qram miqdarında narkotik vasitə heroini və cəmi 0,159 qram miqdarında psixotrop maddə - metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı nəzərə alınmış, Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, habelə istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş cəmi 0,443 qram miqdarında narkotik vasitə - heroini və cəmi 0,159 qram miqdarında psixotrop maddə metamfetamini onun haradan əldə etdiyini müəyyən etmək üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə qərarın surəti Xızı RPŞ-nin CAB-na göndərilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının, yaşadığı evə baxış keçirilməsinin video çəkilişi özündə əks etdirən iki ədəd DVD diski maddi sübut hesab edilsin və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 125-126-cı vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 22 avqust 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xızı rayonu, Sitalçay kəndində Şorabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayır və gənc nəsilə örnək olası ictimai işlərdə heç bir fəallıq göstərməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 27 mart 2023-cü il tarixli, 69/KEŞ nömrəli ekspert rəyindən görünür ki, tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə X1 İnstitutunda “L3-4 fəqərələrin vərəm spondiliti, spondiloz faza, qarışıq dövr. Absess, aşağı ətrafların paraparezi” diaqnozu ilə ambulator müayinə və müalicədə olmuşdur. Təqsirləndirilən şəxs aşağı ətraflarda hərəkət məhdudluğunun olduğunu nəzərə alaraq, hal-hazırda onun kənar şəxsin köməyi ilə məhkəmə proseslərində iştirakı mümkündür. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs 0,428 qram miqdarında heroini altı ədəd qırmızı-ağ rəngli kağız bükümdə, bir ədəd sellofan kəsiyi bükümündə, cəmi yeddi ədəd bükümdə 0,038 qram, 0,023 qram, 0,029 qram, 0,021 qram, 0,04 qram, 0,123 qram və 0,154 qram olmaqla, qalan 0,128 qram miqdarında metamfetamini bir ədəd qırmızı-ağ rəngli və bir ədəd göy-ağ rəngli, cəmi iki ədəd kağız bükümdə 0,08 qram və 0,048 qram olmaqla Xızı rayonu Sitalçay kəndində yaşadığı evin yataq otağındakı masanın üzərində olan qara rəngli qutunun içərisində saxlaması, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsində də, satmaq üçün heroin və metamfetamini bükümlərə ayırdığını, habelə saxlanılmamışdan təxminən bir həftə, on gün əvvəl iki dəfə heroin və metamfetamin satdığını, hər büküm üçün 5 manat pul aldığını qeyd etməsi, eləcə məhkəmə iclasında verdiyi ifadəsində Ağaddaş adlı şəxsə narkotik vasitə göndərməsi və bunun qarşılığında 5 manat pulun almasını bildirməsi satışın həyata keçirilməsi üçün görülən tədbirlərin dairəsini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, Təqsirləndirilən şəxs hərəkətlərinin narkotik vasitəsini satmasına və satış məqsədi ehtiva etməsinə dəlalət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması, habelə heç bir narkotik vasitə satmamasını bildirməsi yalnız cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən xəstəliyini, yəni aşağı ətraflarda hərəkət məhdudluğunun olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halın olmasını və ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza aşağı həddə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdən 25 iyun 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni 19 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi cəmi 0,363 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi cəmi 0,079 qram təşkil edən psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə video çəkiliş ilə aparılan axtarışın görüntüləri köçürülmüş 2 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 19 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi cəmi 0,363 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi cəmi 0,079 qram təşkil edən psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə video çəkiliş ilə aparılan axtarışın görüntüləri köçürülmüş 2 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88 (səksən səkkiz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar