Məhkəmə qərarları › İş №1(068)-7/2021

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-7/2021

12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-7/2021 12.02.2021 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Cəfərov Cəfər Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, üzərində məhkumluğu olan, orta təhsilli, subay, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 134 və 228.1-ci maddələri ilə və xx xxxxxx 1970-ci il tarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, üzərində məhkumluğu olan, orta təhsilli, evli, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 bir neçə dəfə xüsusilə ağır və ağır cinayət törətməsinə görə məhkum olunmasına baxmayaraq həmin cəzalardan nəticə çıxarmayıb, cəmiyyətdə qəbul edilmiş əxlaq normalarına zidd olaraq sərxoş halda xx xxxx 2020-ci il tarixdə, axşam saat 20 rədələrində yaşadığı qəsəbə ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus evin arxa tərəfindən keçən küçədə təbii ehtiyacını nümayişkaranə şəkildə ödəyərkən sonuncunun ona irad bildirməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onu sinəsindən tutaraq itələməsindən hiddətlənərək öz üstünlüyünü nümayiş etdirmək üçün əvvəlcədən əldə edib üzərində saxladığı, zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik, üzərində hər hansı əlavə və dəyişiklik edilməmiş, soyuq silah hesab edilməyən turist bıçağını çıxararaq, ünvanına nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs öldürməklə və xəsarət yetirməklə hədələmiş, Zərərçəkmiş şəxs qaranlıq və işıqlandırma olmayan küçədə, ətrafda başqa şəxslərin olmadığı bir şəraitdə Təqsirləndirilən şəxs1 əlindəki bıçağı ona nümayiş etdirərək öldürməklə və xəsarət yerirməklə hədələməsini real qəbul etmiş və qorxaraq yaxınlıqda yerləşən özünə məxsus tövləyə girib qapını bağlamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs1 həmin gün, yəni, xx xxxx 2020-ci il tarixdə, axşam saat 23 radələrində tərkibində partlayıcı maddə olduğuna görə kustar üsulla partlayışlar həyata keçirməyə və insan həyatı üçün təhlükə yaratmağa imkan verən, gövdələrində və üzərindəki “UZRQM” tipli partladıcıların tərkibində partlayıcı maddə olduğuna görə döyüş sursatı hesab edilən 03 ədəd F-1 tipli əl qumbarasını üzərindəki “UZRQM” partladıcıları ilə birlikdə həmkəndlisi Təqsirləndirilən şəxs2 əvəzsiz alaraq əldə etmiş, həmin qumbaraları üzərində daşıyıb mübahisə etdiyi və öldürməklə hədələdiyi Zərərçəkmiş şəxs yaşadığı evin yerləşdiyi istiqamətdə, Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində, qəsəbə ərazisindən Bakı-Quba magistral yolu istiqamətində keçən asfalt örtüklü yoldan təxminən 5 kilometr aralıda, insanların olmadığı düzənlik ərazidə həmin tarixdə saat 23:40 radələrində 02 ədədini partlatmış, baş vermiş partlayışların səsindən insanların həmin yerə gəlməsindən və onu görməsindən ehtiyat edərək 01 ədəd qumbaranı üzərindəki partladıcı ilə birlikdə yaxınlıqda yerləşən, qəsəbə sakini X2 məxsus və hazırda yaşayış olmayan birmərtəbəli fərdi evin ətrafındakı hasarın yanına qoyaraq oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs2 təxminən 6-7 ay əvvəl, yəni 2019-cu ilin noyabr-dekabr aylarında Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus hərbi hissənin ətrafından, Xızı-Giləzi yolundan təxminən 7 kilometr aralıda müəyyən etdiyi, üzərində partladıcıları olan, gövdələrində və üzərindəki “UZRQM” tipli partladıcıların tərkibində partlayıcı maddə olduğuna görə döyüş sursatı hesab edilən 05 ədəd F-1 tipli əl qumbaralarını və içərisində F-1, RQD-5, RQ-42 əl qumbaralarını partlatmaq üçün nəzərdə tutulan 10 ədəd “UZRQM” tipli partladıcılar olan, zavod qablaşdırılması tamlığı pozulmamış, qismən korroziyaya uğramış vəziyyətdə olan dəmir bankanı qanunsuz olaraq əldə etmiş, qeyd edilən döyüş sursatlarını üzərində daşıyıb qanunla müəyyən edilmiş qaydada müvafiq dövlət orqanlarına məlumat vermədən və təqdim etmədən yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin yaxınlığında yerləşən kolluqda gizlədərək qanunsuz olaraq saxlamış, qanunsuz olaraq saxladığı həmin qumbaralardan tərkibində partlayıcı maddə olduğuna görə kustar üsulla partlayışlar həyata keçirməyə və insan həyatı üçün təhlükə yaratmağa imkan verən 03 ədədini üzərindəki “UZRQM” partladıcıları ilə birlikdə istifadə etməsi üçün xx xxxx 2020-ci il tarixdə, axşam saat 23 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1 əvəzsiz olaraq vermiş, içərisində F-1, RQD-5, RQ-42 əl qumbaralarını partlatmaq üçün nəzərdə tutulan 10 ədəd “UZRQM” tipli partladıcılar olan, zavod qablaşdırılması tamlığı pozulmamış, qismən korroziyaya uğramış vəziyyətdə olan dəmir bankanı və digər 02 ədəd qumbaranı üzərindəki “UZRQM” partladıcıları ilə birlikdə gizlətdiyi həmin yerdə qanunsuz olaraq saxlamağa davam etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, həbs olunanadək yaşlı valideynləri ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsində yaşamışdır. xx xxxx 2020-ci il tarixdə axşam tərəfi qəsəbə ərazisindəki mağazalardan birindən araq alıb, çörək yeyərkən həmin araqdan biraz içmişdir. Bundan sonra, özünə məxsus köhnə evinə baş çəkmək üçün həmkəndlisi Nəcəfin evinin yaxınlığından keçərkən təbii ehtiyacı yaranmış və ətrafda heç kimi görmədiyindən həmin yerdə təbii ehtiyacını ödəməyə başlamışdır. Bu zaman həmkəndlisi Zərərçəkmiş şəxs ona yaxınlaşıb evinin yaxınlığında belə hərəkət etdiyi üçün irad bildirmiş və nəticədə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Nəcəf onu yaxasından tutub itələmiş və çıxıb getməsini tələb etmişdir. Buna görə də, o, Nəcəfi qorxutmaq üçün üzərində gəzdirdiyi bıçağı cibindən çıxararaq sonuncuya nümayiş etdirmiş, daha sonra, aralarındakı mübahisə sona çatmış və yoluna davam etmişdir. Bundan təxminən 2-3 saat sonra dənizdə balıq tutmaq qərarına gəlmiş, bir müddət əvvəl həmkəndlisi Təqsirləndirilən şəxs2 onda qumbaralar olduğunu və kanala atmaq istədiyini deməsini xatırlamış, buna görə də həmin qumbaraları ondan alaraq dənizdə partladıb balıq tutmağı fikirləşmişdir. O, həmin gün saat 23 radələrində bu məqsədlə Yalçının yaşadığı evə gedərək Yalçınla görüşmüş və heç bir qarışılıq olmadan Yalçın ona 3 ədəd qumbara vermişdir. Daha sonra, balıq tutmaq fikri dəyişdiyindən həmin qumbaraları boş ərazidə partlatmaq qərarına gəlmiş və bu məqsədlə qəsəbənin kənarına gedərək 2 ədəd qumbaranı partlatmışdır. Partlayış səslərindən sonra ətrafdan kənd sakinlərinin səslərini eşitdiyindən üçüncü qumbaranı partlatmadan yaxınlıqda yerləşən yeni tikilmiş və yaşayış olmayan evin hasarının dibinə qoyaraq oradan uzaqlaşmışdır. Həmin qumbaraları partlatmaqla hər hansı şəxsləri qorxutmaq və ya xəsarət yetirmək fikri olmamış, sadəcə balıq tutmaq fikri dəyişdiyindən qumbaraları boş əraziyə atmaq qərarına gəlmişdir. Hadisədən bir müddət sonra polis əməkdaşları gəlib onu Xızı rayon Polis Şöbəsinə aparmışlar. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, habelə zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının, eləcə də, himayəsində yaşlı və xəstə valideynlərinin olmasının nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, həbs olunanadək ailəsi ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsində yaşamışdır. Təxminən 2019-cu ilin noyabr - dekabr aylarında yaşadığı qəsəbə ərazisində yerləşən hərbi hissə ətrafında özünə məxsus atı axtararkən yerdən 5 ədəd qumbara və içərisində partladıcılar olan dəmir qutu tapmış, Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün qumbaraların təhlükəli olduğunu bilmiş, heyvan otaran uşaqların əl vurub xəsarət almamaları üçün həmin qumbaraları və dəmir qutunu özü ilə götürərək yaşadığı evə gedən yolun yaxınlığındakı kolluqda gizlətmişdir. Bir müddət qumbaraları zərərsizləşdirməyə münasib yer tapa bilmədiyindən, qumbaralar gizlətdiyi ərazidə qalmışdır. Bundan sonra, həmkəndlisi Təqsirləndirilən şəxs1lə söhbət zamanı sonuncuya 5 ədəd qumbara tapdığını və onları boş bir əraziyə tullamaq istədiyini bildirmişdir. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığında onunla görüşüb balıq tutmaq fikrində olduğunu və bu məqsədlə onda olan qumbaralardan 3 ədədini ona verməsini xahiş etmiş, o da, etiraz etməmiş və əvəzsiz olaraq 3 ədəd qumbaranı ona vermişdir. Daha sonra, qalan 2 ədəd qumbaranı və içərisində partladıcılar olan dəmir qutunu isə əvvəlki yerində saxlamışdır. Bundan bir müddət sonra polis əməkdaşları yaşadığı ev gəlib, gizlətdiyi 2 ədəd qumbaranı və içərisində partladıcılar olan dəmir qutunu da aşkar edərək onu Xızı rayon Polis Şöbəsinə aparmışlar. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, habelə himayəsində bir yetkinlik yaşına çatmayan qız övladının olmasının və oğlunun həqiqi hərbi xidmətdə olmaqla, döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinin və “Kəlbəcərin azad olunmasına görə” medalla təltif olunmasının nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittiham üzrə təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, ailə üzvləri ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsində yaşamaqla heyvandarlıqla məşğul olur. xx xxxx 2020-ci il tarixdə, axşam saat 20 radələrində otlaqdan qayıdan heyvanları tövləyə salmaq üçün küçədə gözləyərkən həmkəndlisi və uzaq qohumu olan Təqsirləndirilən şəxs1 evlərinin arxa tərəfindən keçən yolun ortasında, təxminən ondan 20-25 metr aralıda dayanıb təbii ehtiyacını ödəməsini görmüşdür. Belə hərəkət etməsini görüb uzaqdan “yığışdır özünü” deyə 2 dəfə qışqırmış, lakin, Təqsirləndirilən şəxs1 hərəkətlərinə davam etdiyinə görə onu eşitmədiyini fikirləşib təxminən 5 metr aralıda dayanmaqla ona yaxınlaşmışdır. Bundan sonra, etdiyi hərəkət barədə ona sərt şəkildə irad bildirərək “bu nə hərkətdir edirsən? evin yaxınlığıdır, camaat görə bilər, get başqa yerdə işini gör” demişdir. Sarvan isə “bax gör kiminlə danışırsan, bu nə danışıqdır mənimlə danışırsan?” kimi ifadələr işlətməyə başlamışdır. O, isə kimlə danışdığını bildiyini və təkrar ona “get işinlə məğul ol” söyləmişdir. O, bu sözləri deyərkən Sarvanın əynindəki paltardan tutub onu itələyərkən sonuncunun sərxoş olduğunu başa düşmüşdür. Sarvanın bu zaman sağ əlini şalvarının cibinə saldığını gördükdə ona təkrar “get işinlə məşğul ol” demiş, o isə arxaya dönüb təxminən 15 metr ondan aralanmışdır. Bu zaman o, geri qayıdıb yolda olan inəkləri tövləyə salmış və tövlənin giriş qapısının yanında dayanmışdır. Həmin vaxt Sarvanın ona tərəf gəldiyini və təxminən ondan 5 metr aralıda dayandıqda əlində bıçaq olduğunu görmüşdür. O, əlindəki bıçağı ona göstərərək “səni öldürərəm, vuraram” kimi sözlər deməklə ona hədə-qorxu gəlmiş və onun ünvanına söyüşlər söyməyə başlamışdır. O, Sarvanın əvvəllər qəsdən adam öldürməyə görə məhkum oldunduğunu və cinayətkar aləmə meyilli olduğunu bildiyindən ona qarşı dediyi hədələyici sözləri real qəbul edib, bıçaqla onu vura biləcəyini fikirləşmiş və tövləyə girərək qapını bağlamış, Sarvan isə arxaya dönüb çıxıb getmişdir. Daha sonra, yaşadığı evə gəlib onunla eyni qəsəbədə, evinin yaxınlığında yaşayan qardaşı Balağaya zəng edib onu evlərinə çağırmışdır. Təxminən 10 dəqiqə sonra qardaşı Balağa onlara gəldikdə ona Sarvanla aralarında olan mübahisə barədə məlumat vermişdir. Qardaşı artıq gec olduğunu və sabah Sarvanın valideynləri ilə danışacağını bildirmişdir. O, qardaşı ilə söhbət edərkən Xızı RPŞ-də polis nəfəri işləyən oğlu Eyvaz da, işdən evə gələrək söhbətə qoşulmuş və təxminən 1 saat sonra qardaşı yaşadığı evə getmişdir. Həmin gün, gecə təxminən saat 23:40 rədələrində o, evdə televizora baxarkən küçədən partlayış səsinin gəldiyini eşitmiş və dərhal həyətə çıxmışdır. Həyətdə olarkən ikinci partlayış səsi də eşidilmişdir. O, evin arxasına tərəf çıxarkən yaxınlıqda yaşayan qardaşı Balağa da partlayış səsini eşidib hadisə yerinə gəlmişdir. Həmin vaxt onlar ətrafa baxsalar da, heç kimi görə bilməmişlər. Daha sonra, oğlu Eyvaz da onların yanına gələrək baş vermiş hadisə barədə Xızı RPŞ-ə məlumat vermiş və Xızı rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişlər. Hal hazırda Təqsirləndirilən şəxs1lə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Xızı rayonu, Giləzi qəsəbəsində yaşayaraq heyvandarlıqla məşğul olur. xx xxxx 2020-ci il tarixdə axşam saat təxminən 20:00 radələrində heyvanların otlaqdan qayıtmasını gözləyərkən qardaşı Nəcəfin yaşadığı evdən təxminən 300 metr məsafədə yerləşən evinin arxa tərəfindən keçən yolda olduğunu görərək onunla söhbət etmək üçün yanına getmişdir. Qardaşı Nəcəfi əsəbi gördüyü üçün nə baş verməsini soruşduqda, sonuncu ona həmkəndliləri Sarvanla aralarında baş vermiş mübahisə barədə məlumat vermişdir. O, isə Sarvanın sərxoş olması səbəbindən onunla ayıldıqdan sonra söhbət etməyin daha yaxşı olacağını bildirərək, təxminən 1 saat qardaşıgildə olduqdan sonra öz evinə qayıtmışdır. Bir müddət sonra evdə olarkən partlayış səslərini eşidərək həyətə çıxdıqda qardaşını görərək nə baş verməsini soruşmuşdur. Həmin vaxt söhbət əsnasında qardaşı Nəcəfin oğlu Eyvaz da, yanlarına gəlmişdir. Onlar birlikdə ətrafa göz gəzdirsələr də, qaranlıq olduğundan heç kəsi görə bilməmişlər. X4 arasında baş vermiş mübahisədən xəbərdar olduğu üçün partlayışların bir anlıq Sarvan tərəfindən törədilə biləcəyini fikirləşərək, lakin heç kimi görmədiyi üçün qəti qərar verməmişdir. Sonradan qardaşı oğlu Eyvaz baş vermiş partlayış barədə polis şöbəsinə məlumat vermişdir. Həmin vaxt partlayışların kim tərəfindən və hansı səbəblə törədildiyini bilməmişdir. Lakin, sonradan partlayışların həqiqətən Sarvan tərəfindən törədildiyini eşitdərək bilmişdir. Təqsirləndirilən şəxs1lə əvvəllər aralarında hər hansı mübahisə və ya münaqişə olmamış, hadisədən sonra Təqsirləndirilən şəxs1 görməmişdir. Məhkəmə istintaqında Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, həbs olunanadək oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsində yaşamışdır. O, təqaüdçü olmaqla, oğlu Yalçın isə günəmuzd və mövsümi işlərdə çalışmaqla dolanmışlar. xx xxxx 2020-ci il tarixdə qəsəbə ərazisində baş vermiş partlayışlardan xəbərsiz olmuşdur. Lakin, sonradan polis əməkdaşları oğlu Yalçını aparanda həmkəndlisi Sarvanın qəsəbə ərazisində qumbara partladaraq partlayış törətməsini, qumbaranı oğlu Yalçının ona verdiyini öyrənmişdir. Oğlunun qanunsuz olaraq döyüş sursatı saxlamasından və həmkəndlisi Sarvana verməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə təxminən axşam saat 20 radələrində oğlu Sarvan evə gəlmiş və aralarında hər hansı dialoq olmamışdır. Belə ki, Sarvan mütəmadi olaraq evə gec gəlməsi səbəbindən bir müddət əvvəl onu danlamış və həmin vaxt münasibətləri soyuq olmuşdur. Təxminən 15 dəqiqə sonra Sarvan yenidən evdən çıxıb getmişdir. Bundan sonra, saat təxminən 22:00 radələrində yatmış və saat 00:40 radələrində həyətin giriş darvazasının döyüldüyünü eşidərək, qapını açdıqda polis əməkdaşları ilə qarşılaşmışdır. Polislər ona Sarvanı axtardıqlarını bildirdikdə onlara oğlunun evdə olmadığını demiş və onlar çıxıb getmişlər. Polis əməkdaşları getdikdən 15 dəqiqə sonra Sarvanın həyətin giriş darvazasının yanına gəldiyini və evə girməyərək orada dayandığını görüb oğluna polislərin onu axtardıqlarını bildirmişdir. Daha sonra, o, oğlu ilə birlikdə qəsəbə ərazisindən keçən əsas yola doğru getdikdə, bu zaman polis əməkdaşları onları qarşılayaraq Sarvanı avtomaşına mindirib aparmışlar. O, Sarvanla həmkəndlisi Nəcəf arasında baş vermiş mübahisə barədə, həmçinin sonradan Sarvanın partlayış törətməsi və qumbaraları kimdən almasından xəbərsiz olmuşdur. Eyni zamanda, həmkəndlisi Nəcəflə aralarında əvvəllər hər hansı mübahisə və ya münaqişə baş verməmişdir. Məhkəmə istintaqında Şahid5 Şahid4 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun bacısı oğludur. Sarvan 2001-ci ildə həmkəndliləri Zabil adlı şəxsi öldürdüyünə görə 13 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2014-cü ildə cəzasının sonu ilə azad edilərək Xızı rayonu, Giləzi qəsəbəsinə qayıdıb valideynləri ilə birlikdə yaşamışdır. Sarvan cəzaçəkmə müəssisəsindən qayıtdıqdan sonra fərdi əmək fəaliyyəti ilə məşğul olaraq günəmuzd və mövsümi işlərdə çalışmış, sonuncu ilə münasibətləri yaxşı olmuşdur. Sarvan tez-tez spirtli içki qəbul etsə də, qəsəbə ərazisində özünü sakit apararaq spirtli içki içməkdən başqa digər zərərli vərdişləri olmamışdır. xx xxxx 2020-ci il tarixdə axşam təxminən saat 00:30 radələrində yatdıqdan sonra təxminən 01:30-da digər bacısı oğlu Kamranın qayınatası Mirağa mobil telefonla zəng edərək, baş vermiş hadisə barədə ona məlumat verərək, polislərin Sarvanı axtarmasını bildirdikdə Mirağadan onu gəlib Sarvangilə aparmasını xahiş etmişdir. Mirağa idarə etdiyi avtomobillə onlara gələrək birlikdə Sarvangilin evinin qarşısına getmişlər, lakin daha dəqiq məlumat əldə etmək üçün həmkəndliləri Nəcəfin evinin yanına gedərək orada Nəcəflə qarşılaşıb baş vermiş mübahisə və sonradan partlayış səsləri gəlməsi barədə məlumat almışdır. Lakin, sonradan partlayışların həqiqətən Sarvan tərəfindən törədildiyini eşitdərək bilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 37-38-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3/697 saylı məhkəmə-ballistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 ədəd bıçaq zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik turist bıçağıdır, üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir və soyuq silah hesab edilmir. Cinayət işinin 36-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 64 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 8-12-ci səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxx 2020-ci il tarixli, 20/337R saylı partlayış-texniki ekspertizası rəyindən görünür ki, 1) tədqiqata təqdim edilmiş 03 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbaralarının gövdələridir, natamam döyüş sursatıdırlar. Digər 01 ədəd əşya “UZRQM” tipli partlayıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısıdır. Həmin 03 ədəd əl qumbaralarının gövdələrindən 01 ədədi və 01 ədəd “UZRQM” tipli partlayıcı ilə birlikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatıdır, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur. 2) Tədqiqata təqdim edilmiş və zavod qablaşdırılması tamlığı pozulmamış, qismən korroziyaya uğramış və əzilmiş vəziyyətdə olan silindrik formalı dəmir bankanın içərisində olması nəzərdə tutulan 10 ədəd “UZRQM” tipli partladıcıdırlar, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısıdırlar. Həmir dəmir banka açılmadı. 3) Tədqiqata təqdim edilmiş müxtəlif ölçülü metal qırıntıları F-1 tipli əl qumbarasının gövdəsinin qəlpələridir. Digər 02 ədəd əşya isə “UZRQM” tipli partladıcının tətik qoludur. 4) ANAMA-nın xx xxxx 2020-ci il tarixli, 1/825 nömrəli arayış-məktubundan göründüyü kimi F- 1 əl qumbaralarının üzərində korroziya izləri olduğuna və saxlanılma şəraiti məlum olmadığına görə hərbi məqsədlər üçün təkrar istifadəyə yararsızdır. Belə ki, F-1 tipli əl qumbarası MDB dövlətlərinin hərbi qüvvələrində müdafiə təyinatlı əl qumbarası kimi istitadə olunur. Təqdim edilmiş əl qumbaralarının səthlərinin qismən korroziyaya uğraması, həmçinin saxlanılma şəraiti məlum olmadığına görə hal-hazırda öz təyinatı üzrə (hərbi məqsədlər) istifadə üçün yararsızdırlar. Lakin, əl qumbaralarının gövdələrində “UZRQM” tipli partlayıcıların tərkiblərində partlayıcı maddə olduğuna görə hal-hazırda onlar döyüş sursatı hesab edilirlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 16-cı vərəqəsində olan “təcili, təxirəsalınmaz operativ əməliyyat axtarış” zamanı Mina/PHS-lərin aşkar olunması və daşınmasına dair xx xxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin Xüsusi X6 tərəfindən Xızı rayonu, Giləzi qəsəbəsində boş ərazisindən və Təqsirləndirilən şəxs2 evinin yanından 03 ədəd F-1 tipli əl qumbarası və 10 ədəd “UZRQM” tipli partladıcılar aşkar edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 8-12-ci vərəqələrində olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Xızı rayonu, Giləzi qəsəbəsinin mərkəzi hissəsindən Bakı-Quba yolu istiqamətində hərəkət etdikdə sağ istiqamətə dönən torpaq yoldan təxminən 30 metr aralı yerləşən Xızı rayonu Giləzi qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin arxa tərəfidir. Həmin yer qəsəbə ərazisindən keçən digər torpaq örtüklü yolla birləşir. Yolun sağ istiqamətində otlarla örtülü olan geniş boş ərazi vardır. Sol istiqamətdə isə Giləzi qəsəbə sakinlərinə məxsus fərdi yaşayış evləri yerləşir. Hadisə yerinin yaxınlığında yolun sağında istifadəyə yararsız kimi görünən yük avtomobili vardır. Daha sonra, Zərərçəkmiş şəxs partlayış səsləri eşitdiyi əraziyə baxış keçirilmişdir. Həmin ərazi qəsəbə ərazisindən keçən asfalt örtüklü yolla hərəkət etdikdə qəsəbə ərazisindən keçən dəmir yol xəttinə təxminən 2 km aralıda yerləşən döngədən torpaq yolla gedərkən sağ istiqamətdə yerləşir. Ərazi üzəri otlarla örtülü geniş düzənlik ərazidir və yaşayış evləri yaxınlığında yerləşir. Həmin ərazidə yeni tikilmiş qəsəbə sakini X3 məxsus, yaşayış olmayan bir mərtəbəli fərdi yaşayış evi vardır. Əraziyə baxış keçirilən zaman iş üçün sübut əhəmiyyətli əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 60-61-ci vərəqələrində olan baxış keçirilməsi və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən ərazi Xızı rayonu, Giləzi qəsəbəsində olmaqla, qəsəbə sakini Təqsirləndirilən şəxs2 yaşadığı evin sağ yan tərəfidir. Qeyd olunan yer adı çəkilən şəxsin və həmin ətrafda yaşayan digər qəsəbə sakinlərinin evləri arasından keçən torpaq yolun kənarıdır. Təqsirləndirilən şəxs2 yaşadığı evin həyatyanı sahəsinin çəpərinin yanında olan moruq kolluğunu göstətərək qeyd etmişdir ki, bir müddət əvvəl Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Giləzi qəsəbəsi yaxınlığında yerləşən köhnə N saylı hərbi hissəsinin yaxınlığında, əkin sahəsində tapdığı ümümilikdə 5 ədəd F-1 qumbaralarını və həmin qumbaraların partladılması üçün istifadə olunan 10 ədəd UZRQM partladıcısını həmin kolluqda gizlətmiş, xx xxxx 2020-ci il tarixdə isə axşam saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs1 xahişi əsasında həmin F-1 əl qumbaralarını 3 (üç) ədədini sonuncuya vermişdir. Daha sonra, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri xüsusi aparatlar və xüsusi təlim görmüş «MOTO» ləqəbli axtarış iti ilə qeyd olunan kolluğu və 500 kv.metr yerüstü, eyni zamanda 100 kv.metr yeraltı ərazini axtarmışlar. Bu zaman Təqsirləndirilən şəxs2 göstərdiyi moruq kollunun arasından 2 ədəd F-1 əl qumbarası və həmin qumbaraların partladılması üçün istifadə olunan dəmir qutudan olan xüsusi zavod qablaşdırılmasının içərisində 10 ədəd UZRQM partladıcısı aşkar olunmuşdur. Aşkar olunmuş 2 ədəd F-1 əl qumbaralarının üzərində korroziya (aşınma, paslanma) izləri müşahidə olunmuşdur. UZRQM partladıcılarının olduğu dəmir qutunun zavod qablaşdırılması pozulmasa da, üzərində yan tərəflərindən içəriyə doğru əziklər vardır. Daha sonra, ANAMA mütəxəssislərinin tərəfindən aşkar olunmuş 2 ədəd F-1 əl qumbarası və 10 ədəd UZRQM partladıcısı ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınması üçün xüsusi şəkildə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 1-2-ci vərəqələrində olan Xızı RPŞ-nin İQ-nin müstəntiqinin xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsinin yaxınlığında yerləşən kolluqdan götürülmüş 02 ədəd qumbara, həmçinin içərisində 10 ədəd “UZRQM” partladıcıları olan, zavod qablaşdırılması tamlığı pozulmamış silindrik formalı dəmir banka, eləcə də, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 01 ədəd qumbara və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik turist bıçağı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Xızı RPŞ-nin Növbətçi Hissəsinin saxlancına verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 200-201-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxx 2020-ci il tarixli tələbnaməsindən və işin 202-213-cü vərəqələrindəki X7 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxx 2001-ci il tarixli, A-1051/2001 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 128, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, qəti olaraq 13 il azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş və xx xxxxxx 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 198-199-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxx 2020-ci il tarixli tələbnaməsindən və işin 214-219-cu vərəqələrindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 1(101)-1103/2014 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli, 1903 nömrəli əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 44-cü vərəqəsində olan xx xxxx 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 113-115-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(068)-12/2020 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə 02 (iki) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 24-cü vərəqəsində olan xx xxxx 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 117-119-cu vərəqələrində olan Xızı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(068)-13/2020 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə 02 (iki) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin İİ cildinin 102-115-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 134-cü və 228.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 221-ci və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 25-26-cı vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə X5 üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşamış və barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 29-30-cu vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə X5 üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, eləcədə, işin 31-ci vərəqəsində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, himayəsində xx xxxxxxx 2003-cü il təvəllüdlü Fatma adında yetkinlik yaşına çatmayan bir övladı olan Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs2 barəsində barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş elektron arayışdan və müvafiq Sərəncamdan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2001-ci il təvəllüdlü oğlu Rafiq Novruzov xx xxxxxx 2020ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş və döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 134-cü və 228.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə onlara elan olunmuş ittiham üzrə təqsirli olmaları cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 134-cü və 228.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar törətdikləri cinayət əməllərinə görə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, eləcə də, barəsində yaşayış yeri üzrə şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 134-cü və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, eyni zamanda barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların mövcud olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamını və Təqsirləndirilən şəxs1 hazırkı əməlini məhkumluğunun ödənilməsinə az müddət qalmış törədilməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 134-cü və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzaların son hədlərinin yarısında cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən himayəsində 1 yetkinlik yaşına çatmayan qız övladının olmasını, oğlunun hazırda müddətli həqiqi hərbi xidmətdə olmasını və döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə medalla təltif olunmasını, həmçinin, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, eyni zamanda barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların mövcud olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamını və Təqsirləndirilən şəxs2 hazırkı əməlini məhkumluğunun ödənilməsinə az müddət qalmış törədilməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısında cəza təyin edilməlidir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Növbətçi Hissəsinin saxlancında saxlanılan 03 ədəd qumbara və içərisində 10 ədəd “UZRQM” partladıcıları olan zavod qablaşdırılması tamlığı pozulmamış silindrik formalı dəmir banka Azərbaycan Respublikası DİN-nin Təhcizat İdarəsinə təhvil verilməklə, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 64 manat məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə isə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq, 01 (bir) il 09 (doqquz) ay müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Növbətçi Hissəsinin saxlancında saxlanılan 03 ədəd qumbara və içərisində 10 ədəd “UZRQM” partladıcıları olan zavod qablaşdırılması tamlığı pozulmamış silindrik formalı dəmir banka Azərbaycan Respublikası DİN-nin Təhcizat İdarəsinə təhvil verilməklə, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan cəmi 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxslərə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar