Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-7/2023 24.05.2023 XIZI RAYON MƏHKƏMƏSİ X15 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Zərərçəkmiş şəxs1 və nümayəndəsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 263.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Siyəzən X5 polis nəfəri, polis baş serjantı vəzifəsində işləyərkən 19 may 2022-ci il tarixdə, saat 08:50 radələrində AF seriyalı, 709344 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi ilə X1 adına olmaqla, etibarnamə əsasında idarə etdiyi «Daewoo Nexia» markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xızı-Giləzi yolunun 24-cü kilometrliyində Xızı rayonu Təzəkənd kəndindən keçən hissəsində 2 hərəkət zolaqlı yolda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyərək yol hərəkəti qaydalarını pozub, nəqliyyat vasitəsini qarşı sol hərəkət zolağına çıxardıb əks istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi «Niva» markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ehtiyatsızlıqdan sonuncuya sol incik sümüyünün 1/3-nin sınığı ilə müşayiət olunan sol baldır nahiyəsinin yuxarı 1/3-nin qançır şişkinliyi, sol ayaq pəncəsinin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid xəsarətləri yetirmiş, toqquşma nəticəsində «Niva» markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəolunmaz vəziyyətə düşərək yoldan sağa çıxaraq yolun sağ kənarında dayanmış piyada Zərərçəkmiş şəxs2 Sadiq oğlunu vurub sonuncuya sağ bazu, sağ bud, sol ayaq pəncəsi, sol üst göz qapağı, sol gözaltı, burun nahiyələrinin qançırları, sol qaş, sol gözün bayır kənarı, sol almacıq nahiyəsini əhatə edən burun nahiyələrinin sıyrıqları, alt dodağın selikli qişasına qansızma, hər iki ağciyərlərin aşağı payının əziyi, sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişən sınığı, ölümünə səbəb olmuş baş beyin əzilməsi, baş beynin qişaları altına və maddəsinə qansızmalar, kəllə əsası sümüyünün sınığı kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş və nəticədə Zərərçəkmiş şəxs2 yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, yol nəqliyyat hadisəsi baş verərkən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Siyəzən X5 polis nəfəri vəzifəsində işləmiş və Xızı rayon prokurorluğunda xidmətdə olmuşdur. Belə ki, 19 may 2022-ci il tarixdə, səhər saat 8:00 radələrində etibarnamə əsasında idarə etdiyi «Daewoo Nexia» markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillə uşaqlarını məktəbə aparmış və bundan sonra yaşadığı Giləzi qəsəbəsində çıxaraq işlədiyi Xızı şəhərinə doğru hərəkətdə olmuşdur. O, yol boyu avtomobili demək olar saatda 60-70 km sürətlə idarə etmişdir. Təzəkənd kəndini keçən kimi, Əngəlan kəndinə dönən yola yaxın yerdə ağ rəngdə “Ford” markalı avtomobil dayandığını görmüşdür. Həmin vaxt avtomobildən düşən şəxslərin çoxu yolun bir əks tərəfində, 2 nəfər isə avtomobilin yanında dayanmışdır. “Ford” markalı avtomobilin sürücüsü də maşını yolun tam qırağında çəkib saxlamamış, yarısından çox hissəsi yolun üzərində dayanmış vəziyyətdə olmuşdur. Hadisənin baş verdiyi ərazi isə çox yoxuşlu döngə olduğundan yol tam olaraq görsənməmişdir. O, "Ford" markalı avtomobili keçdikdən təxminən 10-15 metr sonra ağ rəngli "Niva" markalı avtomobillə toqquşmuşdur. Hadisə olduqdan bir neçə dəqiqə sonra atasına zəng vurub hadisə barədə məlumat vermişdir. Daha sonra tanımadığı şəxs qapını açmış və o, avtomobildən aşağı düşmüşdür. Hadisə nəticəsində sol ayağı, beli, qolunun bəzi hissələri əzilmişdir. Bundan sonra onu TTYX-nın avtomobilinə yerləşdirərək Sumqayıt şəhər Travmatologiya xəstəxanasına aparmışlar. Yolda olarkən toqquşma nəticəsində "Niva" markalı avtomobilin sürücüsünün də xəsarət aldığını, yolun kənarında dayanan piyadanın isə öldüyünü eşitmişdir. Hadisədən sonra mərhum Zərərçəkmiş şəxs2 ailəsi ilə barışıq əldə edərək onlara maddi cəhətdən köməklik etmək istəsələr də, buna nail ola bilməmişlər. Hazırda əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində 3 azyaşlı övladının olmasının, valideynlərinin və arvadının heç yerdə işləmədiyinin və ailədə yeganə qazanc gətirən şəxs olmasının nəzərə alınaraq, ona aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, məhkəmə iclasında ifadəsində göstərdi ki, 19 may 2022-ci il tarixdə, saat 08:00 radələrində Sumqayıt şəhərində getmək üçün idarə etdiyi “Niva” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Xızı rayonu, Altıağac qəsəbəsindən çıxmışdır. Əngəlan kəndinin yaxınlığına çatanda sol hərəkət zolağında ağ rəngli “Ford” markalı bir mikroavtobusun dayandığını, asfalt yolun sağ kənarında çınqıllı torpaq sahədə təxminən 3-4 nəfər qadının olduğunu görmüşdür. Həmin vaxt ağ rəngli minik avtomobili “Ford” markalı mikroavtobusun arxasından qarşısına çıxaraq qəfildən onunla toqquşmuş və zərbənin təsirindən idarə etdiyi avtomobil yoldan çıxmışdır. Hadisədən sonra o, aşağı düşərək avtomobilin yanında əyləşmiş, başının yaralandığını və qan axdığını görmüş, eyni zamanda sol ayağından ağrı hiss etmişdir. O, dərədən yuxarı çıxdıqdan sonra asfalt yolun üstündə bir nəfər şəxsin uzanıqlı vəziyyətdə olduğunu, həmin şəxsin başından qan axıb öldüyünü görmüşdür. Bundan sonra onu Xızı rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Hazırda təqsirləndirilən şəxslə barışmışlar, ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, bu halın təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, məhkəmənin əvvəlki iclasında ifadəsində göstərmişdir ki, o, baş vermiş yol nəqliyyat hadisəsi barədə 19 may 2022-ci il tarixdə, saat 08:50 radələrində telefon vasitəsilə məlumat almışdır. Həmin vaxt ona avtoqəza baş verdiyini, atasının yaralı olduğunu demişlər. Bundan sonra sürücü Şahid6lə danışdıqda, bir tək atasının zərər çəkdiyini bilmişdir. Daha sonra Xızı rayon Mərkəzi Xəstəxanası əlaqə saxladıqda atasının artıq rəhmətə getdiyini eşitmişdir. Hazırda onun üçün çox çətindir. Belə ki, atası dünyadan gedibsə, onu əvəz edəcək bir şəxs yoxdur. Ona görə də o, təqsirləndirilən şəxsi bağışlaya bilməz. Burada hər hansısa əmlakın itməsindən söhbət getmir, ona ən əziz olan adamın itkisi baş vemişdir. Təqsirləndirilən şəxsin ailə üzvləri bir dəfə yas mərasimində iştirak etmişlər. Atası da 1-2 dəfə üzrxahlığa gəlmişdir. Lakin təqsirləndirilən şəxsin evlərindən xanımlar gələndə günahın əks tərəfdə, yəni Nivanın sürücüsündə olmasını bildirmişlər. Məhkəmə iclasında iştirak edən Şahid6 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, 19 may 2022-ci il tarixdə saat 07 radələrində idarə etdiyi “Ford Transit” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı şəhərindən Xızı rayonuna gəlmişlər. Mikayıl Müşfiqin ev muzeyinə çatanda sol tərəfdə bitkilərlə bağlı 5 dəqiqəyə kimi dayanmışlar. Bundan sonra avtomobilə əyləşərək 4-5 dəqiqəlik yol gəlmişlər. Həmin vaxt Tofiq müəllim dediki “burada dayanaq, çək sağa burada saxla”. O, avtomobili yolun sağında saxlamış və yolun əks tərəfinə keçmişlər. Onların Xızıya gəlməkdə məqsədləri ağaclardan nümunə götürmək olmuşdur. Bu zaman qızlardan biri Tofiq müəllimə yaxınlaşaraq nümunə götürəndə şəkil çəkdirmək üçün icazə almışdır. O, qızların şəklini çəkmək istəyərkən bu hadisə baş vermişdir. Onun arxası yol tərəfə olduğundan hadisənin necə baş verməsini görməmişdir. Məhkəmə iclasında iştirak edən Şahid7 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, AMEA X10 Laboratoriya müdiri işləyir. Botanika İnstitutunun, Dendrologiya İnstitutunun və X11 birlikdə təşkilatçılığı ilə “Qırmızı kitab”a düşən nadir bitkilər haqqında məlumat toplamaq üçün 19 may 2022-ci il tarixdə saat 07 radələrində Mərdəkan Dendrarisinin sürücüsü işləyən Şahid6 idarə etdiyi “Ford Transit” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı şəhərindən Xızı rayonuna gəlmişlər. Əvvəlcə yolun üstündə yerləşən Mikayıl Müşfiqin ev muzeyinin yaxınlığında Əlvan idarə etdiyi mikroavtobusu dayandırmışdır. Hamı mikroavtobusdan düşüb çayın kənarına getmiş, orada bitmiş “Firat qovağı” ağacını aşkar etdikdən sonra ağacın bitdiyi yerin kordinatını müəyyən edərək fotoşəklini çəkib herbali nümunəsi götümüşlər. Daha sonra hamı yenidən mikroavtobusa əyləşmiş, Əlvan mikroavtobusu Xızı şəhəri istiqamətinə hərəkət etdirmişdir. Bu zaman Tofiq müəllim dedi ki, “ağaclıq, kolluq olan bir sahə var, maşını burada saxlayın”. O da, əvvəlcə buna etiraz etmiş və maşını burada saxlamayaq gedək demişdir. Lakin Tofiq müəllim nümunə üçün bəzi bitkilərin orada ola bilər demişdir. Buna görə də, Əlvan idarə etdiyi mikroavtobusu asfalt yolun sağ tərəfində dayandırmışdır. Şərnişinlərin əksəriyyəti mikroavtobusdan düşüb, yolun digər tərəfinə doğru getmişlər. Yolun kənarında isə o, Zərərçəkmiş şəxs2, qadınlardan isə Pərvanə və İlhamə dayanmışdır. Onlar yolun kənarında bitmiş yulğun ağacının yanında dayanıb həmin ağacla bağlı araşdırma aparmışlar. Həmin vaxt yaxınlıqda olan qadın işçilərdən biri onu yanına çağırıb çiçək açmış bitkiyə baxmağını, həmin bitkinin hansı növə aid olduğunu ona deməyini xahiş etmişdir. Onlar həmin bitkinin bitdiyi yerə doğru addımlayaraq, Zərərçəkmiş şəxs2 təxminən 10 metr məsafə uzaqlaşmışlar. O, aşağı əyilib diqqətini yerdə bitmiş ot bitkisinə yönəltmiş, bir neçə saniyə sonra avtomobillərin toqquşmasına xarakterik güclü səs eşidərək dərhal yuxarı qalxmışdır. O, Zərərçəkmiş şəxs2 asfalt yolun üzərində uzanıqlı vəziyyətdə olduğunu, bir neçə metr məsafədə isə ağ rəngli “Niva” markalı avtomobilin yolun kənarına düşdüyünü görmüşdür. Onun arxası yol tərəfə olduğundan hadisənin necə baş verməsini görməmişdir. Məhkəmə istintaqında şahidlər - Şahid4, Şahid3, Şahid2, Şahid1, Şahid5, X3 məhkəməyədək istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək, Şahid7 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş, işin 101-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X14 13 iyun 2022-ci il tarixli, 04 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitində məhkəmətibbi müayinə zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: Başın küt travması, baş beyin əzilməsi, baş beynin qişaları altına və maddəsinə qansızmalar, kəllə əsası sümüklərinin sınığı, hər iki ağciyərlərin aşağı payının əziyi, sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişən sınığı, sağ bazu, sağ bud, sol ayaq pəncəsinin qançırları, sol üst göz qapağı, sol gözaltı, burun nahiyələrinin qançırları, sol qaş, sol gözün bayır kənarı, sol almacıq nahiyəsini əhatə edən burun nahiyələrinin sıyrıqları, alt dodağın selikli qişasına qansızma. Qeyd olunan xəsarətlər həyati olub küt əşyanın (əşyaların) təsirindən ölümündən bir qədər əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdirlər, ölümlə birbaşa səbəli əlaqələri vardır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmanın əlamətlərinə aiddirlər. Bu xəsarətlərin qərarın tsəviri hissəsində göstərilən şəraitdə yəni, Zərərçəkmiş şəxs2 piyada qismində hərəkətdə olan zaman avtomobillə vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs2 Sadiq oğlunun ölümünün səbəbi - baş beyin əzilməsi, baş beynin qişaları altına və maddəsinə qansızmalar, kəllə əsası sümüyünün sınığı olmuşdur. Zərərçəkmiş şəxs2 ölümü onun meyitxanada müayinəsi keçirilən vaxtdan təxminən 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkolidlər, fenotiazin, pirazalon 1,4 benzodiazepin törəmələri və salisilatlat aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 115-116-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X14 04 iyun 2022-ci il tarixli, 17 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol incik sümüyünün 1/3-nin sınığı ilə müşayiət olunan sol baldır nahiyəsinin yuxarı 1/3-nin qançır şişkinliyi, sol ayaq pəncəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə onun salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məhkəmə iclasında elan edilmiş, işin 106-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X14 11 iyun 2022-ci il tarixli, 20 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər - sol bud çanaq oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol bud-çanaq oynağı nahiyəsinin geniş ölçülü qançır şişkinliyi, sol bud nahiyəsinin sıyrıqları, qarın, bel və sol baldır nahiyələrinin yumşaq toxumalarının əziyi bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə onun salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məhkəmə iclasında elan edilmiş, işin 187-188-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 avqust 2022-ci il tarixli, 8/2025 nömrəli ekspert rəyindən görünür ki, «Daewoo Nexia» markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. "VAZ 2121 Niva" markalı **- CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum olmamışdır. Məhkəmə iclasında elan edilmiş, işin 186-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş, işin 78-ci vərəqəsində olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 19 may 2002-ci il tarixdə baş beyinin ocaqlı travması səbəbindən ölmüşdür. Məhkəmə iclasında elan edilmiş, işin 182-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 avqust 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş, işin 208-ci vərəqəsində olan AF seriyalı, 709344 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Məhkəmə iclasında elan edilmiş işin 54-cü vərəqəsində olan 19 may 2022-ci il tarixli, A/664 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı alkoqol qəbul etməsi aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 210-211-ci vərəqələrində olan AB seriyalı, 604465 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ƏN-İV seriyalı, 850280 nömrəli etibarnamənin surətlərindən görünür ki, «Daewoo Nexia-minik» markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. Həmin avtomobili idarə etmək üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 266-267-ci vərəqələrində olan 21 sentyabr 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 212-218-ci vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 sentyabr 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən, eləcə də doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, himayəsində xx.xx.2013-cü il təvəllüdlü Xanımzadə, xx.xx.2016-cı il təvəllüdlü Yağmur və xx.xx.2018-ci il təvəllüdlü Cəfər adında üç azyaşlı övladı olan Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 236-244-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 21 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 263.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələr ilə ittiham elan olunmuş, həmçinin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 187 və 264-cü maddələrinin tərkibi olmadığından onun barəsində həmin maddələr ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 15 fevral 2023cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş 23 may 2023-cü il tarixli köçürmə haqqında bildirişdən görünür ki, təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi X4 adına "xxxx" ASC-nin Qubadlı filialında 10000 (on min) manat məbləğində maddi yardım köçürülmüşdür. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.” Göründüyü kimi hazırki cinayət işinin başlanılmasına səbəb olan konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin həm 263.1, həm də 263.2-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuşdur. Belə olan halda ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməli idi. Lakin ibtidai araşdırma orqanı «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 17-ci bəndini nəzərə almayaraq səhv qənaətə gəlməklə, təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdıran əlavə ittiham vermişdir ki, bu da cinayət hüquq normasının düzgün seçilməməsinə və əmələ düzgün cinayət hüquqi qiymət verilməməsinə, nəticədə yanlış tövsifə səbəb olmuşdur. Həmçinin məhkəmə iclasında dövlət ittihamçısı da qeyd olunan bəndin ittihamdan xaric edilməsini xahiş etmişdir. Beləliklə, baş vermiş hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-in 263.2-ci maddəsinin tərkibi ilə tam əhatə olunduğundan, CM-in 263.1-ci maddəsinin sanksiyası ilə əlavə tövsif tələb olunmur. Belə olan halda Təqsirləndirilən şəxs CM-nin 261.1-ci maddəsi ilə təqsirli bilinməsi, eləcə də cinayət məsuliyyətinə cəlb edilməklə, cəzalandırılması qanunsuz və əsassız olacaqdır. Bu səbəbdən də, CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan əmələ aid bənd Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, təqsirini səmimi olaraq etiraf etməsini, etdiyi əmələ görə peşmançılıq çəkməsini, himayəsində 3 azyaşlı uşağının olmasını, eləcə də zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi və maddi cəhətdən köməklik göstərilməsi üçün cəhdlər etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətmiş və təqsirləndirilən şəxs özü də hadisə nəticəsində sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət almışdır. Hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvləri ilə barışıq əldə edilməsi və maddi cəhətdən köməklik göstərilməsi üçün cəhdlər etmiş, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilməli və o, məhkəmə iclası zalından həbs edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 24 may 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 24 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(068)-7/2023
Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-7/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver