Məhkəmə qərarları › İş №1(068)-7/2024

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-7/2024

01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-7/2024 01.04.2024 XIZI RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1997-ci il tarixdə Xızı rayonu, Giləzi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, üzərində məhkumluğu olan, Xızı rayonunun Giləzi qəsəbəsində qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istifadəsi üçün xeyli miqdarda (Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda), yəni 0,686 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 23 yanvar 2023-cü il tarixdə, saat 14:50 radələrində Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində saxlanılaraq, video çəkiliş tətbiqi və müdafiəçisinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümündə, xeyli miqdarda təmiz çəkisi 0,686 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, narkotik və psixotrop maddələrdən istifadə edir. 23 yanvar 2023-cü il tarixdə Xızı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Psixotrop maddəni kiməsə satmaq fikri olmamış, öz istifadəsi üçün üzərində saxlamışdır. Saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq və fiziki təzyiq göstərilməmişdir. Hazırda tutduğu əməldən peşmançılıq hissi keçirməsini, evin tək oğlu olmaqla atasının İ qrup əlil olmasının nəzərə alınaraq, ona ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, narkotik vasitələrin saxlanması, daşınması ilə bağlı əməliyyat tapşırığı daxil olmuşdur. Həmin bu tapşırığa əsasən rayonun Giləzi qəsəbəsinə getmişlər, yol qırağında Təqsirləndirilən şəxs saxlayıb onunla bağlı tapşırıq daxil olduğunu və sonuncuya üzərinə baxış keçirməli olduqlarını izah etmişlər. Bundan sonra təhqiqatçı və vəkilin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparmışlar və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin maddənin kimdən aldığını soruşduqda isə Təqsirləndirilən şəxs Mehrab adlı şəxsdən 5 manata aldığını onlara bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş həmin RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 28-32-ci vərəqələrində olan 23 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etmiş, həmin bükülü açılmış və içərisində ağ rəngli, kristal qırıntılı şəkilində kütlənin olduğu müəyyən edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 50-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2023-cü il tarixli, 6/421 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərində .....” yazı və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,686 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,636 qram təşkil etmişdir. Cinayət işinin 49-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 55 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 76-77-ci vərəqələrində olan 03 fevral 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 0,636 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 114-115-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 26 may 2023-cü il tarixdə verilmiş 3269 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 79-80-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən, eləcə də işin 136-143-cü vərəqələrində olan müvafiq hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 1(068)-4/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 26 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilərək, iş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-424/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmçinin həmin hökmdən görünür ki, iş üzrə təyin edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6978 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 19-20-ci vərəqələrində olan 23 yanvar 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-72-ci vərəqələrində olan 25 yanvar 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 144-151-ci vərəqələrində olan 18 yanvar 2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri nəzərə alınmış, həmçinin təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduqdan sonra üzərində saxladığı psixotrop maddə üzərində sərəncam vermək imkanının olmadığını dərk edərək həmin maddəni təhvil verməsi onun əməlinə Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin tətbiq edilməsinin istisna edilməsi iş üzrə nəzərə alınmış, habelə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD iş üzrə sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 103-104-cü vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 may 2023-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 40-cı vərəqəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xızı rayon şöbəsi tərəfindən 21 dekabr 1999-cu il tarixdə verilmiş 173295 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X4 uşaqlıqdan İ qrup əlildir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istifadəsi üçün xeyli miqdarda (Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda), psixotrop maddə metamfetamini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini və atasının İ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 358.2-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 05 mart 2024-cü tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilsə də, hazırki cinayət əməlini birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyindən onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Lakin Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 1(068)-4/2020 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırki əməli törədərkən cəzasının sonu ilə azad olunduğu gündən, yəni 26 fevral 2021-ci il tarixdən iki il keçməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, həyat şəraitini, onun tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici və ağırlaşdırıcı halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-424/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdən 25 yanvar 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, 16 oktyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, cəmi 04 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli, onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməli və cəzasının əvvəli tutulduğu, yəni 05 mart 2024-cü il tarixdən hesablanmalıdır. Habelə, məhkəmə Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə həbsdə olmasını və buna görə də onun dərhal məhkəmə zalından həbs edilməsi zərurətinin aradan qalxmasını nəzərə alır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, hazırki iş üzrə təyin edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3269 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması göstərilsə də, məhkəmənarkoloji ekspertizasının sonuncu, yəni xx.xx.2023-cü il tarixli, 6978 nömrəli rəyi əsas götürülməklə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-nin Təminat Hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,636 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 55 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-424/2024 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdən 25 yanvar 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, 16 oktyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 05 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-nin Təminat Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,636 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 55 (əlli beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar