Məhkəmə qərarları › İş №1(068)-8/2023

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-8/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-8/2023 18.01.2023 XIZI RAYON MƏHKƏMƏSİ X12 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – X4 və müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə Xızı rayonunun Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, Sitalçay hərbi şəhərcikdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X7 qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq, 0,367 qram miqdarında narkotik vasitə - heroini əldə edərək əynindəki şalvarın sağ yan cibində bir ədəd qara rəngli kağız bükümdə saxlamaqla daşımış, Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şəhriyar Mövlamlı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 20 iyul 2022-ci il tarixdə, saat 16:30 radələrində Xızı rayonu Sitalçay kəndi ərazisində saxlanılıb Xızı RPŞyə gətirilərək, onun üzərində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibində bir ədəd qara rəngli kağız kəsiyi bükümündə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq, 0,367 qram miqdarında narkotik vasitə - heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs X7 özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Xızı rayonu, Sitalçay hərbi şəhərcikdə yaşayır və fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur. Təxminən 1 ildir narkotik vasitə istifadəçisidir və əsasən narkotik vasitə olan heroini falqaya büküb yandıraraq tüstüsünü qəbul etmişdir. 19 iyul 2022-ci il tarixdə, təxminən səhər saatlarında yaşadığı Sitalçay hərbi şəhərcikdən Bakı-Quba magistral yoluna doğru hərəkət etmişdir. Həmin vaxt yolun kənarında “Argo” markalı siqaret qutusu diqqətini çəkmiş, götürüb açdıqda içərisində narkotik vasitə olan heroin olduğunu müəyyən etmişdir. Həmin vaxt pulsuz narkotik vasitə əldə etməsinə çox sevinmiş və bükümü cibinə qoyub yaşadığı evə getmişdir. Evdə həmin narkotik vasitənin bir qədərin götürüb istifadə etmiş, qalan hissəsini isə yenidən cibinə qoymuşdur. Səhəri günü, yəni 20 iyul 2022-ci il tarixdə, saat 16:30 radələrində Sumqayıt şəhərinə getmək üçün yaşadığı Sitalçay hərbi şəhərcikdən Bakı-Quba magistral yoluna hərəkət edərkən iki - üç nəfər mülki geyimli şəxs yaxınlaşıb onu saxlayaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra, polis əməkdaşları ona narkotik vasitə istifadəsi ilə məşğul olduğunu, üzərində həmin maddədən saxlaması barədə məlumat aldıqlarını və üzərində şəxsi axtarış aparılmalı olduğunu demişlər. O, polis əməkdaşlarının onu polis şöbəsinə aparmasına və üzərində şəxsi axtarış aparılmasına heç bir etiraz etməmişdir. Bundan sonra, polis əməkdaşları onu Xızı rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Şöbədə olarkən ona qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirdiyinə görə saxlanıldığı və şübhəli şəxs qismində tutulduğu bir daha izah edilmişdir. Bununla əlaqədar olaraq hüquqlarının tədbir yerinə dəvət edilən Müdafiəçi tərəfindən qorunacağı bildirildikdə, o, buna etiraz etməmişdir. Bundan sonra, üzərində şəxsi axtarış aparılacağı, axtarışın video görüntüyə alınacağı da bildirilmişdir. Çəkiliş altında ondan ilkin olaraq üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmaması soruşulduqda o da, əynində olan şalvarın sağ yan cibində bir ədəd qara rəngli kağız bükümünü çıxardıb təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları onlara təqdim etdiyi narkotik vasitə olan heroini zərfə qoyaraq qablaşdırmış və üzərindən aşkar olunmuş narkotik vasitəyə dair protokol tərtib etmişlər. Həmin protokol ucadan oxunduqdan sonra imzası ilə düzgünlüyünü təsdiq etmişdir. Hazırda tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, eləcə də Vətən müharibəsi iştirakçısı olmasının və bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs X4 ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid Xızı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Xızı RPŞ-nin CAB-na Xızı rayonu, Sitalçay kənd sakini X4 qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə tərəfindən 20 iyul 2022-ci il tarixdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bundan sonra, şöbə rəhbərliyinə raportla məruzə olunaraq məlumatın Xızı RPŞ-nin Növbətçi Hissəsində olan cinayətlərə dair məlumatların 1 nömrəli qeydiyyatı kitabında qeydə alınması təmin olunmuş və həmin gün saat 16:30 radələrində RPŞ-nin NMQ-in əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Xızı rayonu, Sitalçay kəndi ərazisində əməliyyat-istintaq tədbiri həyata keçirilmişdir. Bu zaman X7 hərbi şəhərcikdən yola çıxarkən saxlanılaraq, Xızı RPŞ-nə gətirilmişdir. Bundan sonra, X6 müstəntiq Fərid Rüstəmov tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs olması elan olunmuş və üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Həmin vaxt tədbir video çəkilişlə qeydə alındığından hal şahidləri dəvət edilməmişdir. Bundan sonra, Şəhriyar Mövlamlıya hüquqları və saxlanılma səbəbi izah edilmişdir. Daha sonra, sonuncudan üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı bir dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmamasını soruşduqda o, əynində olan şalvarın sağ yan cibində bir ədəd qara rəngli kağız bükümünü çıxardaraq onlara təqdim etmişdir. Sorğu zamanı Şəhriyar Mövlamlı həmin kütlənin narkotik vasitə olan heroin olduğunu və 1 gün əvvəl yol kənarından tapdığını bildirmişdir. Daha sonra, X4 üzərindən aşkar edilmiş həmin kütlə zərfə qoyularaq tərəflərindən qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş həmin RPŞ-nin NMQ-in əməliyyat müvəkkili işləmiş Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Həmçinin, Şahid2 məhkəməyə teleqram ünvanlayaraq xirməti iş yerinin dəyişdirilməsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintiqda verdiyi ifadəsini təsdiq etdiyini bir daha göstərmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 26-30-cu vərəqələrində olan 20 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Xızı RPŞ-nin inzibati binasında şəxsi axtarış zamanı X6 üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli kağız bükümü çıxarıb təqdim etmiş, bundan sonra Şəhriyar Mövlamlının üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və qeydə alınmış görüntü DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 40-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2022-ci il tarixli, 6/3957 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...X4 üzərindən..” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,367 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə olan heroinin qalıq çəkisi 0,317 qram təşkil etmişdir. Cinayət işinin 39-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 81 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 112-113-cü vərəqələrində olan 23 iyul 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, X2 aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq çəkisi 0,317 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 134-135-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X3 Ekspert komissiyası tərəfindən 25 avqust 2022-ci il tarixdə verilmiş 4731 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı X5 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 129-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 31 avqust 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, X7 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-19-cu vərəqələrində olan 20 iyul 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X7 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 106-108-ci vərəqələrində olan 22 iyul 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, X7 həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 168-175-ci vərəqələrində olan 23 noyabr 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmçinin təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, habelə Şəhriyar Mövlamlının üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 132-133-cü vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 sentyabr 2022-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, Sitalçay hərbi şəhərcikdə yaşayan X7 barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilərək, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsi tərəfindən 18 yanvar 2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, X7 10 oktyabr 2020-ci il tarixdən 17 dekabr 2020-ci il tarixədək qismən səfərbərliklə əlaqədar Vətən müharibəsində iştirak etmişdir. Beləliklə, X1 məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, X4 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxs X6 cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X6 cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini və Vətən müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikasının CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxs X4 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, hadisədən sonrakı davranışını, xüsusilə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq hesab edir ki, X6 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, X4 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası X4 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, X6 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. X4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, X6 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. X4 narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan X4 üzərindən götürülmüş qalıq çəkisi 0,317 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Şəhriyar Mövlamlının üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 manat məhkəmə xərci təqsirləndirilən şəxs X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X4 həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası X4 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli X4 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. X6 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. X6 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. X4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X6 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. X4 narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Xızı RPŞ-də Təminat hissəsində saxlanılan, X4 üzərindən götürülmüş qalıq çəkisi 0,317 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Şəhriyar Mövlamlının üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılsın. X2 məhkəmə məsrəfi hesab olunan 81 (səksən bir) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar