Məhkəmə qərarları › İş №1(068)-8/2025

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-8/2025

28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-8/2025 28.04.2025 XIZI RAYON MƏHKƏMƏSİ X11 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 23 avqust 1996-cı il tarixdə Xızı rayonu Şorabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Şorabad qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün xeyli miqdarda 7,80 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış, Xızı RPŞ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 19 sentyabr 2024-cü il tarixdə, saat 13:40 radələrində Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində saxlanılıb, üzərində videoçəkilişlə aparılmış yoxlama zamanı əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan bükümün içərisində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı xeyli miqdarda 7,80 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, təxminən keçən ilin sentyabr ayının ortaları Xızı rayonu, Şorabad qəsəbəsində heyvan otaran zaman meşənin yaxınlığında yerdə ağ rəngli sellofan büküm diqqətini cəlb etmiş və həmin bükümü yerdən götürüb cibinə qoymuşdur. Tapdığı bükümdən spesifik iy gəlsə də, narkotik vasitə istifadə etmədiyindən içərisində marixuana olduğunu bilməmişdir. Səhəri gün yenə heyvan otararkən tapdığı bükümü meşənin kənarına atmaq qərarına gəlmiş, həmin vaxt polis əməkdaşları onu saxlamış, üzərinə video çəkiliş aparılmaqla baxış keçirilmiş və tapdığı həmin büküm aşkar olunmuşdur. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq əvvəllər narkotik vasitə istifadə etmədiyini, yalnız siqaret çəkdiyini, tapdığı bükümü açıb baxsa da, içərisində marixuana olduğunu bilmədiyini, səhəri günü polis əməkdaşları tərəfindən yaşadığı Şorabad qəsəbəsində meşənin qırağında saxlanıldığını və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Eyni zamanda müdafiəçinin sualına cavab olaraq saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq və fiziki təzyiq göstərilmədiyini bildirmişdir. Həmçinin sədrlik edənin suallarına cavab olaraq polis əməkdaşları onu saxlayarkən 3 nəfər olduğunu, həmin polislərdən Oqtay adlı əməkdaşı tanıdığını, digər 2 şəxsi tanımadığını, məhkəmə-narkoloji ekspertizasından keçdiyini və analiz verdiyini, tapdığı bükümdə narkotik vasitə olmasını bilmədiyini, üstündən götürüb istifadə etmədiyini, sadəcə bükümü açıb baxdığını və sonra cibinə qoyduğunu, sonradan tullamaq istədiyini, lakin yadından çıxıb üstündə qaldığını, qeyd etmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşmançılıq hissi keçirməsinin və bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi arasında bəzi epizodlarda müəyyən olunan ziddiyyətlərlə bağlı həmin hissədə ifadəsi elan olunmuş və göstərmişdir ki, təxminən bir ildir fasilələrlə narkotik vasitə qurudulmuş marixuana istifadə edir. O, narkotik vasitə olan marixuananı kağız kəsiyinə qoyaraq yandırıb tüstüsünü udmaqla qəbul edir. xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Xızı rayonu, Şorabad qəsəbəsində açıq otlaq sahədən kənd sakinlərinə məxsus heyvanları yolun kənarı ilə kəndə apararkən meşənin yaxınlığında yol kənarında yerdə şəffaf sellofan büküm onun diqqətini cəlb etmişdir. O, həmin bükümü yerdən götürüb içərisinə baxmış və bükümün içərisində yaşıl rəngdə “nəşə” kimi tanıdığı narkotik vasitə - qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin gün o, meşədə heç kimin görə bilməyəcəyi bir yerdə tapdığı marixuananın üzərindən az bir miqdarda götürüb istifadə etmiş, sonra həmin bükümü cibinə qoymuş və heyvanları qarşısına salaraq kəndə getmişdir. Məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi arasında bəzi epizodlarda müəyyən olunan ziddiyyətə münasibət bildirən Təqsirləndirilən şəxs göstərdi ki, ibtidai istintaq zamanı elə ifadə verməyinə səbəb ilk dəfə polis şöbəsində olduğundan həyacanlı olması ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyi, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid - Xızı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Xızı rayonu Şorabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə 19 sentyabr 2024-cü il tarixdə Cinayət axtarış bölməsinə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Oqtay Ağacanov və Kriminalistik tədqiqatlar qrupunun inspektor kriminalisti Vaqif Hacıyevlə birlikdə Şorabad qəsəbəsinə getmişlər. Təqsirləndirilən şəxs qəsəbə ərazisində saxlayıb, üzərinə video çəkiliş aparılmaqla baxış keçirilmiş və narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 9-11-ci vərəqələrində olan 19 sentyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, saxlanılan şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdə, saat 13:40 dəqiqədə Xızı rayonu Şorabad qəsəbəsində saxlanılmış, hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yoxlanılma zamanı əynində olan şalvarın sol yan cibindən bir ədəd ağ rəngli sellofan büküm və bir ədəd sarı rəngli alışqanı çıxarıb təqdim etmişdir. Həmin ağ rəngli büküm açılmış, bükümün içərisində yaşıl rəngli, bitki mənşəli narkotik vasitə - marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmin bükümün içərisində olan kütlənin "nəşə" kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni heyvanları otararkən tapdığını, narkotik vasitədən ara-bir istifadə etdiyini, heç bir şəxsə satmadığını və ya pay vermədiyini, aşkar olunmuş narkotik vasitədən əlavə yaşadığı evdə və ya başqa bir yerdə saxlamadığını bildirmişdir. Daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə tərəziyə qoyularaq çəkilmiş və çəkisinin 7,90 qram olması müəyyən edilmişdir. Əməliyyat müvəkkili, polis leytenantı Şahid tərəfindən zərf təqdim olunaraq götürülmüş predmetin qablaşdırılmasına başlanılmışdır. Zərfin açıq yerləri DİN-in “131” nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmişdir. Qablaşdırılmış predmetin olduğu zərfin üzərinə “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə sözləri yazılmış, iştirakçılar tərəfindən imzalanmışdır. Bir ədəd alışqan Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş predmetlə polis şöbəsinə aparılaraq müvafiq təhqiqat və istintaq orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Yoxlama Xızı rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytentı Şahid və əməliyyat müvəkkili, polis mayoru X3 tərəfindən aparılmış, kriminalistik tədqiqatlar qrupunun inspektor-kriminalisti, polis kapitanı X6 tərəfindən kamera cihazı vasitəsilə qeydə alınmışdır. Həmin istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Diskdə olan video görüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxarkən müəyyən edilmişdir ki, Xızı rayonu Şorabad qəsəbəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan şalvarın sol yan cibindən bir ədəd ağ rəngli sellofan büküm və bir ədəd sarı rəngli alışqan aşkar edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31-34-cü vərəqələrində olan 19 sentyabr 2024-cü il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Xızı RPŞ-nin xidməti iş otağında həmin şöbənin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid təqdim etdiyi əşyalar üzərində baxış aparılmışdır. Həmin istintaq hərəkətində şübhəli şəxs Təqsirləndirilən şəxs, Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid, X4 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 iştirak etmişdir. Baxışın aparılması Xızı RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun inspektor kriminalisti, polis kapitanı X6 tərəfindən kamera cihazı vasitəsi ilə qeydə alınmışdır. Baxışa təqdim edilən ağ rəngli zərfin açıq yerləri DİN-in “131” nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, zərfin üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə” sözləri yazılmışdır. Zərf açılmış, içərisində ağ rəngli sellofan büküm vardır. Həmin büküm açılmış, bükümün içərisində yaşıl rəngli, bitki mənşəli narkotik vasitə - marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şübhəli şəxs Ruzigar Bababyev ona verilmiş suallara cavab olaraq həmin kütlənin "nəşə" yəni marixuana olduğunu, iki gün əvvəl kənd ərazisində heyvanları otararkən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, aşkar olunmuş kütlənin üzərindən istifadə etdiyini, aşkar olunmuş kütlədən əlavə yaşadığı evdə və ya başqa bir yerdə saxlamadığını, narkotik tərkibli bitkilərin əkib - becərilməsi ilə məşğul olmadığını bildirmişdir. Şahid təqdim etdiyi narkotik vasitə - marixuanaya bənzər kütlə qablaşdırıldığı zərflə birlikdə ağ rəngli zərfdə qablaşdırılmış, zərfin açıq yerləri DİN-in 131 nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, imzalanmış, ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 47-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2024-cü il tarixli, 7/1562 nömrəli ekspert rəyindən görünür ki, X2 üzərindən götürülmüş 1 (bir) ədəd zərfdəki bükülüdə təmiz çəkisi - 7,80 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadir. Tədqiqata 0,02 qram sərf edildikdən sonra narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi 7,78 qram təşkil etmişdir. Cinayət işinin 46-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizasının dəyəri 72 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 107-ci vərəqəsində olan 29 noyabr 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlundan aşkar edilərək götürülmüş və ekspertiza sərfiyyatından sonra qalıq qalmış 7,78 qram narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 13 noyabr 2024-cü il tarixdə verilmiş 7259 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olmuş, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 74-75-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 oktyabr 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 21-22-ci vərəqələrində olan 19 sentyabr 2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-66-cı vərəqələrində olan 20 sentyabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xızı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 128-135-ci vərəqələrində olan 21 fevral 2025-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri haqqında qəbul edilmiş qərar nəzərə alınmış, həmçinin əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə - qurudulmuş marixuananı miqdarının 7,80 qram miqdarla ona elan edilmiş ittiham nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərində 19 sentyabr 2024-cü il tarixdə yoxlama aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk və DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş zəng və sms məlumatlarını özündə əks etdirən 1 ədəd disk sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 101-102-cı vərəqələrində olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Şorabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 21 noyabr 2024-cü il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istifadəsi üçün xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət törətməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsini, həmçinin barəsində yaşayış yeri üzrə şikayətin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini, o cümlədən narkotik vasitənin növünü, miqdarını, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halın olmamasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdən 20 sentyabr 2024-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır (raportdan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdə, 13:40 radələrində Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində saxlanılmış, cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 19 sentyabr 2024-cü il tarixdə, saat 14:50 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, 20 sentyabr 2024-cü il tarixdə, saat 18:15 dəqiqədən saat 19:00 dəqiqəyədək dindirilmişdir). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 7,78 qram təşkil edən narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərində üzərində yoxlama aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk və DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş zəng və sms məlumatlarını özündə əks etdirən 1 ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdən 20 sentyabr 2024-cü il tarixə kimi tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 7,78 qram təşkil edən narkotik vasitə - marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk, aşkar edilmiş predmetlər üzərində baxış aparılmasının video çəkilişini özündə əks etdirən 1 ədəd disk və DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş zəng və sms məlumatlarını özündə əks etdirən 1 ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 72 (yetmiş iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar