Məhkəmə qərarları › İş №1(068)-9/2025

Xızı Rayon Məhkəməsi Hökm — İş №1(068)-9/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xızı rayonu İş № 1(068)-9/2025 23.06.2025 XIZI RAYON MƏHKƏMƏSİ X9 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Quba rayonunun İkinci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, Quba rayonunun İkinci Nügədi kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 05 iyun 2024-cü il tarixdə, saat 23:10-da Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonu Məşədi Həsən kəndi ərazisindən keçən 67-ci kilometrliyində idarə etdiyi “Man TGS 41.400” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə 70 km/saat sürətlə Bakı istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib hərəkəti istiqamətində yolun sağ kənarında dayanmış “SKM 35/5” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan “X11” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq vəziyyətdə olan sol qapısını vurduqdan sonra yolun hərəkət hissəsinin sağ zolağının kənar hissəsi ilə Bakı istiqamətində düzünə hərəkət edən piyada X5 avtomobilin qabaq sağ tin hissəsi ilə vuraraq qabaq sağ təkəri ilə baş nahiyəsinin üstündən keçmiş, nəticədə ehtiyatsızlıqdan piyada Elşən Əzizovun kəllə qapağı və əsası sümüklərinin açıq çoxqəlpəli sınıqları, beyin maddəsinin dağılması, üst və alt çənə sümüklərinin sümüklərinin, üz skelet sümüklərinin sınığı, başın, üz nahiyəsinin yarası, sağ bazu oynağının yarası kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, "xxxx" MMC-də sürücü işləyir və təxminən 4 ildir “Man TGS 41.400” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 05 iyun 2024-cü il tarixdə, saat təxminən 22-23 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonu Məşədi Həsən kəndi ərazisindən keçən hissəsində idarə etdiyi “Man TGS 41.400” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətində 70 km/saat sürətlə yolun hərəkət hissəsinin sağ zolağı ilə hərəkətdə olarkən qarşıda yolun hərəkət hissəsində sağında ehtiyat hissədə dayanmış yük avtomobilinin sürücü tərəfdən qapısının açıldığını görmüşdür. Bu zaman artıq gec olmuş və avtomobilinin sağ qabaq yan hissəsi ilə həmin yük avtomobilinin qapısını vurmuşdur. Bir qədər irəlidə saxlamış və avtomobildən düşmüşdür. Bu zaman hadisə yerində olan şəxslər ona sonradan adını bildiyi X5 vurduğunu demişlər. O, hadisə yerinə yaxınlaşdıqda Elşənin öldüyünü görmüş, bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hazırda mərhum Elşən Əzizovun ailəsi ilə barışıq əldə edərək onlara maddi cəhətdən köməklik etmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsinin, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərmişdir ki, X8 ilə rəsmi olaraq 28 sentyabr 2010-cu il tarixdə ailə qurmuşlar. Mərhum əri sürücü işləmiş və “X11” markalı ** VP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 05 iyun 2024-cü il tarixdə Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonu Məşədi Həsən kəndi ərazisindən keçən hissəsində Elşən yolun kənarında nasazlıq səbəbindən dayanmış X2 avtomobilinə görə öz idarə etdiyi avtomobili saxlayaraq ona yaxınlaşmışdır. Həmin vaxt sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Man TGS 41.400” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən ərini ehtiyatsızlıqdan vurmuş, nəticədə əri Elşən Əzizov hadisə yerində ölmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs 17 iyun 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən yol nəqliyyat hadisəsi zamanı ərinin ölümü ilə əlaqədar ona dəymiş maddi və mənəvi zərər tam olaraq ödənilmiş, bununla bağlı Təqsirləndirilən şəxs qarşı heç bir iddia, şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında iştirak edən Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, 05 iyun 2024-cü il tarixdə axşam saatlarında Quba rayonunda yük avtomobilinə çınqıl yüklədikdən sonra Bakı şəhərinə getmək üçün yola çıxmış, həmin gün saat 23 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonu Məşədi Həsən kəndi ərazisindən keçən hissəsində avtomobilində nasazlıq yaranmışdır. O, avtomobili yolun ehtiyat hissəsinə çəkərək dayandırmış və avtomobildən düşərək qabağa keçmişdir. Bu zaman ondan arxada gələn Elşən Əzizov onun avtomobilinin qəza işıqlarını görərək öz avtomobilini qabaqda saxlamışdır. Elşən düşərək ona yaxınlaşmış və köməklik göstərəcəyini demişdir. O, avtomobilin qarşısında olarkən Elşən onun avtomobilinin salonundan su götürərək içmişdir. O, Elşənə getməyini və arxası ilə gələcəyini demiş, bundan sonra Elşən öz avtomobilinə minmək üçün hərəkət etdikdə sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Man TGS 41.400” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun avtomobilinin sol qapısını, sonra isə yolun hərəkət hissəsinin sağ zolağının kənar hissəsi ilə hərəkət edən Elşəni vurmuşdur. O, Elşənə yaxınlaşdıqda sonuncunun öldüyünü görmüşdür. Həmin sürücü avtomobili bir qədər qabaqda saxlamış və hadisə yerinə yaxınlaşmışdır. Bundan sonra hadisə yerinə tibb işçiləri və polis əməkdaşları gəlmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan 06 iyun 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərara əsasən fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş, işin 4-9-cu vərəqələrində olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonu Məşədi Həsən kəndi ərazisindən keçən 67-ci kilometrliyində olmuşdur. Baş verən yol asfaltbeton örtüklü, quru olmuş, hadisə baş verən yolun hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 9 metr, yol örtüyünün eni 18 metr olmuşdur. Toqquşma yolun Bakı istiqamətinə sağ yol çiynində baş vermişdir. Toqquşan nəqliyyat vasitələrinin sayı ikidir və avtomobillərdən biri Bakı şəhəri istiqamətində hərəkətdə, digəri isə dayanmış vəziyyətdə olmuşdur. Şinlərin və tormozlamanın izləri yoxdur. Bu istintaq hərəkətinin nəticəsi protokolla rəsmiləşdirilmiş və fotoşəkillər çəkilərək həmin protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 55-57-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 22 iyun 2024-cü il tarixli, 67 nömrəli ekspert rəyindən, eləcə də iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X4 meyitinin bədəni üzərində aşkar olunmuş xəsarətlər kəllə qapağı və əsası sümüklərinin açıq çoxqəlpəli sınıqları, beyin maddəsinin dağılması, üst və alt çənə sümüklərinin sümüklərinin, üz skelet sümüklərinin sınığı, başın, üz nahiyəsinin yarası, sağ bazu oynağının yarası küt əşya təsirindən törənmişdir, xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı törənə bilməsi inkar olunmur, həyatidirlər və dərəcəsinə görə birlikdə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilirlər. Xəsarətlər avtomobilin hissələrinin zərbəsi mərhumun yol örtük səthinə atılması və sonradan baş üzərindən təkərin keçməsindən törənə bilərdilər. Ölümünə səbəb kəllə qapağı və əsası sümüklərinin, üz skelet sümüklərinin çoxqəlpəli sınıqları, beyin maddəsinin dağılması olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 50-ci vərəqəsində olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 05 iyun 2024-cü il tarixdə baş beyinin diffuz travması səbəbindən ölmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 53-cü vərəqəsində olan 27 iyun 2024cü il tarixli haqqında qərara əsasən Zərərçəkmiş şəxs baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş əri X4 hüquqi varisi qismində tanınmışdır. Məhkəmə iclasında elan edilmiş, işin 100-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 yanvar 2025-ci il tarixli, 8/3421 nömrəli ekspert rəyindən görünür ki, “Man TGS 41.400” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında elan edilmiş, işin 99-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 45-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 iyun 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş, işin 28-ci vərəqəsində olan AF seriyalı, 325368 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək “A, A1, BE, CE, DE” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Məhkəmə iclasında elan edilmiş, işin 46-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2- 93728/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək müddətə etibarlı olan olan) “A B C D BE CE DE” kateqoriyalı AF seriyalı 325368 nömrəli sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında elan edilmiş işin 20-ci vərəqəsində olan 06 iyun 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2813 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı alkoqol və narkotik maddə qəbul etməsi faktı aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 29-30-cu vərəqələrində olan AC seriyalı, 499938 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və xx.xx.2024-cü il tarixli aylıq yol vərəqəsinin surətindən görünür ki, "xxxx" MMC-nin sahibliyində olan “Man TGS 41.400” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmək üçün Təqsirləndirilən şəxs verilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 31-32-ci vərəqələrində olan 135348 nömrəli əmək müqaviləsinin surətindən və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan əmək müqaviləsi məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də sürücü işləyir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 116-cı vərəqəsində olan 12 fevral 2025-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-69-cu vərəqələrində olan Quba Rayon İcra Hakimiyyəti başçısının İkinci Nügədi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan və "xxxx" tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Quba rayonu, İkinci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayır və iş yerindən müsbət xarakterizə olunur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 124-87-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, “Man TGS 41.400” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmış, iş üzrə məhkəmə tibbi və məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb ola cinayətini törətməsi tamamilə sübuta yetirildi. İstintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvləri ilə barışıq əldə etmiş, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Man TGS 41.400” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 196.1.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, onların qanuni nümayəndələrinin, şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərən müdafiəçinin, habelə hal şahidinin, tərcüməçinin, mütəxəssisin, ekspertin və şahidin cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə əlaqədar dəmiryolu və avtomobil nəqliyyatında (taksidən başqa) və nəqliyyatın digər növlərində, habelə cinayət prosesini həyata keçirən orqanın razılığı ilə hava nəqliyyatında yol xərcləri ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Man TGS 41.400” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar