Məhkəmə qərarları › İş №1(069)-2/2025

Xocavənd Rayon Məhkəməsi Qərar — İş №1(069)-2/2025

10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 1(069)-2/2025 10.03.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Xüsusi ittihamçı X3 nümayəndəsi Nümayəndə, Müdafiəçi iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 noyabr 1989-cu il tarixdə Ağdam rayonunda doğulmuş, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olan, əvvəllər məhkum olmamış, heç yerdə işləməyən, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında şikayəti məhkəmənin hazırlıq iclasına təyin edilməklə irəli sürülmüş ittihamın mahiyyəti üzrə tərəflərin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması üçün ilkin dinləmələr məqsədi ilə aparılmışdır. Xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, X5 ona qarşı kütləvi nümayiş olunan internet resurslarında “TİK-TOK” Sosial Şəbəkəsində barəsində müxtəlif məzmunlu təhqir və böhtan xarakterli ifadələr işlədərək, şərəf və ləyaqətini ləkələmişdir. Bundan başqa X5 onun barəsində əsassız ittihamlar irəli sürmüş, haqqında bir qadının şəxsiyyətinə və ləyaqətinə yaraşmayan ifadələr işlətmişdir. O, bu kimi qeyri-etik ifadələr işlətməklə, onun və ailə üzvlərinin ünvanına işlətdiyi bu ifadələri öz sosial hesabında deməklə yanaşı, özünün sosial şəbəkə hesablarında paylaşmış və onu cəmiyyət içərisində nüfuzdan salmağa çalışmışdır. O, öz çıxışlarında yalan məlumatlar verərək, onu Azərbaycan Xalqının qarşısında, izləyicilərin gözündə təhqir edərək, aşılamış, nüfuzdan salmağa çalışmışdır. Bütün bunlardan əlavə X5 onun barəsində dediyi təhqiramiz ifadələrin heç bir əsası yoxdur. O, öz fikir azadlığından qanunsuz şəkildə istifadə edərək, onun hüquqlarını pozmuşdur. Buna görə də, onun etdiyi çıxışları fikir azadlığı kimi dəyərləndirə bilməz. Göründüyü kimi X5 özünə məxsus “zuzu_muzisiyen” adlı rəsmi "TİK-TOK” hesabında onun barəsində aşağıdakı məzmunda paylaşımlar etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 08 noyabr 2024-cü il tarixində “zuzu_muzisiyen adlı rəsmi “TİK-TOK” hesabında paylaşdığı videodan olan 2-ci videonun 6-cı saniyəsində “Vəfa Şərifova özünü tanımayan, adıda məlumdur Şərəfsizova, hansısa evli kişidən iki uşaq, bicbala dünyaya gətirən Vəfa Şərifovayadı sözüm, ay Vəfa sən mani maniyə görə hansısa evli kişinin yanında olmusan, ondanda iki dənə bicəkdək doğmusan” ifadələrə işlədərək onun qadın kimi şərəf və ləyaqətini alçaldaraq, onu əxlaqsızlıqda ittiham edərək, təhqir etmişdir. O, həm bir ana kimi, həm onun azyaşlı uşaqlarını neçə nəfər insanın qarşısında təhqir etmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş 11 noyabr 2024-cü il tarixində “zuzu_muzisiyen adlı rəsmi “TİK-TOK” hesabında açmış olduğu canlı yayımdan olan birinci videonun 3-cü saniyəsində “Əvvəlinə bir az bax, qılcalarıva bir bax, kiminsə kişisiylə tanınmaqla deyil e” ifadələr işlədərək onu nəzərdə tutaraq təhqir etmişdir. Bu paylaşımı 256 nəfərdən çox insan izləmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş 14 noyabr 2024-cü il tarixində “zuzu_muzisiyen adlı rəsmi “TİK-TOK” hesabında açmış olduğu canlı yayımdan olan 2-ci videonun 6-cı saniyəsində onun ifa etdiyi mahnıya qulaq asaraq “səviyyəsizlərə qulaq asmaq istəmirəm” İfadəsini işlədərək, onu təhqir etmişdir. Habelə iş materiallarına əlavə edilmiş 15 noyabr 2024-cü il tarixində “zuzu_muzisiyen adlı rəsmi “TİK-TOK” hesabında açmış olduğu canlı yayımdan olan birinci videonun 41-ci saniyəsində “o hec qılçalarını düzgün qoyub yeriyə bilmir, hansısa bir kişinin hesabına tanınmaqla müğənni hesab edir özünü” ifadələr işlədərək onu təhqir etmişdir. Həmin videonun 1:01 dəqiqəsində “hansısa kişinin götünə girməklə deyil, kişi qızısan özün oxu, heç kimin götünə girib yekə yekə zırtdatma” bu kimi qeyri-etik, qadına yaraşamayan ifadələr işlədərək, həm onu və ətrafını təhqir etdərək, nüfuzdan salmaq istəmiş və bu paylaşımı 298 nəfərdən çox insan izləmişdir. Göründüyü kimi X5 ona qarşı kütləvi nümayiş olunan internet resursu hesab edilən özünə məxsus “zuzu_muzisiyen adlı rəsmi “TİK-TOK” hesabında barəsində yuxarıda qeyd etdiyi ifadələri işlədərək, təhqir etmiş, böhtan atmış, haqqında bir qadının şəxsiyyətinə və ləyaqətinə yaraşmayan ifadələr işlətmişdir. Bu isə A.R.Məmmədovanın əməlində Azərbaycan Respublikası CM-nin 148.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratmışdır. O, 20 ilə yaxındır ki, müğəni kimi fəaliyyət göstərərək, toy məclislərində iştirak edir və bunun qarşılığında müəyyən qanarar alır. Arzu Məmmədova onu və onu toylarına çağıran şəxsləri təhqir etmiş, işgüzar nüfüzunu ləkələmiş, bir növ cəmiyyətdə ona qarşı mənfi rəy formlaşdıraraq, insanların onu toylarına çağırmasının qarşını almışdır. Onun necə bir mədəni, əxlaqlı olduğunu onu tanıyan bütün insanlar çox yaxşı bilir, lakin X5 onun şərəfini alçatmaqla, onun cəmiyyətin bir üzvü kimi əxlaqi və mənəvi keyfiyyətlərinə, digər insanların ona vermiş olduğu qiymətini dəyərsiz etməyə çalışmışdır. Onun cəmiyyətdə, dostlarının, onu sevən insanların, Azərbaycan Xalqının əhatəsində tutduğu populyarlıqdan, mövqedən, nüfuzdan salmağa çalışmış, onu sevən insanların öz xeyir işlərinə, toy məclislərinə çağırmaması üçün həmin insanları təhqir etməsi onun birbaşa işgüzar nüfuzuna xələl gətirmişdir. X1 davamlı olaraq müxtəlif vaxtlarda sosial şəbəkələrdə onun barəsində yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini, işğüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatını uydurmalara əl ataraq, qərəzli nüfuzdan salan məlumatları yaymışdır. Ona görə də, 09 noyabr 1989-cu il tarixdə Ağdam rayonunda doğulmuş, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olan, əvvəllər məhkum olmamış, heç yerdə işləməyən, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittihamçı X3 nümayəndəsi Nümayəndə şikayəti müdafiə edib, şikaytdə yazılanlara uyğun izahat verərək, 09 noyabr 1989-cu il tarixdə Ağdam rayonunda doğulmuş, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olan, əvvəllər məhkum olmamış, heç yerdə işləməyən, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 müdafiəçisi Müdafiəçi göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsi ilə cinayət təqibinin başlanılmasına dair xüsusi ittiham qaydasında verilmiş şikayət cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla verilməmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayətin qurluşu, tərtib olunma qaydası ittiham aktına bərabər surətdə hazırlanmalı, şəxsin barəsində ittiham irəli sürülərkən o, hazırlıq iclasının keçirilməsinə qədər nədə ittiham olunduğunu, həmin ittihamdan müfdafiə olunması üçün müəyyən sübutları toplamaq və məhkəməyə təqdim etmək hüququ qanunvericiliklə müəyyən edilmişdir. Lakin məhkəməyə təqdim edilmiş xüsusi ittiham qaydasında şikayətin məzmunundan görünür ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsi ilə verilmiş, halbuki CM-nin 148.1-ci maddəsi yoxdur, yalnız CM-də 148-1-ci maddəsi mövcuddur və aydındırkı CM-nin 148.1-ci maddəsi olmadığı halda xüsusi ittiham qaydasında şikayət icraata qəbul olunmasından imtina olunmalıdır. Göründüyü kimi cinayət prosessual məcəlləsində və eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında 2014-cü il 21 fevral tarixli qərarında bir başa göstərilir ki, məhkəmələr işləri icraata qəbul edənədək, xüsusi ittiham qaydasında şikayətin cinayət prosessual məcəllənin tələblərinə uyğun olmasını araşdırmalıdırlar. Ona görə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsi ilə cinayət təqibinin başlanılmasına dair xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib edilmədiyindən məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclaslasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, xüsusi ittihamçı X6 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 məhkəmə hazırlıq iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Xüsusi ittiham qaydasında şikayətin materialları öyrənilərkən və məhkəmənin hazırlıq iclasında işdə iştirak edən şəxslərin ifadələrini dinləmələr zamanı müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət tərtib olunarkən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri pozulduğundan, xüsusi ittiham qaydasında verilmiş şikayəti məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalniz zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.3-cu maddəsinə əsasən, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 132-134, 142.1, 149.1, 150.1, 151, 156-158, 163, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Azərbaycan Respublikasi Cinayət Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinə əsasən, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Azərbaycan Respublikasi Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayiş yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayiş yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarinin hansi şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansi sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə belə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinin tələblərinə cavab vermir. Həmin maddəyə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansi əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmalıdir. Belə ki, xüsusi ittihamçı X6 ərizəsində X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair hökm çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi xüsusi ittihamçı X6 isə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 onu məhs hansı ağır və ya xüsusilə ağır cinayətin törədilməsində ittiham etməsini ərizəsində əks etdirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində 148.1-ci maddəsi yoxdur, yalnız CM-nin 148 və 148-1-ci maddələri mövcuddur. Halbuki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin dispozitiv şərtlərinə diqqət yetirəndə belə qənaətə gəlirik ki, Cinayət Məcəlləsinin 148-ci maddəsin də, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma əlamətləri əks olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1-ci maddəsin də, isə internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə əlamətləri əks olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.8-ci maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında 2014-cü il 21 fevral tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayəti məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayəti məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərarın elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar