Məhkəmə qərarları › İş №1(069)-8/2023

Xocavənd Rayon Məhkəməsi Qərar — İş №1(069)-8/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 1(069)-8/2023 27.07.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Xocavənd Rayon Məhkəməsinin hakimi Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs İmamquliyeva (Fərmayılova) Fərizə Vəkil qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Naxçıvan şəhəri, Ordubad rayonu, Parağa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Xocavənd rayonu, Xətai kəndində qeydiyyatda olmaqla, Yevlax rayonu, İrəvanlı qəsəbəsində yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxara MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 154,00 manat olmaqla, cəmi 308,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar İmamquliyeva (Fərmayılova) Fərizə Vəkil qızına ödənilməsinə dair Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)- 1774/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Xocavənd Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(069)-30/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 18.480,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs İmamquliyeva (Fərmayılova) Fərizə Vəkil qızına ödəməyərək, sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, İmamquliyeva (Fərmayılova) Fərizə Vəkil qızı ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2009-cu il tarixdə X5 və xx.xx.2012-ci il tarixdə X6 adlı 2 (iki) övladları dünyaya gəlmişdir. Fərizə (Fərmayılova) İmamquliyeva ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamağı qeyri-mümkün olmuşdur. Bu səbəbdən də İmamquliyeva (Fərmayılova) Fərizə Vəkil qızı 2018-cu ilin yanvar ayında aralarında olan nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozularaq, ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 154,00 manat olmaqla, cəmi 308,00 manat sabit pul məbləğində alimentin tutularaq İmamquliyeva (Fərmayılova) Fərizə Vəkil qızına verilməsi qət edilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə onun müvəqqəti yaşayış yeri üzrə Bakı şəhər Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və sonradan o, yaşayış yerini dəyişdiyi üçün icra sənədi həmin qurum tərəfindən onun qeydiyyatda olduğu yer üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin qurumdan qeyd edilən məbləğdə alimentin İmamquliyeva (Fərmayılova) Fərizə Vəkil qızına ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmiş, o, qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün Xocavənd Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş və icra məmurunun təqdimatına əsasən, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bütün bu olanlara baxmayaraq, o, İmamquliyeva (Fərmayılova) Fərizə Vəki qızına olan aliment borcunu ödəməmiş və icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyətinə cəlb olunacağı barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək yaranmış olan 18.480,00 manat aliment borcunu ödəməmişdir. Hal hazırda da İmamquliyeva (Fərmayılova) Fərizə Vəkil qızına olan aliment borcundan heç bir ödəniş edə bilməmişdir. Əlavə olaraq göstərmişdir ki, hal hazırda rəsmi nikahda olduğu X7 və bu nikahdan dünya gələn iki az yaşlı övladları ilə birlikdə yaşayır, yaşadığı Yevlax rayonun müxtəlif yerlərində fərdi əmək fəaliyyəti ilə yəni, fəhləlik edərək gündəlik 20,00 manat olmaqla, aylıq orta hesabla 600,00 manat qazanc əldə edir və bu səbəbdən də məşğulluq mərkəzinə işlə bağlı müraciət etməmişdir. Hazırda zərərçəkmiş şəxs İmamquliyeva (Fərmayılova) Fərizə Vəkil qızına olan borcunu tam ödəmiş, onunla barışmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayəti yoxdur. Barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə olan borcunu ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs İmamquliyeva (Fərmayılova) Fərizə Vəkil qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2009-cu il tarixdə X5 və xx.xx.2012-ci il tarixdə X6 adlı 2 (iki) övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onun Təqsirləndirilən şəxs ilə birlikdə yaşamağı qeyri-mümkün olmuşdur. Onlar evli olduğu müddət ərzində Təqsirləndirilən şəxs qazandığı pulu ancaq özünə xərcləyərək evə gecə saatlarında gələrək ona və övladlarına laqeyd yanaşmış, övladlarına və ona maddi mənəvi köməkliyi olmamışdır. Bu səbəbdən də o, 2018cu ilin yanvar ayında Təqsirləndirilən şəxs ilə arasında olan nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozularaq, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 154,00 manat olmaqla, cəmi 308,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə Təqsirləndirilən şəxs müvəqqəti yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və sonradan Təqsirləndirilən şəxs yaşayış yerini dəyişdiyi üçün icra sənədi həmin qurum tərəfindən Təqsirləndirilən şəxs qeydiyyat yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün Xocavənd Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək yaranmış olan 18.480,00 manat aliment borcunu ödəməmişdir. Əlavə olaraq göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə evli olduğu müddətlərdə Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə yəni usta kimi işləyərək ev təmir etmiş, hal hazırda da Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu ərazisində yerləşən çörək sexində fəhlə işləyərək kifayət qədər qazanc əldə edir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən aliment borcu tamamilə ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Ona görə də, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs İmamquliyeva (Fərmayılova) Fərizə Vəkil qızı məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən aliment borcunun tamamilə ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını və ona görə də məhkəmədən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Beyləqan rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-1774/2018 saylı icra sənədinə əsasən, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, Təqsirləndirilən şəxs hər ay, hər uşaq üçün 154,00 manat, cəmi 308,00 manat məbləğində aliment tutularaq, xx.xx.2009-cu ildə anadan olmuş X1 və xx.xx.2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Fərmayılova Fərizə Vəkil qızına verilməlidir. Göstərilən icra vərəqəsi xx.xx.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək, tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirləri görülməsi üçün edilmiş sorğular və digər yoxlamalar müsbət nəticə verməmişdir. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(069)-2/2018 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və məhkəmənin qətnaməsi üzrə tələbi icra etmədiyinə görə borclu Təqsirləndirilən şəxs Xocavənd Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2022-ci il tarixdə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Lakin borclu öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs öhdəliyni lazımi qaydada yerinə yetirməmiş, icra sənədi üzrə olan borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-1774/2018 saylı qətnaməsini Təqsirləndirilən şəxs icra etmədiyi üçün inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmişdir. Təqsirləndirilən şəxs əməlində qərəzlilik müşahidə olunur. İcra sənədi üzrə tələbkara alimenti ödəməmiş hal-hazırda 18.480,00 manat aliment borcu yaranmışdır. İcraat zamanı Təqsirləndirilən şəxs xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktiki söhbətlər aparılmasına baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. X9 Vəkil qızı Beyləqan rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən 18.480,00 manat aliment borcunun ödənilmədiyini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Xocavənd rayon İcra və Probasiya Şöbəsinin rəis vəzifəsini icra edən Şahid1 oğlu ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Beyləqan rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 2(008)-1774/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığı üçün Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatı əsasında Xocavənd Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(069)-02/2018 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası CM 221.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş, xx.xx.2015-ci ildə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən, cinayət işinin icraatına xitam verilmişdir. Məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyi Dövlət X3 X4 15 avqust 2022-ci il tarixli, ******* saylı məktubundan görünür ki, Xocavənd rayon Xətai kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs (xxxxxxx) Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində qeydiyyatı mövcud deyil. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə hazırda təqsirləndirilən şəxsin aliment borcunu ödəməklə məhkəmə qətnaməsini tam icra etməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi öz təsdiqini tapmışdır. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə “ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” 18 aprel 2023-cü il tarixli qərara əsasən, xx.xx.2023-cü il tarixdə tutulub Yasamal RPİ -nin MSYnə təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə Yasamal RPİ -nin MSY-dən azad edilib, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin qeyd hissəsinə görə, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 iyul 2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxs həmin maddənin “Qeyd” hissəsində göstərilmiş şərtləri yerinə yetirdiyi halda, onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Odur ki, yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Qanununa əsasən CM-nin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı, ona dəymiş ziyanı tamamilə ödədiyi və məhkəmə qətnaməsini tam icra etdiyi üçün cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut və digər məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2-ci, 321, 321.2.1, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilənlərə görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində başlanmış cinayət təqibinə (cinayət işi ürə icraata) xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləgv edilsin. İş üzrə mülki iddia, maddi sübut və digər məhkəmə xərci yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və apelyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar