Məhkəmə qərarları › İş №1(069)-9/2023

Xocavənd Rayon Məhkəməsi Hökm — İş №1(069)-9/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan şəhəri İş № 1(069)-9/2023 20.09.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu ildə Sabirabad rayonu, Qasımbəyli kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum edilməmiş, subay, işləməyən, Sabirabad rayonu, Qasımbəyli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 39,87 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edərək, satışını həyata keçirmək üçün həmin narkotik vasitəni 6,47 qram, 4,94 qram, 5,83 qram, 6,16 qram, 5,92 qram, 5,61 qram və 4,94 qram şəklində hissələrə bölüb 7 (yeddi) ədəd kibrit qutusunda qablaşdıraraq özünə məxsus “QAZ 3110” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilində gizlədərək saxlamış, həmin narkotik vasitəni şəxsiyyəti istintaqla müəyyən edilməyən naməlum şəxsə satmaq üçün 20 aprel 2023-cü il tarixdə özünə məxsus “QAZ 3110” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu ərazisində yerləşən Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisinə kimi daşımış, üzərində narkotik vasitə olması barədə Xocavənd Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən o, rayon polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 aprel 2023-cü il tarixdə, saat 18 radələrində Beyləqan rayonu ərazisində yerləşən Xocavənd rayonu 500 ailəlik qəsəbənin girişində, Xocavənd AREA İdman Mərkəzinin yaxınlığında avtomobilini idarə edərkən saxlanılmış, o, dərhal avtomobildə saxladığı narkotik vasitə qurudulmuş marixunanı götürərək şalvarının alt hissəsində qasıq nahiyyəsində gizlədərək saxlamış, bundan sonra o, polis əməkdaşları tərəfindən Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində yerləşən Xocavənd Rayon Polis Şöbəsinin inzibati binasına aparılmış, həmin tarixdə saat 18:35-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarın altında qasıq nahiyəsində qara rəngli sellofan torbanın içərisində saxladığı 7 (yeddi) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 6,47 qram, 4,94 qram, 5,83 qram, 6,16 qram, 5,92 qram, 5,61 qram və 4,94 qram, ümumi təmiz çəkisi 39,87 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun qeyd edilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, müvafiq ekspert rəyləri və işin digər halları ilə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1992-ci ildən kənd təsərrüfatı ilə məşğul olur, buna görə də, özünə məxsus MTZ-892 markalı traktoru var və mütəmadi olaraq həmin traktoru istifadə edir. MTZ-892 traktorunun difer adlanan hissəsi işləmədiyindən həmin ehtiyyat hissəsini almaq üçün 20 aprel 2023-cü il tarixdə “QAZ 3110” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı kənddən Sabirabad rayonuna getmiş, Sabirabad rayonu ərazisində olarkən təxminən saat 10 radələrində avtomobilinin təkəri boşaldığından avtomobilindən düşmüş və avtomobilinin təkərini dəyişmişdir. Avtomobilinin təkərini dəyişən zaman yolun kənarında qara rəngli sellofan torba tapmış, içərisinə baxan zaman içərisində 7 ədəd kibrit qutusu olmuş və həmin kibrit qutularını açıb içərisinə baxan zaman içərisindən kəskin qoxulu nəşə adı ilə tanıdığı narkotik vasitə olduğunu görmüşdür. Həmin kibrit qutularını şəxsi istifadəsi üçün götürərək avtomobilinin qoltuqaltı hissəsində saxlamışdır. Bundan sonra İmişli və Saatlı rayonları ərazisində bir neçə avtomobil ehtiyyat hissələri satılan mağazalara getsə də, MTZ-892 traktorunun difer adlanan ehtiyyat hissəsini tapa bilməmiş və Beyləqan rayonu ərazisinə getmişdir. Beyləqan rayonunda Daşburun qəsəbəsi adlanan əraziyə getmiş, orada xatırlamadığı mağazalardan və şəxslərdən MTZ-892 traktorunun difer adlanan ehtiyyat hissəsi olmadığını öyrəndikdən sonra Ağcabədi rayonuna getmək üçün oradan getmişdir. Ağcabədi rayonuna gedən zaman yolu tanımadığından səhvən Beyləqan rayonunda yerləşən Xocavənd qəsəbəsinə getmiş, Xocavənd rayonu ərazisində olarkən polis əməkdaşları onu saxlayan zaman polis əməkdaşlarının avtomobilə baxacaqlarını zənn edib həmin sellofan torbanı üzərində olan cins şalvarının qasıq nahiyəsində gizlətmişdir. Polis əməkdaşları onu Xocavənd RPŞ-nin Beyləqan rayonu ərazisində yerləşən inzibati binasına dəvət etmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra ona vəkil təyin olunmuş, üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan göy rəngli cins şalvarının qasıq nahiyəsindən Sabirabad rayonu ərazisindən tapıb götürdüyü və üzərində gəzdirdiyi narkotik vasitə aşkar edilmişdir. Həmin narkotik vasitələr 7 ədəd kibrit qutusunda olmuş, həmin narkotik vasitələr elektron tərəzidə çəkilmiş və 7 ədəd kibrit qutusu ilə birlikdə ümumi çəkisi 57,44 qram olmuşdur. Həmin narkotik vasitələri polis əməkdaşları müvafiq qaydada qablaşdıraraq götürmüşlər. Hazırda törətdiyi cinayət əməlimdən səmimi peşmandır, ona görə də, məhkəmədən ona qarşı mərhəmətli olmağı xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, 2009-cu ildən X11, 2021-ci ilin may ayından Xocavənd Rayon Polis X8 Üzrə rəis müavini vəzifəsində xidmət edir, polis mayoru rütbəsindədir. Sabirabad rayonu, Qasımbəyli kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi, üzərində saxlaması və daşıması barədə Xocavənd Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, Xocavənd RPŞ-nin rəhbərliyindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün icazə alınmış, icazə alındıqdan sonra onun rəhbərliyi ilə xx.xx.2023-cü il tarixdə KTB-nun inspektor kriminalisti, polis kiçik leytenantı Şahid6, DYPQ-nun YPX-nin inspektoru polis serjantı Şahid5 və CAQ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid4 iştirakı ilə Xocavənd Rayon Polis Şöbəsinin rəisinin təsdiq etdiyi qərarla əməliyyat qrupu yaradılmışıdır. Əməliyyat tədbirinə başlamazdan əvvəl rəhbərlik tərəfindən təlimatlandırıldıqdan sonra əməliyyat tədbirinə başlanılmış və 20 aprel 2023-cü il tarixdə, saat 18 radələrində Həşimov X4 rayonu 500 ailəlik qəsəbə ərazisində idarə etdiyi “Qaz 3110” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılaraq, üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğu bildirilmiş və Beyləqan rayonu ərazisində yerləşən Xocavənd Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “QAZ 3110” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilini Xocavənd Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxladıqdan sonra avtomobilinin qapılarını bağlamış və açarı üzərində saxlamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra üzərində və avtomobilində narkotik vasitə olubolmaması yoxlanılması üçün Xocavənd RPŞ-nin rəisinə raportla məruzə edilərək, aidiyyəti əməkdaşlar tərəfindən araşdırma aparılması üçün göstəriş verilməsi xahiş olunmuşdur. Xocavənd RPŞ-nin rəisi tərəfindən həmin raportun icrası Xocavənd RPŞ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis mayoru Hümbət Vəliyevə həvalə edilmiş və X13 Həşimovu şübhəli şəxs qismində tutduqdan sonra ona müdafiəçi təyin etmişdir. X13 Həşimova üzərində şəxsi axtarış aparacağını və idarə etdiyi avtomobilə baxış keçirəcəyini bildirdikdən sonra Hümbət Vəliyev xidməti otağında müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs üzərindən yeddi ədəd kibrit qutusunda yaşıl rəngli kəskin qoxulu narkotik vasitəyə bənzər kütlələr aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid2 və Şahid5 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, o, 2019-cu ildən X11, 2022-ci ilin yanvar ayından Xocavənd Rayon Polis Şöbəsində KTQnun inspektor-kriminalisti vəzifəsində xidmət edir, polis kiçik leytenantı rütbəsindədir. Sabirabad rayonu, Qasımbəyli kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi, üzərində saxlaması və daşıması barədə Xocavənd Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Xocavənd Rayon Polis X8 üzrə rəis müavini, polis mayoru Şahid1 rəhbərliyi ilə xx.xx.2023-cü il tarixdə CAQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4, DYPQ-nun inspektoru polis serjantı Şahid5 və onun iştirakı ilə Xocavənd Rayon Polis Şöbəsinin rəisinin təsdiq etdiyi qərarla əməliyyat qrupu yaradılmış, rəhbərlik tərəfindən təlimatlandırıldıqdan sonra 20 aprel 2023-cü il tarixdə, saat 18 radələrində Həşimov X4 rayonu 500 ailəlik qəsəbə ərazisinin giriş hissəsində yerləşən Xocavənd AREA İdman Mərkəzinin qarşısında idarə etdiyi “QAZ 3110” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılaraq, narkotik vasitələri istifadə etməsi, daşıması və saxlanılmasında şübhələnildiyindən Beyləqan rayonu ərazisində yerləşən Xocavənd Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “QAZ 3110” markalı avtomobilini Xocavənd Rayon Polis Şöbəsinin inzibati binasının həyətyanı sahəsində saxlayaraq, qapılarını bağlamış və Xocavənd RPŞnin inzibati binasına daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılması barədə Xocavənd RPŞ-nin rəisinə raportla məruzə edilərək, aidiyyəti əməkdaşlar tərəfindən araşdırma aparılması üçün göstəriş verilməsi xahiş olunmuşdur. Raport əsasında araşdırma aparılması Xocavənd RPŞ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis mayoru Hümbət Vəliyevə həvalə edilmiş və Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutduqdan sonra müdafiəçinin iştirakı ilə Hümbət Vəliyevin xidməti otağında saat 18:35-də üzərində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın qasıq nahiyəsindən Sabirabad rayonu ərazisindən tapdığını bildirdiyi qara rəngli sellofan bağlamanı çıxardıb təqdim etmiş və həmin bağlamanın içərisindən yeddi ədəd kibrit qutusu olmuşdur. Həmin kibrit qutuları eyni ölçüdə və formada olmaqla üzərində rus dilində “spicki” sözləri yazılmış və içərisində yaşıl rəngli kəskin qoxulu narkotik vasitəyə bənzər kütlələr aşkarlanmışdır. Təqsirləndirilən şəxs nəşə adı ilə tanıdığı həmin kütlələri Sabirabad rayonu ərazisindən tapdığını və şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdə ümumi çəkisi 57,44 qram olmuş, həmin kibrit qutusunda olan kütlələr müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana hissələrə bölünmüş şəkildə olmaqla, yeddi ədəd kibrit qutuları ilə birlikdə çəkilmiş və buna görə çəkisi ekspertizada rəyində olan çəkidən nisbətən fərqli olmuş, lakin bütün hallarda yekun ən dəqiq qərar ekspertiza rəyidir və onların imkanları daha geniş olduğundan aşkar edilmiş narkotik vasitənin hansı növ narkotik vasitə olduğunu və təmiz çəkisini müəyyən etmək imkanına malikdirlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, xx.xx.1974-cü ildə Sabirabad rayonunda anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum edilməmiş, işsiz, hazırda Sabirabad rayonu, Qasımbəyli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə şübhəli olan səxs qismində tutulmuş, qərar şübhəli şəxs Təqsirləndirilən şəxs elan edilmiş və sürəti ona təqdim edilməklə ona tutulduğu andan Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, qərarın sürəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xocavənd rayon prokuroruna göndərilmişdir. (1-ci cild işin 10-11-ci vərəqi) İş materiallarında olan 22 aprel 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi və tutulmadan azad olunması barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş və tutulmadan azad olunmuşdur. (1-ci cild işin 70-71-ci vərəqi) İş materiallarında olan «Baxış və şəxsi axtarış keçirilməsi haqqında» 20 aprel 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli şalvarın qarşı qasıq nahiyyəsindən özü qara rəngli selofan torbanın içərisində 7 ədəd kibrit qutuları çıxardaraq təqdim etmiş, həmin kibrit qutularının içərisində nəşə adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmiş, həmin 7 ədəd kibrit qutuları elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 57,44 qram olması müəyyən olunmuş və ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürləndikdən sonra götürülmüşdür. Baxış videoçəkilişlə aparılmış və videogörüntülər diskə köçürülərək protokola əlavə edilmişdir. (1-ci cild işin 29-34-cü vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 21 aprel 2023-cü il tarixli, 18/437 №-li Məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 7 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri – 6,47 qram, 4,94 qram, 5,83 qram, 6,16 qram, 5,92 qram, 5,61 qram, 4,94 qram, ümumi çəkisi 39,87 qram olan bitki mənşəli kütlələr təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi - 39,87 qram, cəmi təhqiqata sərf olundu - 0,14 qram (hər ob- 0,02 qram) qalıq - 39,73 qram. (1-ci cild işin 44-cü vərəqi) İş materiallarında olan 21 aprel 2023-cü il tarixli, 18/437 №-li ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49,74 manat VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməlidir. (1-ci cild işin 43-cü vərəqi) İş materiallarında olan 22 aprel 2023-cü il tarixli təqsirlədirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edələrək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (1-ci cild işin 50-51-ci vərəqi) İş materiallarında olan Asan-Sabirabad tərəfindən verilmiş AZE ******** №-li şəxsiyyət vəsiqəsini surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1979-cu ildə Sabirabad rayonu, Qasımbəyli kəndində doğulmuş və həmin ünvanda qeydiyyatdadır. (1ci cild işin 66-cı vərəqi) İş materiallarında olan 22 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında qərardan görünr ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galxy A 11” markalı mobil telefona baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edəcək heç nə aşkar edilməmişdir. Baxış zamanı mobil telefonların fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (1-ci cild işin 76-77-ci vərəqi) İş materiallarında olan 22 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs **********886101 nömrəli Birbank maaş kartını, gün eynəyini, pul qabını və içərisində olan sənədlər, 10 manat pul əskinazlarını təhvil almışdır. (1-ci cild işin 78-ci vərəqi) İş materiallarında olan 22 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs “Samsung A 11” markalı mobil telefonu işlək vəziyyətdə təhvil almışdır. (1-ci cild işin 79-cu vərəqi) İş materiallarında olan 22 aprel 2023-cü il tarixli maddi sübut kimi tanıma və təhvil verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 39,87 qram narkotik vasitə olan qurudulmuş marixuanadan ekspert tədqiqatından sonra qalıq qalmış 39,73 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Xocavənd Rayon Polis Şöbəsinə təhvil verilmişdir. (1-ci cild işin 80-81ci vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİ İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Həşimov X3 RPŞ-nin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsilə barəsində olan ********* nömrəli cinayət işi üzrə CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması xitam edilmiş və Səbirabad RPŞ-nin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsilə barəsində olan ********* nömrəli cinayət işi üzrə CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin başlanması xitam edilmişdir. Məhkumluğu yoxdur. (1-ci cild işin 120-121-ci vərəqi) İş materiallarında olan Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin 15 may 2023-cü il tarixli 5-70-23/2- 242/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri xx.xx.2000-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 ilə birlikdə Cabirabad rayonu, Qasımbəyli kənd yaşayır. (1-ci cild işin 130-cu vərəqi) İş materiallarında olan Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 15 may 2023-cü tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1979-cu ildə Sabirabad rayonu, Qasımbəyli kəndində anadan olmuşdur. Təqsirləndirilən şəxs oxuduğu kənd məktəbin müəllim kollektivi arasında böyük hörməti vardır. Təqsirləndirilən şəxs kəndin xeyir-şər işlərində həmişə yaxından iştirak edir. Məclislərdə öz yerini biləndir. Ağsaqqallar arasında hörməti vardır. (1-ci cild işin 131-ci vərəqi) İş materiallarında olan Sabirabad Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13- 103/2-13903/2023 saylı məktubundan görünür ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü ilin aprel ayının əvvəllərindən 20 aprel 2023-cü il tarixədək olan müddət ərzində Sabirabad rayon ərazisində yerləşən avtomobil ehtiyyat hissələri satılan mağazalarda MTZ-892 markalı traktorun difer və digər ehtiyyat hissələrinin satışı həyata keçirilmişdir. (1-ci cild işin 135ci vərəqi) İş materiallarında olan Azercell Telekom MMC-nin 30 may 2023-cü il tarixli 2023-cü il tarixli 12328 saylı məktubundan görünür ki, Azercell Telekom MMC-yə məxsus olan ********* saylı nömrənin qərarda göstərilən müddət üzrə mövcud olan zənglər və SMS siyahısına, SMS mətnlərinə, əhatə dairəsinə və hal-hazırki abınəçilərə dair məlumat Xocavənd RPŞ-yə göndərilmişdir. Eyni zamanda Azercell Telekom MMC-də qısa nömrələrdən, xidmət nömrələrindən (internet üzərindən) göndərilən SMS mətnlərinin qeydiyyatının aparılmadığı bildirilmişdir. (1-ci cild işin 139-140-cı vərəqi) İş materiallarında olan 08 iyun 2023-cü il tarixli baxış keçirilmə haqqında qərardan görünür ki, xx.xx.1979-cu ildə Sabirabad rayonu, Qasımbəyli kəndində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum edilməmiş, işsiz, Sabirabad rayonu, Qasımbəyli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs telefon danışıqları olan diskə baxış keçirilmiş, diskə baxış zamanı 01 yanvar 2023-cü il tarixdən 25 aprel 2023-cü il tarixədək olan zəng siyahısı, anten dairəsi, mesajlar və danışıq aparılan şəxslərin telefon nömrəsi əks olunmuşdur. Baxış zamanı diskdə olan zəng siyahısı, anten dairəsi, mesajlar və danışıq aparılan şəxslərin siyahısı protokola əlavə edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə Sabirabad rayonu və Beyləqan rayonu Xocavənd qəsəbəsi ərazisində olması müəyyən edilmişdir. (1-ci cild işin 143-227-ci vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 24 may 2023-cü il tarixli 3173 №-li rəyilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Kannabioidlərdən istifadə etmə halları olub, lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. (1-ci cild işin 230-231-ci vərəqi) İş materiallarında olan 13 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş 22 aprel 2023-cü il tarixli ittihamın məzmununa əlavə və dəyişikliklər edilməklə, Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməmiş, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs aşkar edilmiş ekspert tədqiqatından sonra təmiz çəkidə 39,73 qram narkotik vasitə olan qurudulmuş marixuana 22 aprel 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq Xocavənd RPŞ-yə məsul saxlanışa verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs məxsus olan **********886101 nömrəli BirBank maaş kartı, gün eynəyi, pul qabı, sənədləri, 10 manat pul əskinazı və Samsung A 15 markalı mobil telefonu iş üçün əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitə olan qurudulmuş marixuananı Sabirabad rayonu ərazisində tapması hissəsi mötəbər sübut hesab edilməmiş və Təqsirləndirilən şəxs narkotik vasitə əldə etdiyi mənbəyə iş ayrılmamış, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsini tam əhatə etdiyindən onun gətirdiyi dəlillər özünü müdafiə xarakterli, cinayət məsuliyyətindən kənarda qalmaq məqsədi daşıması kimi qiymətləndirilərək, gətirdiyi dəlillər əsassız olduğundan rədd edilmiş, "Şəxsi axtarış və baxış keçirilməsi haqqında” protokol, təqsirləndirilən şəxsin və şahidlərin ifədələri, məhkəmə bioloji ekspertizasının 21 aprel 2023-cü il tarixli 18/437 №-li, məhkəmə-narkoloji ekspertin xx.xx.2023-cü il tarixli 3173 №li rəyi, əməliyyat tapşırığının cavabı, anten dairəsi və digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından onlar həmin cinayət işi üzrə sübut kimi qəbul edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. (2-ci cild işin 11-28-ci vərəqi) Məhkəmə işdəki sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, beynəlxalq adı “Marixuna-Kannabis” olan maddələr narkotik vasitədir, onun qurudulmuş 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə “külli miqdar” hesab olunur. Məhkəmə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Göründüyü kimi həmin Qanunun tələblərinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənlərə və aşkar edilmiş narkotik vasitənin oxşar çəkilərdə və çox saylı bükümlərdə olmasını, həmin bükümlərin hamısının təqsirləndirilən şəxs tərəfindən Sabirabad rayonundan daşınaraq Beyləqan rayonu ərazisində yerləşən Xocavənd rayonu 500 ailəlik qəsəbəsinə gətirilməsi və işin digər obyektiv hallarına əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CMnin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun peşman olmasını, şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasının əvvəli 20 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-cü maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - cəzanın çəkilmə yeri kimi ümumi rejimli cəzaçəkmə müəssisəsi nəzərdə tutulmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata götürülməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, maddi sübut kimi tanınmış və Xocavənd Rayon Polis şöbəsində saxlanılan qalıq qalan 39,73 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə Ekspertiza tədqiqatının dəyəri - 49 manat 74 qəpik Təqsirləndirilən şəxs tutularaq X5 142595 kod, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 20 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Xocavənd Rayon Polis şöbəsində saxlanılan qalıq qalan 39,73 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 49 manat 74 qəpik Təqsirləndirilən şəxs tutularaq X5 142595 kod, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya protesti və ya apelyasiya şikayəti verilə bilər. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar