Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu Meşəli İş № 1(070)-2/2024 23.05.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Kərimov Namiq Saleh oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Lerik rayonunun Tatonu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Tatonu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.4 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama, daşıma və qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 9 yanvar 2024-cü il tarixdə Xocalı rayonunun Qayabaşı kəndi ərazisində olarkən sahibsiz fərdi yaşayış evinin həyətindən 1 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş döyüş (hərbi) təyinatlı bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən süngü-bıçağını taparaq qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, bundan əlavə həmin vaxt qeyd edilən yerdən ümumi təmiz çəkisi xeyli miqdar təşkil edən, yəni 30,43 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı tapmaqla satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 12 yanvar 2024-cü il tarixdə qeyd edilən soyuq silahı və narkotik vasitəni özü ilə yaşadığı Bakı şəhərinə aparmaq məqsədilə əl yükünə yerləşdirib sərnişin kimi əyləşdiyi “Mercedes Sprinter” markalı, 77PX744 dövlət qeydiyyat nişanlı mikroavtobusla daşıyaraq Bakı şəhərinə apararkən həmin gün saat 17 radələrində Xocalı rayonunun Əsgəran qəsəbəsində 1 nömrəli polis postunda Xocalı RPŞ-nin əməkdaşları tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikasının Prezidentinin 29 oktyabr 2020-ci il tarixli, 1170 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının DİN tərəfindən verilmiş 039 nömrəli əmrin tələbinə əsasən əl yükünə baxış keçirilərkən şübhələr olduğuna görə Xocalı RPŞ-nin inzibati binasına dəvət edilərək gətirilib üzərində şəxsi axtarış və götürmə aparılarkən əl yükünün içərisindən aşkar edilmiş 1 (bir) ədəd bənövşəyi rəngli sellofan paketdə təmiz çəkisi 7,82 qram və 1 (bir) ədəd qəhvəyi rəngli sellofan paketdə təmiz çəkisi 22,61 qram ümumi təmiz çəkisi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanununa əsasən xeyli miqdar təşkil edən, yəni 30,43 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 1 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş döyüş (hərbi) təyinatlı bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən süngübıçağı aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonunun Tatonu kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayır. 2021-ci ildən "xxxx" MMC-də bağban işləmişdir. xx.xx.2023-cu il tarixdə Xocalı rayonu ərazisinə ezam olunaraq rayon ərazisində yerləşən fermada işləmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 12-13 radələrində fermadakı heyvanları Xocalı şəhəri yaxınlığında otaran zaman şəhərin kənarında yerləşən sahibsiz evlərin birinin qarşısından keçərkən evin həyətinə daxil olmuş, həyətdəki əzgil ağacı tərəfə gedən zaman evin çöl tərəfində yerləşən dolabın rəfində 1 (bir) ədəd süngü-bıçaq və 1 (bir) ədəd sökülmüş hava fişəngi tapançası tapıb həmin əşyaları götürüb cibinə qoymuş, sonra evin qarşısına keçmiş, evin giriş qapısının yaxınında yerdə rəngli sellofan torbada büküm tapmış, lakin, bükümü açıb içərisinə baxmamışdır. Bükümü torbanın üstündən iyləyəndə bitki qurusu olduğunu bilmişdir. Əvvəllər yaşadığı Lerik rayonunda çətənə bitkisini gördüyündən həmin bitkini tanımışdır. Həmin bükümdə olan bitki kütləsi maraqlı gəldiyi üçün onu da özü ilə birlikdə götürmüşdür. Bundan əlavə həmin bükümün yaxınlığında bir ədəd siqaret qutusunun içərisində siqaretlər olmuş, həmin siqaret qutusunu da büküm olan torbanın içərisinə atıb götürmüşdür. xx.xx.2024-cü il tarixdə istirahət etmək üçün yaşadığı Bakı şəhərinə getmək məqsədilə “Mercedes Sprinter” markalı, 77PX744 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Xocalı rayonundan Bakı şəhəri istiqamətində yola çıxmışdır. Tapdığı hava fişəngi tapançası və süngü bıçağını yaşadığı Bakı şəhəri Xəzər RPİyə təqdim etmək məqsədilə, digər içərisində bitki kütləsi olan bükümü isə maraq üçün əl yükünə qoymuşdur. Xocalı rayonu, Əsgəran qəsəbəsi ərazisində polis postunda aparılan yoxlama zamanı polis əməkdaşları onlardan çantalarını açaraq təqdim etmələrini istəmiş və daha sonra çantalarda şübhəli nəsə olub-olmadığını soruşmuşlar. O da məcbur qalaraq bitki olan bükümü, fişəng tapançasını və süngü bıçağını polis əməkdaşına göstərmişdir. Daha sonra polis əməkdaşları onun çantasından çıxartdığı bükümün narkotik vasitə olmasından şübhə edərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərinə və əl çantasının içərisinə baxış keçirilmiş, həmin zamanı çantasında saxladığı sellofan torbaya bükülmüş vəziyyətdə olan kütlə, fişəng tapançası və süngü bıçağı aşkar edilərək yanında qablaşdırılaraq möhürlənib götürülmüşdür. Tapdığı narkotik vasitə və digər əşyalar barədə heç kimə məlumat verməmiş, eləcə də polis postunda yoxlanış olmadığı halda həmin narkotik vasitəni və predmetləri polis əməkdaşlarına vermək fikri olmamışdır. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, törətdiyi əməldən peşmandır. 4 övladı vardır və onlardan 3-ü yetkinlik yaşına çatmamışdır. Uşaqları xəstədir. Fərdi əmək fəaliyyəti ilə məşğul olur və ailənin yeganə qazanc gətirəni odur. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin dekabr ayından "xxxx" MMC-də sahə nəzarətçisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdən şirkətin Xocalı rayonu üzrə nəzarətçisi kimi həmin rayon ərazisinə gəlmişdir. İşlədiyi şirkətin iş fəaliyyəti işğaldan azad edilmiş yerlərdə yenidənqurma və abadlıq işləri görməkdir. Təqsirləndirilən şəxs 2023-cü ilin xatırlamadığı tarixindən həmin MMC-də işləmişdir və aralarında heç bir ədavət yoxdur. 2023-cü ilin təxminən noyabr ayından Təqsirləndirilən şəxs şirkət tərəfindən Xocalı rayonuna ezam edilmişdir. xx.xx.2024-cü il tarixdə Xocalı rayonunda olan şirkət işçilərindən bir hissəsinin, o cümlədən Təqsirləndirilən şəxs ezam müddəti başa çatdığından onlar Bakı şəhərinə qayıtmağa hazırlaşmışlar. Bununla bağlı həmin tarixdə şirkət tərəfindən ayrılmış “Mercedes Sprinter” markalı, 77PX744 dövlət qeydiyyat nişanlı avtomobil Xocalı rayonuna gəlmişdir. Həmin işçilər saat təxminən 16:00 radələrində qeyd olunan avtomobilə əyləşib Bakı şəhərinə yola çıxmışlar. Təxminən yarım saat sonra həmin avtomobilin sürücüsü Şahid7 mobil telefonla zəng edərək Xocalı rayonunun Əsgəran qəsəbəsində yerləşən giriş postunda aparılan yoxlama zamanı avtomobildə olan Təqsirləndirilən şəxs əl yükündən süngü bıçağı, narkotik maddəyə oxşar kütlə və fişəng tapançası aşkar olunmasını və bu səbəbdən postdan buraxılmamasını bildirmişdir. Təqsirləndirilən şəxs qeyd olunan əşyaları haradan, hansı məqsədlə əldə etməsindən, eləcə də bu barədə başqa kiməsə məlumat verib-verməməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 19:00 radələrində işlədiyi Xocalı rayonu ərazisində olan zaman polis əməkdaşları yaxınlaşaraq hal şahidi kimi istintaq hərəkətinin keçirilməsində iştirak etməsini təklif etmişlər. Həmin təklifi bir vətəndaş kimi özünə borc bilərək qəbul etmiş və rayonun Əsgəran qəsəbəsində yerləşən Xocalı RPŞ-nin inzibati binasına getmişdir. Orada hüquq və vəzifələri ona izah edilmişdir. İnzibati binada yerləşən otaqda olan əvvəllər tanımadığı, təxminən 50 yaşlarında iki nəfər şəxs olmuşdur. Müstəntiq həmin şəxslərin şübhəli şəxs Təqsirləndirilən şəxs və onun vəkili olmasını bildirmişdir. Eyni zamanda digər hal şahidi də təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əlində tutduğu, üzərində “EXPARGO” sözü qeyd edilmiş aşağı hissəsi göy, yuxarı hissəsi isə ağ rəngli sellofan torbada olan əl yükünü təqdim etməsi xahiş olunmuşdur. Təqsirləndirilən şəxs əl yükünün içərisində olan əşyaları bir-bir təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin əl yükünün içərisindən bir ədəd kiçik bənövşəyi rəngli sellofan torba çıxarmış və müstəntiq torbanın içərisində nə olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs torbanın içərisində narkotik vasitə olduğunu demiş və həmin torbanı açmışdır. Torbanı açan zaman içərisində xırdalanmış halda narkotik vasitəyə oxşar bitki kütləsi, bir ədəd içərisində 17 (on yeddi) ədəd kötük olan ağ rəngli siqaret qutusu, 1 (bir) ədəd içərisində xırdalanmış halda narkotik vasitəyə oxşar bitki kütləsi olan qəhvəyi rəngli sellofan paket aşkar edilmiş və içərisində siqaret olan siqaret qutusu olmuşdur. Müstəntiq tərəfindən həmin narkotik vasitə olması ehtimal edilən kütlə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs əl yükünə keçirilən baxış zamanı əl yükünün içərisindən bir ədəd süngü bıçaq və bir ədəd fişəng tapançası aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin əşyaları Xocalı rayonu ərazisində yerləşən tərk edilmiş evlərin birindən tapmasını bildirmişdir. Daha sonra aşkar edilən əşyalar onların iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs əl yükündə olan digər əşyaları da təqdim etmiş, lakin, sonuncudan başqa qanunsuz əşya aşkar edilməmişdir. Sonda baxışla bağlı protokol tərtib olunmuş və imzalanmışdır. Məhkəmə iclasında Şahid2 iş üzrə digər Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdi. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərdi ki, 2023-cü ilin yanvar ayından "xxxx" MMC-də bağban işləyir. Təqsirləndirilən şəxs eyni şirkətdə işlədiyindən qiyabi olaraq tanımışdır, lakin, onunla heç bir münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 16:00 radələrində işlədiyi şirkətdən istirahət üçün Bakı şəhərinə yaşadığı ünvana getmək məqsədilə bir neçə nəfər şirkət işçiləri ilə birlikdə şirkətin Xocalı şəhər ərazisində yerləşən yeməkxanasının qarşısında toplanıb şirkət tərəfindən təşkil edilmiş avtomobillə Bakı şəhərinə yola düşmüşlər. Təqsirləndirilən şəxs da eyni avtomobildə olmuşdur. Avtomobil Xocalı rayonunun Əsgəran qəsəbəsinin girişində yerləşən polis postuna çatan zaman avtomobildə olan əl yüklərinin yoxlamaya təqdim etmələri xahiş olunmuşdur. Polis əməkdaşları əl yüklərini onların iştirakı ilə yoxlayan zaman Təqsirləndirilən şəxs əl yükü olan sellofan torbadan paltarların yanında bir bükümdə süngü bıçaq, bir ədəd fişəng tapançası, bir siqaret qutusu və bir büküm narkotik vasitəyə bənzər ot hissələri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin otun narkotik vasitə olmasını demiş və həmin bükümü Xocalı rayonu ərazisindən tapdığını bildirmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs polis əməkdaşları əl yükü ilə birlikdə RPŞ-yə dəvət etmişlər. Məhkəmə iclasında Şahid5 və Şahid7 iş üzrə digər Şahid6 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdilər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Xocalı RPŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-81/2-3098/2024 nömrəli məktubundan görünür ki, Xocalı RPŞ-nin PPXB-nin tağım komandiri Şahid4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan xüsusi təyinatlı təlim mərkəzində keçirilən kursa ezam edilmişdir. Buna görə də Eltac Baxışıvun məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün deyildir. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunarkən məlum oldu ki, o, 2021-ci ildən DİO-da, 2023-cü il tarixdən isə Xocalı RPŞ-nin PPXB-nin tağım komandiri vəzifəsində xidmət edir. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikasının Prezidentinin 29 oktyabr 2020-ci il tarixli, 1170 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının DİN tərəfindən verilmiş 039 nömrəli əmrin tələblərinə əsasən xx.xx.2024-cü il tarixdə Xocalı rayonunun Əsgəran qəsəbəsində yerləşən 1 nömrəli polis postuna rəhbər kimi xidmətə təyin edilmişdir. Həmin polis postuna xidmətə təyin olunan zaman qeyd olunan əmrin tələblərinə əsasən Xocalı rayonunun işğaldan azad edilmiş ərazilərinə daxil olan və həmin ərazilərdən çıxan şəxslərin sənədlərini, əşyalarını, nəqliyyat vasitələrini, eləcə də nəqliyyat vasitələrində olan əşyaları yoxlamaq kimi hüquqlarının olmasını bildirmişdir. xx.xx.2024-cü il tarixdə qeyd olunan polis postunda xidmətdə olan zaman təxminən saat 17:00 radələrində Əsgəran qəsəbəsi istiqamətindən ağ rəngli “Mercedes Sprinter” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil polis postuna yaxınlaşmış və posta çataraq saxlamışdır. Həmin avtomobilə yaxınlaşaraq sürücüyə və avtomobildə olan sərnişinlərə yerə enib sənədlərini və əl yüklərini təqdim etmələrini xahiş etmişdir. İlk olaraq sürücü özünün və avtomobilin sənədlərini təqdim etmiş, bu ardıcıllıqla bir-bir sərnişinlərin iştirakı ilə onların əl yüklərinə bxış keçirilmişdir. Təxminən 5-7 nəfər şəxsin əl yükünü və sənədlərini yoxladıqdan sonra adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs yaxınlaşıb sənədlərini və əl yükünü yoxlamaq üçün təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs yayındırıcı hərəkətləri şübhə yaratdığından sənədlərini yoxladıqdan sonra yenidən əl yükünü baxışa təqdim etməsini bir daha xahiş etmişdir. Təqsirləndirilən şəxs yoxlamadan yayınaraq kənara çəkilmək istəmiş, lakin, Təqsirləndirilən şəxs uzaqlaşmasının qarşısını alıb əl yükünə onun iştirakı ilə baxış keçirmişdir. Əl yükünün içərisində bənövşəyi rəngli torbada xırdalanmış halda qəhvəyi rəngli bitki kütləsi və içərisində siqaret dənələri olan siqaret qutusu aşkar etmişdir. Bundan əlavə əl yükünün içərisində bir ədəd fişəng tapançası və bir ədəd süngü bıçaq oluğunu müəyyən etmiş və bu səbəbdən vətəndaş RPŞ-yə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs həmin əşyaları haradan əldə etməsini soruşan zaman sonuncu cavabında Xocalı rayonu ərazisində qoyun otararkən tapmasını bildirmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əl yükü ilə birlikdə Əsgəran qəsəbəsində yerləşən Xocalı RPŞ-nin inzibati binasına getməsi təmin edildikdən sonra yenidən həmin postda xidmətə davam etmişdir. Təqsirləndirilən şəxs postda aparılan yoxlama zamanı şübhəli şəkildə yayınmağa cəhd göstərmiş və əl yükündən aşkar edilmiş əşyaları könüllü təhvil vermək niyyəti olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə haqqında” 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X6 şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçinin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə və çantasına baxış keçirtmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç nə müəyyən edilmədi. Təqsirləndirilən şəxs məxsus aşağı hissəsi göy, yuxarı hissəsi ağ rəngli olan, hər iki üzünə “EXPARGO” və “sizə yaxın karqo” sözləri yazılmış, sellofan əl yükünə baxış keçirilərkən içərisində geyim əşyalarının yanında 1 (bir) ədəd bənövşəyi rəngli sellofan paket aşkar edildi. Həmin paketdə xırdalanmış halda narkotik vasitəyə oxşar bitki kütləsi, bir ədəd içərisində 17 (on yeddi) ədəd kötük olan ağ rəngli siqaret qutusu və 1 (bir) ədəd içərisində xırdalanmış halda narkotik vasitəyə oxşar bitki kütləsi olan qəhvəyi rəngli sellofan paket aşkar edildi. Həmin bənövşəyi rəngli paket içərisindəkilərlə elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 64.99 qram olduğu müəyyən edildi. Bundan başqa Təqsirləndirilən şəxs məxsus sellofan torba olan əl yükündən 1 (bir) ədəd işarəverici tapança, 1 (bir) ədəd həmin tapaçaya məxsus patron 1 (bir) ədəd süngü-bıçaq müəyyən edilərək götürüldü. Həmin kütlədən və əşyalardan başqa çantada Təqsirləndirilən şəxs məxsus geyim əşyaları vardır. Qeyd olunanlardan başqa çantada şühbə doğuracaq əşya və ya predmet yox idi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, narkotik vasitəyə oxşar kütləni, tapançanı və süngü bıçağı Xocalı rayonu ərazisindən tapmışdır. Şəxsi axtarış süni işıqlanma şəraitində keçirildi və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs çantasından aşkar edilən ümumi çəkisi 64.99 qram narkotik vasitəyə oxşar kütlə, 1 ədəd işarəverici tapança, 1 ədəd həmin tapaçaya məxsus patron və 1 ədəd süngü-bıçaq maddi sübut kimi götürülərək saxlanılması üçün növbətçi hissəyə təhvil verildi; 13 yanvar 2024-cü il tarixli, 143/2024 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs sidiyində THC (marixuana), OPİ (heroin), AMP (amfetamin) aşkar edilməmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri Narkoloji Dispanserinin 13 yanvar 2024-cü il tarixli, 40 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 14 yanvar 2024-cü il tarixli, 16/63 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs əl yükündən aşkar edilmiş narkotik vasitə olması ehtimal edilən kütlə. Yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bənövşəyi rəngli sellofan paketdə təmiz çəkisi 7,82 qram və həmin bənövşəyi rəngli sellofan paketdə olan digər 1 (bir) ədəd qəhvəyi rəngli sellofan paketdə təmiz çəkisi 22,61 qram, ümumi təmiz çəkisi 30,43 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 30,43 qram, 0,4 qramı (hər birindən 0,2 qram) tədqiqata sərf edilmiş, 30,03 qramı qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30,4 (otuz manat qırx qəpik) manatdır; “Qətimkan tədbirinin seçilməsi haqında” 14 yanvar 2024-cü il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir; 31 mart 2022-ci il tarixli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən və müvafiq əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən "xxxx" MMC-də bağban vəzifəsinə təyin edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanasının 02 fevral 2024-cü il tarixli, 87 nömrəli məktubundan görünür ki, Cavadov X1 rayonlararası Narkoloji Xəstəxanasının narkoloji qeydiyyatında yoxdur; Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya Baş İdarəsi tərəfindən 20 fevral 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 13 fevral 2024-cü il tarixli, 77 nömrəli məktubundan görünür ki, Cavadov X1 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil; “Diskə baxış keçirilməsi haqqında” 25 mart 2024-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X6 "xxxx" MMC-nin 23 fevral 2024-cü il tarixli, BKC/LGL- 3602/24 nömrəli məktubu ilə daxil olmuş bir ədəd CD diskə baxış keçirtmişdir. Diskdə olan fayllara baxış zamanı xx.xx.2024-cü il tarixdə, eləcə də ondan əvvəlki tarixlərdə Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrənin giriş və çıxış zənglərində, eləcə də SMS və MMS mətnlərində hər hansı şübhəli hal müəyyən olunmadı; “Diskə baxış keçirilməsi haqqında” 25 mart 2024-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X6 "xxxx" MMC-nin 29 fevral 2024-cü il tarixli, AZF/LGL- 1965/24 nömrəli məktubu ilə daxil olmuş bir ədəd CD diskə baxış keçirtmişdir. Diskdə olan fayllara baxış zamanı xx.xx.2024-cü il tarixdə, eləcə də ondan əvvəlki tarixlərdə Təqsirləndirilən şəxs istifadəsində olan (077) ***-**-** və (077) ***-**-** saylı mobil nömrələrin hər birinin giriş və çıxış zənglərində, eləcə də SMS və MMS mətnlərində hər hansı şübhəli hal müəyyən olunmadı; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 04 mart 2024-cü il tarixli, 3-16-16/2-3/331 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 26 mm kalibrli, “SPŞ-44” markalı, “0744 05” nömrəli, hədəfə zədə yetirmək üçün nəzərdə tutulmayan işıq-işarəverici patronlardan istifadə etməklə atəş açmaq üçün nəzərdə tutulmuş, fişəngatan tapançadır – odlu silah hesab edilmir, sazdır, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 26 mm kalibrli olmaqla, həmin kalibrə malik, “SPŞ” (“SPŞ-43”, “SPŞ-44”) markalı siqnal tapançalarında istifadə edilmək üçün nəzərdə tutulmuş işıq-işarəverici patrondur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manatdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin məhkəmə-ballistik ekspertizasının 15 fevral 2024-cü il tarixli, 16/168 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 ədəd bıçaq və onun qını zavod üsulu ilə istehsal olunan döyüş (hərbi) təyinatlı (“Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan) bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü-bıçaqdır, soyuq silah hesab edilir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,5 (otuz bir manat əlli qəpik) manatdır; “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 29 mart 2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əl çantasından aşkar edilmiş ümumi təmiz çəkisi 30,43 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 1 (bir) ədəd işarəverici tapança, 1 (bir) ədəd həmin tapançaya məxsus patron və 1 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş döyüş (hərbi) təyinatlı bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən süngü-bıçaq maddi sübut hesab edilmiş və iş üzrə əhəmiyyət kəsb etdiyindən Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılır; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 03 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X6 müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlamışdır; Qosmalıan kənd ərazi İHN tərəfindən verilmiş AZ-İ seriyalı, 275248 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 arasında nikah 01 oktyabr 2006-cı il tarixdə 07 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Cavadova” soyadı verilmişdir; Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 aprel 2024-cü il tarixli, 1460 nömrəli arayışından görünür ki, X4 əri Bakı şəhəri, Binə qəsəbəsində qeydiyyatdadır, himayəsində əri Təqsirləndirilən şəxs və 4 uşağı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 30,43 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. CM-in 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla - üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 11-ci bəndinə əsasən soyuq silahın idman obyektlərindən kənarda saxlanılması və istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi qadağandır; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 228.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini; - cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; - himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan AZ-İİ seriyalı, 027645 nömrəli, AZ-İİ seriyalı, 822620 nömrəli və AZ-İİİ seriyalı, 916918 nömrəli doğum haqqında şəhadətnamələrin və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətləri); - qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Qosmalıan kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona CM-in 228.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, təyin olunmuş cəzalar qismən toplanılmaqla cəza müəyyən edilməli (CM-66.2), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət (12-14 yanvar 2024-cü il), azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 4 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan 30,03 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut - şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əl çantasından aşkar edilmiş 1 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş döyüş (hərbi) təyinatlı bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən süngübıçaq xüsusi müsadirə edilməlidir. Belə ki, həmin əşya Təqsirləndirilən şəxs cinayət törədilərkən istifadə etdiyi alət və vasitədir. Bu səbəbdən də CM-in 99-1.1.1-ci maddəsinin tələbləri baxımından həmin əşya xüsusi müsadirə olunmalıdır. Belə ki, sözügedən maddənin tələblərinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut - 1 (bir) ədəd işarəverici tapança və 1 (bir) ədəd həmin tapançaya məxsus patron CM-in 99-1.1-ci maddəsində sadalanan əmlaklara aid olmadığından onların barəsində xüsusi müsadirə tətbiq edilə bilməz. Lakin, yararlı olduğundan həmin əşyalar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 11 (on bir) iş saatı üçün cəmi 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət (12- 14 yanvar 2024-cü il), azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 4 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan 30,03 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş döyüş (hərbi) təyinatlı bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən süngü-bıçaq xüsusi müsadirə edilsin. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd işarəverici tapança və 1 (bir) ədəd həmin tapançaya məxsus patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə ekspertiza xərci 125,9 (yüz iyirmi beş manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 11 (on bir) iş saatı üçün cəmi 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(070)-2/2024
Xocalı Rayon Məhkəməsi Hökm — İş №1(070)-2/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver