Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu Meşəli İş № 1(070)-2/2025 17.04.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Dövlət X7 tabeliyində olan X13 Xidmətinin Qarabağ Su X1 İdarəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonunun Qiyamadınlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 29,177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən vahid tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, qəsdən vahid tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq, yəni oğurluq etmək məqsədilə xx.xx.2024-cü il tarixdə Ağdam rayonunun Mərzili kəndinin ərazisindən polis postundan keçdikdən sonra alternativ yollardan istifadə etməklə saat 13 radələrində Xocalı rayonunun Pircamal kəndinə gəlmiş, kənd ərazisində yerləşən adsız küçələrdən birində topalanmış şəkildə saxlanılan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2024-cü il tarixli 228s nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət X7 tabeliyində olan X13 Xidmətinin Qarabağ Su X1 İdarəsinin balansına verilmiş qara rəngli, 110 mm diametrli, 5,3 mm qalınlığında cəmi 975 metr uzunluqda ümumilikdə 3900 (üç min doqquz yüz) manat dəyərində olan polietilen su borularını kiçik ölçülü avtomobil ilə həmin ərazidən gizli yolla aparılmasını təmin etmək məqsədilə həmin kənd ərazisindən tapdığı əl mişarı ilə doğrayaraq ayrı-ayrı hissələrə bölərkən onun bu əməlinin ərazidə xidmət aparan polis əməkdaşının aşkar etməsi səbəbindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə əmisi oğlu Şahid2 və həmkəndlisi Şahid3 ilə növbəti gün gəzmək məqsədilə Xocalı rayonuna getmək üçün razılaşmışlar. xx.xx.2024-cü il tarixdə səhər saat 10:00 radələrində yaşadıqları kənddə görüşərək Şahid2 idarə etdiyi “Niva” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şahid3 və Şahid2lə birlikdə oradan çıxıb Xocalı rayonuna getmək üçün hərəkətə başlamışlar. Həmin şəxslərlə birlikdə Ağdam rayonunun Mərzili kəndi ərazisində yerləşən polis postundan portal icazəsi əsasında keçmiş və daha sonra alternativ yollardan istifadə edərək həmin rayonun Abdal-Gülablı kəndinə, oradan isə gəzmək məqsədilə Xocalı rayonunun Pircamal kəndinə gəlmişlər. Təxminən saat 12-13 radələrində Pircamal kəndinə gəlib orada olan küçələrdən birinin girişində dayanıb avtomobildən düşmüşlər. Bir qədər irəlilədikdən sonra küçədə üst-üstə topalanmış halda yığılmış xeyli sayda plastik su borularının olmasını görmüşdür. Həmin vaxt qeyd olunan boruların hamısını yaşadığı kənd ərazisində yerləşən əkin sahəsinə su çəkmək və artıq qalan hissəsini isə pula ehtiyacı olduğu üçün oğurlayıb satmaq niyyəti yaranmışdır. Həmin boruların hamısını Şahid2 məxsus və ya digər kiçik ölçülü minik avtomobillərilə iki və ya üç dəfə həmin kəndə gəlib aparmaq istəmişdir. Şahid3 və Şahid2 gəzmək üçün kənd ərazisində digər küçələrə doğru getmişlər. Həmin plastik su borularını kəsmək məqsədilə kənd ərazisindən əllə istifadə olunan mişar tapmış, boruların ölçüsü uzun olduğundan Şahid2 idarə etdiyi avtomobilə yerləşməsi üçün bütöv halda olan, üst-üstə düzülmüş borulardan 13 ədəd borunu mişarla kəsərək digər boruların yanına qoymuşdur. Təxminən 15-20 dəqiqə sonra əmisi oğlu Şahid4 və əmisi Şahid5 sonuncuya məxsus “VAZ-2107” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin kənd ərazisinə gəlmişlər. Onların kənd ərazisinə gələcəklərindən əvvəlcədən xəbəri olmamışdır. Qeyd olunan plastik su borularını oğurlamaq məqsədilə kəsib digərlərinin yanına toplayarkən Şahid4 və Şahid5 onu görmüşlər. Şahid4 və Şahid5 bir müddət onunla söhbət etdikdən sonra ondan ayrılıb getmişlər. Söhbət edərkən həmin plastik su borularını kəsib oğurlamaq niyyəti barədə onlara deməmişdir. Bir müddət sonra saat 13:00 radələrində polis əməkdaşı kənd ərazisinə gələrək onun olduğu yerə yaxınlaşıb oğurlamaq məqsədilə kəsərək topladığı plastik su borularını görmüşdür. Əvvəl polis əməkdaşının verdiyi suallardan yayınmaq istəmiş, lakin qeyd olunan boruları yanında olduğu üçün suallardan yayına bilməmiş və həmin boruları oğurlamaq məqsədilə kəsib toplamasını etiraf etmişdir. Təxminən 5 dəqiqə sonra Şahid2lə Şahid3, daha sonra isə Şahid5 və Şahid4 də həmin yerə gəlmişlər. Bununla bağlı polis əməkdaşı onları RPŞ-yə dəvət etmişdir. Boruları gəlir əldə etmək məqsədilə tamah niyyətilə oğurlamaq istəmişdir. Oğurluq barədə heç kimə məlumat verməmiş, başqa şəxslərin köməyindən istifadə etməmişdir. Son olaraq Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Dövlət X7 tabeliyində olan X13 Xidmətinin Qarabağ Su X1 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Zərərçəkmiş şəxs Hüquq və İnsan resursları şöbəsinin müdiri vəzifəsində işləyir. 2023cü il tarixdə həyata keçirilən antiterror əməliyyatlarından sonra X10 İdarəsinin əməkdaşları tərəfindən Xocalı rayonunun ərazisində su və kanalizasiya sahəsində mövcud infrastruktura baxış keçirilərək araşdırılmalara başlanılmışdır. Araşdırma zamanı Xocalı şəhəri və Əsgəran qəsəbəsi, Naxçıvanlı kəndi, Pircamal kəndi, Təzəbinə kəndi, köhnə Həsənabad yaşayış məntəqəsi, Ballıca kəndi, Xanabad kəndi, Daşbulaq kəndi, Badara kəndi, Mehdibəyli kəndi, Qayabaşı kəndi, Qaladərəsi kəndi, Malıbəyli kəndi, Quşçular kəndi, Dağdağan kəndi, Harov kəndi, Pirəməki kəndi, Şuşakənd kəndi, Muxtarkənd kəndi, Xanyurdu kəndi, Kosalar kəndi, Seyidbəyli kəndlərinə baxış keçirilərək inzibati binalar, su və kanalizasiya infrastrukturu (su mənbələri, su anbarları, subartezianlar), qurğu və avadanlıqları, mal və materialları (nasos qurğuları, müxtəlif diametrli metal, polietilen və şüşə lifli borular, siyirtmələr, su ölçən cihazlar, hava buraxıcıları, filtrlər) və s. xidməti istifadə üçün sənədləşdirilmişdir. Bundan sonra qeyd olunan daşınar və daşınmaz əmlakla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli, 228s nömrəli sərəncamı ilə Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarının inzibati ərazilərində yerləşən xidmət sahəsinə aid olan bütün infrastruktur Azərbaycan Dövlət X7 balansına verilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Xocalı rayonunun Pircamal kəndində olan və Zərərçəkmiş şəxs balansında olan polietilen su borularının oğurlanmasına cəhd edilmiş, lakin Xocalı RPŞ-nin əməkdaşları tərəfindən yerində qarşısı alınaraq məsuliyyətə cəlb olunmuşdur. Zərərçəkmiş şəxs balansında olan və Xocalı rayon, Pircamal kəndi ərazisində yerləşən polietilen su boruları qeyd olunan İdarənin Xankəndi şəhərində yerləşən təchizat anbarına aparılmış və mühafizə olunaraq saxlanılmaqdadır. Həmin polietilen su borularının 137 ədədinin uzunluğu 3 metr, 47 ədədinin uzunluğu isə 12 metr olmaqla cəmi 975 metr təşkil etmişdir. Son olaraq zərərçəkmiş hüquqi şəxs Azərbaycan Dövlət X7 tabeliyində olan X13 Xidmətinin Qarabağ Su X1 İdarəsinin nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələblərinin olmadığını bildirdi, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edərək bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid2 ilə növbəti gün gəzmək məqsədilə Xocalı rayonuna getməyi planlaşdırmışlar. xx.xx.2024-cü il tarixdə səhər saat 10:00 radələrində yaşadıqları Yuxarı Qiyaməddinli kəndində görüşərək Xocalı rayonuna getmişlər. Ağdam rayonunun Mərzili kəndi ərazisində yerləşən polis postundan portal icazəsi əsasında keçmiş və daha sonra alternativ yollardan istifadə edərək həmin rayonun Abdal-Gülablı kəndinə, oradan isə Xocalı rayonunun Pircamal kəndinə gəlmişlər. Onların məqsədi gəzinti olmuşdur. Onlar rayonun Pircamal kəndinə gəlib orada olan küçələrdən birinin girişində dayanmış, avtomobili saxladıqdan sonra düşüb hər biri müxtəlif istiqamətlərdə getmişlər. Avtomobilin yanında müxtəlif ölçülərdə kəsilmiş halda olan plastik su borular olmuşdur. Təqsirləndirilən şəxs avtomobildən endikdən sonra həmin boruların yanında dayanmışdır. O, ərazini gəzdikdən sonra Təqsirləndirilən şəxs əlində mişarla həmin boruları kəsərək bir yerə toplamasını görmüşdür. Təxminən 1 saat sonra kənd ərazisindən avtomobil səsi və polis avtomobil siqnalı eşitmişdir. Polis əməkdaşı Təqsirləndirilən şəxs oğurlamaq məqsədilə kəsərək topladığı plastik su boruları ilə bağlı onu RPŞ-yə dəvət etmişdir. Təqsirləndirilən şəxs həmin boruları kəsərək toplaması niyyətindən əvvəlcədən məlumatı olmamış və Təqsirləndirilən şəxs tərəfindən həmin boruların kəsilməsinə və ya toplanmasına köməklik etməmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində yaşadıqları kənddə qardaşı oğlu Şahid4 ilə görüşmüş və söhbət zamanı sonuncu işğaldan azad edilmiş ərazilərə müvafiq portal icazəsinin olmasını, lakin gəzmək üçün avtomobili olmadığından gedə bilməməsini demişdir. Həmin vaxt müvafiq portal icazəsi olduğuna görə gəzmək məqsədilə Xocalı rayonuna getməyi qərarlaşdırmış və birlikdə ona məxsus “VAZ 2107” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xocalı rayonuna gəlmək üçün hərəkətə başlamışlar. Ağdam rayonunun Mərzili kəndi ərazisində yerləşən polis postundan portal icazəsi əsasında həmin rayonun Abdal-Gülablı kəndi ərazisinə, oradan isə alternativ yoldan istifadə edərək Xocalı rayonunun Pircamal kəndi ərazisinə gəlmişlər. Kənd ərazisinə çatdıqdan sonra orada olan küçələrdən birinin girişində qardaşı oğlu Şahid2 idarə etdiyi “Niva” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Qeyd olunan avtomobilin yanında saxlamış və birlikdə həmin küçəyə daxil olmuşlar. Bir qədər hərəkət etdikdən sonra irəlidə qardaşı oğlu Təqsirləndirilən şəxs əlindəki mişarla orada olan plastik su borularını kəsərək toplayarkən görmüşlər. Bir qədər aralıda küçənin baş tərəfində Şahid3 kənd ərazisində olan fərdi yaşayış həyətlərinə daxil olaraq gəzərkən görmüşdür. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb bir neçə dəqiqə söhbət etmişlər. Daha sonra Rəhmanın olduğu yerdən kənarlaşıb kəndin daxili küçələrinə doğru getmişlər. Kənd ərazisində olan bir neçə evin həyətini gəzdikdən sonra avtomobil səsləri eşidib avtomobilini saxladığı küçəyə doğru gəlmişdir. Gələn zaman Təqsirləndirilən şəxs yanında polis əməkdaşının, Şahid3 və Şahid2 orada olmasını görmüşdür. Polis əməkdaşı Təqsirləndirilən şəxs oğurlamaq məqsədilə kəsib topladığı plastik su boruları ilə bağlı onları RPŞ-yə dəvət etmişdir. Təqsirləndirilən şəxs su borularını kəsərək toplaması niyyətindən əvvəlcədən məlumatı olmamış və bu barədə sonuncuya köməklik etməmişdir. Məhkəmə iclasında Şahid4 iş üzrə digər Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, 2019-cu il tarixdən Xocalı RPŞ-nin PPXB-nin polis nəfəri, 2024-cü il tarixdən isə PPXB-nin manqa komandiri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində xidməti zərurətlə bağlı Xocalı rayonunun Naxçıvanlı-Pircamal kəndləri ərazisində gəzən zaman Pircamal kəndi ərazisində avtomobillərin olduğunu görmüş və həmin avtomobillərin olduğu yerə yaxınlaşmışdır. Orada “Niva” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı və “VAZ 2107” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillər olmuşdur. Qeyd olunan avtomobillərin yaxınlığında adını sonradan bildiyi Təqsirləndirilən şəxs kənd ərazisində olan plastik su borularını mişarla kəsərək toplamasını görmüş, sonuncuya yaxınlaşaraq nə etməsini soruşmuşdur. Təqsirləndirilən şəxs ilk öncə yayındırıcı cavablar vermək istəmiş, lakin hadisə yerində olduğundan və həmin vəziyyətdə yaxalandığından yayınmaqdan imtina edərək plastik boruları oğurlamaq istədiyini bildirmişdir. O, dərhal bu barədə rəhbərliyə məlumat vermişdir. Daha sonra orada olan avtomobillərin kimə məxsus olmasını soruşduqda Təqsirləndirilən şəxs həmkəndlilərinə məxsus olmasını bildirmişdir. Həmin şəxslərin oraya toplaşmasını təmin etmək məqsədilə xidməti avtomobilin səs siqnalından istifadə etmişdir. Hadisə yerinə sonradan adlarını öyrəndiyi Şahid2, Şahid3, daha sonra isə Şahid5 və Şahid4 yaxınlaşmış, həmin şəxslər kənd ərazisindən hər hansı əşya və ya predmet oğurlamamışdır. Yəni sonradan oraya yaxınlaşan adları qeyd olunmuş şəxslərin üzərində və avtomobillərində hər hansı əlavə əşya olmamışdır. Daha sonra həmin şəxslərin hamısı RPŞ-yə dəvət olunmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2025-ci il tarixdə Şahid2 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasına səhhəti ilə bağlı gələ bilməyəcəyini və verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, Xocalı rayonunun Xanabad kəndində daimi qeydiyyatda olmaqla, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə əmisi oğlu Təqsirləndirilən şəxs və həmkəndlisi Şahid3 ilə növbəti gün gəzmək məqsədilə Xocalı rayonuna getməyi planlaşdırmışlar. xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində yaşadıqları Yuxarı Qiyaməddinli kəndində görüşmüş və etibarnamə əsasında idarə etdiyi “Niva” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şahid3 və Təqsirləndirilən şəxslə birlikdə oradan çıxıb Xocalı rayonuna getmək üçün hərəkətə başlamışlar. İdarə etdiyi avtomobillə qeyd olunan şəxslərlə birlikdə Ağdam rayonunun Mərzili kəndi ərazisində yerləşən polis postundan portal icazəsi əsasında keçmiş və daha sonra alternativ yollardan istifadə edərək həmin rayonun Abdal-Gülablı kəndinə, oradan isə Xocalı rayonunun Pircamal kəndinə gəlmişlər. Belə ki, Xocalı rayon qeydiyyatında olduğundan “Böyük Qayıdış” planı ilə əlaqədar həmin kənd ərazilərinə köçürüləcəyi barədə məlumat aldığından həmin yerləri gəzmək istəmişdir. Onlar rayonun Pircamal kəndinə gəlib orada olan küçələrdən birinin girişində dayanmış, avtomobili saxladıqdan sonra düşüb hər biri müxtəlif istiqamətlərdə getmişlər. Avtomobilin yanında müxtəlif ölçülərdə kəsilmiş halda olan plastik su boruları olmuşdur. Təqsirləndirilən şəxs avtomobildən endikdən sonra həmin boruların yanında dayanmışdır. O, ayağında protez olduğundan yavaş hərəkət edərək oradan bir az uzaqlaşıb evləri gəzmişdir. Evlərin həyətindən digərinə keçən zaman Təqsirləndirilən şəxs əlində mişarla həmin boruları kəsərək bir yerə toplamasını görmüşdür. Təxminən 1 saat sonra kənd ərazisindən avtomobil səsi və polis avtomobil siqnalı eşidib Şahid3lə birlikdə Təqsirləndirilən şəxs yanına gəlmişlər. Həmin yerə çatdıqda polis əməkdaşlarının Təqsirləndirilən şəxs yanında olmasını görmüşlər. Bir az sonra kənd ərazisindən küçədən əmisi Şahid5 və qardaşı Şahid4 də onların olduqları yerə yaxınlaşmışlar. Polis əməkdaşı Təqsirləndirilən şəxs oğurlamaq məqsədilə kəsərək topladığı plastik su boruları ilə bağlı onu RPŞ-yə dəvət etmişdir. Təqsirləndirilən şəxs həmin boruları kəsərək toplaması niyyətindən əvvəlcədən məlumatı olmamış və Təqsirləndirilən şəxs tərəfindən həmin boruların kəsilməsinə və ya toplanmasına köməklik etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 14 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X2 Etibar Sabir oğlunun, Şahid5, Təqsirləndirilən şəxs, Şahid2, Şahid3 və hal şahidlərinin iştirakı ilə Xocalı rayonunun Pircamal kəndində plastik su borularının yerləşdiyi küçəyə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən ərazi Xocalı rayonunun Pircamal kəndinin küçələrindən biridir. Baxış zamanı Xocalı rayonunun Pircamal kəndində yerləşən həmin küçədən 47 ədəd hər biri 12 metr olan və 137 ədəd hər biri 3 metr olan plastik su boruları, eləcə də həmin boruların kəsilməsində istifadə olunan əl mişarı aşkar edilmişdir. Eyni zamanda qeyd olunan plastik su borularının yaxın zaman ərzində kəsilməsi və həmin ərazidə kəsilmiş su borularının qalıqları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs izahatında bildirmişdir ki, kənd ərazisinə daxil olduqdan sonra bütöv və kəsilmiş halda plastik su boruları görmüş, qeyd olunan boruları oğurlayıb satmaq məqsədilə avtomobilə yerləşəcək uzunluqda kəsərək digər boruların yanına qoymuşdur. Həmçinin yaxınları Şahid4 və Şahid5 də kənd ərazisinə gəldikdə Təqsirləndirilən şəxs boruları kəsərək toplamasını görmüşdür. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Aşkar edilmiş borular Qarabağ Su X1 İdarəsinin Xankəndi şəhərində yerləşən anbarına saxlanca verilmişdir; 14 noyabr 2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə Xocalı rayonunun Pircamal kəndində Təqsirləndirilən şəxs tərəfindən kəsilib toplanılmaqla oğurlamağa cəhd edilən 137 (yüz otuz yeddi) ədəd 3 metr ölçüdə və 47 (qırx yeddi) ədəd 12 metr ölçüdə olmaqla, ümumilikdə 975 (doqquz yüz yetmiş beş) metr olan, qara rəngli, 110 mm diametrli polietilen boru saxlanılması məqsədilə Azərbaycan Dövlət X7 tabeliyində olan X13 Xidmətinin Qarabağ Su X1 İdarəsinin Xankəndi şəhərində yerləşən anbarına yerləşdirilməsi üçün İdarənin əməkdaşına təhvil verilmişdir; Azərbaycan Dövlət Su X3 X13 Xidməti publik hüquqi şəxsin Qarabağ Su X1 İdarəsinin 21 noyabr 2024-cü il tarixli, 1026-04/MA nömrəli məktubuna əlavə edilmiş 21 noyabr 2024-cü il tarixli aktdan görünür ki, X10 İdarəsinin baş mühəndisi X16, Abonentlərlə iş şöbəsinin rəisi X5, İstehsalat şöbəsinin rəisi X6, KİNKTİŞ-in rəisi X11, bu aktı tərtib etmişlər ondan ötəri ki, 2023-cü il tarixində antiterror əməliyyatından sonra X10 İdarəsinin əməkdaşları tərəfindən Xocalı rayonunun ərazisində su və kanalizasiya sahəsində mövcud infrastruktura baxış keçirilərək araşdırmalara başlanılmışdır. Araşdırma zamanı Xocalı rayonu və kəndləri: Əskəran qəsəbəsi, Naxçıvanlı kəndi, Pircamal kəndi, Təzə Binə kəndi, Həsənabad kəndi, Ballıca kəndi, Xanabad kəndi, Daşbulağ kəndi, Badara kəndi, Mehdibəyli kəndi, Qayabaşı kəndi, Qaladərəsi kəndi, Malıbəyli kəndi, Quşçular kəndi, Dağdağan kəndi, Harov kəndi, Pirəməki kəndi, Şuşakənd, Muxtarkənd, Xanyurdu kəndi, Kosalar kəndi, Seyidbəyli kəndlərinə baxış keçirilərək inzibati binalar, su və kanalizasiya infrastrukturu (su mənbələri, su anbarları, subartezianlar), qurğu və avadanlıqlar, mal və materiallar (nasos qurğuları, müxtəlif diametrli metal, polietilen və şüşə lifli borular, siyirtmələr, suölçən cihazlar, hava buraxıcıları, filtirlər) və s. xidməti istifadə üçün sənədləşdirilmişdir. Bundan sonra qeyd olunan daşınar ve daşınmaz əmlakla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 228s nömrəli, xx.xx.2024-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarının inzibati ərazilərində yerləşən xidmət sahəsinə aid olan bütün infrastruktur Azərbaycan Dövlət X7 balansına verilmişdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2024-cü il tarixli, 228s nömrəli Sərəncamının 1-ci bəndinə əsasən Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarının ərazisində yerləşən və əlavədə göstərilən daşınmaz əmlak (onlara aid daşınar əmlaklarla birlikdə) Azərbaycan Dövlət X7 balansına qəbul edilmişdir; “Tədqiqat üçün nümunələrin götürülməsi haqqında” 22 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X2 Rəhman Vəliyəddin oğlunun, Nümayəndə iştirakı ilə ümumi uzunluğu 975 metr olan borulardan seçmə üsulu ilə birinin uc hissəsi mişar vasitəsilə kəsilməklə ondan 20 metr götürülmüşdür; Azərbaycan Dövlət Su X3 X13 Xidməti publik hüquqi şəxsin Qarabağ Su X1 İdarəsinin 25 noyabr 2024-cü il tarixli, 1026-05/MA nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2024-cü il tarixli, 228s nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət X7 balansına verilmiş Xocalı rayonunun Pircamal kəndindən götürülən su boruları Qarabağ Su X1 İdarəsinin Xankəndi şəhərində yerləşən Təchizat anbarına aparılaraq mühafizə olunaraq saxlanılır. Qeyd olunan polietilen su borularının 137 ədədinin uzunluğu 3 metr, 47 ədədinin uzunluğu 12 metr olmaqla, cəmi 975 metr təşkil edir. Polietilen su borusunun 1 metrinin bazar qiyməti 5 manat 46 qəpikdir; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 12 fevral 2025-ci il tarixli, 18-1-23/2-145/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda deyil; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2025-ci il tarixli, 9/10484 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən, nümunəsi təqdim edilmiş, qara rəngli, 110 mm diametrli, təxminən 5,3 mm qalınlığında polietilen borunun təzə vəziyyətdə 975 metrinin 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3900 (975 metr x 4 manat) manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır; “Maddi sübut hesab edilməsi haqqında” 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xocalı rayonunun Pircamal kəndi ərazisində yerləşən küçədən oğurlamağa cəhd etdiyi 137 (yüz otuz yeddi) ədəd 3 m ölçüdə və 47 (qırx yeddi) ədəd 12 m ölçüdə olmaqla, ümumilikdə 975 (doqquz yüz yetmiş beş) metr olan, qara rəngli, 110 mm diametrli, təxminən 5,3 mm qalınlığında polietilen boru və həmin boruların kəsilməsində istifadə olunan əl mişarı maddi sübut hesab edilmişdir. Borular Azərbaycan Dövlət X7 tabeliyində olan X13 Xidmətinin Qarabağ Su X1 İdarəsinin Xankəndi şəhərində yerləşən Təchizat anbarında, əl mişarı isə Xocalı RPŞ-nin maddi sübutlar otağında mühafizə olunaraq saxlanılır; “Qətimkan tədbirinin seçilməsi haqqında” 26 fevral 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 26 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin baş müstəntiqi X12 müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlamışdır. Bu zaman Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Dövlət X7 tabeliyində olan X13 Xidmətinin Qarabağ Su X1 İdarəsinin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs müəssisəyə dəymiş ziyanı ödəmişdir, şikayəti yoxdur. Təqsirləndirilən şəxs ilə barışmışlar, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 29,177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır; 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. CM-in: 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur; 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 29,177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - 4 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını (əsas: iş materiallarında olan Ağcabədi RİHB-nin Yuxarı Qiyaməddinli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 25 fevral 2025-ci il tarixli, 106 nömrəli arayış, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətləri) - zərərçəkmiş hüquqi şəxs Azərbaycan Dövlət X7 tabeliyində olan X13 Xidmətinin Qarabağ Su X1 İdarəsinə vurulmuş ziyanı ödəməsini və hüquqi şəxsin (nümayəndəsinin) ona qarşı şikayət və tələbinin olmamasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Ağcabədi RİHB-nin Yuxarı Qiyaməddinli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs CM-in 49.4-cü maddəsinin təsir dairəsinə düşmür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 29,177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd əl mişarı Təqsirləndirilən şəxs tərəfindən işğaldan azad olunmuş ərazidən tapılaraq cinayətin törədilməsində alət kimi istifadə olunmuşdur. Bu səbəbdən də CM-in 99-1.1.1-ci maddəsinin tələbləri baxımından həmin əl mişarı xüsusi müsadirə olunmalıdır. Belə ki, sözügedən maddənin tələblərinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə maddi sübut - 137 (yüz otuz yeddi) ədəd 3 metr ölçüdə və 47 (qırx yeddi) ədəd 12 metr ölçüdə olmaqla, ümumilikdə 975 (doqquz yüz yetmiş beş) metr, qara rəngli, 110 mm diametrli, təxminən 5,3 mm qalınlığında olan polietilen boruların qanuni sahibi Azərbaycan Dövlət X7 tabeliyində olan X13 Xidmətinin Qarabağ Su X1 İdarəsinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 hesaba keçirilməlidir. Məhkəmə, həmçinin müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 6 (altı) iş saatı üçün cəmi 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 137 (yüz otuz yeddi) ədəd 3 metr ölçüdə və 47 (qırx yeddi) ədəd 12 metr ölçüdə olmaqla, ümumilikdə 975 (doqquz yüz yetmiş beş) metr, qara rəngli, 110 mm diametrli, təxminən 5,3 mm qalınlığında olan polietilen boruların qanuni sahibi Azərbaycan Dövlət X7 tabeliyində olan X13 Xidmətinin Qarabağ Su X1 İdarəsinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd əl mişarı xüsusi müsadirə olunsun. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatı üçün cəmi 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(070)-2/2025
Xocalı Rayon Məhkəməsi Hökm — İş №1(070)-2/2025
17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver