Məhkəmə qərarları › İş №1(070)-3/2024

Xocalı Rayon Məhkəməsi Qərar — İş №1(070)-3/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 1(070)-3/2024 21.08.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Füzuli rayonunun Güzlək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Aşağı Güzlək kəndində qeydiyyatda olan, Füzuli rayonu, “Qayıdış-1” qəsəbəsi, 128 nömrəli evdə yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Corolla” markalı, 77XU542 dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərək qeyd olunan avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə 8 dekabr 2023-cü il tarixdə saat 17 radələrində “Zəfər yolu”nun Xocalı rayonunun Baharlı kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka ziyan vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda həmin tələblərə riayət etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, əməlinin ictimai təhlükəli xarakterini dərk edib, əməlinin insanların ağır dərəcəli bədən xəsarətinə səbəb olacağı imkanını qabaqcadan görüb, lakin, kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edib cinayətkarcasına özünə güvənərək, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bunları etməyərək qeyd edilən qaydaları pozmaqla, ehtiyatsızlıqdan idarəetməni itirib avtomobilin yolun sol tərəfindəki beton maneəyə dəyməsi nəticəsində həmin vaxt idarə etdiyi avtomobilin ön sağ oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 bazu sümüyünün aşağı ucunun sınığı, C5 fəqərəsinin sınığı ilə müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, avtomobilin arxa oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 döş qəfəsinin dəqiqləşdirilməmiş travması, qabırğaların çoxsaylı sınıqları ilə müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə edərkən pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ağır dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin sentyabr ayından 2024-cü ilin fevral ayına qədər Azərbaycan Respublikası Minatəmizləmə Agentliyində sürücü işləmişdir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid1 və Şahid2 onunla eyni yerdə işlədikləri üçün tanımış və aralarında heç bir ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə işlədiyi Laçın rayonu ərazisində olarkən həmin gün cümə günü olduğundan iş saatının sonunda yaşadığı ünvana getmək üçün ona icazə verilmiş, həmin vaxt etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” markalı, 77XU542 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə getmək üçün saat 16 radələrində işlədiyi Laçın rayonundan yola düşmək qərarına gəlmişdir. Həmin vaxt onunla eyni yerdə işləyən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid1 Bakı şəhərinə, Şahid2 isə Biləsuvar rayonuna getməli olduğunu bildirmiş və ondan avtomobillə aparmağını xahiş etmişlər. Avtomobilin yanacağını almağa köməklik etmək müqabilində onlarla razılaşmışdır. Həmin vaxt saat təxminən 16 radələrində Laçın rayonundan idarə etdiyi avtomobillə yola düşmüşdür. Avtomobildə ön sərnişin oturacağında Zərərçəkmiş şəxs1, arxa oturacaqda isə Şahid1, Şahid2 və Zərərçəkmiş şəxs2 əyləşmişlər. Yolda olan zaman hava duman və çiskinli olmuş, “Zəfər yolu” sərt enişli və yoxuşlu olduğundan tez-tez əyləc sistemindən istifadə etmişdir. Xocalı rayonunun Baharlı kəndi ərazisində yolun sərt enişli və döngəli hissəsində avtomobilin sürətləndiyini hiss edib qarşısını almaq üçün sürətlər qutusunu 3-cü pillədən 2-ci pilləyə keçirmişdir. Nəticədə avtomobil daha da sürətlənmiş və idarəetməni itirmişdir. Həmin vaxt avtomobil yolda digər hərəkət zolağına keçib yolun sol kənarına düzülmüş beton piltələrə çırpılaraq dayanmışdır. Hadisə zamanı avtomobilin hava şarları açılmış və o, alın nahiyəsindən xəsarəti almışdır. Qəza zamanı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 sağ qol və boyun nahiyəsindən, Zərərçəkmiş şəxs2 qabırğasından xəsarət almış, Şahid2 və Şahid1 isə heç bir xəsarət almamışlar. Daha sonra avtomobildən çıxmış və hadisə yerinə çağrılmış təcili tibbi yardım avtomobili ilə Füzuli rayon mərkəzi xəstəxanasına aparılmışdır. Həmin vaxt avtomobilin texniki vəziyyətində heç bir nasazlıq olmamış, avtomobil texniki cəhətdən saz olmuşdur. Son olaraq Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməsini, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2023-cü ilin avqust ayından Azərbaycan Respublikası Minatəmizləmə Agentliyində mina axtaran işləyir. Təqsirləndirilən şəxs da eyni yerdə sürücü işləmiş, aralarında heç bir ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə cümə günü həftənin son iş günü olduğundan yaşadığı ünvana getməli olmuşdur. Həmin gün saat təxminən 16 radələrində Təqsirləndirilən şəxs ilə pul qarşılığında Bakı şəhərinə getmək üçün razılaşmışdır. Buna görə də Zərərçəkmiş şəxs2, Şahid2 və Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Carolla” markalı, 77XU542 dövlət qeydiyyat nişanlı avtomobillə işlədikləri Laçın rayonundan Bakı şəhərinə yola düşmüşlər. Həmin vaxt hava duman və çiskinli olmuş, Təqsirləndirilən şəxs hərəkət zamanı avtomobili yol şəraitinə uyğun sürətdən yüksək sürətlə idarə etmişdir. O və avtomobildə olan sərnişinlər dəfələrlə Təqsirləndirilən şəxs aşağı sürətlə hərəkət etməsini desələr də sonuncu surəti bir müddət azaldıb yenidən artırmışdır. Belə ki, Təqsirləndirilən şəxs avtomobilin təxminən 80-90 km/saat sürətlə idarə etmişdir. Xocalı rayonu ərazisində, “Zəfər Yolu”nun sərt enişli və döngəli hissəsində Təqsirləndirilən şəxs döngəyə çatan vaxt əyləcdən istifadə etmiş və avtomobil sürüşərək yoldan sol tərəfə çıxıb yolun kənarına düzülmüş beton piltələrə çırpılmışdır. Hadisə vaxtı avtomobilin ön sərnişin oturacağıda əyləşdiyindən avtomobil piltələrə çırpılarkən hava şarı açılaraq onun üz nahiyəsinə çırpılmış, nəticədə boyun fəqərəsi sınmışdır. Daha sonra sağ qolunun da işləmədiyini görmüşdür. Əlixan Əlili və Şahid1 onu avtomobilin içərisindən çıxarmışlar və hadisə yerinə çağrılmış təcili tibbi yardım avtomobili ilə Füzuli RMX-ya aparılmışdır. Yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb Təqsirləndirilən şəxs avtomobili yol şəraitinə uyğun sürətdən artıq sürətlə idarə etməsi və sərt döngəyə çatmamışdan əvvəl deyil, çatan zaman əyləc sistemindən istifadə etməsi olmuşdur. Son olaraq Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2023-cü ilin avqust ayından Azərbaycan Respublikası Minatəmizləmə Agentliyində mina axtaran işləyir. Təqsirləndirilən şəxs eyni yerdə sürücü işləmişdir və aralarında heç bir ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə cümə günü həftənin son iş günü olduğundan ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərinə getməli olmuşdur. Həmin gün saat təxminən 16 radələrində Təqsirləndirilən şəxs ilə pul qarşılığında Bakı şəhərinə getmək üçün razılaşmışdır. Buna görə də Zərərçəkmiş şəxs1, Şahid2 və Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Carolla” markalı, 77XU542 dövlət qeydiyyat nişanlı avtomobillə işlədikləri Laçın rayonundan Bakı şəhərinə yola düşmüşlər. Təqsirləndirilən şəxs hərəkət zamanı avtomobili təxminən 80-90 km/saat sürətlə idarə etmişdir. Hətta, hadisədən öncə ön sərnişin oturacağında əyləşən Zərərçəkmiş şəxs1 yol boyu dəfələrlə Təqsirləndirilən şəxs aşağı sürətlə idarə etməsini bildirsə də Təqsirləndirilən şəxs narahat olmamağı bildirib olduğu sürətlə idarə etmişdir. Xocalı rayonu ərazisində, “Zəfər Yolu”nun sərt enişli və döngəli hissəsində Təqsirləndirilən şəxs döngəyə çatan vaxt əyləcdən istifadə etmiş və avtomobil sürüşərək yoldan sol tərəfə çıxarıb yolun kənarına düzülmüş beton piltələrə çırpılmışdır. Hadisə zamanı onun qabırğaları sınmışdır. Daha sonra onlar avtomobilin içərisindən çıxmış və hadisə yerinə çağrılmış təcili tibbi yardım avtomobilləri ilə Füzuli RMX-ya aparılmışlar. Yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb Təqsirləndirilən şəxs avtomobili yol şəraitinə uyğun sürətdən artıq sürətlə idarə etməsi olmuşdur. Son olaraq Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyində mina axtaran vəzifəsində işləyir. Təqsirləndirilən şəxs da onunla eyni yerdə sürücü işləmiş və aralarında heç bir ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə cümə günü həftənin son iş günü olduğundan yaşadığı ünvana getmək üçün saat təxminən 16 radələrində Təqsirləndirilən şəxs ilə Füzuli rayonunun Horadiz qəsəbəsinə getmək üçün razılaşmışdır. Buna görə də Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Carolla” markalı, 77XU542 dövlət qeydiyyat nişanlı avtomobillə işlədikləri Laçın rayonundan Füzuli rayonuna yola düşmüşlər. Həmin vaxt hava duman və çiskinli olmuşdur. Xocalı rayonu ərazisində enişli yolda hərəkət edərkən Təqsirləndirilən şəxs avtomobilin sürətlənməsinin qarşısını almamış və avtomobil yolun sol kənarında düzülmüş beton piltələrə çırpılmışdır. Hadisə zamanı baş və bədəninin müxtəlif nahiyələri avtomobilin salonunun sərt yerlərinə dəysə də o, heç bir xəsarət almamışdır. Daha sonra onlar avtomobilin içərisindən çıxmış və hadisə yerinə çağrılmış təcili tibbi yardım avtomobilləri ilə Füzuli RMX-ya aparılmışlar. Yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb Təqsirləndirilən şəxs avtomobili dumanlı hava şəraitində görünmə məsafəsinin az olduğu enişli yolda həmin şəraitə uyğun sürətdən artıq sürətdə idarə etməsi olmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2024-vü il tarixdə iş üzrə Şahid2 məhkəməyə ərizə ünvanlayaraq işləri səbəbindən məhkəməyə gələ bilmədiyini qeyd etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyində mina axtaran işləyir. xx.xx.2024-cü il tarixdə cümə günü həftənin son iş günü saat təxminən 16 radələrində Təqsirləndirilən şəxs ilə Füzuli rayonu, Horadiz qəsəbəsinə getmək üçün razılaşmışdır. Buna görə də o, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Carolla” markalı, 77XU542 dövlət qeydiyyat nişanlı avtomobillə işlədikləri Laçın rayonundan Füzuli rayonuna yola düşmüşlər. Həmin vaxt işdən yorğun çıxdığından avtomobilin arxa oturacağında əyləşən zaman yatmışdır. Avtomobilin enişli yolda hərəkət edərkən yolun kənarında düzülmüş beton piltələrə çırpılarkən qəza olmasını bilmişdir. Hadisə zamanı heç bir xəsarət almamışdır. Daha sonra avtomobilin içərisindən çıxmış və hadisə yerinə çağrılmış təcili tibbi yardım avtomobilləri ilə Füzuli RMX-ya aparılmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 08 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin təhqiqatçısı X1 RPŞ-nin DYPB-nin rəisi Ramin Əliyevin, Təqsirləndirilən şəxs hal şahidləri X6 və X2 iştirakları ilə hadisə yerinə baxış keçirtmişdir. Hadisə yeri Xocalı rayonunun Baharlı kəndi ərazisidir. Yolun hərəkət hissəsi enişli, örtüyünün növü asfaltbeton, örtüyün vəziyyəti yaş, hərəkət zolaqlarının sayı 2 (iki), hərəkət hissəsinin eni 11 metrdir. Hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətti vardır. Hərəkət hissəyə birləşir: sağdan yol çiyni 2 m, sonra beton pillələr; soldan 1 m, sonra “V” şəkilli beton kanal. Sağdan və soldan meşə massivi mövcuddur. Hərəkətin nizamlanma üsulu: maksimum sürət 50 km/saat. Yol nişanları zonası və yol işıqlandırılmır. Toqquşma yeri koordinatları: solda 1 m, sağda 2 m. Toqquşan nəqliyyat vasitəsinin hadisədən əvvəlki hərəkət istiqaməti Xocavənd rayonu olmuşdur. Nəqliyyat vasitəsi (“Toyota Corolla” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil) 4 m yolun kənarında yoldan kənara çıxaraq üzü Füzuli rayonu istiqamətində beton pillələrə dəyərək dayanmışdır. Avtomobilin ön hissəsi əzilmişdir; 08 dekabr 2023-cü il tarixli, İN 642048 nömrəli alkotesterin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs həmin vaxt ayıq olmuşdur (alkoqolun miqdarı 0%); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2024-cü il tarixli, 3-16-16/2-8/3875 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Corolla” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X8 Publik hüquqi şəxsin 15 dekabr 2023-cü il tarixli, 858 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin dəqiqləşdirilməmiş travması, qabırğaların çoxsaylı sınıqları bərk küt əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid edilir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X8 Publik hüquqi şəxsin 28 fevral 2024-cü il tarixli, 166 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - bazu sümüyünün aşağı ucunun sınığı, C5 fəqərəsinin sınığı bərk küt əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid edilir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 25 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin İmişli RQİTBŞ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AE seriyalı, 824442 nömrəli sürücülük vəsiqəsinin sürətindən görünür ki, BC kateqoriyalı sürücülük vəsiqəsi Təqsirləndirilən şəxs məxsusdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Qİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **- XU-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” minik markalı nəqliyyat vasitəsi X9 mülkiyyətindədir; “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” 16 may 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X14 mülkiyyətində olan **-XU-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” minik markalı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini 06 fevral 2030-cu il tarixinədək Təqsirləndirilən şəxs etibar etmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 15 may 2024-cü il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X10 müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlamışdır. Bu zaman Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Füzuli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 27 may 2024-cü il tarixli, 18-1-36/2-593/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon X4- Əsəb və Nakoloji Dispanserində qeydiyyatda olmamışdır; “Sübutların qiymətləndirilməsi haqqında” 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Toyota Corolla” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmışdır; 27 iyun 2024-cü il tarixli qəbzdən görünür ki, “Toyota Corolla” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün Təqsirləndirilən şəxs verilmişdir; Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır və ona vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır və ona vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. CM-in 263.1 və 263.1-1-ci maddələrinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxslərə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslərlə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut - “Toyota Corolla” markalı, **-XU- *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs əməlində olan inzibati xəta tərkibinin əlamətlərinə hüquqi qiymət verilməsi məqsədi ilə müvafiq materiallar Xocalı rayon prokurorluğuna göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut - “Toyota Corolla” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməlində olan inzibati xəta tərkibinin əlamətlərinə hüquqi qiymət verilməsi məqsədi ilə müvafiq materiallar Xocalı rayon prokurorluğuna göndərilsin. Qərardan elan edildiyi gündən 20 gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar