Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu Meşəli İş № 1(070)-4/2024 21.08.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonunun Arbatan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama, daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, təxminən 2024-cü ilin mart ayının sonlarında Xankəndi şəhəri ərazisində olarkən müvəqqəti yaşadığı sahibsiz mənzildən ümumi təmiz çəkisi xeyli miqdar təşkil edən, yəni 39,33 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı tapmaqla satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 20 aprel 2024-cü il tarixdə özü ilə yaşadığı Bakı şəhərinə aparmaq məqsədilə etibarnamə əsasında idarə etdiyi “Volkswagen” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin motorxanasına yerləşdirib həmin avtomobillə daşıyaraq Bakı şəhərinə apararkən həmin gün saat 16 radələrində Xocalı rayonunun Əsgəran qəsəbəsində 1 nömrəli polis postunda Xocalı RPŞ-nin əməkdaşları tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikasının Prezidentinin 29 oktyabr 2020-ci il tarixli, 1170 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının DİN tərəfindən verilmiş 039 nömrəli əmrin tələbinə əsasən avtomobilə baxış keçirilərkən şübhələr olduğuna görə Xocalı RPŞ-nin inzibati binasına dəvət edilərək gətirilib üzərində və idarə etdiyi avtomobildə şəxsi axtarış və götürmə aparılarkən avtomobilin motorxanasında havalandırma borusunun plastik barmaqlıqlarının alt hissəsindən aşkar edilmiş 1 (bir) ədəd şəffaf polietilen torbanın içərisində və həmin torbanın içərisində olan 1 (bir) ədəd “Magna” adlı siqaret qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 28,68 qram, 10,65 qram ümumi təmiz çəkisi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanununa əsasən xeyli miqdar təşkil edən, yəni 39,33 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir ildir "xxxx" MMC-də sahə rəhbəri vəzifəsində işləyir. 2024-cü ilin mart ayından Xankəndi şəhər ərazisində “ABB” bankın inzibati binasında təmir işləri ilə məşğul olmaq məqsədilə həmin yerə ezam olunmuşdur. Bununla bağlı o, Xankəndi şəhərində 5 nəfər iş yoldaşları ilə birlikdə eyni evdə yaşamışdır. O, Xankəndi şəhərində qaldığı evdə mətbəx mebelinin üzərini təmizləyən zaman alüminium falqaya bükülmüş halda bitki kütləsi tapmışdır. Həmin kütləni açıb içərisinə baxan zaman narkotik vasitəyə bənzətmiş və bir ədəd siqaret çubuğunun içərisinə bir az dolduraraq istifadə etmişdir. Bundan sonra narkotik vasitə olmasını bilmiş və onun bir hissəsini siqaret qutusuna doldurub, qalan hissəsini sellofan torbaya töküb birgə şəkildə yenidən mətbəx mebelinin üzərində gizlətmişdir. xx.xx.2024-cü il tarixdə belində ağrılar olduğundan yaşadığı Bakı şəhərinə getməli olmuş, gizlətdiyi bükümü avtomobilinin motorxanasında havalandırma barmaqlığının altında gizlətmişdir. Təxminən saat 16 radələrində iş yoldaşı Şahid1 ilə birlikdə idarə etdiyi “Volswagen Passat” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xankəndi şəhərindən Bakı şəhərinə gedərkən Xocalı rayonunun Əsgəran qəsəbəsində yerləşən polis postunda saxlanılaraq avtomobili və sənədləri yoxlamaya təqdim etməsi xahiş olunmuşdur. Sənədləri təqdim etdikdən sonra avtomobili yoxlamaya təqdim etmişdir. İlk öncə polis əməkdaşı tərəfindən avtomobilin yük yeri, salonu yoxlanılmış, daha sonra avtomobilin motorxanasının qapağını açmağı xahiş edilmişdir. O, motorxananın qapağını açdıqdan sonra polis əməkdaşı havalandıma barmaqlığının altında sellofan torbada nə olmasını soruşmuş, həmin bükümün şəxsi əşyası olmasını bildirmişdir. Polis əməkdaşı təkidlə yenidən nə olmasını soruşan zaman o, həmin bükümün içərisində narkotik vasitə olmasını bildirmişdir. Həmin vaxt polis əməkdaşları bununla bağlı onları Xocalı RPŞ-yə dəvət etmişlər. RPŞ-də aparılan şəxsi axtarış zamanı həmin büküm avtomobildən götürülərək qablaşdırılmışdır. Narkotik vasitədən bir dəfə həmin narkotik vasitəni tapdığı vaxt istifadə etmiş, tapdığı narkotik vasitə barədə heç kimə məlumat verməmiş, eləcə də polis postunda yoxlanış olmadığı halda həmin narkotik vasitəni polis əməkdaşlarına vermək fikri olmamışdır. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, etdiyi əməldən peşmandır. Himayəsində 1 azyaşlı uşağı vardır və ailənin yeganə qazanc gətirən mənbəyi odur. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, "xxxx" MMC-də malyar işləyir. Xankəndi şəhər ərazisində tikilən “ABB” bankın filialının təmiri ilə məşğul olduğundan Xankəndi şəhərində yerləşən evlərin birində 5 nəfər işçi ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs da onunla eyni yerdə işləmiş və Xankəndi şəhərində eyni mənzildə qalmışdır. Təqsirləndirilən şəxs bel nahiyəsində ağrılar olduğundan xx.xx.2024-cü il tarixdə yaşadığı Bakı şəhərinə getmək qərarına gəlmişdir. O da yaşadığı Bakı şəhərinə getmək üçün Təqsirləndirilən şəxs məxsus “Volkswagen” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə getmək üçün Xankəndi şəhərindən yola çıxmışdır. Saat təxminən 16 radələrində Xocalı rayonunun Əsgəran qəsəbəsində yerləşən polis postunda sənədlər və avtomobil iştirakı ilə yoxlanılan zaman polis əməkdaşı tərəfindən motorxananın içərisindən sellofan torbaya bükülmüş halda narkotik vasitəyə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin şəxsi əşyası olmasını bildirərərək yayınmaq istəmişdir. Daha sonra polis əməkdaşları təkidlə həmin kütlənin nə olmasını yenidən soruşarkən Təqsirləndirilən şəxs narkotik vasitə olmasını və Xankəndi şəhərində yaşadığı evdən tapmasını bildirmişdir. Onlar bununla bağlı Xocalı RPŞ-yə dəvət edilmiş, Xocalı rayon polis şöbəsində onların iştirakı ilə Təqsirləndirilən şəxs və onun avtomobilinə axtarış keçirilərək qeyd edilən narkotik vasitə müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, "xxxx" MMC-də elektrik mühəndisi işləyir. 2024-cü ilin mart ayından Xankəndi şəhər ərazisində tikilən “ABB” bankın filialının təmiri ilə məşğul olur və həmin yerdə işlədiyindən Xankəndi şəhərində yerləşən evlərin birində 5 nəfər işçi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs da onunla eyni yerdə işləmiş və Xankəndi şəhərində eyni mənzildə qalmışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında qaldıqları evdə olan zaman Təqsirləndirilən şəxs günorta Bakı şəhərinə gedəcəyini bildirmişdir. Həmin gün günorta vaxtı təxminən saat 13-14 radələrində birlikdə yemək yedikdən təxminən 1-2 saat sonra Təqsirləndirilən şəxs Şahid1 ilə birlikdə Elməddinin idarə etdiyi “Volkswagen” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə getmək üçün Xankəndi şəhərindən yola çıxmışlar. Saat təxminən 16 radələrində iş yoldaşlarından xatırlamadığı şəxslərdən biri mobil telefonla zəng vuraraq Elməddin və Ülviyə zəng çatmadığını bildirmişdir. O da mobil nömrələrinə zəng vursa da əlaqə saxlaya bilməmişdir. Başlarına pis hadisə gəlməsindən narahat olub Xankəndi şəhər və Xocalı rayonu ərazisində yerləşən polis postlarından məlumat almaq üçün evdən çıxmışdır. Xocalı rayonu ərazisində olan zaman mobil telefonla xatırlamadığı şəxs zəng vuraraq Təqsirləndirilən şəxs və Şahid1 Xocalı rayonu, Əsgəran qəsəbəsində yerləşən Xocalı RPŞ-yə dəvət edilməsini bildirmişdir. Birgə qaldıqları evdə Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi və ya narkotik vasitənin təsiri altında olduğu hər hansı bir halla qarşılaşmamış və Elməddinin həmin narkotik vasitəni, haradan, nə vaxt, hansı yolla əldə etməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 iş üzrə digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2024-cü il tarixdən Xocalı RPŞ-nin MSY-nin rəisi vəzifəsində xidmət edir. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikasının Prezidentinin 29 oktyabr 2020-ci il tarixli, 1170 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının DİN tərəfindən verilmiş 039 nömrəli əmrin tələblərinə əsasən xx.xx.2024-cü il tarixdə Xocalı rayonu Əsgəran qəsəbəsində yerləşən 1 nömrəli polis postuna rəhbər kimi xidmətə təyin edilmişdir. Həmin polis postunda əmrin tələblərinə əsasən Xocalı rayonunun işğaldan azad edilmiş ərazilərinə daxil olan və həmin ərazilərdən çıxan şəxslərin sənədlərini, əşyalarını, nəqliyyat vasitələrini, eləcə də nəqliyyat vasitələrində olan əşyaları yoxlamaq kimi hüquqları vardır. xx.xx.2024-cü il tarixdə qeyd olunan polis postunda xidmətdə olan zaman saat təxminən 16 radələrində Əsgəran qəsəbəsi istiqamətindən qara rəngli “Volkswagen” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili polis postuna yaxınlaşmış və posta çataraq saxlamışdır. Həmin avtomobilə yaxınlaşaraq sürücüyə və avtomobildə olan sərnişinə yerə enib sənədlərini, əl yüklərini və avtomobili təqdim etmələrini xahiş etmişdir. İlk olaraq sürücü özünün və avtomobilin sənədlərini təqdim etmiş və bu ardıcıllıqla bir-bir həmin şəxslərin iştirakı ilə avtomobildə olan yüklərə baxış keçirilmişdir. Daha sonra sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili yoxlamaya təqdim etməsi xahiş olunmuşdur. Avtomobilin salonunun yoxladıqdan sonra motorxananı açmasını xahiş etmişdir. Motorxananın qapağını açıb yoxlayan zaman havalandırma borusunun plastik barmaqlıqlarının alt hissəsində şəffaf rəngli sellofan torbaya bükülmüş predmet olduğunu görmüşdür. Sürücü Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olmasını soruşan zaman sonuncu cavabında şəxsi əşyası olmasını bildirərək sualı cavablandırmaqdan yayınmışdır. Sürücü Təqsirləndirilən şəxs yayındırıcı hərəkətləri şübhə yaratdığından yenidən həmin bükümün içərisində nə olmasını təkidlə soruşmuşdur. Cavabında Təqsirləndirilən şəxs narkotik vasitə olmasını bildirmiş və həmin narkotik vasitəni Xankəndi şəhərində qaldığı evdən tapdığını qeyd etmişdir. Həmin bükümü olduğu yerdə açaraq içərisinə baxmış və torbanın içərisində bitki kütləsi və bir ədəd içərisinə bitki kütləsi doldurulmuş siqaret qutusu olmasını görmüşdür. Bu barədə şöbə rəhbərliyinə məruzə edərək sürücü Təqsirləndirilən şəxs, sərnişin Şahid1 və idarə etdiyi “Volkswagen” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Əsgəran qəsəbəsində yerləşən Xocalı RPŞ-nin inzibati binasına getməsi təmin edildikdən sonra yenidən həmin postda xidmətə davam etmişdir. Təqsirləndirilən şəxs postda aparılan yoxlama zamanı, şübhəli şəkildə yayınmağa cəhd göstərmiş və onun avtomobilindən aşkar edilmiş narkotik vasitəni könüllü təhvil vermək niyyəti olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 20 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə haqqında” 20 aprel 2024-cü tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, həmçinin sonuncunun idarə etdiyi “Volkswagen Passat” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı “Volkswagen Passat” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin motorxanasından içərisində narkotik vasitə marixuanaya bənzər maddə olan 1 (bir) ədəd sellofan paket aşkar olunaraq götürülmüşdür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 21 aprel 2024-cü il tarixli, 16/454 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “xx.xx.2024-cü il tarixdə Xocalı rayon Əsgəran qəsəbəsində saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen Passat” markalı, **-LD-*** d.q.n-lı avtomobildən götürülmüş narkotik vasitəyə oxşar kütlə...” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen torbanın içərisində və həmin torbanın içərisində olan 1 (bir) ədəd “Magna” adlı siqaret qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 28,68 qram, 10,65 qram, ümumi təmiz çəkisi 39,33 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddlər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 32,4 (otuz iki manat qırx qəpik) manatdır; 09 avqust 2023-cü il tarixli, GP 24/2023 nömrəli “Xidmət Müqaviləsi”ndən görünür ki, "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında işlərin görülməsi və xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır; “Təqsirləndirilən şəxsi MSY-dən azad etmək və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 21 aprel 2024-cü il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Xocalı RPŞ-nin MSY-nin rəisi tərəfindən tərtib edilmiş 21 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00-da Xocalı RPŞdən sərbəst buraxılmışdır; “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 21 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə keçirilmiş şəxsi axtarış zamanı avtomobilin motorxanasından aşkar edilmiş 39,33 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 39,23 qram hissəsi iş üzrə maddi sübut kimi tanınmışdır və Xocalı RPŞ-nin maddi sübutlar saxlanılan otağında saxlanılır; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X4 müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlamışdır. Bu zaman Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 may 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 iyun 2024-cü il tarixli, 1957 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda qeydiyyatsız yaşayır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 məcburi narkoloji-tibbi yoxlama haqqında 22 may 2024-cü il tarixli, 884 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin 20 iyun 2024-cü il tarixli, 7594 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsin 20 iyun 2024-cü il tarixli, xx/xx-7189 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə qeydiyyatda yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 959-İİQ nömrəli Qanununun 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 39,33 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - törətdiyi əməli etiraf edib peşman olmasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 iyun 2024-cü il tarixli, 5-12-6/2-371/2024 nömrəli xasiyyətnamə); - himayəsində 1 azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan AA5932392 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (20-21 aprel 2024-cü il, 24 saatdan artıq saxlanılması nəzərə alınmaqla), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM - 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar saxlanılan otağında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 39,23 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar saxlanılan otağında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 39,23 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 32,4 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(070)-4/2024
Xocalı Rayon Məhkəməsi Hökm — İş №1(070)-4/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver