Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-1/2024 06.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X13 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər – Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 və Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Hacıqabul rayonu, Abdulabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Abdulabad kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, xx.xx.1987-ci il tarixdə Zəngilan rayonu, Kolluqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Kolluqışlaq kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə istintaqa məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı ümumi təmiz çəkisi 11,88 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananın 5,30 qram çəkidəki hissəsini 09 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul rayonu Nəvahi kəndində Nur marketin yaxınlığında 40 manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satmış, qalan 6,58 qram çəkidəki hissəsini isə ayrı-ayrılıqda təmiz çəkiləri 3,38 qram və 3,20 qram olmaqla 2 ədəd kibrit qutusunda qablaşdırılmış halda xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Abdulabad kəndində yaşadığı küçədə saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman qeyd olunan narkotik vasitə əynində olan tünd göy rəngli qış gödəkçəsinin sağ cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmçinin, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul rayonu Nəvahi kəndində Nur marketin yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 40 manat pul vəsaiti müqabilində satın almaqla əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla ümumi çəkisi 5,30 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı bir ədəd kibrit qutusunda qablaşdırılmış halda əynində olan tünd göy rəngli şalvarının sol cibində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Nəvahi kəndində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Hacıqabul rayonu Abdulabad kəndində yaşayır. Bir neçə müddətdir ki, narkotik vasitə marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs2 tutulmamışdan təxminən bir ay əvvəl tanımış və onunla bir neçə dəfə birlikdə narkotik vasitə marixuana çəkmişdir. Ailə üzvləri Abdulabad kəndində yaşasa da, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən meyvəli bazarında alverlə məşğul olduğundan, Lökbatan qəsəbəsində, 20 yanvar küçəsində yerləşən bir evdə kirayədə qalır. xx.xx.2023-cü il tarixdə axşam saat 7-8 radələrində Lökbatan qəsəbəsində kirayədə qaldığı evdə olan vaxt Seymur ona zəng edərək görüşmək istədiyini bildirmiş və o, evdən çıxıb Seymurla görüşməyə gedən zaman polis əməkdaşları onu saxlamış və saat 9 radələrində onu Hacıqabul rayon Polis Şöbəsinə gətirmişlər. Yolda olarkən, eləcə də polis şöbəsində olarkən sonradan adlarını bildiyi Eldar, Cavid və Samid adlı polis əməkdaşları ona qarşı təzyiqlər etmiş və onu döymüşlər. Hacıqabul RPŞ-nin MSY-də 7 gün qalmış və həmin müddət ərzində də bir neçə dəfə döyülmüşdür. Döyülmə nəticəsində müxtəlif bədən xəsarətləri almışdır. Polis əməkdaşları onu üzərindən narkotik vasitə aşkar edilməsi və guya Seymura 40 manata narkotik vasitə satması ilə bağlı izahat verməyə məcbur etmişlər. O, polis əməkdaşları tərəfindən döyüldüyünə görə dözə bilməyib onların təklifi ilə razılaşmağa məcbur olmuşdur. Həmin vaxt onun üzərinə bir büküm marixuana qoyulmuş və videoçəkilişlə üzərində axtarış aparılan zaman həmin maddəni cibindən çıxararaq təhqiqatçıya təqdim etmişdir. Halbuki, nə onun üzərində saxlanılan vaxt narkotik vasitə olmamış, nə də o, Seymura heç vaxt pul müqabilində narkotik vasitə verməmişdir. O və Seymur narkotik vasitə istifadəçidirlər və bir neçə dəfə birlikdə istifadə etmişlər. Lakin, Seymura heç vaxt narkotik vasitə satmamışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində ümumiyyətlə Nəvai kəndində olmamış, Bakı şəhərində olmuşdur. İbtidai istintaq zamanı, eləcə də barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən qorxduğundan həqiqəti danışa bilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Hacıqabul rayonu Qızılburun qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs1 bir neçə aydır ki, tanıyır. Onunla təsadüfən tanış olmuşlar. Belə ki, Hacıqabul rayonunda Nəvahi kəndində yolun kənarında dayanan zaman Vasif idarə etdiyi avtomobili ilə onu yoldan götürmüş və Qızılburun qəsəbəsində o, avtomobildən düşmüş və Vasifə taksi kimi yol pulu vermişdir. Yolda gedərkən Vasifin marixuana çəkdiyini görmüşdür. Özü də əvvəllər marixuanadan istifadə etdiyindən, Vasifdən çəkməsi üçün ona da verməsini istəmiş və alıb çəkmişdir. Avtomobildən düşərkən Vasifin nömrəsini götürmüşdür. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Vasiflə zəngləşib Nəvai qəsəbəsində yerləşən Nur marketin yanında görüşmüş və yolda gedərkən Vasif ona bir kibrit qutusunda marixuana vermişdir. O da Vasifə 40 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə Nəvahi kəndində piyada gedərkən Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt o, əynində olan idman şalvarının sol cibində olan kibrit qutusunu təqdim edərək həmin bükümün içərisində marixuana olduğunu bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs2 ifadəsini dəyişərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1la birlikdə Vasifin idarə etdiyi avtomobillə Bakı şəhəri istiqamətində gedərkən, yolda narkotik vasitə alıb gətirməsi üçün Vasifə 40 manat pul vermiş və yaşadığı Qızılburun qəsəbəsində avtomobildən düşmüşdür. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Vasif Bakı şəhərindən qayıdarkən Qızılburun qəsəbəsində yolun kənarında onunla görüşmş və Vasifdən narkotik vasitə marixuana almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 10 yanvar 2023-cü il tarixdə Hacıqabul rayonu Qızılburun qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də həmin məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş və Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakları ilə əməliyyat qrupu yaradılmış və 10 yanvar 2023-ci il tarixdə saat 19 radələrində Eyvazov X8 rayonu Nəvahi kəndində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və onun əynində olan idman şalvarının sol cibində 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 ondan aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin maddəni xx.xx.2023cü il tarixdə 18 radələrində tanışı Təqsirləndirilən şəxs1 40 manat pul vəsaiti müqabilində əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar maddə poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs1 şəxsiyyəti müəyyən olunmuş və 10 yanvar 2023-cü il tarixdə saat 23 radələrində o, Hacıqabul rayonu Abdulabad kəndində saxlanılaraq qanunsuz olaraq narkotik vasitələrin saxlanması və satışı ilə məşğul olmaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı hər hansı fiziki zorakılıq olmamışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və onun əynində olan qış gödəkçəsinin sağ cibindən 2 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 ondan aşkar edilmiş maddənin marixuana olduğunu, onu xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu Abdulabad kəndində yerdən tapdığını, bir hissəsini istifadə etdiyini, bir hissəsini Təqsirləndirilən şəxs2 satdığını qalan hissəsinin isə üzərindən aşkar edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar maddə poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı təkrarən şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ilkin məhkəmə istintaqı zamanı ifadələrində göstərdikləri xüsusatları yenidən bildirərək ifadələrində göstərdilər ki, onlar Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Lökbatan qəsəbəsində deyil, yaşadığı Hacıqabul rayonu Abdulabad kəndində saxlayaraq polis şöbəsinə gətirmişlər. Həmin gün onlar ümumiyyətlə Hacıqabul rayonunun ərazisini tərk etməmişlər. Təqsirləndirilən şəxs1 polis şöbəsinə gətirilərkən onlara qarşı hər hansı müqavimət göstərməmiş, eləcə də onlar da Təqsirləndirilən şəxs1 qarşı hər hansı zorakılıq hərəkətləri etməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki tünd göy rəngli şalvarın qabaq sol cibindən bir ədəd kibrit qutusunu təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqdim edilmiş bir ədəd kibrit qutusu açıldıqda içərisində tünd göy rəngli marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, təqdim etdiyi bir ədəd kibrit qutusunda olan marixuananı bir gün əvvəl Hacıqabul rayonu, Nəvahi kəndi ərazisində Vasif adlı şəxsdən 40 manata almış və istifadə etmək üçün üzərində saxlamışdır. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki tünd göy rəngli qış gödəkçəsinin sağ cibindən 2 ədəd kirit qutusunu təqdim edərək içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 2 ədəd kibrit qutusunu açdıqda içərisində tünd yaşıl rəngli, marixuanaya bənzər maddə olması müəyyən edildi. Təqsirləndirilən şəxs1 bildirdi ki, bir gün əvvəl Hacıqabul rayonu, Abdulabad kəndi ərazisində yerdən 3 ədəd kibrit qutusunda marixuana tapmış, bir ədəd kibrit qutusunda olan marixuananı 40 manata Təqsirləndirilən şəxs2 satmış, qalan iki kibrit qutusunda olan marixuananı isə istifadə etmək üçün üzərində saxlamışdır. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/31 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi- 5,30 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri- 3,38 və 3,20 qram, ümumi çəkisi 6,58 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş marixuanalar eyni tərkiblidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 5 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli, 364 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Kannabinoidlərdən istifadə halları olub. Lakin, hal-hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli, 441 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Kannabinoidlərdən istifadə halları olub. Lakin, hal-hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan müalicəyə ehtiyacı yoxdur. “Üzləşdirmə keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan (raportdan) görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 satdığı və üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş təmiz çəkisi 11,88 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 11,82 qram qalığı maddi sübut kimi tanınmış və Hacıqabul RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-3/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X10 azad edilmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(071)-34/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Hacıqabul Rayon PŞ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Abdulabad kənd İƏD tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 111 saylı arayışından və doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 evli olmaqla, himayəsində 2014 və 2016-cı il təvəllüdlü iki azyaşlı uşaqları vardır. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2017-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı X2 Vasif Nizami oğlunun adına tərtib olunmuş “Məhkumun tibbi kitabçası”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 istintaq təcridxanasına qəbul olunan zaman ilkin tibbi müayinə olunmuş və onun bədən səthində sağ gözaltı, sağ kürəkaltı, sağ sağrı nahiyyələrində və sol baldırın arxa səthində bənövşəyi rəngli qançırlar aşkar edilmişdir və o, həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs1 3 saylı İstintaq Təcridxanasında müayinə olunan zaman sağ gözaltı, sağ kürəkaltı, sağ sağrı nahiyyələrində və sol baldırın arxa səthində bənövşəyi rəngli qançır aşkar olunması ilə bağlı 3 saylı X1 rayon prokurorluğuna daxil olmuş məlumat əsasında toplanmış 06C-23 nömrəli material üzrə araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı polis əməkdaşları Təqsirləndirilən şəxs1 qarşı hər hansı fiziki təsir göstərilmədiyini, onun döyülmədiyini və ona qarşı hər hansı qanunazidd hərəkət edilmədiyini bildirmişlər. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 28 saylı rəyində isə Təqsirləndirilən şəxs1 bədəni üzərində müayinə zamanı həmin hadisə gününə uyğun hər hansı bir travmatik zədə və onun obyektiv izlərinin aşkar olunmaması qeyd olunmuşdur. Hacıqabul rayon prokurorunun köməkçisi, polis əməkdaşlarının izahatlarına və ekspertiza rəyinə isnad edərək Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat işi üzrə tutulan zaman və Hacıqabul rayon Polis Şöbəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən hər hansı qanunazidd hərəkətlərin edilməməsini müəyyən etmiş və bu barədə xüsusatlar üzrə cinayət hadisəsi olmadığından, Azərbaycan Respublikası CPM-in 39.1.1ci maddəsinə əsasən cinayət işinin başlanmasını rədd etmişdir. Məhkəmə baxışı dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 394/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə 3 saylı X3-Sanitar hissəsində bədən səthinə baxış keçirilərkən “sağ gözaltı, sağ kürəkaltı, sağ sağrı və sol baldır nahiyələrində bənövşəyi rəngli qançırlar” aşkar edilmişdir. Qeyd edilən zədələr küt təsir mexanizminə malik əşya ilə yetirilə bilərdi və rəng göstəricilərinə əsasən xx.xx.2023-cü il tarixdə keçirilmiş müayinədən 2-3 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir, özü tərəfindən bədəninin müxtəlif nahiyələrinin küt əşyalara vurulması, çırpılması nəticəsində yaranmaları daha inandırıcıdır. Lakin, xəsarətlərin ölçüləri, həcmi, müfəssəl xarakterik göstəriciləri təsvir edilmədiyindən dəqiq məhkəmə-tibbi meyarlara əsasən qiymətləndirilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir (125-ci maddə). Konstitusiya Məhkəməsinin Plenumu “CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Avropa İnsan Hüquqları Məhkəməsi “X5rşı”, “X7rşı”, “Ermi İtaliyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. CPM-in 349.5-ci maddəsinə görə məhkəmənin hökmü o halda əsaslı hesab edilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslansın, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etsin və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlsin. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiyanın 129-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə, Konstitusiyanın bu müddəasından çıxış edərək ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə istər şəxsin təqsirliliyi, istərsə də onun təqsirsizliyi ilə bağlı əhəmiyyətli hallar sübutlarla təsdiq olunmalıdır. Sübut dedikdə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) başa düşülür (CPM-in 124.1-ci maddə). Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-in 139.0 və 139.0.1-ci maddələri). Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-in 125-ci maddəsi). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (CPM-in 145-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Məhkəmə “Hoanq Fransaya qarşı” işdə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə ibtidai araşdırma dövründə, yəni ibtidai araşdırmanın ilkin dövründən istintaqın tamamlanmasına qədər olan dövr ərzində toplanılan və yekunda təqsirləndirilən şəxsə müəyyən ittihamın irəli sürülməsi üçün əsas rolunu oynayan sübutlar mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmamalı, həm də bir-biri ilə sıx bağlı olmaqla biri digərini tamamlamalıdır ki, irəli sürülən ittihamın əsasını təşkil edən həmin sübutlar məhkəmə istintaqının yekununda etibarlı sübut kimi özünü doğruldaraq təqsirləndirilən şəxsə elan olunan ittihamın təsdiq olunmasında əsaslı rol oynasın və təqsirləndirilən şəxsin barəsində ittiham hökmünün çıxarılması üçün zəmin yaratsın. Bu mənada məhkəmə, CPM-in 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, birbiri ilə müqayisəli şəkildə təhlil edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, yekunda bütün sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən toplanmış sübutlar əsaslı şübhələrdən kənar sübut standartlarına uyğun olmadığından və istər ayrı-ayrılıqda, istərsə də məcmu halında ittihamın təsdiq edilməsində yetərlilik və inandırıcılıq tələblərinə cavab vermədiyindən, bununla da ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi ilə irəli sürülən ittiham üzrə onun təqsirliliyi sübuta yetirilmədiyindən, ona CM-in 234.2-ci maddəsi ilə bəraət verilməlidir. Belə ki, cinayət işinin materiallarında olmaqla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən və ittiham aktında öz əksini tapmış sübutlar – cinayət işi başlamamışdan qabaq əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən həyata keçirilən tədbir nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs2 üzərindən maddi sübutun (qurudulmuş marixuananın) aşkar olunduğu xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, Təqsirləndirilən şəxs1 üzərindən maddi sübutun (qurudulmuş marixuananın) aşkar olunduğu xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/31 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 441 nömrəli rəyi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələr və Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları olan Şahid1 və Şahid2 cinayət işi üzrə verdikləri şahid ifadələridir. Hazırki cinayət işi üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 barəsində CM-in 234.2-cü maddəsi ilə irəli sürülən ittiham üzrə topladığı sübutların özəyini, yəni yuxarıda qeyd edildiyi kimi bir-biri ilə sıx bağlı olan sübutlar zəncirinin ilk halqasını Təqsirləndirilən şəxs2 üzərinə xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol təşkil etmiş, həmin prosessual hərəkət cinayət işi üzrə əhəmiyyətli dəlil sayılan maddi sübutun (5,30 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana) aşkar olunmasına şərait yaratmış, ibtidai araşdırmanın sonrakı mərhələsində əldə olunan sübutlar isə (ekspert rəyləri, şahid ifadələr və s.) onların, yəni həmin sübutların ətrafında birləşməklə və onu tamamlamaqla yekunda Təqsirləndirilən şəxs1 barəsində sözügedən ittihamın irəli sürülməsi üçün zəmin rolunu oynayan sübutlar zəncirini formalaşdırmışdır. Cinayət işinin materiallarında olan və cinayət işi üzrə sənədləşmənin aparıldığı rəsmi məlumatlardan (raport, qərar və s.) görünür ki, xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon X12 şəhəri, Kolluqışlaq kəndində qeydiyyatda olmaqla, Hacıqabul rayonu, Qızılburun qəsəbəsində yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olmuş, Hacıqabul RPŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, Təqsirləndirilən şəxs2 göstərilən tarixdə saat 19:20 radələrində Hacıqabul rayonu Nəvai kəndində saxlanılaraq Hacıqabul rayon Polis Şöbəsinə gətirilmiş, daha sonra həmin tarixdə saat 20:00-də müdafiəçi ilə təmin olunmaqla şübhəli şəxs qismində tutulmuş, qeyd olunan tarixdə saat 20:15-dən saat 20:30-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmış və bu zaman cinayət işi üzrə maddi sübut kimi tanınan, hazırki ittihamın əsasını təşkil edən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan sonra Hacıqabul rayon Polis Şöbəsinin CAB-nə verilmiş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına əsasən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütləni aldığını bildirdiyi “Vasif” adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş və bu istiqamətdə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs1 göstərilən tarixdə saat 23:00-da Hacıqabul rayonu, Abdulabad kəndində yaşadığı küçədə saxlanılaraq Hacıqabul rayon Polis Şöbəsinə gətirilmiş, daha sonra həmin tarixdə saat 23:50-də müdafiəçi ilə təmin olunmaqla şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 00:10-dan saat 00:25-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmış və bu zaman cinayət işi üzrə maddi sübut kimi tanınan iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə əvvəla qeyd edir ki, cinayət işinin materiallarında olan rəsmi sənədlərdə Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən Hacıqabul rayonu Nəvai kəndində saxlanılma vaxtı kimi, yəni azadlığının faktiki məhdudlaşdırıldığı vaxt kimi xx.xx.2023-cü il tarixdə saat 19:20 radələri, habelə şübhəli şəxs qismində tutulduğu vaxt kimi xx.xx.2023cü il tarixdə saat 20:00, onun üzərində şəxsi axtarışın isə saat 20:15-dən 20:30-dək keçirildiyi göstərilsə də, məhkəmə istintaqı ilə əslində onun azadlığının faktiki məhdudlaşdırılmasının, yəni polis əməkdaşları tərəfindən saxlanılmasının hazırki cinayət işi üzrə rəsmi sənədlərdə göstərilənlərdən bir neçə saat əvvəl baş verdiyi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş Təqsirləndirilən şəxs2 və polis əməkdaşı Şahid1 istifadələrində olan mobil telefon nömrələrinə dair anten məlumatları araşdırılarkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 sonuncu dəfə saat 15:12 radələrində Hacıqabul rayonu, Nəvai kəndi ərazisində olmuş, daha sonra o, saat 18:00 radələrinədək Hacıqabul şəhəri ərazisində olmuş, saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində olmuş və daha sonra 20:44-də Hacıqabul rayonu, Pirsaat qəsəbəsinə qayıtmışdır. Polis əməkdaşı Şahid1 isə xx.xx.2023-cü il tarixdə sonuncu dəfə 16:56 radələrində Nəvai kəndi ərazisində olmuş, ondan sonra Hacıqabul şəhərinə getmiş, saat 19-dan 20:15-dək olan müddət ərzində Lökbatan qəsəbəsi ərazisində olmuş, daha sonra təkrarən Hacıqabul şəhərinə qayıtmışdır. Bütün bunlar isə Təqsirləndirilən şəxs2 tutulmasının, üzərində şəxsi-axtarış aparılmasının rəsmi sənədlərdə göstərilənlərdən fərqli olaraq daha əvvəl baş verdiyini göstərir. Bundan başqa məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan rəsmi sənədlərdə, eləcə də şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələrində Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən yaşadığı Hacıqabul rayonu Abdulabad kəndində saxlanıldığı, saxlanılma vaxtı kimi, yəni azadlığının faktiki məhdudlaşdırıldığı vaxt kimi xx.xx.2023-cü il tarixdə saat 23:00 radələri, habelə şübhəli şəxs qismində tutulduğu vaxt kimi xx.xx.2023-cü il tarixdə saat 23:50, onun üzərində şəxsi axtarışın isə xx.xx.2023-cü il tarixdə saat 00:15-dən 00:25-dək keçirildiyi göstərilsə də, məhkəmə istintaqı ilə əslində onun yaşadığı Abdulabad kəndində deyil, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində saxlanıldığı, azadlığının faktiki məhdudlaşdırılmasının, yəni polis əməkdaşları tərəfindən saxlanılmasının hazırki cinayət işi üzrə rəsmi sənədlərdə və polis əməkdaşlarının ifadələrində göstərilənlərdən bir neçə saat əvvəl baş verdiyi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 sərbəst ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Lökbatan qəsəbəsində yerləşən meyvəli bazarında alverlə məşğul olduğundan, Lökbatan qəsəbəsində, 20 yanvar küçəsində yerləşən bir evdə kirayədə qalır. xx.xx.2023-cü il tarixdə axşam saat 7-8 radələrində Lökbatan qəsəbəsində kirayədə qaldığı evdə olan vaxt Seymur ona zəng edərək görüşmək istədiyini bildirmiş və o, evdən çıxıb Seymurla görüşməyə gedən zaman polis əməkdaşları onu saxlamış və saat 9 radələrində onu Hacıqabul rayon Polis Şöbəsinə gətirmişlər. Bundan başqa, məhkəmə istintaqı zamanı cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsinə dair anten məlumatları araşdırılarkən müəyyən edilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 16:45-dək olan müddətdə yaşadığı Abdulabad kəndində olmuş, sonra Bakı şəhəri istiqamətində getmiş, saat 19:30-dək olan müddət ərzində Lökbatan qəsəbəsi ərazisində olmuş, ondan sonra isə Hacıqabul şəhərinə getmiş, saat 20:44-dən etibarən növbəti gün də daxil olmaqla davamlı olaraq, o Hacıqabul şəhəri ərazisində, daha doğrusu Hacıqabul rayon Polis Şöbəsində olmuşdur. Onun tutulması tədbirində iştirak etmiş polis əməkdaşı Şahid1 və digər Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrələrinə dair anten məlumatlarından da görünür ki, hər iki şəxs xx.xx.2023-cü il tarixdə saat 19-20 radələrində Lökbatan qəsəbəsi ərazisində olmuş və daha sonra Hacıqabul rayonuna qayıtmışlar. Həmin müddət ərzində Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrələri arasında bir neçə dəfə qısa müddətli danışıqlar olmuşdur. Polis əməkdaşı Şahid1 isə həmin gün ümumiyyətlə Abdulabad kəndində olmamışdır. Odur ki, yuxarıda qeyd olunanlara əsaslanan məhkəmə Təqsirləndirilən şəxs1 saxlanılma yeri və vaxtı ilə bağlı şahidlər Şahid1 və Şahid2 qeyd etdiklərinə tənqidi yanaşır və qeyd olunan xüsusatla bağlı Təqsirləndirilən şəxs1 ifadəsini isə əsaslı sayır. Beləliklə, məhkəmə istintaqı ilə gəlinən nəticə və müəyyən olunan hal ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən heç də xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Hacıqabul rayonu, Abdulabad kəndi ərazisində deyil, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində saxlanılmış, yəni faktiki olaraq tutulmuş və həmin gün saat 20:44-dən etibarən isə Hacıqabul şəhəri ərazisində yerləşən Hacıqabul rayon Polis şöbəsində olmuşdur. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 qarşı CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı ümumi təmiz çəkisi 11,88 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananın 5,30 qram çəkidəki hissəsini xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul rayonu Nəvahi kəndində Nur marketin yaxınlığında 40 manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satmış, qalan hissəsi isə onun üzərindən aşkar edilərək götürülmüşdür. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul rayonu Nəvahi kəndində Nur marketin yaxınlığında 40 manat pul müqabilində Təqsirləndirilən şəxs2 narkotik vasitə satması faktı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində Təqsirləndirilən şəxs2 qısa müddət əvvəl tanıdığını, onunla birlikdə bir neçə dəfə marixuanadan istifadə etdiyini, lakin bir mənalı olaraq ona heç vaxt narkotik vasitə satmadığını və üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində ümumiyyətlə Nəvai kəndində olmadığını bildirmişdir. Bunun əksinə, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ittihamın məzmununa uyğun ifadə verərək, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul rayonu, Nəvai kəndində Nur marketin yaxınlığında 40 manat pul müqabilində Təqsirləndirilən şəxs1 bir kibrit qutusunda narkotik vasitə marixuana aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ittihamda qeyd olunan tarixdə və vaxtda təqsirləndirilən şəxslərin olduqları yerin müəyyən edilməsi məqsədi ilə onların istifadələrində olan mobil telefon nömrələrinə dair anten məlumatlarının götürülməsi barədə qərar qəbul edilərək "xxxx" LTD MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsinə dair məlumatdan görünür ki, o, xx.xx.2023-cü il tarixdə ümumiyyətlə Hacıqabul rayonu, Nəvai kəndində olmamış, həmin tarixdə saat 17:26-dək Hacıqabul rayonu, Atbulaq kəndində olmuş (Atbulaq kəndi Bakı şəhəri istiqamətində olmaqla Nəvai kəndindən kifayət qədər uzaq məsafədə yerləşir), sonra oradan Bakı şəhəri istiqamətində hərəkətdə olmuş və saat 18:21-dən etibarən Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar dairəsi adlanan ərazidə olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsinə dair məlumatdan isə görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 16:40-dan etibarən növbəti gün günorta saatlarınadək Bakı şəhəri, Lökbatan qəsəbəsində olmuşdur. Yuxarıda qeyd olunanlara əsaslanan məhkəmə, narkotik vasitənin satışı ilə bağlı Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşır və qeyd olunan xüsusatla bağlı Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini isə əsaslı sayır. Beləliklə, məhkəmə istintaqı ilə gəlinən nəticə və müəyyən olunan hal ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 narkotik vasitənin satılması ilə bağlı ittihamda qeyd edilən xx.xx.2023-cü il tarixdə saat 18 radələrində təqsirləndirilən şəxslərin hər ikisi Bakı şəhərində ayrı-ayrı ünvanlarda olmuşlar. Bununla da Təqsirləndirilən şəxs1 məhz xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul rayonu Nəvahi kəndində Nur marketin yaxınlığında 40 manat pul müqabilində Təqsirləndirilən şəxs2 narkotik vasitə satması faktı öz təsdiqini tapmamışdır. Mobil telefon nömrələrinə dair anten məlumatlar məhkəmə iclasında tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs2 ifadəsini dəyişərək xx.xx.2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1la birlikdə onun idarə etdiyi avtomobillə Bakı şəhəri istiqamətində gedərkən, yolda narkotik vasitə alıb gətirməsi üçün Təqsirləndirilən şəxs1 40 manat pul verib yaşadığı Qızılburun qəsəbəsində avtomobildən düşdüyünü, xx.xx.2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs1 günorta saatlarında Bakı şəhərindən qayıdarkən Qızılburun qəsəbəsində yolun kənarında onunla görüşüb ondan narkotik vasitə marixuana aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi xüsusatın dəqiqləşdirilməsi məqsədi ilə qeyd edilən tarixə onun və digər təqsirləndirilən şəxsin istifadələrində olan mobil telefon nömrələrinə dair anten məlumatlar məhkəmənin qərarına əsasən "xxxx" MMC-dən götürülmüş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 sonrakı ifadəsində göstərdiyi xüsusatlar da öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsinə dair anten məlumatdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrinədək Bakı şəhərində olmuş, daha sonra yaşadığı Abdulabad kəndində getmişdir. xx.xx.2023-cü il tarixdə isə o, günorta saatlarınadək Abdulabad kəndində olmuş və daha sonra Bakı şəhərinə getmiş və saat 16:40-dan etibarən Bakı şəhəri, Lökbatan qəsəbəsində olmuşdur. Təqsirləndirilən şəxs2 özü isə xx.xx.2023-cü il tarixdə səhər saatlarından saat 18 radələrinədək Bakı şəhərində müxtəlif ünvanlarda olmuş, daha sonra Hacıqabul rayonu, Nəvai qəsəbəsinə getmişdir. xx.xx.2023-cü il tarixdə o, saat 17:26-dək Hacıqabul rayonu, Atbulaq kəndində olmuş, sonra oradan Bakı şəhəri istiqamətində hərəkətdə olmuş və saat 18:21-dən etibarən Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar dairəsi adlanan ərazidə olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi kimi xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Bakı şəhərinə getməmiş, əksinə həmin tarixdə saat 16 radələrinədək Bakı şəhərində olmuş və sonra yaşadığı Abdulabad kəndinə getmişdir. xx.xx.2023-cü il tarixdə isə o, Bakı şəhərindən gəlməmiş, əksinə yaşadığı kənddən Bakı şəhərinə getmişdir. Təqsirləndirilən şəxs2 özü də xx.xx.2023-cü il tarixdə saat 18 radələrinədək Bakı şəhərində olmuş və sonra Nəvai qəsəbəsinə getmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 sonradan verdiyi ifadə də məhkəmə iclasında tədqiq edilmiş mobil telefon nömrələrinə dair anten məlumatlarla təkzib olunur. Bu səbəbdən məhkəmə, Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələri qeyri-səmimi, mötəbər olmayan ifadələr kimi qiymətləndirir. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrəsinə dair sms məlumatlarından görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 16:23-də, 18:17-də və 19:50-də Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsinə müvafiq olaraq “qaqa mənə hə yox de de”, “qaqa sene arxeynem bakiy qaydmalyam meni pis veziyyetde qoyma qaqam sene arxeynem bugun qaydmalyam saba isdeyem meni yaddan cixarma” və “Qaqa ac sozum var neqederdi saba onun pulun duzeldmeqe gora deyirem” məzmunlu üç qısa mesaj (sms) göndərmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən isə həmin mesajlara cavab verilməmişdir. Məhkəmə iclasında mobil telefon nömrəsinə dair qeyd edilən məlumat tədqiq edilərkən Təqsirləndirilən şəxs2 bildirdi ki, Təqsirləndirilən şəxs1 əvvəldən Lökbatan qəsəbəsində yerləşən meyvəli bazarında meyvə alveri ilə məşğul olmuşdur. O da meyvə alveri ilə məşğul olmaq istəyirdi. Vasif ona demişdir ki, işə başlamaq üçün müəyyən məbləğdə pul tələb olunur. Sms yazışmasındakı “onun pulu” ifadəsi məhz alverə başlamaq üçün nəzərdə tutulan pul olmuşdur. Məhkəmə hesab edir ki, sms yazışmalarının məhz narkotik vasitənin alqı-satqısı ilə bağlı olmasını təsdiq edən hər hansı mötəbər sübut iş materiallarında mövcud olmadığından, eləcə də Təqsirləndirilən şəxs1 tərəfindən həmin mesajlara bu faktı təsdiq edəcək mahiyyətdə hər hansı cavab verilmədiyindən, həmin məlumatlar Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, polis əməkdaşları tərəfindən tutulduqdan sonra ona qarşı təzyiqlər edilmiş və onu döymüşlər. Döyülmə nəticəsində müxtəlif bədən xəsarətləri almışdır. Polis əməkdaşları onu üzərindən narkotik vasitə aşkar edilməsi və guya Seymura 40 manata narkotik vasitə satması ilə bağlı izahat verməyə məcbur etmişlər. O, polis əməkdaşları tərəfindən döyüldüyünə görə dözə bilməyib onların təklifi ilə razılaşmağa məcbur olmuşdur. Həmin vaxt onun üzərinə bir büküm marixuana qoyulmuş və videoçəkilişlə üzərində axtarış aparılan zaman həmin maddəni cibindən çıxararaq təhqiqatçıya təqdim etmişdir. Halbuki, nə onun üzərində saxlanılan vaxt narkotik vasitə olmamış, nə də o, Seymura heç vaxt pul müqabilində narkotik vasitə verməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı ona qarşı zorakılıqlar olunduğunu, işgəncə altında ifadələrinin alındığını bildirmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işgəncə verilibverilməməsinin müəyyən edilməsi məqsədilə Hacıqabul rayon prokurorluğunda aparılmış araşdırmanın materialları alınaraq öyrənilmiş və belə nəticəyə gəlinmişdir ki, ibtidai istintaq zamanı ifadəsi alınarkən Təqsirləndirilən şəxs1 pis rəftara məruz qalmış, ondan ifadə zorakılıq, hədə qorxu hərəkətlərinin tətbiq edilməsi ilə alınmışdır. Belə ki, Hacıqabul rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli 06 C-231 saylı qərardan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs1, eləcə də Hacıqabul rayon PŞ-nin əməkdaşlarının izahatı alınmış, məhkəmə-tibb ekspertizası təyin edilmiş və yekunda Təqsirləndirilən şəxs1 pis rəftara məruz qalması ilə bağlı müraciətinin əsassız olduğu nəticəsinə gəlinmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində polis əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində saxlanılmış və Hacıqabul rayon Polis Şöbəsinə gətirilmiş, həmin gün saat 20:44-dən etibarən o, Hacıqabul rayon Polis şöbəsində olmuşdur. Daha sonra həmin tarixdə saat 23:50-də müdafiəçi ilə təmin olunmaqla şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 00:10-dan saat 00:25-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmış və bu zaman cinayət işi üzrə maddi sübut kimi tanınan iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İlkin izahatında, şübhəli və təqsirləndirilən şəxs kimi ifadələrində üzərindən 2 ədəd kibrit qutusunda narkotik vasitə marixuana aşkar olunmasını etiraf etmişdir. Hacıqabul rayon prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs1 barəsində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 28 saylı rəyindən görünür ki, müayinə olunanın bədəni üzərində müayinə zamanı hadisə gününə uyğun hər hansı travmatik zədə və onun obyektiv izləri aşkar edilməmişdir. (Nəzərə alınmalıdır ki, həmin ekspertiza Təqsirləndirilən şəxs1 tutulmasından bir aydan artıq vaxt keçdikdən sonra keçirilmişdir) Araşdırma aparan orqan (Hacıqabul rayon prokurorluğu) Təqsirləndirilən şəxs1 dəlillərini əsassız hesab edərkən öz mövqeyini belə əsaslandırmışdır: “araşdırma zamanı alınmış izahatlardan və ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat işi üzrə tutulan zaman və Hacıqabul rayon Polis Şöbəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən hər hansı qanunazidd hərəkətlər edilməmişdir. İstintaq orqanının əsaslandırması yalnız bundan ibarətdir. Başqa əsaslandırma yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının hər biri ifadələrində də Təqsirləndirilən şəxs1 qarşı zorakılıq olunmadığını, onun döyülmədiyini bildirmişlər. İş materiallarında da Təqsirləndirilən şəxs1 tutulması zamanı bədənində daha əvvəldən xəsarət olması ilə bağlı sübutlar mövcud deyildir. Məhkəmənin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş 3 saylı X2 Vasif Nizami oğlunun adına tərtib olunmuş “Məhkumun tibbi kitabçası”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 istintaq təcridxanasına qəbul olunan zaman ilkin tibbi müayinə olunmuş və onun bədən səthində sağ gözaltı, sağ kürəkaltı, sağ sağrı nahiyyələrində və sol baldırın arxa səthində bənövşəyi rəngli qançırlar aşkar edilmişdir və o, həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Həmin xəsarətlərlə bağlı məhkəmə baxışı dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 394/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə 3 saylı X3-Sanitar hissəsində bədən səthinə baxış keçirilərkən “sağ gözaltı, sağ kürəkaltı, sağ sağrı və sol baldır nahiyələrində bənövşəyi rəngli qançırlar” aşkar edilmişdir. Qeyd edilən zədələr küt təsir mexanizminə malik əşya ilə yetirilə bilərdi və rəng göstəricilərinə əsasən xx.xx.2023-cü il tarixdə keçirilmiş müayinədən 2-3 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir, özü tərəfindən bədəninin müxtəlif nahiyələrinin küt əşyalara vurulması, çırpılması nəticəsində yaranmaları daha inandırıcıdır. Lakin, xəsarətlərin ölçüləri, həcmi, müfəssəl xarakterik göstəriciləri təsvir edilmədiyindən dəqiq məhkəmə-tibbi meyarlara əsasən qiymətləndirilməsi mümkün deyildir. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntü tədqiq edilərkən müəyyən olundu ki, şəxsi axtarış aparılarkən onun sağ gözünün altında bənövşəyi rəngli qançırın olması açıq aydın görünür. Belə bir haqlı sual yaranır: Təqsirləndirilən şəxs1 tutulan zaman hər hansı xəsarəti olmamışdırsa, polis əməkdaşları tərəfindən tutulduqdan sonra polis nəzarətində olan zaman onun bədən səthində olan döyülməyə xarakterik zədələr necə oldu ki, əmələ gəldi? Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində araşdırma aparan orqanın gəldiyi nəticə ilə razılaşmır və Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə müraciət edilməsini zəruri hesab edir: Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ingəncələri qadağan edir və heç kəsin işgəncəyə, qeyri-insanı və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamasını bir öhdəlik kimi Dövlətlərin üzərinə qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən Məhkəmə təsisatı təkrar edir ki, daxili məhkəmələr tərəfindən ərizəçinin qeyri-insanı rəftara məruz qalmasını tanımaq və qərarlaşdırmaq özlüyündə ərizəçini Konvensiyanın 3-cü maddəsində qeyd edilən “qurban” statusu arasından çıxarmaq üçün kifayət deyil, bununla bərabər Konvensiyanın pozuntusuna görə maddi olaraq təzminat ödənilməlidir (Amuur v. France, 25 İyun 1996, §36, və Dalban v. Romania, qərar no. 28114/95, § 44). Bundan əlavə, qəsdən törədilən qeyri-insani davranış zamanı kompensasiya ilə bərabər qeyriinsanı hərəkətləri edənlərə qarşı effektiv araşdırma da aparılmalıdır (bax Gäfgen v., no. 22978/05, § 119, AİHM 2010). Avropa Məhkəməsi təkrar edir ki, Konvensiyanın 3-cü maddəsində qeyd olunan hüquq demokratik cəmiyyət üçün ən fundamental dəyərlərdən biridir. Hətta ən ekstrimal vəziyyətlərdə, məsələn terrorizmlə və qrup halında cinayətlərə qarşı mübarizə halında Konvensiya mütləq mənada işgəncə, qeyri-insani və ləyaqəti alçaldan cəzaların edilməsini qadağan edir və qəti bu hərəkətlərə haqq qazandırmır. Digər maddələrdən fərqli olaraq (Məsələn, 1 saylı protokolun 1-ci maddəsi) 3-cü maddə qəti olaraq istisna tanımır, hətta millətin və cəmiyyətin həyatını təhdid edən fövqəladə hallar zamanında belə (see Assenov və digərləri v. Bolqarıstana qarşı, 28 oktyabr 1998, § 93, Selmouni v. Fransaya qarışı no.25803/94, § 95, AİHM 1999-V). Qeyri-insani rəftar hətta minimal səviyyədə olan ciddilik zamanı da Konvensiyanın 3-cü maddəsinin əhatəsinə düşür. Qeyri-insani rəftara dair minimal səviyyəni müəyyən edən zaman qiymətləndirmə işin hallarından, xüsusiyyətlərindən, qeyri-insani rəftarın müddətindən, onun fiziki və mənəvi təsirindən, qeyri-insani rəftara məruz qalan şəxslərin cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır (bax İrlandiya v. the Birləşmiş Krallıq, 18 yanvar 1978, § 162, Series A no. 25; Kudła v. Polşaya [GC], no. 30210/96, § 91, AİHM 2000-Xİ; və Peers v. Yunanıstana, no. 28524/95, § 67, AİHM 2001-İİİ). Məhkəmə təkrarən qeyd edir ki, nə zaman ki, şəxs polis saxlama məntəqəsinə aparılan zaman yaxşı, səhhəti normal olub, xəsarətsiz olub və azad edilən zaman zədəli olub, bu zaman Konvensiyanın 3-cü maddəsinin gərəyincə dövlət ağlabatan sübutlar irəli sürməlidir ki, necə oldu ki, bu zədələr əmələ gəldi (bax Tomasi v. France, 27 Avqust 1992, §§ 108-11, Series A no. 241-A, və Selmouni, § 87). Sübutların qiymətləndirilməsi zamanı Avropa Məhkəməsi qəbul edir ki, sübutetmə standartları hər hansı bir şübhəli məqama yer verməməlidir. Belə sübutlar kifayət qədər ciddi, aydın və uzlaşan nəticələrin və ya oxşar faktların inkar edilməyəcək tərzdə və faktların prezumpsiyasına uyğun şəkildə olmasını tələb edir. (bax, Avşar v. Turkiyə, no. 25657/94, §15 282 AİHM 2001-Vİİ). Məhkəmə özünün subsidiar təbiətinə, roluna həssas yanaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi faktları müəyyən edərkən diqqətli olmalıdır, hansı ki, xüsusi proseslər zamanı rədd edilən olmamalıdır. (bax, məsələn, McKerr v. Birləşmiş Krallıq (qərar.), no. 28883/95, 4 Aprel 2000). Bununla bərabər, harda ki, şikayətlər Konvensiyanın 3-cü maddəsinə əsasən edilib, Məhkəmə xüsusi bu hallarda yerli məhkəmələrin araşdırma edib-etməməsindən asılı olmayaraq hərtərəfli araşdırma etməlidir. (Bax Avşar, §§ 283-84, and Muradova v. Azərbaycan, no. 22684/05, § 99, 2 Aprel 2009). Pis rəftarın dərəcəsinə gəldikdə isə, məhkəmə müəyyən edir ki, ərizəçinin zədələnməsinə baxmayaraq hər hansı bir tibbi müdaxilənin/yardımın edilməməsi ərizəçidə fiziki ağrı və iztirabın yaranmasına səbəb olmalıdır. Pis rəftar və onun nəticələri həmçinin mənəvi olaraq şəxsin alçalmasına, insan ləyaqətinin aşağılanmasına səbəb ola bilər. Belə hallarda Məhkəmə hesab edir ki, Konvensiyanın 3-cü maddəsinə əsasən belə pis rəftarlar qeyri-insani və alçaldıcı rəftar kimi qiymətləndirilməlidir. Nə zaman ki, fərdlər polis tərəfindən pis rəftar barədə mübahisəli iddialar irəli sürür və özlərini Konvensiyanın 3-cü maddəsinin qurbanı hesab edir, bu məsələ Konvensiyanın 1-ci maddəsi işığında dövlət üzərinə ümumi öhdəlik qoyur ki, o yurisdiksiyası daxilində fərdlərin Konvensiya ilə qorunan haqlarını təmin etsin. Bu yöndə araşdırma məsuliyyətli şəxslərin müəyyən edilməsi və cəzalandırılması barəsində mümkün olmalıdır. Əks halda, mütləq mənada işgəncənin, qeyri insani hərəkətlərin qadağan edilməsinə baxmayaraq, nə qədər bu hüquqlar fundamental zərurətli olsa da belə, lazımı araşdırmanın edilməməsi bu hüquqları praktiki baxımdan qeyri-effektiv edir və dövlət öz yurisdiksiyası daxilində öz üzərinə götürdüyü öhdəliyi pozmuş olur və təqsirkarlar cəzasız qalır (bax Assenov və başqaları, §102, and Labita v. İtaliya, no. 26772/95, § 131, AİHM 2000-İV). Konvensiyanın 2 və 3-cü maddələrində qeyd olunan pozuntularla bağlı araşdırmalar effektiv, müstəqil və tərəfsiz olmalıdır. Bu şərtlər həm praktiki baxımdan, həm də qanuni baxımdan tələb edilir. Bu təkcə o məna vermir ki, hər hansı bir hadisəni törədən şəxslərə qarşı araşdırma edənlər iyerarxik olaraq müstəqil olmalıdır, bu həm də praktiki yöndən müstəqilliyi ehtiva edir (bax Boicenco v. Moldova, no. 41088/05, § 121, 11 iyul 2006; Kolevi v. Bulgaria, no. 1108/02, § 193, 5 noyabr 2009; və X4 v. Ukrayna, no. 1727/04, § 66, 24 iyun 2010). Pis rəfratla əlaqəli araşdırma hərtərəfli olmalıdır. Yəni cavabdeh orqanlar hər zaman işin ciddi araşdırılması üçün ciddi cəhdlər etməli, nə olduğunu müəyyən etməli və əsassız və ya tələsik sübutlara etibar etməməlidirlər (bax Assenov and Others, § 103). Onlar lazımı olan bütün zəruri addım atmalıdırlar ki, hadisə barədə sübutları əldə edə bilsinlər, həmçinin, interalia, şahid ifadələrinə və məhkəmə ekspertizasının rəylərinə əsaslanmalıdırlar (bax Tanrıkulu v. Turkey no. 23763/94, AİHM 1999-İV, § 104 və Gül v. Turkey, no. 22676/93, § 89, 14 dekabr 2000). İstintaqda olan hər hansı bir çatışmazlıq hansı ki, səbəbkarları müəyyən etməyə və zədələrin səbəblərini öyrənməyin altını qazır (bax Batı and digərləri v. Turkey, no. 33097/96 və 57834/00, § 134, AİHM 2004-İV). Layıcov Azərbaycana qarşı xx.xx.2014-cü il tarixli qərarında Avropa Məhkəməsi göstərmişdir: Məhkəmə əvvəlcədən müəyyən etdi ki, bu hadisədə ərizəçinin pis rəftara məruz qalması barədə qeyd yerli məhkəmələrdə aydın olaraq müəyyən edilməsinə baxmayaraq, hər hansi bir araşdırma dövlət tərəfindən aparılmamışdr. Baxmayaraq ki, ərizəçi arqument irəli sürür ki, o polis tərəfindən döyülmüşdür və bu fakt məhkəmə tibbi ekspertizası tərəfindən müəyyən edilmişdi, Zaqatala rayon Polis Şöbəsinin müstəntiqi bu yöndə cinayət işi açmaqdan imtina etmişdir. Dövlət tərəfindən daxili orqanların döyülmə faktına dair hər hansı bir addım atmaması yönündə hər hansı bir izah verilmədi. Avropa Məhkəməsi təkrar-təkrar vurğulayır ki, Konvensiyanın 2-ci və 3-cü maddələrilə bağlı dövlətin üzərinə qoyulan prosessual tələb araşdırmanın müstəqil və tərəfsiz olması ilə bağlıdır. Lakin hazırki işlə əlaqədar ərizəçinin pis rəftar ilə bağlı iddiaları Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilməmişdən qabaq, Zaqatala rayon Polis şöbəsinin müstəntiqi tərəfindən araşdırılmışdır. Nəticə etibarilə, ərizəçinin şikayəti eyni polis şöbəsinin əməkdaşı barədə olmasına baxmayaraq həmin şöbə tərəfindən araşdırılmışdır. Bu yöndə Məhkəmənin baxışına görə, öz əməkdaşları barədə edilən şikayətin eyni şöbədə baxılması müstəqillik və tərəfsizlik prinsipinə ziddir (müqayisə üçün Nəcəfli v. Azərbaycan, no. 2594/07,§ 52, 2 Oktyabr 2012). Yuxarıda qeyd edilən əsaslar kifayət edir ki, Məhkəmənin daxili orqanlar tərəfindən pis rəftarla bağlı effektiv və yetərli araşdırmanın aparılmadığı qənaətinə gəlsin. Buna görə burada Konvensiyanın 3-cü maddəsinin prosessual əsasları baxımından pozuntu vardır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qeyd olunan qərarın 26-cı bəndinə görə CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Həmin qərarın 27-ci bəndində göstərilmişdir ki,şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərə və aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Qərarın 28-ci bəndində isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu bir daha diqqətə çatdırmışdır ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Məhkəmə hesab edir ki, Hacıqabul rayon prokurorluğunda Təqsirləndirilən şəxs1 bədənində olan xəsarətlərlə bağlı səmərəli, müstəqil, qərəzsiz araşdırma aparılmamış və bu səbəbdən qəbul edilmiş həmin qərar məhkəmə üçün hər hansı bir hüquqi qüvvəyə malik sənəd kimi qəbul olunmur. Məhkəmə qeyd edir ki, polis əməkdaşları tərəfindən tutularkən şəxslərin bədəni üzərində hər hansı bir xəsarət olmadığı halda, həmin şəxslər sonradan istintaq təcridxanasına keçirilərkən bu zaman şəxsin bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi müvafiq dövlət orqanının üzərinə düşür və həmin orqan bunu edə bilmədikdə Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır. Hazırki işin hallarından da görünür ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən tutularkən və Hacıqabul Rayon Polis Şöbəsinə aparılarkən onun bədəni üzərində hər hansı xəsarətin olması ilə bağlı hallar mövcud olmamış, yalnız sonradan onun bədəninin müxtəlif yerlərində xəsarətlərin olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs1 bu xəsarətləri polis əməkdaşları tərəfindən saxlanılan zaman döyülərək aldığını bildirmişdir. Şikayət əsasında araşdırma aparan orqanın gəldiyi nəticə isə əsaslandırılmamış, obyektiv müşahidəçidə şübhə yaratmayan səviyyədə inandırıcı və qanuni deyil. Bundan başqa, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində polis əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində saxlanılaraq Hacıqabul rayon Polis Şöbəsinə gətirilmiş, həmin gün saat 20:44-dən etibarən o, Hacıqabul rayon Polis şöbəsində olmuşdur. Daha sonra həmin tarixdə saat 23:50-də müdafiəçi ilə təmin olunmaqla şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 00:10-dan saat 00:25-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmış və bu zaman cinayət işi üzrə maddi sübut kimi tanınan iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 faktiki olaraq saat 20:44-də polis şöbəsinə gətirilməsinə baxmayaraq, 3 saatdan artıq vaxt keçdikdən sonra onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında qeyd olunan məsələyə də münasibət bildirilməsini zəruri hesab etmişdir. Belə ki, “Layıcov Azərbaycana qarşı” iş üzrə 10 aprel 2014-cü il tarixli Qərarında xüsusilə vurğulamışdır ki, şəxsin üzərində, avtomobilində və ya yaşayış yerində axtarış onun həbsindən dərhal sonra həyata keçirilməlidir. Həbslə axtarış arasındakı vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, həmin vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olur. Hazırkı işdə şəxsi axtarışın Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi polis şöbəsinə gətirildikdən bilavasitə sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Digər tərəfdən, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş, Hacıqabul rayon Məhkəməsinin 4(071)-3/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 157.3-cü maddəsinə əsasən məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir. Lakin, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsinə baxmayaraq, o, 5 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Polis Şöbəsinin X10 3 saylı istintaq təcridxanasına keçirilmiş və 5 gün ərzində qanunsuz olaraq Hacıqabul RPŞ-nin MSY-də saxlanılmışdır. İşin qeyd olunan faktiki halı da Təqsirləndirilən şəxs1 zorakılığa məruz qalmasına, onun bədəni üzərində olan xəsarətlərin sağalması üçün istintaq təcridxanasına gec göndərilməsini deməyə əsas verir. Bundan başqa, məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/31 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş marixuanalar eyni tərkiblidir. Lakin, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitənin Təqsirləndirilən şəxs1 tərəfindən ona verilmədiyi müəyyən edilmişdir. Belə olan vəziyyətdə, hər iki şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin eyni tərkibli olması da, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən narkotik vasitənin ona məxsus olmadığı arqumentini gücləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 4-cü hissəsinə görə Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. CPM-in 125.1 və 125.2-ci maddələrinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir:
1. insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud Cinayət Prosessual bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda;
2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; CPM-in 125.3-cü maddəsinə görə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokol zorakılıq, işgəncə və digər qəddar, qeyri insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə olunduğundan, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan sübutlar siyahısından xaric edilməlidir. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. “Yanoseviç İsveçə qarşı” məhkəmə işində Avropa İnsan Hüquqları Məhkəməsi bildirdi ki, sübutetmə yükü ittiham tərəfin üzərinə düşür və hər bir halda şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir daha məhkəmələrin nəzərinə çatdırmışdır ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs1 təqsirini mötəbər yolla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericliklə müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, bu sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması, o cümlədən şahidlərin əməliyyat axtarış tədbirini həyata keçirən şəxslər olması və bu mənada cinayət prosesinin nəticəsində maraqlı olmaları məhkəmənin gəldiyi qənaəti daha da möhkəmələndirir və Təqsirləndirilən şəxs1 ona isnad olunan cinayəti törətməkdə təqsirli olmadığına dair məhkəmədə qəti inam yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1 və 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadığından, ona həmin maddə ilə bəraət verilməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 etirafedici ifadələri, şəxsi-axtarış və götürmə aparılması haqqında protokol, ekspertiza rəyi ilə sübuta yetirilir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuana əldə etmiş və üzərində daşıyaraq saxlamışdır. Təqsirləndirilən şəxs2 bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. (CM 59.1.4, 59.2) Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, əldə edib saxladığı narkotik vasitənin şəxsi istehlak miqdarından cüzi miqdarda artıq olması, cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların isə müəyyən edilməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunmadığından, onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Bundan əlavə cinayət işinin hallarından görünür ki, dövriyyəsi qadağan edilən 11,82 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə baxışı nəticəsində müəyyən edilmişdir ki, həmin maddənin Təqsirləndirilən şəxs1 heç bir aidiyyatı yoxdur. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni əldə etməmiş, daşımamış, üzərində saxlamamış, satmamışdır. Yəni, həmin narkotik vasitəyə və həmin narkotik vasitənin mövcudluğu ilə bağlı cinayət əməlinə Təqsirləndirilən şəxs1 heç bir aidiyyəti yoxdur. Eyni zamanda məhkəmə hesab edir ki, hazırki iş üzrə maddi sübut olan narkotik vasitə qurudulmuş marixuananın Təqsirləndirilən şəxs1 heç bir aidiyyatı olmadığından həmin narkotik vasitənin qanunsuz olaraq əldə edilməsində, saxlanılmasında, Təqsirləndirilən şəxs2 satılmasında və ya verilməsində təqsirli olan şəxs və ya şəxslər müəyyən edilmədiyindən, təqsirli olan şəxslər müəyyən olunanadək qalıq çəkisi 11,82 qram olan narkotik vasitə qurudulmuş marixuana Hacıqabul rayon Polis Şöbəsində saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 39,5 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 237 manat pul köçürülməlidir. İş üzrə müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 350, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
hökmetdi:
Təqsirləndirilən şəxs1 təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona bəraət verilsin və o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin zərərin ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 23 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 1 ay 20 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan ümumi qalıq çəkisi 11,82 qram olan narkotik vasitə marixuana təqsirli olan şəxs(lər) müəyyən olunanadək Hacıqabul rayon Polis Şöbəsində saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X6, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 237 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********). Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Zaur Hüseynov